Ədəbi
mühitdə 1937-ci il repressiyası
Yaradıcılıq
təşkilatlarında yazarlar bir-birinə qarşı
qaldırılır, iclas və plenumlarda yaradıcılıq
işindən daha çox siyasi mövqe ortaya qoyulurdu
Ötən
yüzilin 20-30-cu illərində Azərbaycanda həyata
keçirilən repressiya ədəbiyyata təsirini göstərdi.
Professor Bədirxan Əhmədov ədəbiyyat və
repressiya: xarakteri, genezisi və yanaşma meylləri
mövzusunda araşdırma aparıb. O, bildirir ki, 30-cu illər
ictimai-siyasi prosesinin ən böyük hadisəsi, şübhəsiz,
Azərbaycan ədəbi mühitindən də yan keçməyən
repressiyadır: «Özlüyündə siyasi hadisə olan
repressiya bir çox sahələr kimi, ədəbi prosesi də
ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan
yazıçı, şair, tənqidçi, elm və maarif
adamlarının kütləvi həbsi və məhvi ilə
nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və
qətnamələrlə idarə olunan ədəbi prosesə
ölüm xofu, həbs qorxusu çökmüşdü.
Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar Stalin
və Beriyanın repressiya «sunamisi» bütün Sovetlər
Birliyində, eləcə də Azərbaycanda yüzlərlə
alimi, şair və yazıçını,
folklorşünası, tənqidçini, heykəltəraşı,
aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil,
ailələrinin də faciəsinə səbəb oldu.
Repressiyanı dəyərləndirmədə hansı
metodoloji meyarlar əsas götürülməlidir? Doğrudanmı
kütləviliyi ilə anoloqu olmayan bu hadisə bu qədər
sadə mexanizm üzərində («kimsə kimisə
satıb», «filankəsin donosu əsasında güllələnməyə
məhkum edilib», «yeni quruluşu qəbul etməyənlər həbs
olunub, qəbul edənlər sağ qalıb», «filankəsi
satdığı üçün sağ qalıb» və s.)
qurulub? Bu sualları artırmaq da olardı, lakin
dolğunluğu ilə repressiyanın mahiyyətini ifadə
etmir. Ona görə ki: Repressiya — bir fərdin digərinə
qarşı törətdiyi lokal hadisə deyil, sovet dövlət
aparatı tərəfindən törədilmiş ictimai-siyasi
məzmunlu kütləvi hadisədir. Repressiya — ədəbi
hadisə deyil, cəmiyyətin bütün təbəqələrini
əhatə edən siyasi aksiyadır. Repressiya — milli hadisə
olmadığı üçün onun nədənlərini
yalnız milli coğrafiya ilə məhdudlaşdırmaq
düzgün olmazdı. Bu gün mötəbər sənəd
kimi istinad etdiyimiz istintaq sənədləri tamamilə yalan və
saxta faktlara əsaslandığından oradakı ifadələrin
doğrudanmı həmin şəxsə mənsub
olub-olmadığı, ona məxsus olsa belə hansı
yollarla alındığı nəzərə
alınmalıdır». İstintaq sənədlərinin əksəriyyətində
insanların böyük bir qismi Mərkəzdə Stalinə,
yerlərdə (Azərbaycanda M.C.Bağırov) I katiblərə
olunan sui-qəsdlərdə iştirakına görə
günahlandırılırdı. Buna baxmayaraq istintaq
zamanı dindirmələr, demək olar, bu aspektdə gedir və
repressiya karuselinin tipik əsasını təşkil edirdi.
O ki
qaldı şair və yazıçılara, xalq içərisində
məşhur olan sənətkarlara, onlarla da eyni metodla istintaq
aparılıb, saxta ittihamlarla günahlandırılıblar.
Yuxarıda qeyd etdiyimiz repressiya faktları on minlərlə
istintaq işini özündə ehtiva edir; ancaq istintaq daxilində
o qədər subyektiv amillər olub ki, onların təfərrüatına
getmək böyük və sistemli bir araşdırma tələb
edir. Təkcə bunu demək kifayətdir ki, hər bir işdə
olan bütün informasiyaları olduğu kimi qəbul etmək
çətindir. Araşdırmalar göstərir ki,
bütün bu ittihamların əsasında saxta və
yalançı şahidlər, təsdiq olunmayan müstəntiq
xəyalının məhsulu olan «faktlar» dayanırdı.
1956-cı ildə bəraət sənədlərində həmin
şahidlərin verdiyi ifadədə 37-ci il ifadələrinin
müstəntiq tərəfindən yazıldığı,
yaxud saxtalaşdırıldığı qeyd olunurdu.
