İzmirdə möhtəşəm Azərbaycan gecəsi

 

Ölkəmiz Türkiyədə təşkil olunan Uluslararası DilKültür Festivalında yenə öndə oldu

Azərbaycan bayraqları Atatürk Açıq Hava Anfiteatrını bəzədi

Mayın 24-25-26-da Türkiyənin ikinci böyük şəhəri olan İzmirdə 11-ci Uluslararası DilKültür Festivalı keçirildi. Bu, beynəlxalq mədəni tədbir İzmir Kültürpark Fuar Mərkəzində təşkil edilmişdi. Festivala Azərbaycandan 500-dən artıq qonaq qatılmışdı. Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi iki qardaş ölkə arasında əlaqələri daha da genişləndirmək üçün əlindən gələni əsirgəmir. Dərnək hər il Türkiyənin bir şəhərində keçirilən Türkçe Olimpiyatlarına Azərbaycanda fəaliyyət göstərən «Çağ» Öyrətim şirkəti ilə birlikdə ölkəmizin təhsil, media, mədəniyyət və s. adamlarının səfərini təşkil edirlər. Hətta ötən il 135 ölkənin qatıldığı İstanbul Fuar Mərkəzində tanıtım sərgisində Azərbaycan sdendi birinci olmaqla qızıl medal qazanıb.

Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi bu il də İzmirdə keçirilən 11-ci Türkçə Olimpiyatları proqramı (Uluslararası DilKültür Festivalı həm də belə adlanır-red.) çərçivəsində Azərbaycan dilini, mədəniyyətini tanıtmaq üçün Azərbaycan stendi açmışdı. «Çağ» Öyrətim şirkətinin təşkilatçılığı ilə Azərbaycandan mədəniyyət, təhsil işçiləri ilə yanaşı ölkəmizi təmsil edən 50-dən artıq media nümayəndələri də geniş tərkibdə İzmirdəki bu tədbirə qatılmışdılar.

Festivalda dünyanın 140-dan artıq ölkəsi təmsil olunurdu. Onların hər biri festival çərçivəsində təşkil olunmuş sərgidə öz sdendini qurmuşdu mədəniyyətini təbliğ edirdi. Təşkilatçıların sözlərinə görə, festivala qatılanların ziyarətçilərin sayı 1 milyon insandan artıqdır. Təsəvvür edin ki, bu qədər insan ayrı-ayrı ölkələrin mədəniyyətləri haqqında bir sərgi ərazisində geniş məlumatlar əldə edə bilir.

Sərgidə Azərbaycanla yanaşı bütün türk cümhuriyyətləri, habelə ABŞ, Rusiya, Pakistan, Bolqarıstan, Hindistan, Moldova, İspaniya, Kanada, Macarıstan, İsveç, Estoniya, Rumıniya, Sinqapur, Portukaliya, Belçika, Avstraliya, Braziliya, Fransa, Hollandiya, Almaniya, Gürcüstan, Yaponiya, Monqolustan, Türkiyə, Vyetnam, hətta Kamerun, Zimbabve, Somali, Mozambik kimi ölkələr təmsil olunurdular. Bir sözlə, İzmir festivalında dünyanın bütün qitələrinin ölkələri vardı. Həmişə olduğu kimi, yenə qardaş ölkədə sərgi salonunda Azərbaycan stendi ən böyük sahəyə sahib idi. Stend bura baş çəkən qonaqların çoxluğu ilə seçilirdi. Xüsusən türklərin Azərbaycan mədəniyyətinə olan hədsiz maraqları sevgisi burada aydınca hiss olunurdu. Ziyarətçilərdə milli mədəniyyətimizə maraq oyatmaq üçün diqqət çəkən stend hazırlanmaqla yanaşı sərgi boyunca müxtəlif mədəni tədbirlər (oyunlar, musiqi, şəkil çəkdirmək, milli bayraqları Azərbaycanla bağlı broşüraları paylamaq s.) həyata keçirilirdi. Hətta qonaqlara milli mətbəx mədəniyyətimizin əsas atributları olan şəkərbura, paxlava təklif olunması da lap yerinə düşürdü

Üç gün davam edən sərgidə 50 min Azərbaycan bayrağı, 50 min «Azərbaycan» yazılmış hava şarı, 50 min «Azərbaycan» rəsimli yelpik, 20 min Azərbaycanı tanıtım broşürası, 50 min ədəd qoz mürəbbəsi, 20 min Azərbaycan paxlavası, 20 min şəkərbura paylandı. Azərbaycan mədəniyyətini tanıtmaq insanlarda maraq oyatmaq baxımından bu çox gözəl düşünülmüş bir mədəni aksiya da sayıla bilər.

Mayın 25-də axşam isə 11-ci Uluslararası Dil Kültür Festivalı çərçivəsində İzmirdə «Azərbaycan gecəsi» adlı konsert proqramı düzənləndi. İzmir Fuar Mərkəzi Atatürk Açıq Hava Anfiteatrında baş tutan möhtəşəm konsertdə minlərlə Azərbaycan bayraqları dalğalandı. Hər kəsin əlində Azərbaycan bayrağı olan konsert salonu tam dolmuşdu. Hətta konsertə maraq o qədər böyük idi ki, ayaq üstə duracaq yerlər dolduqdan sonra mühafizə xidməti məcburən Atatürk Açıq Hava Anfiteatrına tamaşaçı axınını dayandırmalı oldu. Uşaqlardan ibarət Azərbaycan musiqiçiləri, rəqs qrupları, ifaçılar gözəl bir konsert proqramı ilə çıxış etdilər. Onların hər bir çıxışı türk tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. İfaçı uşaqlarımız milli musiqilərimizlə yanaşı türk mahnılarını da gözəl ifa etdilər. Hətta bəzi həzn mahnılar türkləri ağlatdı, şux mahnılara isə qol açıb oynayanlar da vardıBir tamaşçı kimi bu anlarda insan ancaq qürur hissi keçirir. «Bir millət, iki dövlət»in bu mədəni tədbiri qardaş xalqların doğrudan da ortaq, doğma bir mədəniyyətə sahib olmasının bariz nümunəsi idi.

Əslən Azərbaycanın Quba şəhərindən olan Türkiyə vətəndaşı, tədbirin türk aparıcısı konsert proqramı boyunca ata Vətəniniölkəmizi çox gözəl təqdim etdi. Ara-sıra milli mətbəxəmizdən, dadlı yeməklərimizdən gözəl nümunələr söylədi. Diqqəti iki qardaş ölkənin mədəniyyətinin ortaq xüsusiyyətlərinə çəkdi. Musiqiçilərimizin uğurlu təqdimatını həyata keçirdi. Vətəni Qubanı yaxından görmək arzularını ifadə elədi. Hətta arzuladı ki, inşallah, vaxt gələr növbəti Uluslararası Dil Kültür Festivallarından biri erməni işğalından azad olunacaq gözəl Dağlıq Qarabağ torpaqlarında keçirilsin. Biz də buna Amin deyirik…

 

Mahir Həmzəoğlu,

 

Bakı-İzmir-Bakı

 

Xalq Cəbhəsi.- 2013.- 28 may.- S.12.