İsmayıl Bije şahın polkovnikini necə tərksilah edibmiş?

 

21 Azər Hərəkatının fədailərindən olan İsmayıl Rəhimoğlunun vəfatından 4 il ötdü

21 Azər Hərəkatının fədailərindən olan İsmayıl Rəhimoğlunun (Bijenin) vəfatından 4 il ötdü. O, 50 ildən artıq Sumqayıt şəhərində həkim-terapevt olaraq çalışmış, sumqayıtlıların dərin hörmətini qazanmışdı. İsmayıl Rəhimoğlunun qardaşı, Güney Azərbaycan problemi ilə bağlı tanınmış araşdırmaçı Əkrəm Rəhimli mərhum qardaşı haqqında xatirələrini danışır. «Bije» təxəllüsü barədə danışan Əkrəm Rəhimli bildirir ki, «Bije»nin tarixi uzundur: «Biz o zaman Sovet Azərbaycanından İrana sürgün olunanda bu təxəllüsü bizə orada məcburi veriblər. «Bije» — orta yüzil fransız sözüdür, hərfi mənası «gəlmə» deməkdir. Bu təxəllüsü o vaxtı burdan gedənlərə ona görə veriblər ki, hər hansı hadisə baş verəndə bunları tapmaq asan olsun. Məsələn, bu qəbildən «Şurəvi», «İnqilabi» təxəllüslərini (əslində soyadlarını) yazırdılar. Bizim familiyamız Rəhimov idi. Ora göndəriləndə bizim familiyamıza «ov-of» deyə lağlağı elədilər, dedilər, bu, yaramaz, sizə ayrı familiya verəcəyik. Yəni bizim iradəmizdən asılı olmayaraq o familiyanı verdilər».

Haqqında danışacağımız İsmayıl Rəhim oğlu Bije 1927-ci ildə Qazax şəhərində əslən Güney Azərbaycandan olan ailədə anadan olub. 1938-ci ildə ailəsi İrana deportasiya olunub, Mərənd şəhərində Yuxarı Dizədə sakin olublar. İsmayıl 1940-cı ildə atasını itirib. Atası Rəhim kişinin ölümünün səbəbi isə bu olub: «Atamız siyasi mübarizə ilə məşğul olmayıb. Bir dəfə məclisdə adamlardan biri sual verib ki, Arazın o tayında, yəni Şurəvi Azərbaycanda adamlar necə dolanırlar? Atamız da kolxozdan danışıb. Atamın əmisi oğlu da başqa bir hüzür yerində deyib ki, kənd belə olar, Rəhim əmim oğlu belə danışır. Sən demə, orada İran təhlükəsizliyinin məxfi əməkdaşı olub, bunun danışdığını təbliğat kimi başa düşüblər. Rəhim kişini tutub aparıblar, deyiblər sən kütlə arasında təbliğat aparırsan ki, sovetlərdə kəndçilər yaxşı dolanırlar. Atam qədər and-aman eləyib ki, məqsədi elə olmayıb, inanmayıblar. O qədər fiziki əzab veriblər ki, istintaq zamanı aldığı zərbələrdən həlak olub».

Beləliklə, İsmayıl ailəni saxlamaq məcburiyyətində qalır Təbriz-Culfa dəmir yolunun Yam bölümündə işə daxil olur. 1945-ci ilin dekabrında Güney Azərbaycanda 21 Azər Hərəkatı baş verir. O zaman İsmayıl Bijenin 18 yaşı olur. Bu da könüllü olaraq Güney Azərbaycanın şəhərlərinin azad olunmasında iştirak etmək istəyir, ancaq deyirlər ki, sənin yaşın azdır. Çox təkid eləyir, buna işləməyən bir tapança verirlər: «Yadımdadır, qardaşımın silahının diski yaxşı fırlanmırdı. Onu Məmmədəli adlı bir adamla birlikdə Təbrizlə Mərəndin arasında Yam adlı kənddə dəmiryol vağzalında növbətçi durmağa yollayırlar. İsmayıl Mərəndin alınmasında həmin tapançaynan iştirak eləyir, sonra yenə həmin posta qayıdır. Görür Təbriz-Culfa qatarı gələndə buna işarə eləyirlər ki, filan vaqonda şübhəli adam var. İsmayıl çıxır qatara, vaqona girir, həmin bu sınıq tapançanı çəkir şahın adamının üstünə. Deyir dur ayağa. Demə, bu şübhəli şəxs sərhəngdir (polisdir). Məlum olur ki, bu adamda «Kolt» tapança var. Şahın adamı qorxur ki, İsmayıl bunu vuracaq, daha bilmir ki, bunun silahı yaxşı işləmir. İsmayıl bunu tərksilah eləyir. Şahın adamını mindirirlər maşına,

