Ədəbi mühitdə 1937-ci il repressiyası

 

Professor Bədirxan Əhmədov: «Yazıçılar barəsində qəzetlər düşmən obrazında yazılar dərc edirdi»

II yazı

Ötən yüzilin 20-30-cu illərində Azərbaycanda həyata keçirilən repressiya ədəbiyyata təsirini göstərdi.

Professor Bədirxan Əhmədov ədəbiyyat və repressiya: xarakteri, genezisi və yanaşma meylləri mövzusunda araşdırma aparıb. 1937-ci ildə M.Bağırovun məşhur məruzəsində adları çəkilən yazıçıların aqibəti haqqında danışan araşdırmaçı bildirir ki, qurultayda adı çəkilən yazıçılar artıq NKVD əməkdaşları tərəfindən həbs edilərək ağır işgəncələrlə sorğu-sual edilirdi: «Yazıçılar barəsində isə qəzetlər düşmən obrazında yazılar dərc edirdi. Hakim partiyanın orqanı olan mətbuatda kəskin məqalələr yazılırdı. «Ədəbiyyat qəzeti» də bu «yarışdan» geridə qalmır, «Azərbaycan Sovet Yazıçılar İttifaqını hər cür əksinqilabi millətçi, müsavatçı tör-töküntüdən təmizləyəlim!» hökmü verilirdi. «Təmizliyə başlanmalıdır», «Sonadək ifşa etməli», «Səhvlərimiz haqqında», «Sıralarımızda düşmənə yer yoxdur», «Amansız olmalı» məqalələrində isə NKVD-nin həyata keçirdiyi təmizləmə işləri təqdir olunaraq ictimai rəy formalaşdırılırdı. Q.Rıklinin «Pravda» qəzetində (8 iyun 1937) dərc olunan «Düşmənin hiylələri» baş məqaləsi isə bütünlüklə Azərbaycan Yazıçılar İttifaqına həsr olunmuşdu. Ölkənin bir saylı mətbuatının Azərbaycana, eləcə də Yazıçılar İttifaqında düşmən axtarışına məqalə həsr etməsi komandanın MK-dan verilməsini göstərirdi. Məqsəd İttifaqda nifaq yaratmaq, yaxud mövcud nifaq alovunu daha da alovlandırmaq idi: «Trotskiçi və müsavatçı Ruhulla Axundov (qatı kommunist, antitürkçü R.Axundov hara, müsavatçılıq hara? — B.Ə.) mədəniyyət cəbhəsində uzun zaman nəzarətsiz olaraq istədiyini etmişdir. O, Elmlər Akademiyasının Azərbaycan filialının başçısı olmuş, İncəsənət İşləri komitəsinə rəhbərlik etmiş, Yazıçılar İttifaqına ağalıq etmişdir. O, bütün bu təşkilat və idarələri öz adamları ilə gizli və açıq düşmənlə zibilləmişdir».

Milliyyətcə rus olan müəllif Yazıçılar İttifaqında olan ziddiyyətləri o qədər «dərindən bilirdi» ki, İdarə Heyətində mövcud olan iki qruplaşmadan bəhs edir və onların tezliklə birləşərək müsavatçıları ifşa etmələrini məsləhət görürdü: «Burada, əsasən S.Vurğun hədəfə götürülür və onun «Bakı olimpində» birinciliyi əldən vermək qorxusu altında olduğu bildirilir. Bir neçə gün sonra yazıçıların baş tutan yığıncağında isə ittifaqın rəhbərləri S.Şamilov və S.Vurğun, sabiq rəhbəri M.K.Ələkbərlinin işləri qənaətbəxş hesab edilməmişdi. İttifaqın sədri S.Şamilov və katibi S.Vurğun «Onlara tapşırılan işi aparmağı bacarmadıqlarına görə (və ya «xalq düşmənlərini ifşa etmədiklərinə görə? — B.Ə.) vəzifələrindən azad olunurlar. S.Vurğun yeganə Azərbaycan şairidir ki, onun məsələsi respublikada deyil, SSRİ Yazıçılar İttifaqında müzakirə edilmiş, müşavirə onun İttifaqın üzvlüyündə qalmasında israrlı olmuşdu. İclasda S.Vurğunun keçmişi təftiş olunmasına rəğmən «Rus poeziyası antologiyası»nın tərcüməçilərindən biri olması, Lenin ordeni alması və s. bağlı yazıçıların onu müdafiə etməsi müzakirənin müsbət sonuna gətirib çıxarır. Bununla belə, repressiya olunmaq təhlükəsi S.Vurğunu ömrünün sonlarına qədər tərk etməmişdi.

