«Hökumətin təşkilinə
məni vadar etdiniz»
Fətəli
Xan Xoyski: «Mən istiqlaliyyətini elan etmiş Azərbaycan
Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət
etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb
edirəm»
Çox
hörmətli Məhəmməd Əmin! Əlimərdan bəy
vasitəsilə 50 min manat göndərirəm. Hər ehtimala
qarşı gürcülərdən və ermənilərdən
çox əmək sərf etmək lazımdır. Bakı məsələsi
hələ qurtarmayıb. Əlimərdan bəy Sizə ətraflı
məlumat verər. Ən başlıcası Türkiyə ilə
qarşılıqlı münasibətləri birdəfəlik
aydınlaşdırmaq lazımdır. Hamıya salam, əllərinizi
sıxıram…»
Məktub Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskiyə məxsusdur. Təkcə bu məktub onun necə çətin bir ictimai-siyasi şəraitdə işlədiyini, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda verdiyi mücadilənin sübutu üçün kifayət edir.
Gürcüstanın müstəqilliyini elan etməsi ilə Zaqafqaziya seyminin dağılması iqtisadi, hərbi, siyasi resursları olmayan, yeni formalaşan Azərbaycan siyasi elitasını konkret addım atmağa vadar edirdi. 1918-ci il mayın 28-də Tiflisdə toplaşan 26 nəfərlik türk-müsəlman parlamentarilər Osmanlı imperiyası ilə konfederasiya və müstəqillik arasında daha uğurlu seçimə imza atdılar və 24 parlament üzvünün səsiylə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olundu. Bakı daşnakların nəzarəti altında olduğundan yeni hökumət Gəncədə fəaliyyət göstərməyə qərar verdi və ciddi israrlardan sonra Azərbaycanın görkəmli siyasət adamı, nüfuzlu ictimai xadim Fətəli xan Xoyski hökuməti qurmağı üzərinə götürdü.
Xoyski hökuməti Türkiyə ilə münasibətlərin tam aydınlaşdırılmadığı bir dönəmdə Azərbaycana rəhbərlik edirdi. 20 gündən sonra, iyunun 17-də Milli Şura fəaliyyətini dayandıracaq və 6 ay müddətində bütün səlahiyyətləri Fətəli xan Xoyskiyə həvalə edəcəkdi. Ölkənin şərqində «Baksovet» adlı qeyri-qanuni bir qurumun fəaliyyət göstərdiyi, qərbində ermənilərin torpaq iddiası ilə Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyi, Şimalda Denikin ordusunun təhdid etdiyi, Sovet Rusiyasının XİN rəhbəri Çiçerinin hədə dolu siyasi təzyiqləri, heç bir ölkə tərəfindən tanınmayan, büdcəsi, ordusu, strukturu, kadrı mövcud olmayan bir dövləti qurmaq böyük tarixi məsuliyyət tələb edirdi. Xan Xoyski məhz bu məsuliyyətin altına girmişdi.
«O günlər siz dəfələrlə müraciət edərək, hökumətin təşkilinə məni vadar etdiniz. Mən o vaxt sizə dedim ki, belə xətərli bir zamanda heç kəs cəsarət edib tamam hökuməti ələ ala bilməz. Sizin sidq ilə hökumətin dalında durub kömək edəcəyinizə ümid olduq. «Əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqə hökumət başında durmaram» dedim… Heç bir hökumət sorğudan inciməz. Amma sorğu var, sorğu var: bir sorğu var ki, atanın oğula verdiyi nəsihət, bir sorğu var ki, zəhərli bədxahlıqdır. Bu sorğu hökumətə badalaq vurmaq, bizi yerə soxmaqdır…»
1919-cu ilin fevralın 5-də Milli Şurada çıxışı zamanı Fətəli Xan Xoyskinin dediyi bu sözlər insanı sarsıdır: bu qədər çətin şəraitdə daxildə belə yeni hökumətə vaxtaşırı yaradılan maneələrdən Xoyskinin cana yığıldığı göz qabağındadır. Bu çıxışdan az sonra, fevralın 25-də Xan Xoyski hökumətin istefa müraciətini Milli Şuraya göndərdi.
Bu istefaya qədərsə Fətəli xan çox işlər görmüşdü, çox…
Müstəqilliyini yenicə elan edən Azərbaycan Milli Şurası hökumətin qurulması üçün niyə Fətəli xanın namizədliyi üstündə israr etdi? Hər şeydən öncə ona görə ki, Fətəli xan çox nüfuzlu bir nəslin nümayəndəsi, əsilzadə idi.
