Muğanlılı Aşıq Sabir

 

Zaqatalanın Muğanlı kəndində dünyaya göz açmış Aşıq Sabir Azərbaycan aşıq sənətinin layiqli davamçılarından biridir. Çox dərin, mənalı, keşməkeşli ömür və yaradıcılıq yolu keçən Aşıq Sabir yaşadığı, böyüyüb boya-başa çatdığı obasında, gəzib dolaşdığı uzaq ellərdə belə, zəmanəsinə boyun əyməyən mübariz bir insan, ustad aşıq, ailəsinə bağlı, sevgisinə layiq, incə ruhlu bir sənətkar kimi tanınıb. Zaqatala aşıq mühitində istər tarixən, istərsə də çağdaş dövrümüzdə onlarla ustad və ifaçı sənətkarlarımız yetişmişdir. Onların hər birinin ayrılıqda, istər Varxiyanlı Aşıq Məhəmməd, Aşıq Dibro, Çobankollu Aşıq Kazım, Qımırlı Aşıq Ziyaddın, Cahangir Dalğıın, Aşıq Səadəddin, Aşıq Əli, Aşıq Valeh, Əliabadlı Aşıq Camal, Aşıq Mədət, Aşıq Sabirbaşqa bir çox sənətkarımızın Zaqatala aşıq mühitində özünəməxsus yerirolu olmuşdur. Adı çəkilən bu sənətkarların hər biri ayrılıqda bir tədqiqatın mövzusudur. Yuxarıda adı çəkilən muğanlılı Aşıq Sabir Abdulməcid oğlu İbrahimov bu mühitdə öz dəstixətti, şirin, ürəyə yatımlı ifası, səsi, bədahətən şeirlər deməsi ilə yadda qalan sənətkarlarımız sırasındadır. Təəssüf ki, Aşıq Sabirin həyat və yaradıcılıq irsi günümüzə kimi tədqiqata cəlb olunmamışdır. Aşıq Sabir Abdulməcid oğlu İbrahimov 1950-ci ildə Zaqatalanın saz-söz diyarı olan Muğanlı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Şeirlərinin birində böyüyüb boya-başa çatdığı yer haqqında belə deyir:

Muğanlı elimdir, doğma obamdır,

Yazda yaylağımdır, qışda sobamdır.

Ürəyim qan tökər olsam da bir xan

Mənim doğma yurdum Azərbaycan!

Aşıq Sabir öz ilham pərisiylə məhz Muğanlı elində görüşmüş, hər zaman güc aldığı torpağı, doğma elini-obasını poetik obraza çevirib qəlbinin ən dərin guşəsində saxlamağa çalışmışdır. Aşıq ədəbiyyatında biz ayrı-ayrı sənətkarların yaradıcılığında öz yaşadığı yeri şeirlərində tanıtmasına təsadüf edirik. Amma Zaqatala aşıq mühitində bu, ənənə halını almışdır. Bu mühitdə elə bir sənətkar olmaz ki, onun yaradıcılığında yaşadığı, boya-başa çatdığı yer haqqında məlumat verilməsin. Bu xüsusiyyətə biz Varxiyanlı Aşıq Mədətdə, Cahangir Dalğında, Aşıq Valehdə, Aşıq Camalda başqa sənətkarların yaradıcılıqlarında da təsadüf edirik. Aşıq Mədət şeirlərinin birində öz yaşadığı yer haqqında belə deyir:

Yurdum Varxiyandır, Mədətdir ismim,

Vaxt olar torpağa qarışar cismim.

Sinəmdə telli saz görünən rəsmim,

Məni sevənlərə bir yadigardır.

Yengiyanlı Aşıq Əzim poeziyasından bir nümunəyə diqqət edək:

Mən özüm aşığam, Əzimdir adım,

Əliabad əyalətim,Yengiyan kəndim,

Bu dünyada bir qonağam, kun dedim,

Səndə fəyakunu bilsən, yaxşıdır.

Aşıq şeiri nümunələrində bu xüsusiyyətin olması gələcək tədqiqatçılarımıza, aşıqşünaslarımıza ayrı-ayrı sənətkarların həyatı, onların doğulduqları yer haqqında kifayət qədər dəqiq düzgün məlumatların verilməsinə köməklik edəcəkdir.