Respublikanın 1-ci şəxsi Azərbaycan KP-nin 19-cu qurultayında (1952) yüksək tribunadan S.Vurğunun sözünü kəsərək «Sən ləngimədən kommunizmin əlifbasından başlamalısan, yoxsa məhv olacaqsan» deməsi şairə qarşı repressiyanın sovuşmadığını göstərirdi. Yada salaq ki, cəmi iki il əvvəl Heydər Hüseynov M.C.Bağırovun göstərişi ilə məhv edilmişdi. Ümumiyyətlə, Yazıçılar İttifaqında «düşmən axtarmaq» (həm də tapırdılar!), «agent», «pantürkist» tapmaq, «müsavatçı» aşkara çıxarmaq tendensiyası bir müddət davam etmişdi. Repressiya olunan şair və yazıçıların istintaq sənədlərini araşdırarkən sağ qalan yaradıcıların bəzilərinin adının bu sənədlərdən keçdiyini görmək olur. Onların da təşkilatın üzvü olduqları iddia edilir. Lakin hansısa səbəblərə görə onlar repressiyadan yaxa qurtara bilmişdilər».

Ancaq repressiyadan yaxa qurtarmalarını onlara qarşı ittiham aktına çevirmək nə dərəcədə doğrudur? Ü.Hacıbəyovu sağ qaldığına görə necə günahlandırmaq olar? Araşdırmaçı qoyduğu sualları belə cavablayır: «Halbuki onun sağ qalmasını möcüzə hesab etmək olar: keçmiş Cümhuriyyətçi, AXC-nin rəsmi qəzeti «Azərbaycan»ın bir müddət baş redaktoru bu günə qədər yeni quruluşu qəbul etməsi haqqında bəyanat da verməmişdi (mənim bildiyim qədər). Qardaşı Ceyhun bəy Hacıbəylinin mühacirətdən Sovetləri tənqid edən yazıları, yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşacağı barədə bəyanatları mərkəzi və yerli hakimiyyətin nəzərlərini Ü.Hacıbəyova yönəltməmiş deyildi. Belə bir mülahizəni də tamamilə doğru hesab etmək olmaz ki, Oktyabra, Leninə, Stalinə əsərlər həsr edən sənətkarlar repressiyadan yaxa qurtara biliblər, dövrü, zamanı tənqid edənlər isə repressiyaya uğramışlar. Onlarla misallar göstərmək olar ki, yeni cəmiyyəti öz əsərlərində təqdir edənlər repressiya qasırğasının qurbanı olublar. Böyükağa Talıblı, Tağı Şahbazi Simürğ, Hacıbaba Nəzərli və başqalarının yaradıcılığında hansı antisovet meyldən danışmaq olar? «Molla Nəsrəddin»i «Allahsız» edən və onun redaktoru olan Vəli Xuluflu hansı millətçiliyinə görə repressiya olunub? Üstəlik onlar Kommunist Partiyasının üzvü idilər və cani-dildən bu sistemə xidmət etmişdilər. M.Müşfiqin onlarla poetik şeirlərində və poemalarında dövrün və sistemin hadisələri təqdir olunurdu: Ə.Cavad kimi Cümhuriyyətçi şair sovet dövründə zamanın diqtəsindən kənar bir əsər belə yazmadı («Göygöl» şeirini və bəzi sətiraltı mənaları çıxmaq şərtilə), əksinə «Moskva», «Oktyabr», «Pambıq dastanı» və başqa dövrü təqdir edən şeirlər yazsa da, repressiyadan yaxa qurtara bilmədi. Bununla Ə.Cavad yaradıcılığına qətiyyən xələl gətirmək fikrimiz yoxdur. Maraqlıdır ki, müasirləri Ə.Cavadı onu tənqid hədəfi edərkən «Göy göl»dən başqa bir şeirinin belə adını çəkmirlər, yalnız Cümhuriyyət dövrü yaradıcılığını təftiş edirdilər. Ə.Cavad özü bir çıxışında qeyd edir ki, mən «Oktyabr» şeirini yazıram, ancaq mənə redaksiyada «bunun səmimi olmadığını» irad tuturlar. Bəlkə Hacı Kərim Sanılının poeziyasında hansısa antisovet meyllər olmuşdu? Yaxud yeni dövrü və siyasəti yaradıcılığında ən çox tərənnüm edənlərdən biri M.Müşfiqin repressiyasını onun əsərləri, yaxud olmayan siyasi fəaliyyəti ilə necə əlaqələndirmək olar? Bu fikirlərlə mən onların yaradıcılığının mahiyyətinə zərrə qədər də xələl gətirmirəm. Bu, ayrı bir söhbətin mövzusudur.

Yaxud mətbuatda repressiya olunmuşlar barədə şeir, məqalə yazanların sağ qalması fikri də özünü tam doğrultmur. Bu cür məqalə müəlliflərinin özü belə repressiyaya tuş gəlmişlər.

