Borçalıda Koroğlu ilə bağlı yerlər

 

Burada xalq qəhrəmanının adını daşıyan qalalar, aşılmaz sədlər, keçilməz gədiklər, qayalar, mağaralar var

Xalqı var edən onun ölməyən ruhudur. «Koroğlu» dastanında türk döyüşkənliyinin bütün çalarları ifadəsini tapıb. Araşdırmaçı Şahbaz Şamıoğlu Koroğlu haqqındakı rəvayətlərin borçalılar arasında da xeyli populyar olduğunu bildirir: «Yüz illərdir ki, Borçalı məclislərində aşıqlar xalq qəhrəmanı Koroğlunun igidliyindən bəhs edən hekayətlər söyləməkdədir. Bu xalq qəhrəmanının şəninə qoşulmuş mahnıların nə vaxt, harada, kimlər tərəfindən yaradılması barədə qəti hökm vermək mümkün deyil. Lakin maraqlı burasıdır ki, dastanın məşhur olduğu bütün bölgələrdə, o cümlədən Borçalıda Koroğlu ilə bağlı yerlər, bu xalq qəhrəmanının adını daşıyan qalalar, aşılmaz sədlər, keçilməz gədiklər, qayalar, mağaralar var. Ədəbiyyatşünas M.Həkimov yazır: «Koroğlu şeirləri xalqın istək-arzusuna daha çox uyğun olduğundan aşıqlar onu Azərbaycanın bütün oba-oymaqlarında, toy-bayramlarında o qədər yayıblar ki, XVII əsrdən başlayaraq Azərbaycanla ticarət əlaqəsində olan digər xalqların tacirləri, səyyahları, tarixçiləri, etnoqrafları, demokratik fikirli ziyalıları da «Koroğlu»nun şeirlərini, qollarını toplayıb, özləri ilə vətənlərinə aparıb, onu səyyah mövzulu dastanlar sırasına salıblar». «Kavkaz» qəzetinin 1846-cı il saylarından birində A.Vışeslavtsevanın dərc etdirdiyi «Qaraoğlu haqqında nağıl» adlı yazısı xüsusilə maraq doğurur. Doğrudur, müəllif qəhrəmanın adını Kara oğlu (Qaraoğlu) kimi verir, lakin onun Koroğlu haqqında ətraflı bilgiyə malik olduğu göz qabağındadır. Yazıda Koroğlunun həyatından iki epizodu oxuculara təqdim edən müəllif bu xalq qəhrəmanını Homerin məşhur «İliada»sı ilə müqayisə edir: «Burada Koroğlunun həyatından iki epizod verilir; onun haqqındakı bütün əhvalatları bir poemada vermək Homerin nəğmələrini bir yerə yığmaq qədər maraqlı olardı, lakin bu, «İliada»nın qəhrəmanlıq nəğmələrini bir böyük poemada vermək qədər çətindir. Müəllifin qeydinə görə, Koroğlu o qədər də uzaq olmayan keçmişdə yaşamış tarixi şəxsiyyətdir. O, İran, Türkiyə və Qafqazda çox məşhurdur. Bəziləri hətta onun vətəni barədə də inamlı fikirlər söyləyirlər. «Əgər bu deyilənlərə inansaq, Koroğlu beş-altı yerdə doğulmalıdır». A.Vışeslavtseva bununla əslində Koroğlunun hər yerdə məşhur olduğunu, hamı tərəfindən sevildiyini və beləliklə də hər kəsin onu öz həmyerlisi hesab etdiyini demək istəyir. «Kavkaz» qəzetində dərc edilmiş hər iki epizod əldə olan «Koroğlu» dastanında yoxdur; epizodlardan birincisində müəyyən mənada nağıl ünsürləri özünü büruzə verir. İkinci epizoddakı əhvalat isə dastanın «Həmzənin Qıratı aparması» qoluna bənzəyir.

Yazıda deyilir ki, Qaraoğlu (yəni Koroğlu; bundan sonra hər yerdə «Koroğlu» ifadəsini işlədəyəcəyik — müəllif) paşanın mehtərinin oğludur. Atası öldükdən sonra bir müddət paşanın yanında yaşayır. Günlərin birində isə paşadan bir at alıb çıxıb gedir. Lakin onun hara getdiyini heç kəs bilmir. Bir müddət sonra isə Koroğlunun quldurluq etdiyi, şöhrətinin hər yana yayıldığı eşidilir. Başqa nağıl və dastan qəhrəmanlarından fərqli olaraq Koroğlu o qədər də ucaboy deyil. Ancaq düz qamətli, əzələli və şir ürəklidir. Vilayətdə quldurluğu ilə şöhrət tapıb, yollar kənarında yaşayır və heç kəsdən çəkinmir. On atlını belə vecinə almır, hamı onun qabağından qaçır, aradan çıxmağa macal tapmayan isə var-yoxundan olur, kimdən nə istəyirsə, götürür…

Günlərin birində Koroğlu eşitdiyi bir deyimin həqiqətə uyğun olub-olmadığını aydınlaşdırmaq istəyir. Koroğlu eşitmişdi ki, qorxaq adamın ürəyi təhlükə anında sıxılıb kiçilir, cəsur adamınkı isə əksinə, daha da böyüyür. İndi budur, Koroğlu çay sahilində əyləşib bu fikri götür-qoy edir. Bir azdan yaxınlıqda bir atlı görünür. O, ata su vermək istəyir, lakin sahil sıldırım olduğundan atı aşağı düşürmür, əl atıb yaxınlıqdakı fincanabənzər beşpudluq daşı götürür, aşağı əyilib çaydan su doldurur, özü də içir, atına da verir. Koroğlu onun gücünə heyrət edir. Yaxınlaşıb ona Koroğlu olduğunu söyləyir, ondan qorxub-qorxmadığını soruşur. Sonra gənci öldürüb ürəyini çıxarır. Koroğlu baxıb görür ki, ürək göz görə-görə kiçilib qoz boyda qaldı. Fikirləşir ki, bu şəxs güclü olsa da, qorxaq imiş.

