Ermənilər yüzlərlə tarixi
abidələrimizi dağıdıblar
Dünya əhəmiyyətli
abidəlirimizin erməniləşdirilməsinə cəhdlər
edilir
Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, Azərbaycanda
tarix və mədəniyyət abidələrinin ilk dəfə
kütləvi şəkildə
pasportlaşdırılması işi 1970-1980-ci illərdə
aparılıb. Üstəlik, bu proses Dağlıq Qarabağda yerləşən
abidələri əhatə etməyib, yaxud çox məhdud
şəkildə əhatə edib. Nəticədə
həmin əraziləri işğal edən ermənilər
orada qalan tarix-mədəniyyət abidələrini «erməniləşdirmək»
üçün yaxşı fürsət əldə ediblər.
Yeri gəlmişkən Azərbaycanın işğal
edilmiş ərazilərində 13 dünya əhəmiyyətli
— 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli
— 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli
— 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə
abidələri, 15 dekorativ sənət nümunəsi tarix və
mədəniyyət abidələri qalıb.
Erməni
mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə,
ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti
araşdıran missiyasının hesabatına, eləcə də
digər mənbələrdən toplanan məlumatlara görə,
bu ərazilərdə indiyədək yüzlərlə tarixi
abidə tamamilə dağıdılıb. Digərləri
isə erməni abidələri adı altında
pasportlaşdırılır. İşğal
altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət
abidələrinin kütləvi məhvi və
saxtalaşdırılması hərbi konfliktlər zamanı mədəni
dəyərlərin qorunması haqqında 1954-cü ildə qəbul
edilmiş Haaqa Konvensiyasına ziddir. Bu
konvensiya hərbi münaqişələr zamanı hər bir
dövlətin öz ərazisində və rəqib tərəfin
ərazisində yerləşən mədəni dəyərlərin
qorunması, arxitektura, incəsənət, tarixi abidələr,
arxeoloji qazıntılar kimi daşınan və
daşınmaz mədəni dəyərlərin müdafiə
edilməsini iştirakçı dövlətərin
qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində
tarix-mədəniyyət abidələrinin
dağıdılması və saxtalaşdırılması
YUNESKO-nun «Ümumdünya mədəni və təbii irsin
qorunması haqqında» konvensiyasının pozulmasıdır.
Azərbaycanın tələbi əsasında
ATƏT iki dəfə işğal altındakı ərazilərdəki
vəziyyəti öyrənmək üçün missiya təşkil
edib, bu zaman tarixi abidələrin vəziyyəti də qismən
araşdırılıb. Bununla belə,
Ermənistan YUNESKO-nun işğal altındakı ərazilərdə
tarixi abidələrin vəziyyətini öyrənmək
üçün bitərəf missiya göndərməsini əngəlləyib.
Azərbaycanın Mədəniyyət Nazirliyi bir il əvvəl işğal altındakı ərazilərdə
tarix-mədəniyyət abidələrinin
dağıdılmasına dair hesabat hazırlayaraq YUNESKO-ya təqdim
edib.
Üç-dörd ildir ki, Ermənistanın və erməni
diasporunun, xarici ölkələrdən cəlb edilmiş erməni
tarixçilərinin köməyi ilə
işğalçılar Dağlıq Qarabağ və ətraf
rayonlarda qalan tarix-mədəniyyət abidələrinin
pasportlaşdırılmasını həyata keçirməkdədir. Dağlıq
Qarabağdakı qondarma separatçı rejimin «turizm idarəsi»nin rəhbəri Sergey Şahverdiyanın 2011-ci
ildə erməni KİV-lərinə verdiyi açıqlamaya
görə, işğal altındakı ərazilərdə o
vaxta qədər 4 minə qədər tarixi abidə qeydiyyata
alınıb. Bu açıqlamaya əsasən
təkcə 2011-ci ildə 289 tarixi abidə sənədləşdirilib.
Erməni qaynaqlarında yer alan məlumatlara
görə, son illərdə Qarabağda alban dövrünə
aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi statusu
verilib. Təkcə 2006-cı ildə ermənilər tərəfindən
Şuşa şəhəri ətrafında
500-dən çox abidə «erməni abidəsi» kimi qeydiyyata
alınıb.
Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya
İnstitutunun topladığı faktlara əsasən
işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid tarixi abidələr
xüsusi amansızlıqla dağıdılır. Çünki bu abidələrin üzərində
müsəlman epiqrafiyası ilə yazılar olduğundan
onları erməniləşdirmək və qeyri-Azərbaycan
abidələri kimi təqdim etmək mümkün deyil. Bura qəbirüstü abidələr, türbələr
və məscidlər daxildir. 1994-cü ildə atəşkəsin
əldə edilməsindən sonrakı 18 il
ərzində işğal altındakı ərazilərdə
dağıdılan tarix-mədəniyyət abidələrinin
sayı hərbi münaqişə zamanı
dağıdılmış abidələrin sayından
çoxdur. Ermənilər işğal
edilmiş ərazilərdə qalan tarixi abidələri
dağıtmaqla və saxtalaşdırmaqla kifayətlənməyib
bu ərazilərdə arxeoloji qazıntılar da
aparmaqdadır. Məqsəd ermənilərin
Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən
köçürüldüyünə dair tarixi faktları
ört-basdır etmək, ermənilərin guya min illər boyu
bu torpaqlarda yaşadıqlarına dair saxta tarixi dəlillər
ortaya çıxarmaqdır. Arxeoloji
qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən
başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya,
Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı
arxeoloq Hamlet Petrosyanın rəhbərliyi altında
işğal altındakı Ağdam rayonu ərazisində,
vaxtilə Qarabağ xanlarının yay iqamətgahlarının
yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Erməni arxeoloqlarının Şahbulaq
yaylaqlarında apardıqları arxeoloji qazıntılar Ermənistandakı
«Erkir» ictimai təşkilatı və qondarma «DQR hökuməti»
tərəfindən maliyyələşdirilib. Onların qarşısında mifik «Böyük Ermənistan»
dövlətinin paytaxtı «Tiqranakert»in izlərini tapmaq vəzifəsi
qoyulub. 2006-cı ilin avqust ayında Ermənistan
Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu daha bir qrup əməkdaşını
Şahbulaq yaylağına ezam edib. Burada
onlar Hamlet Petrosyanın qrupu ilə birləşərək
Şahbulaq yaylağının şimal hissəsində
qazıntılara başlayıblar və qısa müddət
sonra uydurma «Tiqranakert» şəhərinin qalıqlarını
aşkar etdikləri barədə xəbər yayıblar.
Lakin çox keçmədən erməni
arxeoloqlarının bu «kəşfi» biabırçı faktla
üzləşib, məlum olub ki, ekspedisiya üzvləri
qazdıqları çalalara müasir texnikanın köməyi
ilə yonulmuş mişar daşları düzüblər və
onları «tarixi dəlillər» kimi təqdim ediblər. Qazıntılarda iştirak edən xarici ölkə
arxeoloqları bu biabırçı faktdan sonra ekspedisiyanı
tərk ediblər.
2010-cu ildə işğal altındakı ərazilərə
səfər edən isveçrəli jurnalist Andre Vedmer də
tarixi abidə və qəbiristanlıqların
acınacaqlı vəziyyətinin şahidi olub. Vidmer Azərbaycanın Şuşa və Ağdamdakı bir çox mədəniyyət
abidələrinin məhv edildiyini və ya ciddi zədələndiyini
təsdiqləyib. Ermənilər həmçinin
işğal altındakı Füzuli rayonu ərazisində
yerləşən, ən qədim insan məskənlərindən
biri olaraq tanınan Azıx mağarasında, Xocavənd və
Ağdərə rayonları ərazisində də arxelloji
qazıntılar aparırlar. Azıx
mağarasında arxeoloji qazıntılar 2001-ci ildən
başlayıb. Mədəniyyət
Nazirliyinin rəsmi arayışına görə, hərbi təcavüz
nəticəsində işğal edilmiş ərazilərdə
ilk insan məskənlərindən olmuş Azıx və
Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə
kurqanları hazırda hərbi məqsədlərlə istifadə
edilərək qəsdən dağıdılır.
Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarındakı kurqanlarla yanaşı işğal
olunmuş Füzuli, Laçın, Kəlbəcər,
Qubadlı, Zəngilan rayonlarının ərazilərindəki
qəbiristanlıqlar, türbələr, məzarüstü
abidələr, məscidlər, məbədlər, Qafqaz
Albaniyasına məxsus abidələr və azərbaycanlılara
aid digər milli abidələr məhv edilir. Nazirliyin
topladığı faktlara görə erməni
işğalçıları həmçinin Şuşa
tarixi-memarlıq qoruğunun ərazisində Aşağı və
Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini,
Natəvanın saray kompleksini, milli üslubda inşa
edilmiş əksər yaşayış evlərini, ziyarətgah
və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri,
kurqanları dağıdıblar.
Ermənistanın işğal altındakı Azərbaycan
ərazilərində mədəni irsi məhv etməyə
yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə
qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları,
qiymətli incəsənət və mədəniyyət
nümunələrini talan etməsidir. Mədəniyyət
Nazirliyinin statistikasına görə, işğal olunmuş ərazilərdə
40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu
muzeylərdən azərbaycan xalqının tarixi və mədəniyyəti
ilə bağlı qiymətli əşyalar, rəsm və
heykəltəraşlıq əsərləri, dünya
şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları,
Azərbaycanın görkəmli şəxsiyyətlərinin
xatirə əşyaları, digər qiymətli eksponatlar talan
edilib. Qədim sikkələr, qızıl və
gümüş məmulatlar, nadir və bahalı daşlar,
xalçalar və digər əl işləri ilə zəngin
olan Kəlbəcər rayonunun Tarix muzeyi, Şuşa rayonunun
Tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan
Çörək Muzeyi, Qubadlı tarix-diyarşünaslıq
muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun
tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya),
daş abidələr muzeyi və bir çox başqa muzeylər
bura daxildir. Bu muzeylərin demək olar ki,
heç birini xilas etmək, köçürmək
mümkün olmayıb.
Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyil. Təxmini hesablamalara görə, Azərbaycanın işğal olunan ərazilərində mədəni və tarixi abidələrə 6 milyard 72 milyon dollar dəyərində ziyan dəyib. Kəlbəcər tarix muzeyindən 13000, Laçın tarix muzeyindən isə 5000 qiymətli əşya Ermənistana daşınıb. Həmin ərazilərdə 4,6 milyon kitab fondu olan 927 kitabxana qalıb. Şuşa tarix muzeyində 5000, Azərbaycan Xalçaçılıq və Xalq Tətbiqi Dövlət Muzeyinin Şuşa filialı və Dövlət Qarabağ Tarixi Muzeyindən 1000, Ağdam Tarix Diyarşünaslıq Muzeyindən 3000, Zəngilan tarix muzeyindən 6000-dən çox, Qubadlı dövlət muzeyindən 3000 əşya ermənilər tərəfindən qarət olunub. Bundan əlavə Üzeyir Hacıbəyovun ev-muzeyindən 300, Bülbülün ev-muzeyindən 400-ə qədər əşya mənimsənilib. İşğal dövrü 100 min muzey eksponatı və bir o qədər də mülki şəxslərin kolleksiyaları, zinət əşyaları qarət olunaraq Ermənistana aparılıb.
Qeyd edək ki, qarət edilmiş eksponatların Ermənistan tərəfindən satılması faktları da mövcuddur. Məsələn, Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş tunc heykəlləri Şuşadan aparılaraq sonradan Gürcüstanda satışa çıxarılmışdı və Azərbaycan hökuməti bunları pulla alıb Bakıya gətirmişdi. Laçın tarix-diyarşünaslıq muzeyinə məxsus eksponat Londondakı Soutbi hərracında 80 min dollara satılıb. İşğal olunmuş ərazilərdə ermənilərin vəhşiliklərindən biri də ondan ibarətdir ki, onlar həmin abidələrdə və ayrı-ayrı tikililərdəki yazıları erməni xaçı və yazıları ilə əvəz edirlər.
Mədəniyyət Nazirliyinin Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş maddi və mənəvi ziyanla bağlı açıqladığı rəsmi arayışda dəhşətli faktlar öz əksini tapıb. Sənəddə qeyd olunur ki, hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğalçı vandallar Şuşa tarixi-memarlıq qoruğunun ərazisində Aşağı və Yuxarı Gövhərağa, Mərdinli, Cümə məscidlərini, Natəvanın saray kompleksini, milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları dağıdıblar.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 1 noyabr.-
S.15.