Bütün bunlar 30-cu illər repressiyasının dövlət səviyyəsində keçirilən analoqu olmayan son dərəcə mürəkkəb siyasi aksiya olduğunu deməyə əsas verir. Burada hər hansı bir şəxsin «əl izlərini» axtarmaq rejimi, sosialist sistemini təmizə çıxarmaq deməkdir. Mətbuatda gedən şeirlərin, yaxud məqalələrin onların repressiyası üçün hər hansı bir əsas olduğunu da birmənalı şəkildə söyləmək doğru yanaşma olmazdı. H.Cavidi ədəbi tənqid çox zaman böyük bir sənətkar olaraq dəyərləndirmiş, lakin yeri gəldikcə tənqid etməkdən də çəkinməmişlər. Belə tənqidi məqalələrdən birini sonralar repressiya olunmuş tənqidçi H.Zeynallı 1923-cü ildə yazmışdı. H.Cavidin «Peyğəmbər» dramına həsr olunmuş bu məqalə həm həcminə, həm də Cavid yaradıcılığını zamanında obyektiv dəyərləndirməsinə görə özünə qədər və sonra yazılan ən yaxşı məqalələrdən biri hesab olunmalıdır. Bu araşdırmaya səhv yanaşma nəticəsində şairin həbsindən 14 il əvvəl yazılmış bir məqalənin tənqidi yerlərindən sitatlar gətirib (kontekstdən çıxararaq!) onu repressiya ilə əlaqələndirmək (?!) heç bir məntiqə sığmır (halbuki bunlar bir tədqiqatçı tərəfindən o cür dəyərləndirilib). Yaxud H.Cavid haqqında ən kəskin tənqidlərdən birinin zamanını və müəllifini gizli saxlayıb onu ədəbi cameəyə təqdim etsək, o, birmənalı şəkildə qınaq obyekti olacaq, bu çıxışın müəllifi onun repressiyasında günahlandırılacaq. Halbuki bu çıxış repressiyadan üç il əvvəl Azərbaycan Yazıçılar İttifaqının 1-ci qurultayında (1934) C.Cabbarlı tərəfindən edilmişdi. Əgər biz istintaq sənədlərinin doğruluğuna inanmalı olsaq, repressiya olunanların işində onun ifadəsi zamanı alınan adlardan ibarət siyahıları necə başa düşək? Doğrudanmı onlar (həbs olunanlar!) öz sənətkar yoldaşlarının adlarını çəkmişlər? Həbs olunanların demək olar ki, əksəriyyəti ifadələrində müstəntiqə uzun bir siyahı verirlər. Bunu kiminsə ələ verilməsi kimi başa düşmək olarmı? Əliabbas Müznibin istintaqı zamanı «pantürkist təşkilatın üzvü» kimi qardaşı Əmin Abidin adını çəkməsini onu satması kimi qiymətləndirmək olarmı? Hələ gənc yaşlarından Sibir sürgününün acısını dadmış bu millətçi şairin ahıl yaşında öz qardaşını ələ verməsini necə düşünmək olar? Halbuki bunlar istintaq sənədlərində öz əksini tapıb. Fikrimizcə, bütün bunlara istintaq materialları kimi baxmaq və onlara hüquqi qiymət vermək ədəbi materiallara metodoloji cəhətdən düzgün yanaşmamağın nəticəsidir. Bu cür faktlar çoxdur, biz yalnız onlardan bəzilərinə toxunduq. Həqiqətdə isə repressiyanın anatomiyası çox mürəkkəbdir və onu bir-iki faktla məhdudlaşdırmaq və dərhal nəticələr çıxarmaq düzgün olmazdı. 30-cu illərin anoloqu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər adamları tragik şəkildə həyatdan, sevdiyi sənətindən ayırmadı (bu maddi, statistiklərin hesablayacağı itkidir), həm də on minlərlə oxuma və yazma savadı olmayan adamları belə ağuşuna alaraq xalqın şüurunu dəyişdi, onu tərəqqidən saxladı, mənəviyyata, tarixi-etnik düşüncəyə ağır zərbə vurdu (bunu isə artıq statistiklər heç cür hesablaya bilməz!). Neçə-neçə bədii düşüncə, mənəvi-əxlaqi dəyərlər məhv oldu, nəticədə ən böyük ziyanı xalq çəkdi. O xalq ki, onun adı ilə bu təmizlənmə «alqışlandı», «satqınların», «xalq düşmənləri»nin mühakiməsi «tələb edildi». Bunu isə hər hansı bir fərdin kimisə satmasının, yaxud danos yazmasının üzərinə qoymaq olmaz. Bunu bütövlükdə sistemin, hakimiyyətin, avtoritar rejimin adına yazmaq lazım gəlir. Mətbuatda, arxiv sənədlərində qalmış məqalələrə, fikirlərə isə metodoloji cəhətdən düzgün yanaşmaq ən doğru yoldur. Müqayisə üçün qeyd edək ki, səksən ilə yaxın bir zamandan sonra başqa ictimai formasiyada, başqa siyasi şərtlər altında yaşadığımız bugünümüzdə mətbuat səhifələrini bəzəyən oxşar qarşılıqlı ittihamlar, mülahizələr, məqalələr, fikirlər müəyyən zaman keçdikcə tamamilə başqa məzmun daşıyacaq…»

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 31 may.- S.14.