Fərid Məmmədov:
«Birinciliyə mən layiq idim»
Azərbaycanın «Eurovision-2013″ təmsilçisi Fərid Məmmədovun APA-ya müsahibəsini oxucularımıza təqdim edirik
- Bu ağır missiyanı həyata keçirdikdən sonra özünüzü necə hiss edirsiniz?
- Yaxşıyam, amma hələlik istirahət etməyə vaxtım olmayıb. Çalışıram boş vaxtımı istirahət edərək dəyərləndirim. Digər tərəfdən isə çox xoşdur ki, tanımadığım insanlar artıq məni görəndə təbrik edirlər. Onların ağzından eşitdiyim «halal olsun» sözü mənim üçün böyük qurur hissidir. Bu sözün dəyəri mənim üçün çox yüksəkdir. Əgər tanımadığın insanlar bu sözü sənə deyirsə, demək bu özü böyük nailiyyətdir. Doğrudur, ikinci olduğum üçün tam sevinə bilmirəm, amma yenə də Allaha şükürlər olsun. Deməli belə də olmalı imiş. O qədər çətinlikdən, əziyyətdən sonra ikinci olmaq mənim üçün yaxşı bir şey deyil.
- Fikrincə, Danimarka təmsilçisi Emelli həqiqətən səndən üstün idi, yoxsa hansısa prinsiplər əsasında qalibiyyət qazandı?
- Yox, əlbəttə ki yox. Bizim performansımızın daha yaxşı olduğunu düşünürəm. Çünki bu ifanı iki ay məşq etmişdik. Amma onların səhnə performansı və musiqiləri də o qədər mürəkkəb deyildi. Bizim mahnımız yarışmanın favoriti idi. Hətta sonradan kənardan baxanda da fikirləşirəm ki, bu yarışmanın qalibi məhz «Hold me» mahnısı olmalı idi.
- Bəlkə Azərbaycan 2012-ci ildə bu yarışmaya ev sahibliyi etdiyi üçün qalibiyyət bizə qismət olmadı?
- Bəlkə də belədir. Məsələn, İsveç mənə bir xal da vermədi və məncə onlar mənim qalib olmağımı istəmirdilər. Lakin digər ölkələr — İspaniya, Avstriya mənə səs verdi və məncə, bu ifa etdiyim nömrənin onların xoşuna gəlməsi ilə bağlı idi.
- Çoxları elə düşünür ki, bu il Azərbaycana ötən illərdən fərqli olaraq 10 ölkənin 12 xal verməsi həm də siyasi və iqtisadi səbəblərlə bağlıdır.
- Çıxış edərkən bu amillər barədə qətiyyən düşünmürdüm. Mənim üçün ən əsası ifam və performansım idi. Məqsədyönlü şəkildə hazırlaşdım ki, hər şey yaxşı alınsın. Əsas o idi ki, yaxşı çıxış edim və Allaha şükür ki, pis alınmadı. Şəxsi fikrimə gəlincə, dediyiniz məsələ də ola bilər. Amma bir daha qeyd edirəm — ifa da, şou da olduqca maraqlı idi.
- Artıq altı ildir Azərbaycan sözügedən müsabiqədə təmsil olunur və şəxsi müşahidəmə əsaslanaraq deyə bilərəm ki, bu günə kimi bütün iştirakçılarla münasibət qurmaq, müsahibə almaq daha asan olub. Yerli jurnalistlərlə yanaşı, avropalı media nümayəndələri də səninlə münasibət qurmağın daha çətin olduğunu deyirdilər. Media ilə məsafə saxlamağa özün qərar vermişdin?
- Kim nə deyir-desin, orada bəlkə də məndən çox səmimi, sadə olan iştirakçı yox idi. İstər jurnalistlərə, istər fotoqraflara öz işlərini yerinə yetirmələri üçün köməklik göstərirdim. Əgər bir problem olubsa, o da vaxt çatışmazlığından olub. Bəlkə səhnəyə hazırlıq prosesində kənardan qəribə görünürdüm, amma mən müsabiqəyə psixoloji cəhətdən hazır olmaq üçün özümə qapanmalı idim. Bu qədər yorğunluqdan sonra hamı insandan pozitiv enerji, gülər üz gözləyir. Mən o qədər də sevincli deyiləm.