Araşdırmalarımıza görə, repressiyadan
qurtulmanın ayrıca düsturu olmadığı kimi, onu həyata
keçirmənin və qurbanların istintaqa cəlb edilməsinin
də vahid bir resepti olmayıb. Bəzi xatirələrdən də
aydın olduğu kimi, sağ qalanların böyük əksəriyyəti
«veş-meşoku» hazır vəziyyətdə hər axşam
aparılacağını gözləyirdi. Yaxud bu gün
repressiya maşınının sükanı arxasında
oturanın özü bir neçə gün sonra repressiya meyvəsini
dadmalı olurdu. Hətta ən yüksək səviyyədə
repressiya maşınını idarə edənlərin ya
özləri, ya da ailə üzvləri qurban gedirdilər.
Kommunist partiyasının görkəmli üzvlərinin bu
aqibəti yaşaması ilginc faktlardan biridir. Yaxud
repressiyanı birbaşa həyata keçirən orqanın
(NKVD-nin) başında duran Yejovun cəmi bir-iki ildən sonra
(1939) göndərdiklərinin dalınca getməsi
repressiyanın anatomiyasının nə qədər mürəkkəb
olduğunu göstərir.
Bütün
bu mürəkkəbliklər repressiyanın xarakterini
açmağın, Azərbaycan ədəbi prosesində
oynadığı məşum rolu ortaya çıxarmağın
asan olmadığını göstərir. Birdən-birə
1937-ci ildə siyasi hərarətin bu qədər qalxması,
cəmiyyətdə «kim kimi» məsələsinin
qarşıda kəskinliklə dayanması cəmiyyətin
özünün deyil, siyasi hakimiyyətin problemi idi. Bu gün
dost olan sabah «düşmən»ə və yaxud əksinə
çevrilə bilərdi. Dünən «nazir», MK katibi olan bu
gün «terrorçu», yaxud «imperalizm agenti»,
«müsavatçı», «millətçi», «pantürkist» və
ya «panislamist» kimi damğalanırdı. Bu istiqamətdə
keçirilən tədbirlər yalnız şəxsiyyətlərə
qarşı yönəlmir, xalqın milli-mənəvi, mədəni
genosidinə səbəb olurdu; tarixi mədəniyyət abidələri
dağıdılır, yüz illərlə yaşı olan məscidlər,
minarələr, abidələr uçurulur, qiymətli əlyazma
və kitablar yandırılır. Kommunist S.M.Kirova
qarşı terror ölkədə «əksinqilabçılar»a,
«millətçilərə» (müxalifət yox idi)
qarşı mübarizəni bir qədər də gücləndirir.
«Xalq düşmənləri»nin aşkarlanması prosesi Azərbaycanın
bütün ərazisində həyata keçirilir və
xalqın başı üzərində «qara kabus» dolaşmaqda
davam edir. Əvvəlcə elə Azərbaycanda sovet hakimiyyətinin
yaradılmasında «müstəsna» xidmətləri olan Ə.Qarayev,
S.M.Əfəndiyev, Q.Musabəyov, H.Sultanov, D.Bünyadzadə,
R.Axundov həbs edilir, mətbuatda onların «xalq düşməni»
obrazı yaradılırdı. Ayrı-ayrı şəhər,
rayon zəhmətkeşlərinin bütün detallarına qədər
hazırlanmış mitinqlərində bu insanlara «lənətlər
yağdırılır», onların məhkum olunmasını
tələb edir, yaxud əgər həbs olunmuşsa, bu hərəkəti
«alqışlayırdılar». Bütün ölkə üzrə
fasiləsiz mitinqlər gedir, hər gün yeni məhkəmələr
qurulurdu».
Araşdırmaçı
hesab edir ki, yaradıcılıq təşkilatlarında da
eyni ab-hava davam edirdi; ittifaq üzvləri bir-birinə
qarşı qaldırılır, iclas və plenumlarda
yaradıcılıq işindən daha çox siyasi mövqe
ortaya qoyulurdu: «Azərbaycan ədəbi mühitində
repressiya hərarəti 1937-ci ilin əvvəlindən yüksəlir.
Yazıçılar İttifaqının iclası (28 yanvar)
özünün siyasi fonunun kəskinliyi ilə əvvəlkilərdən
fərqlənir. Yazıçılar «antisovet trotskiçi,
ziyançı, diversiyaçı, cəsus» və s.
haqqında danışaraq bu cür hadisələrə nifrət
hisslərini bildirirlər. İclasın axırında qərar
qəbul edilir. Qərarda deyilirdi: «Biz insan ruhunun mühəndisləri
(bu ifadə İ.V.Stalinə məxsus edilirdi) olan
yazıçılar Stalin adı ilə nəfəs alır,
Stalin epoxası ilə qidalanırıq. Biz Stalinizmi
canımızdan artıq sevirik, ona qarşı qalxan xain,
murdar və çirkin əllərin kəsilməsini onun həyatına
terror hazırlayan zəhərli ilanların başının
kəsilməsini tələb edirik. Biz yazıçılar gələcək
əsərlərimizdə sinfi düşmənlərin bu həyasız
metodlarını bədii obrazlarla ifadə edərək
onların bütün qalıqlarını ifşaya
qalxacağıq».