Aşıq Sabirin dediyinə əsasən bu sənətə vurğunluq onda hələ uşaq yaşlarından yaranmışdır. Ustadın babası aşıq Allahverdi Həsilov zəmanəsinin adlı-sanlı sənətkarlarından biri olmuşdur. O, XIX əsrin sonu — XX əsrin əvvəllərində yaşayıb yaratmışdır. Babası dünyasını dəyişəndən aşıq Sabirin anası atasının sazını götürüb saxlamış, evlərinin yuxarı bir küncündə asmış, bu sazı hər zaman özünə doğma və müqəddəs bilmişdir. Çöx keçmir ki, Hürü ananın oğlu Sabir bu saza həvəs göstərmiş öz üzərində işləməklə, el məclislərində çalıb-çağırmaqla məşhur bir sənətkara çevrilmişdir. Prof.Qara Namazov el şənliklərinin aşığın bir sənətkar kimi yetişməsində böyük təsiri olduğunu qeyd edir. Aşıq Sabir vətənini diyar-diyar gəzib məclislər keçirdiyindən xalqın həyatını, adət-ənənələrini, dilini gözəl bilib. Heç bir ustada qulluq etmədən bu saz sənətinin dərinliklərinə yiyələnən Aşıq Sabir həm də çox gözəl səsə malikdir. Folklorşünas alim Məhəmməd Hüseyn Təhmasib «Özü də Şəmşir, sözü də Şəmşir» məqaləsində qeyd edir. «Aşıq doğrudan da hər zaman öz səsi, sazı, sözü ilə ürəklərə təsir etməyi bacaran sənətkar olmuşdur. Bu uzaq keçmişdə də belə imiş, dünən də belə idi, bu gün də belədir». Məhz bu amillər Aşıq Sabirin yazdığı şeirlərin daha canlı, daha təbii alınmasında böyük rol oynamış və o, sənəti, səsi ilə elin alqışını qazanmışdır. Aşıq Sabirin sənətkarlıq irsi müəyyən bir şəcərə təşkil edir. Ustad sənətkarın babası zəmanəsinin tanınmış sənətkarlarından olmaqla yanaşı, qardaşı Şirin Qəlbinur da tanınmış el şairidir. Aşıq Sabirin oğlu Sübhan, qızı Aytən də atasının layiqli davamçılarından hesab oluna bilər. Hər ikisi sazda çox məharətlə ifa etməyi bacarırlar. Aşıq Sabirin qızı Aytən Aşıq Ulduzun şagirdi olmuşdur. Aşıq Aytən qədim havaları sazda yaxşı ifa etməklə yanaşı, klassik aşıqlarımızın da yaradıcılıqlarını gözəl mənimsəyə bilmişdir. Aşıq Sabir gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmişdir. Aşıq Sabirin yaradıcılıq qüdrəti ifa tərzi vətəndən uzaqda — Rusiya, Qazaxıstan, Gürcüstan, Dağıstan ellərində də sevilmiş və dəfələrlə müxtəlif məclislərə dəvət almışdır.Aşıq Sabir yaradıcılığı çoxşaxəli və müxtəlif yönlüdür. Onun poeziyası əvvəldən sona vətənpərvərlik, təbiət gözəlliklərinə vurğunluq, yaşadığı elə-obaya ailəsinə, ömür-gün yoldaşı Yaxşıxana sevgi, hörmət hissləri üzərində qurulub. Sevgi ilə nəfəs alan aşıq, yarının gözündən də, özündən də uzaq getməməsi üçün canını belə qurban verməyə hazırdır. Amma zaman məcbur edib qürbət eldə olarkən yazdığı qoşmaların birində belə deyir:

Gecə-gündüz damarımda axan qan,

Görən, nə düşünür indi Yaxşıxan?

Vərəqlədim keçən ömür yolumu,

O sevgi dastanın yadıma düşdü.

Aşıq Sabir ailəyə sədaqətli olduğu kimi, vətəninə, yaşadığı elinə-obasına da bağlı insandır. Onun poeziyasında hərdən qəriblik, vətən həsrəti duyulur, hərdən də sinədən gələn misralarında sevinc-qəm bir-birinə yoldaş olurlar. Prof. Mürsəl Həkimov haqlı olaraq aşıq ədəbiyyatının vətənpərvər, beynəlmiləl, xəlqi olduğunu qeyd etmişdir. Aşıq Sabir poeziyasında bu vətənpərvərlik motivləri dərin iz salır. «Düşmüşəm» rədifli şerində sənətkar belə deyir:

Sabir qan-yaş tökər vətəndən ayrı,

Başı nələr çəkər sevgidən ayrı.

Qardaşdan, bacıdan, anadan ayrı

Şaxtalı boranlı qara düşmüşəm.

yaxud

üçün yollara tikilib gözüm?

Bilmirəm çöllərdə nəyim var mənim.