- Bu il daha çox hiss olundu ki 60 yaşına qədəm qoymağa çalışan Avropanın ən baxımlı şousuna ildən-ilə diqqət azalır. Və yaxın beş il ərzində bu müsabiqənin artıq keçirilməyəcəyi barədə düşünənlər var.
- Bəlkə beş ilə dünya
dağıldı, onu kim bilir? Bu ola da bilər, olmaya da bilər. Amma marağın
azaldığını mən hiss edə bilmirdim,
çünki bu cür fikirlərə beynimdə yer yox idi.
- Finaldan
sonra simanda böyük təəssüf hissi vardı və
bu gün mən yenə də durumunun davam etdiyinin şahidi
oldum. Simandakı bu ifadə nə vaxta kimi belə davam edəcək?
Gənc yaşda, bu qədər ölkənin arasında ikinci
olmaq kiçik bir şey deyil axı. Nədir səni təəssüfləndirən
məqam?
- Bilmirəm
bu suala necə cavab verim. Bəlkə də az
hazırlaşsaydım, heç olmasa bir məqamı boş
buraxsaydım, nə isə yanlışım olsaydı, bu qədər
üzülməzdim. İdeal olmağa
çalışdığıma görə ikinci
olmağıma üzülürəm, ürəyim partlayır.
Bir düşünün, bizə düşmən ölkənin
vətəndaşları belə ifama biganə qala bilmədilər.
Görün nə dərəcədə
çıxış etmişik ki dostlarla yanaşı,
düşmənlər də bunu etiraf etdi. Amma nəticədə
— ikincilik… Onsuz da Azərbaycan təmsil olunduğu ildən bəri
onluqdan düşməyib. Bu balansı saxlamaqla yanaşı,
birinci olmaq istəyirdim, amma alınmadı.
-
Şoudan sonra Vətənə qayıdışının
ürəkaçan olmaması bir çoxlarını — həm
içtimaiyyəti, həm də medianı narahat edir.
Xüsusi qarşılanmamanın səbəbi nədir?
- Əslində
yorğun olduğum üçün bunları
düşünməmişdim. Ona görə də
özüm də bunu istəmirdim. Sözün düzü,
belə şeylərə ehtiyacım yoxdur. Bütün
bunları lazımlı da bilmirəm. Bəlkə birinci yerə
çıxsaydım, deyərdim bəli, məni təntənəli
şəkildə qarşılasınlar. Hava limanına
yaxın dostlarım gəldi və bu, mənim
üçün bəs idi. Düzdür, birinciliyi
qazanmış ölkə ilə aramızda bal fərqi o qədər
də çox deyil, amma əsas məsələ nəticədir.
Xüsusi qarşılanmamam məni məyus etmədi.
Yorğun olduğumdan evə tez çatmaq istəyirdim. Əslində
bununla bağlı neqativ xəbərlərin yayılması mənə
pis təsir etdi.
- Gəl yaxın keçmişə nəzər salaq: 2009-cu ildə Aysel və Araş üçüncü olmalarına baxmayaraq daha təntənəli qarşılanmışdı.
- Bunun cavabın mən verə bilmərəm. Bu sualı mənə yox, başqalarına verməlisiniz. Mən hər şeyə şükür edən insanam. Həmişə ən yüksək mərtəbəyə çatmağa çalışmışam. Ona görə bu mənim özümə olan münasibətimdir.
- «Eurovision» müsabiqəsində iştirak sənə qazandırdı, yoxsa itirdin?