Həmin
ilin martında Yazıçılar İttifaqında
keçirilmiş plenumda 4 məsələ müzakirəyə
qoyulmuşdu. H.Cavid məsələsi, M.Müşfiq məsələsi,
Ə.Cavad məsələsi, Y.Vəzir məsələsi.
Plenum üç gün davam etmiş, demək olar,
bütün yazıçı və şairlər
özünütənqid ruhunda çıxış
etmişdilər. Şübhəsiz, əsas tənqid hədəfləri
H.Cavid, M. Müşfiq, Ə.Cavad və Y.Vəzir olur. Bu da
plenumun gündəliyindən irəli gəlirdi. H.Cavid
haqqında tənqidi fikirlərdən biri belə idi:
«Yazıçılar içərisində Azərbaycanın
həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin
mübarizəsinə yad olan əsərlər yazmaqdan əl
çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki,
Hüseyn Cavid burjua romantizminin məktəbində yetişib.
Bununla bərabər, o, Azərbaycan sovet və partiya təşkilatlarının
onun üçün yaratdığı imkanlara və hətta
əsərinə verdiyi mükafatlara baxmayaraq, yenə Azərbaycan
əməkçilərinin mübarizəsinə dair bir
şey yazmayıb». Bütün çıxışlar əsasən
tənqidi notlar üzərində qurulsa da, sənətkarlar
haqqında müsbət fikirlər də səslənirdi: «Bununla
belə Cavidin ikinci əhəmiyyətini qeyd etmək
lazımdır. O, bizim kinoya gəlib qeyd etmiş ki, o,
«Koroğlu» teması (burada H.Cavidin yazmaq istədiyi
«Koroğlu» nəzərdə tutulur-B.Ə.) üzərində
işləmək istəyir. Söz ustası Cavid kino
üçün müəyyən iskeleti olan inqilabi
nöqteyi-nəzərlə bizim xalqın inqilab mübarizəsini
göstərən bədii əsərin üzərində
danışmaq istəyirəm…» Maraqlıdır ki,
bütün tənqidlərə baxmayaraq ədəbi cameənin
Cavidə şəxsi münasibəti həmişə
yaxşı olub, ona böyük hörmətlə
yanaşılıb.
Y.V.Çəmənzəminli
«Studentlər» romanını «kontrevolyunsion» mahiyyətli əsər
hesab edənlərə özünümüdafiə məqsədilə
deyirdi: «İndi bu gün Oktyabr inqilabının XX illiyinə
aid iki əsər hazırlayıram. Birisi Vaqif dövrünə
aid 15 peçatlıq list romandır (sonralar «Qan içində»
adı ilə dərc olunan əsərini nəzərdə
tutur-B.Ə.). İkinci, Mingəçevir məsələsi
barəsində ən aktual məsələdir. Mən zənn
edirəm ki, aktual sahədə nə qədər əsər
yazmışam, hamıdan yaxşı olacaqdır».
Çıxış edənlərin əksəriyyəti
H.Cavid, Ə.Cavad, Y.Vəzirə olan münasibətdən fərqli
olaraq M.Müşfiq yaradıcılığına
qayğı ilə yanaşmağın vacib olduğunu
vurğulayıblar. Hətta plenumda iştirak edən MK
nümayəndəsi Ayna Sultanova özü Müşfiq
haqqında müsbət fikirlər söyləmişdi.
Plenumun ikinci günü (19 mart) M.Müşfiq öz
çıxışında «dərin bir səmimiyyətlə»
özünün keçmiş səhvlərini «etiraf
etmiş» və özünü yenidən qurmaq istədiyini
söyləmişdi.
Ən
maraqlı cəhətlərdən biri-plenum
iştirakçılarının həmin gün axşam xalq
xanəndəsi Xanın konsertinə birgə getmələridir.
Göründüyü kimi, Yazıçılar
İttifaqının bir neçə gün (18-21 mart) davam edən
plenumu qərəzli tənqidlər, ittihamlarla yanaşı mədəni
tədbirlərlə də müşayiət olunur. Daha bir
neçə ay keçir, ədəbi təşkilatda
repressiyanın aparılması üçün məqam
gözlənilir. Belə bir məqam Azərbaycan K(b)P XIII
qurultayında reallaşır. İyunun 3-də M.F.Axundov
adına Opera və Balet Teatrının binasında öz
işinə başlayan qurultayda M.C.Bağırov S.M.Əfəndiyev,
H.Sultanov və başqalarını «əksinqilabçı»,
«xalq düşməni» elan edir. O, öz nitqində
Yazıçılar İttifaqını da yaddan
çıxarmır: «Bir baxın, Yazıçılar
İttifaqında kimlər əyləşmişdi: hazırda
ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl
Müşfiq, Əli Nazim, Böyükağa Talıblı,
Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar!
Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan
istifadə edərək Yazıçılar
İttifaqını bərbad vəziyyətə
salmışdı».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 30 may.- S.14.