Sabir və qəhrəmanları
Azərbaycanda məşhur satirik şair Sabirin imzası ağlı söz kəsən hər kəsə yaxşı tanışdır. Üslub sarıdan heç kəsə bənzəməyən Sabirin şeirləri indi də çoxunun dilində əzbərdir. Hər kəs Sabirdən ən azı bir beyt əzbər deyər. Ancaq onun dərdinə gəlincə… Əslində Sabirinki şairlik deyildi, dərdkeşlik idi. Şairlik ona fikirlərini çatdırmaqda yardımçı idi.
Sabir dərd şairi idi: əsərlərini satirik üslubda yazırdı. 20-ci yüzilin əvvəllərində dünyanın halında bir oyanma vardı: inqilabların yeni, daha fəlakətli mərhələsi başlayırdı. İnqilabın milləti oyatmaq xüsusiyyəti var. Ancaq əgər bunun ardınca idraka əsaslanma gəlmirsə, bütün uğurlara baxmayaraq məğlubiyyət qaçılmazdır. Sabirlər isə milləti maariflənmə yoluyla dəyişdirməyə, yönləndirməyə çalışırdılar. Ayrıca bir konsepsiya, fəaliyyət proqramı isə yox idi.
Sabirin Sabirliyini aşkarlayan «Molla Nəsrəddin»
jurnalı oldu.
Sabir ədəbi cəbhədə
çalışsa da, fəaliyyəti ilə ictimai-siyasi
problemlərə də toxunurdu. Onun əsərlərində
çağındakı Şərqin ictimai-siyasi problemlərinə
də bu və ya digər şəkildə toxunulub. Sabirin satirasında sərtlik var, kəskin tənqid
var, güzəştsizlik var. O, millət fədaisi idi. Milətinin dərdləriylə yaşayırdı.
Onun şairliyi çağında heç kəsin
şairliyinə oxşamırdı. İndi
də heç kəsin şairliyinə oxşamır. Bənzərsizlik budur.
XX yüzilin əvvəllərində dərdi göstərməyin
özü də (Sabir kimi, Mirzə Cəlil kimi) hünər
idi. İndi çağımızın
çatışmazlıqlarını Sabir kimi şeirdə
göstərmək, ifadə etmək ənənəmiz niyə
səngiyib görəsən? Deməli,
millət daim hər sahədə irəliyə doğru getməli,
inkişaf etməlidir. Sabirin dərdi millətin
öz çatışmazlıqlarından qurtulması idi.
O, Avropaya ümidlə baxırdı. Bu cəhət
o dövrdə bir çox düşüncə adamlarında
vardı. Sabir məşhur taziyanəsində
yazırdı:
Əcnəbi
seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.
Sabir Qərbin maddi tərəqqisini onun elmə olan həvəsində
görürdü. Ancaq Şərqi məhz zamanının
gerçəkliyinə bərabər saymaq o dövr
düşüncə adamlarımızın yanlışı
idi. Çünki Şərqin mahiyyəti
təkcə despotçuluqdan ibarət deyil. Şərqin
əzəli bəşəri imkanları hələ də tam
aşkarlanmayıb…
Sabirin satiraları indi də dillər əzbəridir. Ancaq görəsən,
onun tənqid hədəfləri niyə azalmır, əksinə,
artır? Çünki ədəbiyyat dərdi
göstərir, daha yaxşı ifadə edir. Dərdi aradan qaldırmaq isə insanlardan hünər
istəyir. Ümumiyyətlə,
bütün dövrlər üçün Sabirin şeirləri
aktual olacaq. O zaman ki, Sabirin tipləri yalnız ədəbiyyatda
qalacaq, həyatda olmayacaq, bax, belədə demək olar ki,
artıq şairin dərdi dərmanını tapıb. Ancaq Sabirin dərdinin dərmanı asan
tapılmayacaq. Zaman-zaman bu dərd Sabirlərin
cismini öldürdü. Yetər artıq.
İndi dərdli özündə o dərəcədə
güc tapmalıdır ki, dərdi öldürsün. Bu, o deməkdir ki, insan özüylə üz-üzə
qalmalı, özünü yaratmağı bacarmalıdır.
O zaman dərd də yeniləcək. Fərdin
içində yenilən dərd cəmiyyətdə də
yoxa çıxacaq. Sabirləri
yaşatmağın yolu budur. Ümumən
dünyanın, çağımızın ruhsuzluğuna,
ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli
baxış gərəkdir. Nə qədər
ki, cəmiyyət insanilik tələbi üstə
yaşamır, heç bir şər çaları
ölmür, itmir, yox olmur. Sabirin sənətkarlığının
bir cəhəti də onun meyxananın imkanlarından
bacarıqla yararlanması idi.
Mirzə Ələkbər
Sabir 1862-ci il mayın 30-da Şamaxıda
anadan olub. Uşaq vaxtı yazdığı üç
misralıq ilk şeri məşhurdur:
Tutdum
orucu irəmazanda,
Qaldı
iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər mollaxanada oxuyub, sonra məşhur
şair Seyid Əzim Şirvaninin açdığı yeni
üsullu məktəbə keçmişdi. 1885-ci idə ziyarət
adı ilə səyahətə çıxıb, Orta Asiyaya,
oradan da İrana gedir: Səbzivar, Nişapur, Səmərqənd,
Buxara, Xorasan və başqa şəhərləri gəzir. XX əsrin əvvəllərindən başlayaraq
Sabirin şeirləri mətbuat səhifələrində
görünür. 1906-cı ildə «Molla
Nəsrəddin»in ən fəal müəlliflərindən
biri olur. 1910-cu ilin əvvəllərində
Bakıya işləməyə gəlir. Əvvəlcə
«Zənbur» jurnalının redaksiyasında
çalışır. Az sonra
Balaxanı məktəbində böyük həvəslə
dərs deməyə başlayır. Aylarla
ehtiyac içində, işsiz, əzab-əziyyətlə
dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər
xəstəliyinə tutulur, Şamaxıya qayıdır.