- Heç nə itirməmişəm. Mənim üçün Azərbaycanı təmsil etməkdən vacib məsələ yoxdur. Bundan artıq nə olmalıdır ki? Vətənini, yurdunu, xalqını sevən hər bir insan üçün bu çox önəmlidir. Vətənin bayrağını xarici ölkələrdə dalğalandırmaqdan qürurlu nə ola bilər? Düzdür, ölkəmə birincilik qazandıra bilmədiyimə görə təəssüflənirəm. Amma bu qədər ölkə içərisində ikinci olmaq da kiçik bir şey deyil.
- «Eurovision» artıq geridə qaldı, bundan sonra Fərid Məmmədovdan hansı yenilikləri gözləyək? Ümumiyyətlə, «Eurovison»a bir daha qatılmaq planın varmı?
- Bu da
istisna deyil, «Eurovision»a bəlkə beş ildən sonra yenidən
qatıldım. Bildiyiniz kimi, mən həm də
idmançıyam. Bəlkə də 2015-ci ildə Bakıda
keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak
etdim. Müğənnililiyə gəldikdə, konsertlər
vermək, yeni mahnılar hazırlamaq fikrindəyəm. Mən
tükənməmişəm. Bəlkə də ikinci
olmağım Allahın qisməti idi ki, öz üzərimdə
daha çox işləyim. İnşallah mayın 27-də
Türkiyəyə yola düşürük və orada şərəfimə
xüsusi mərasimin keçirilməsi nəzərdə
tutulur. Türkiyənin mətbuat nümayəndələri və
tamaşaçıları ilə görüşəcəyəm.
-
İkincilikdən sonra yəqin ki xüsusi təbriklər
aldın. Təbrik edənlər arasında tanınmış
simalardan kimlərin adını çəkə bilərsən?
- Filipp
Kirkorov mənimlə söhbət etdi. Həmin vaxt Andrey
Malaxov da orda idi. O mənə dedi ki, Kirkorov məni təbrik
etmək istəyir. Sonra Kirkorov mənimlə
danışıb uğurlar arzuladı. Onun rəqqası
Saşa Aleksandr bizimlə birgə səhnədə rəqs
edirdi. Mən özüm Filip Kirkorova təkilif etmişəm
ki əgər «Hold me» mahnısını rusca hazırlayıb
ona prodüserlik edərsə, məmnuniyyətlə ifa edərəm.
Əgər istəyərsə, bərabər də ifa edə
bilərik. Məncə, bu iki ölkə arasında dostluq
nümunəsi kimi də qəbul edilə bilər.
- Bu illər ərzində təmsilçilərimiz gözəl nəticələr əldə ediblər. Amma iştirakçılarımıza müsabiqəyə hazırlıq dövründə müəyyən şans tanınır. Müsabiqə yekunlaşdıqdan sonra isə artıq təmsilçilərimiz bir növ «kimsəsiz» qalıblar. Eyni tale ilə üzləşəcəyindən narahat deyilsən?
- Bunu heç kim deyə bilməz. Məni tanıyanlar tanıyır. Necə varamsa, o cür də qalmışam. Bircə şeyi bilirəm ki, insan istəmədiyi işlə məşğul olanda onun nəticəsi olmur. Bilirsiniz, mən uşaq vaxtından musiqidəyəm, «Eurovision» mənim üçün qeyri-adi bir şey deyil. Çünki onsuz da mən oxuyurdum. Bircə təəssüf hissi var ki, onu da hamı mənim üzümə vurur. Mənim üçün vacib olan Azərbaycan xalqının adının o yarışmada çəkilməsi idi.
- Düzdür, bizim səhnə kimi böyük olmasa da, belə böyük səhnəyə ilk dəfə idi ki, çıxırdın. Böyük səhnədə çıxış sənə hansı hisslər yaratdı?
- Səhnə geyimim o qədər də rahat deyildi. Hər dəfə o hərəkətləri edəndə bir az problemlə üzləşirdim. Ona görə çalışırdım ki, həyəcanımı boğum. İlk məşqimdə də bir az çətinliklər vardı. Amma sonra daha da rahatladım. Bilirsiniz ki, məşqlərdə olan şüşə ilə konsertdəki şüşə tamamilə fərqli idi. Ortada dəqiqə söhbəti var idi, çünki bir az artıq qalan kimi şüşə tərləyirdi və istənilən effekti vermirdi.