Səbrim tükənibdir, yox daha dözüm.

Qərib eldə yadigarım var mənim.

Aşıq Sabirin poetik irsini düzgün dəyərləndirmək üçün onun şeirlərinin mövzu dairəsinə, estetik mahiyyətinə, məna-məzmun tutumuna, sənətkarlıq xüsusiyyətlərinə həssaslıqla yanaşmaq lazımdır. Bu xüsusiyyətlər mövzu əlvanlığı ilə seçildiyi kimi, yeni fikir aşılamaq və deyim tərzi baxımından da fərqlənir:

Hicran yaraları bağrımı dəldi,

Düşündüm ömrümün sonudu gəldi.

Daş da olsa dözməz insanın qəlbi,

Ey baharım, zimistanım, hardasan?

Sənətkar yaşadığımız fani dünyanın təzadlı olaylarına aydınlıq gətirmək üçün alleqorik predmetlərdən ustalıqla istifadə edir. Belə şeirlərində aşıq insanları saflığa, doğruluğa, imana, vətənpərvər olmağa səsləyir. Ümumiyyətlə, böyük humanizm, xeyirxahlıq, səxavət, inam, ailəyə bağlılıq, səmimiyyət, igidlik, mərdlik, vətənpərvərlik kimi atributlar Aşıq Sabir poeziyasının əsasını təşkil edir:

Folklorşünas alim Qara Namazovun fikrinə görə, aşıq sənəti məhəbbətdən yaranmışdır. Cəmiyyətə, təbiətə, torpağa, varlığa məhəbbətdən. Bu sənətdə vəsf olunan dağlar, çiçəklər, bulaqlar, çaylar, bülbül, və.s. hamısı insan gözəlliyini, insan duyğularını ifadə edir. Ustad sənətkarın təbiət və vətənpərvərlik mövzularında yazılmış bütün şeirlərində vətəndən ayrı bir ağrı-acı, həsrət boy verir. O, doğma elinin hər qarışına, mamır bağlamış daşına kimi nəğmələr qoşur. Bunun əsas səbəbi sənətkarın tez-tez vətəndən kənara Rusiya, Dağıstan, Gürcüstan ellərinə məclislərə dəvəti ilə əlaqədar yaranmışdır. Ailəsindən və vətənindən tez-tezuzun müddət ayrı qalan sənətkara həsrət, qəriblik mövzulu şeirlər yazdıran da məhz qürbət olmuşdur.

Zaqatala aşıq mühiti, aşıq yaradıcılığı mənəvi və əxlaqi dəyərlər məcmusudur. Burada insan ömrünün ağrı və acıları, sevgi və iztirabları, sevincgöz yaşları, kini, nifrət və məhəbbəti cəmləşib. Ona görə də sənətkar bu ömür yolunda «Ömür karvanımdan can alır həyat», «Ömrüm günüm qəm sazını çalandı» söyləyir. Eyni zamanda qəlbinin dərinliklərində olan ümidini də həyatdan qırmır. «Gələcək bir ümid çırağım mənim» — deyə düşünür. Aşıq Sabir qürbətdə keçirdiyi günlərində vaxtının çox hissəsini telli sazıyla bölüşür:

Bir sinədəftərəm vətən bağında.

Dərdi kimə deyim, a telli sazım?

Hayana baxıram bir kimsənəm yox.

Gəl mənə həmdəm ol, a telli sazım.

O, saz ilə həmsöhbət, sirdaş olduğu anlarını ən dəyərli anlarından hesab edir. «Ay telli sazım» qoşmasında bu barədə belə deyir:

Telinə həsrətəm xeyli zamandı,

Sənsiz sevincim olar amandı.

Səndən sayrı düşdüm, halım yamandı.

Gəl sinəmdə dillən, a telli sazım.

Dərdlikədərli anlarında hər zaman sazını sinəsində görmək istəyən sənətkar «ömrə vəfa yoxdur» — deyə düşünür:

Sabir səni hər anında arzular,

Yoxdur ömrə, dövrana etibar.

Təbiətdən əsər qanlı ruzigar,

Yanımda sızlarsan, a telli sazım.

Sənətkarın poeziyası bununla bitmir. Bundan sonrakı yaradıcılıq dövründə ustad aşıq sənətinin daha mükəmməl incilərini yaradacaq bu yolda daha da yüksələcəkdir. Aşıq Sabir şəxsiyyəti poeziyası öz dolğunluğu, bitkinliyi ilə özündən sonra gələn sənətkarlar nəslinə gərəkli nümunə olacaq.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.-25 may.- S.13.