Fədai Komitəsinə çataçatda İsmayıl bunu maşından düşürür, nümayişkaranə şəkildə bir əlində sınıq, o biri əlində «Kolt» tapança ilə Mərəndin içərisi ilə aparır. Artıq bu zaman Mərənd azad olmuşdu. Görürlər ki, 19 yaşında bir gənc ona verilən sınıq tapançaynan şahın adamını tutub, «Kolt» tapançaynan gətirir. Məlum olur ki, tutulan şahın polkovnikidir, adı da Sərhəng Cəfəridir. Bu adam mülki paltarda Ələmdar-Gərgər deyilən bir bölgə var, Mərənddən bir qədər aralıda, Culfaynan Mərəndin arasındadır; orada hərbi xidmətdə olanda xeyli miqdarda silah bunun ixtiyarında olub, hamısını gizlədibmiş. İndigedirmiş ailəsini gətirməyə. Çünki vəziyyət gərgin imiş. Fədai komitəsində bunu bir az çək-çevirə salırlar, polkovnik deyir, məni öldürməyin, dəyməyin, filan yerdə silah gizlətmişəm, gedək onu sizə verim. Gedirlər, görürlər ki, burada külli miqdarda silah-sursat var. Polkovnikə isə dəymirlər, Tehrana çıxıb getməsinə icazə verirlər. İsmayıla belə bir adamı tutub gətirdiyinə görə mükafat olaraq avtomat verilir və 21 Azər medalı ilə təltif olunur. O zaman Mərənd fədailərinin başçısı Mirkazım Ələm idi. İsmayıl ondan sonra Təbrizin, Urmiyanın alınmasında, habelə ən çətin əməliyyat olan Qaradağ əməliyyatında da uğurla iştirak edir. O zaman «21 Azər» medalı təxminən 10 min adama verilmişdi. Medalı yalnız qəhrəmanlıq göstərənlərə verirdilər».

Yeri gəlmişkən, İsmayıl Rəhimoğlu Bijeyə Azərbaycan Milli Hökuməti tərəfindən verilmiş «21 Azər» medalı ilə bağlı rəsmi sənəd var. Orada yazılıb ki, 1324 (1945)-ci il tarixində Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak etdiyinə görə Azərbaycan Milli Məclisi tərəfindən «21 Azər» medalı ilə təltif olunur. Sənədi Azərbaycan Milli Məclisinin rəisi Şəbistəri, Milli Məclisin katibi M.Velali imzalayıb, Milli Məclisin möhürüvar.

Milli Hökumət qurulanda İsmayıl Rəhimoğlu Mərənd polis idarəsində işləyir. 1946-cı ilin axırında Milli Hökumət xəyanətkarcasına süquta uğradılır. İsmayıl Rəhimoğlu deyərmiş ki, ömrümdə iki dəfə ağlamışam: bir atam öləndə, bir də avtomatımı Arazın bu tərəfində təhvil verəndə. 1946-cı il dekabrın 21-də axşam saat 6-7 arasında Arazın üzərindən sərhəd açılır, fədailər Sovet Azərbaycanına daxil olur, silahlarını təhvil verirlər. Hər kəsin ad-familiyası və silahının nömrəsi yazılır: «Fədailər Quzey Azərbaycana Haxçıvan tərəfdən girirlər. O zaman Arazın qırağında öz gözlərimlə gördüm ki, silahlardan böyük bir təpə əmələ gəlmişdi. Fədailərin əllərində nə silah vardısa, hamısını yığdılar».

İsmayıl Rəhimoğlu Qazax şəhərində təzədən məskunlaşır, ardınca Gəncə texnikumunu qurtarır, Tibbi İnstitutunun müalicə fakültəsində ali təhsil alır, Sumqayıta göndərilir: «O zaman Sumqayıtda Güney Azərbaycandan xeyli adam məskunlaşmışdı. 1958-ci ildən bəri 3 il əvvələdək İsmayıl Rəhimoğlu Sumqayıtda həkim olaraq çalışıb. O zaman Quzey Azərbaycana 10 minə yaxın güneyli soydaşımız gəlib ki, bunun da təxminən yarısı fədai idi. Fədailərin bu taya keçməsi məsələsi qəflətən oldu. Qaçaqaç xəbərsiz oldu. Kim xəbər tutdu, sərhəddə yığışdı. Camaata dedilər Culfada sovet qoşunları gəlir, onları qarşılamağa gedirik. Qalanlar dağlara çəkildilər, mübarizə apardılar. Mərəndin fədailərinin başçısı Mirkazım Ələmi şahın əmri ilə asdılar. Edam zamanı Mirkazım şahidlərin dediyinə görə, üzünü tutur Arazın bu tərəfinə; o demək imiş ki, gələcəkdə nicatımız bu tərəfdən olacaq. Mikazım Ələm uzun müddət dağlarda qaldıqdan sonra xalasıoğluna pənah gətirib. Xalası oğlu da ona xəyanət eləyib, Mirkazımı satıb. Xalasıoğlu kəndin kəndxudası imiş. Sonra o xalaoğlusunun intiqamını Mirkazımın tərəfdarları aldılar. Mirkazım edam zamanı 50 yaşlarında olarmış. Savadlı adam olub. Pişəvərinin əmri ilə Miyandaba-Qoşaçaya başçı göndərmişdilər».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 2 noyabr.- S.14.