1911-ci ilin mayında müalicə
üçün Tiflisə gedir, dostu C.Məmmədquluzadənin
evində yatır. Xəstəliyinin getdikcə
şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir
yazmağa davam edir. İyun ayında həkimlər
şairə cərrahiyə əməliyyatı
aparmağı təklif edirlər. Ancaq o,
buna razı olmur. O, Şamaxıya qayıdır. Axır
günlərindən birində şair deyir:
İstərəm
ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə
bədbəxtəm, əcəldən də gərək naz
çəkəm!
Xatirələrdə deyilir ki, fədakar,
qayğıkeş ailə başçısı olan Sabir
uşaqlarının maddi ehtiyacını deyil, tərəqqisini
də təmin etməyə çalışıb. «Molla Nəsrəddin»
jurnalı 1911-ci il 14-cü sayında xəstə
şairə maddi yardım etməyə çağıran bir
elan dərc edir. Bu elandan sonra Rusiyanın və
Şərqin bir çox şəhərlərindən onlarla
oxucu şairə məhəbbət və hörmət əlaməti
olaraq «Molla Nəsrəddin»in ünvanına ianə göndərirlər.
Xəstəliyinin çox şiddətləndiyini və
ona başqa bir əlac olmayacağını görən
şair cərrahiyə əməliyyatına razı olur,
iyulun 8-də Bakıya gəlir. Artıq həkimlər
cərrahiyənin də fayda verməyəcəyini söyləyir,
ona Şamaxıya qayıtmağı məsləhət
görürlər. Jurnalist H.Qasımov xəstə
şairlə Bakıda son görüşünü
xatırlayaraq yazır: «…Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən
vücdumda olan ətimi xalqımın yolunda
çürütdüm. Əgər ömür
vəfa etsəydi, sümüklərimi də xalqımın
yolunda qoyardım».
1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda «Yeddi günbəz
qəbiristanı»nda dəfn olunur.
Sabirin
xatirəsinə hörmət əlaməti olaraq vəfatından
bir il sonra 1912-ci ildə arvadı
Büllurnisə xanım, dostları Abbas Səhhət və
M.Mahmudbəyovun səyi ilə onun şeirləri «Hophopnamə»
adı ilə çap olundu. İki il sonra
xalqın ianəsilə «Hophopnamə»nin ikinci, daha mükəmməl
nəşri buraxıldı.
Sabir
boşboğazlara xitabən yazırdı:
Bir
bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət
ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan
payımız yox, yazıdan qismətimiz…
Sovet hakimiyyəti illərində Sabir irsinə maraq
görülməmiş dərəcədə artır,
«Hophopnamə» böyük tirajla bir neçə dəfə
çap olunur.
Sabirin həyatı və
yaradıcılığı haqqında dəfələrlə
elmi araşdırmalar aparılıb, əsərlərinə
nəzirələr yazılıb. Şairin
yaradıcılığı Şərq ölkələrindəki
satiriklərə ciddi təsir edib.
İndi də
Sabirin satiralarlndan bir neçə misra təqdim edirik:
Daş qəlbli
insanları neylərdin, ilahi!
Bizdə
bu soyuq qanları neylərdin, ilahi!
***
İntelligentik,
gəzərik naz ilə,
Ömr edərik
nəşeyi-dəmsaz ilə!
***
Amalımız-əfkarımız ifnayi-vətəndir.
***
Ah eylədiyim
nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fincanın
üçündür.
Vəz
eylədiyim hədyəvü ehsandır, ancaq
Ümdə qərəzim kisəvü-həmyanın
üçündür.
***
Könlüm
bulanır kuçədə cövlanını görcək,
Nitqim tutulur hərzəvü-hədyanını görcək.
***
Nuri-çeşmanımmısan, ey pul, canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
…Müshəfim,
Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
***
…İnsan
olanın cahü-cəlalı gərək olsun,
İnsan
olanın dövləti, malı gərək
olsun!
***
Pah
atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə!
***
Cin
görürəm, can görürəm qorxmuram,
Harda
müsəlman görürəm qorxuram!
***
İş
görəcək yerdə söz əzbərlərik,
Aşiqik
ancaq quru, boş söhbətə!
***
Ta gəlirik
biz də bir az anlayaq,
Məhzəri-irfanda vurur tək səbir.
***
Qəzaya
çarə yox, giryan ol, üryan ol, peşiman ol,
Səbur
ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!
***
Arif
çalışır ki, millət azad olsun!
Zahid
çalışır ki, məscid abad olsun!
Söz
boynu kraxmallınındır ki, deyir:
Bir
madmazel olsun ki, pərizad olsun!
***
Neyləməli,
göz görür, ağlım kəsir,
Mən
günəşi göydə dana bilmirəm!
Uğur
Xalq Cəbhəsi.-
2013.- 30 may.- S.15.