- Skandinaviya ölkəsində yaşaya bilərsənmi? İsveçdəki vəziyyət səni nə dərəcədə qane etdi?
- Bir söz deyə bilmərəm. Orada yaşasam, ölkəm üçün darıxaram. Çünki yaxınlarım, dostlarım hamısı burdadır. Ola bilər ki, hansısa layihələr, planlar olsun, gedib orada işləyim və yenidən Azərbaycana qayıdım. Allaha Şükürlər olsun ki, gücüm də var. İstərdim ki, Azərbaycandan da Tarkan kimi məşhur müğənni olsun. Getdiyim yolu da bilirəm, məqsədim də var, səsim də var və məncə, məqsədimə çatacağam.
- Müsabiqə dönəmində səhhətində hər hansı bir problem olmadı? Nəzərə alsaq ki, bu müddət çox ağır keçir, insanda müəyyən problemlər ola bilər.
- Bəli, birinci yarımfinal günü səhhətimdə problemlər yaşadım. Elə bu səbəbdən də I yarımfinala baxa bilmədim. Əzələlərim dartılmışdı və bununla bağlı narahatçılığım vardı.
- Müsabiqədə özündən başqa kimi favorit sayırdın?
- İsveç, Malta, Rusiya təmsilçilərinin ifasını çox bəyəndim. ELə onlarla da dostluq münasibətləri qurduq.
- Necə fikirləşirsən, bu müsabiqə iddia olunan kimi siyasi xarakter daşıyır, yoxsa yoxsa ifaya və ifaçıya da qiymət verilir?
- Belə götürsək adi həyatda da kömək edib kimisə qabağa vermək olar. Amma yarışmada nömrə zəifdirsə, siyasi tərəflər nə qədər önəmli olsa da, burada rol oynamır. İfa, performans vacib məsələdir. Təbliğat da böyük məsələdir. Əgər bir az maraqlı təsir bağışlayırsansa, siyasətdə mühüm rol oynayır. Güman edirəm ki, növbəti il ölkəmizi kim təmsil edəcəksə, qalib gələcək və qələbə yenə bizim olacaq.
- Qollarındakı alov şəkilli döymələr nəyin göstəricisidir?
- Bu «Odlar
diyarı»nın simvoludur. Bunu üç il bundan öncə
etdirmişdim. Vətənimi çox sevirəm.
- Fərid
yarışmadan sonra müəllimlərinin sayı
çoxalıb. Cavan Zeynallı iddia edir ki, sən onun tələbəsisən.
Sən kimi özünə ustad hesab edirsən?
-
Universitetdə Cavan Zeynallı bütün qrupla birgə mənim
də müəllimim idi. Amma mənə 8 yaşından
müəllimlik etmiş, muğamları, vokalı öyrədən
sənətkar təbii ki, Aybəniz Haşımovadır.
Yaxşılığı heç vaxt danmaram. Vaqif Gərayzadənin
də estrada ifaçılığımda köməyi
çox olub. Stiv Vanderi də qeyd etmək istəyirəm. Elə
məni də bu istiqamətə Vaqif Gərayzadə yönəldib.
Amma təbii ki, əsas istiqamət Aybəniz
Haşımovadır. Əgər müəllimlərim məni
bu istiqamətə yönəltməsəydilər, yəqin
ki, mən ya meyxanaçı, ya da dülgər olardım
(gülür). Onlar olmasaydı, yəqin ki, müğənni
olmazdım. Sözsüz ki, bu məqamda öz üzərimdə
çox işləməyim də qeyd olunmalıdır. Mən
daima axtarışdayam və bu, davam edəcək. Ölkəmizi
hər zaman layiqincə təmsil etməyə hazıram və
bu mənim üçün ən şərəfli işdir!
Xalq Cəbhəsi.-
2013.- 25 may.- S.15.