Fətəli xan İsgəndər oğlu Xoyski 1875-ci ilin dekabr ayının 7-də Şəkidə doğulub. O, XIX əsrin əvvəllərində Rusiya dövlətində xidmətə keçən və hətta ilk əvvəl Şəki xanlarının tituluna layiq görülən Xoyski xanlığının keçmiş xanlarının ailəsindəndir. Şəki xanlığı ləğv ediləndən sonra da Fətəli xanın əcdadları rus çarının xidmətində idilər. Onun atası İsgəndər xan rus ordusunda xidmət edərək, general-leytenant rütbəsinədək yüksələ bilmişdi. O vaxtkı Azərbaycan cəmiyyətinin kübar qisminə aid olan Fətəli xan yaxşı təhsil ala bilmişdi. Moskva Universitetinin hüquq fakültəsinin məzunu olmuş Fətəli Xoyski özünün xidməti fəaliyyətinə Tiflis Məhkəmə palatasından başlayıb. Gəncə, Suxumi, Batumi və Kutaisidə dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışmış, Yekaterinidor dairə məhkəməsində prokuror müavini, 2-ci çağırış Rusiya Dumasında müsəlman deputat fraksiyasının aparıcı siması olub. 1917-ci il hərəkatında aktiv iştirak edən Xan Xoyski martın 27-də Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, dekabrda yaranan Zaqafqaziya Federativ Respublikasının ədliyyə naziri olub.
Fətəli xan hələ Dumada olduğu illərdə Azərbaycanın muxtariyyatı məsələsini davamlı olaraq gündəmə gətirən, xalqları müstəmləkəçilikdən azad etməyin vacibliyini deyən cəsarətli vətənpərvər ziyalı kimi tanınırdı.
Milli Şura Fətəli Xan Xoyskiyə Azərbaycan hökumətini formalaşdırmaq üçün müraciət etdikdə bunu qəbul etdi. Fətəli Xan Xoyski hökuməti iyunun 17-də xalqa müraciətlə əsas hədəflərini açıqladı — müəssisələrin, məhkəmələrin və məktəblərin milliləşdirilməsi!
1918-ci ilin iyunun 24-də Azərbaycanın dövlət bayrağı haqda qərar verdi, eyni ayın 26-da iki diviziyanın yaradılması ilə Azərbaycan ordusunun formalaşdırılmasına başlanıldı, iyunun 27-də türk dili Azərbaycanın dövlət dili elan olundu, iyulun 2-də ilk polis bölümünün yaradılması haqqında əmr verildi, iyulun 15-də Güney Qafqaz ərazisində türklərə və müsəlmanlara qarşı törədilən vəhşilikləri, qətliamları, soyqırımları öyrənmək və günahkarları məsuliyyətə cəlb etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı, sonradan Komissiyanın işinin nəticəsi olaraq 31 mart tarixinin «soyqırım» günü kimi qeyd olunmasına qərar verildi; avqustun 30-da Gəncə şəhərinin adını özünə qaytardı.
Bakı vaxtının ölkə ərazisində saat vaxtı kimi götürülməsi, üçrəngli və ay-ulduzlu bayrağın qəbulu, mətbuat üzərindən senzuranın qaldırılması, «Baksovet» və daşnaklara qarşı türklərlə birgə ilk uğurlu hərbi əməliyyatların keçirilməsi Fətəli Xan Xoyskinin təkcə Gəncədəki fəaliyyətinin bir hissəsidir.
Bakının işğaldan azad olunması və sentyabrın 17-də hökumətin paytaxta köçməsi ilə Xan Xoyskinin daha gərgin işi başlandı. Hər şeydən öncə ona görə ki, şəhərin azad olunmasından sonra hökumətin gəlişinə qədər orduya verilən sərbəstlik səbəbindən yaranan narahatlıqlar aradan qaldırılmalı, hökumətin işləməsi üçün inzibati resurslar formalaşdırılmalıydı.
Mudros müqaviləsi və Türkiyə qoşunlarının noyabr ayında ölkəni tərk etməsindən sonra Bakıya gələn İttifaq Komandanı general Tomsonun Azərbaycanın müstəqilliyini qəbul etməməsiylə növbəti gərginlik yaşandı. Hesab edirik ki, Fətəli xanla general Tomsonun dialoqu Azərbaycan tarixinin fəxr ediləcək səhifələrindəndir.
Fətəli xan:
- Siz böyük
bir millət, böyük
imperiyasınız. Eyni zamanda mədəni bir miilətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız.
General Tomson:
- Bu söylədikləriniz siyasi
şeylərdir, iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm.
Fətəli xan:
- Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin
baş naziriyəm. Biz sizi buraya
dəvət etmədik.
Sizdən ölkəmizi tərk
etməyi tələb
edirəm.
Tomson tərcüməçiyə müraciətlə:
- Baş nazir həzrətlərinə söyləyin
ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün
hərbi qüvvəyə
sahib olmaq gərək.
Bildiyimə görə, qurduğunuz
Cümhuriyyətin ordusu
hələ qurulmamışdır.
Fətəli xan tərcüməçiyə:
- General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı
Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri
istiqlaliyyətimizi elan
etməmişdən öncə
100 minə qədər
rus əsgərini xalq qüvvələrimizin
gücü ilə süpürüb sərhədlərimizdən
kənara atdıq.
Əgər inad edərlərsə,
bir ovuc ingilis əsgərini dənizə tökmək
qəhrəman xalqımızın
gücü ilə bir neçə saatlıq məsələdir.
Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək
istəyirik.
Amma bu sərt danışıq və ingilislərə qapını göstərən
Xan Xoyskinin səsini tonu ingilis generalını yumşaldır. Xoyskinin Tomsonla apardığı
danışıqların nəticəsi
özünü çox
gözlətmədi. General Tomson dekabrın 29-da bəyanat verdi:
«Xoyskinin rəhbərliyi
altında koalisyon Azərbaycan hökuməti
yaradıldığını nəzərə alıb, elan edirəm ki, İttifaq Komandanlığı tərəfindən
bu hökumət Azərbaycanın bütün
hüdudlarında yeganə
yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə ediləcək».
Fətəli Xan Xoyski Azərbaycan
Cümhuriyyətini tam dünyəvi
bir dövlət kimi görüb və dinin dövlətdən
tamamilə ayrı fəaliyyət göstərməsini
istəyib. Qaynaqlara görə, Şeyxülislam
və müfti onunla görüşüb,
hansısa vəzifə
ilə hökumət heyətində iştirak etmək istədiklərini
bildiriblər. Fətəli xan «Təklifinizi yersiz saydım. Hökumət dini mövzuları
müzakirə etməz.
Əslində din haqqında heç
bir məlumata malik deyilik. Əgər din haqqında islam ölkələrindən
bir müraciət alsaq, sizə ərz edəcəyik. Sizin verdiyiniz qərarı müdafiə edəcəyik.
Bütün nazirlər sizin
dini görüşlərinizin
tərəfdarı olacaqlar.
… İstiqlalımızı elan edib, Cümhuriyyət qurduq.
Bütün millətlə birgə
durmadan çalışmalıyıq.
Biz hökumət tərəfindən mədəni
dünyanın istehsal
etdiyi malları idxal etməmək və ehtiyacımızı
təmin etmək məqsədilə zavodlar
qurmalıyıq. İnşallah, buna müvəffəq olacağıq. Ancaq bilirsiniz
ki, rusların dövründə Azərbaycanın
buğda ehtiyacı öz əkin sahələri çatışmadığı
üçün daim Şimali Qafqazdan təmin edilmişdir.
İndi o yerlər sərhədlərimizdən
kənarda qalmışdır. Biz indi ən
mühüm qida məhsulu olan buğdanı necə olursa-olsun
özümüz yetişdirməliyik. Bu
işə bütün millət səfərbər
edilmişdir. Sizdən xahişim budur ki, əgər
kəndlilərimiz tarlalarda zəif işlərlərsə,
ehtiyacımız təmin olunmaz və xalqımız
aclıqla üzləşər. Halbuki,
mübarək Ramazan yaya düşmüşdür. Tarlalarda kəndlilərimiz qadınlı-kişili
görünməkdədirlər. Artıq
Ramazan ayında işləmək imkansız hala gəlmişdir.
Siz xalqımıza gələcəkdə
üzləşəcək aclığı bildirib, Ramazan
ayında məhsulu tədarük etdikdən sonra keçirə
biləcəklərini daha əlverişli olmasını
başa sala bilərsinizmi? Baxın,
artıq şəhərdə münəvvər insanlar bunu dərk
edərək, Ramazan ayını başqa vaxta
keçirmişlər».
Amma Xoyskinin bu xahişi yerinə yetirilmir.
Fətəli xan Azərbaycan tarixində həm də
davranışlarına görə xüsusi hörmətə
layiq olan siyasi xadimlərdən biridir. O, 1919-cu ilin fevralın 25-də Milli
Şuraya istefa məktubu göndərmişdi. İstefanın
başlıca səbəbi isə Nazirlər Şurasında
işləyən bir məmurun korrupsiya faktına imza
atması olmuşdu. Fətəli xan özünə qətiyyən
aid olmasa da, işçisinin hərəkətindən
üzülmüş və istefa vermişdi…
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 28 may.- S.14.