Sonra Koroğlunun zəif, arıq və görkəmsiz bir qoca ilə qarşılaşması təsvir olunur. Tanışlıqdan sonra qoca, Koroğludan qorxmadığını, əksinə evə gedəndə ailəsinə bu məşhur quldur haqqında söyləyəcəyini bildirir. Koroğlu bu qocanı da öldürüb ürəyini çıxarır. Ürək Koroğlunun əlində dörd dəfə böyüyür».

Araşdırmaçı vurğulayır ki, ikinci epizod məzmunca və dastanlara məxsus elementlərlə nisbətən zəngindir. Koroğlu burada həm qəhrəman, həm də aşıq kimi təsvir olunur. Bu, dastandakı Koroğluya aid cizgilərdir: «Koroğlunun atını oğurlayırlar. O, tarını (yoxsa sazını?!) götürüb atın sorağı ilə şəhərə gedir. Eşidir ki, at paşanın tövləsindədir. Aşıq libasında xeyli oxuyur, paşanı tərif edir. Axırda bir hiylə ilə özünü atın yanına verir, paşanın icazəsi ilə ata minir. At da Koroğlunu tanıyır. Koroğlu ayağını üzəngiyə qoyan kimi, at az qala qanad açıb oradan uzaqlaşır. Şübhəsiz ki, «Kavkaz» qəzetində dərc olunan bu rəvayət ağızlarda dolaşan minlərlə söyləmədən biridir və o, Koroğluya olan el məhəbbətindən qaynaqlanıb. Təsadüfi deyil ki, A.Vışeslavtseva yazını aşağıdakı cümlələrlə tamamlayır: «Asiya şairlərinin söyləmələri bitməz — tükənməz olduğu kimi, Koroğlu macəralarının də sonu yoxdur».

Koroğlu haqqındakı söyləmələrin gürcülərin də dilində əzbər olmasında, dastanın bütövlükdə və ayrı-ayrı qollarının gürcü dilində çap olunmasında şübhəsiz ki, Borçalı faktoru mühüm rol oynayıb. Gürcülərin Borçalı türkləri ilə məişət yaxınlığı qarşılıqlı ədəbi təsir prosesinə xüsusi yardımçı olub. Koroğlunun gürcülər tərəfindən az qala öz milli qəhrəmanları kimi sevildiyini qeyd edən M.H.Təhmasib «Kavkaz» qəzetinin 1847-ci il nömrələrindən birində dərc edilmiş yazıdan sitat gətirir: «Xalq (gürcü xalqı) arasında Koroğlunun həyatına dair gözəl əfsanə və hekayələr gəzir. Onun igidliyi səyyar gürcü aşıqlarının ən sevimli mahnı və rəvayətlərini təşkil edir».

«Kavkaz» qəzetinin 1853-cü il 53-54-cü saylarında «Qafqazın köhnə sakininin qeydləri» adlı məqalədə göstərilir ki, yerli aşıqlar Koroğlunun həyatı və onun Kaflanqdan tutmuş Tiflisə qədər olan yerlərdə göstərdiyi misilsiz igidlikləri mahnılarda tərənnüm edirlər: «Koroğlu haqqında rəvayətlər gürcü yazılı ədəbiyyatına yol tapana qədər, şübhəsiz ki, əhali arasında uzun müddət şifahi şəkildə yayılıb, adamlarda bədii zövqün formalaşmasında müstəsna rol oynayıb. Gürcü yazılı ədəbiyyatında isə Koroğlu mövzusu əsl hadisə olub. Gürcü dramaturqu Z.Antonov 1853-cü ildə Tiflisdə dördpərdəli «Koroğlu» dramını ayrıca kitab şəklində dərc etdirəndən sonra «Kavkaz» qəzeti həmin ilin 6 iyununda işıq üzü görən sayında əsərin «gürcü dilində ilk gözəl dram» olduğunu, oxucular və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını yazır. Yeri gəlmişkən, qeyd edilməlidir ki, H.Vəliyev «Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində» əsərində Z.Antonovun «Koroğlu» faciəsinin məzmununu İ.Yevlaxovun «Şamlıbel vadisi» povestindən aldığını yazır.

Maraqlıdır ki, bəzi gürcü ədəbiyyatşünasları, o cümlədən D.Qamezardaşvili gürcü xalq qəhrəmanı Arsen Odzelaşvilini Koroğlu ilə müqayisə edirlər. Əlbəttə, XIX əsrin birinci yarısında Gürcüstanda qaçaqlıq edən Arsen Odzelaşvili ilə Koroğlu arasındakı oxşarlıq zahiri xarakter daşıyır. Əvvəla, Koroğlu Arsendən bir neçə əsr əvvəl yaşayıb və onun igidliyi haqqındakı rəvayətlər qərinələr boyu yalnız Azərbaycanda deyil, bütöv Qafqazda, habelə İran, Türkiyə, Rusiya və Orta Asiyada dolaşıb. Digər tərəfdən, Koroğlu bir şəxsiyyət kimi yalnız qəhrəmanlıq göstərməklə kifayətlənmir, həm də saz-söz ustası, kamil aşıqdır».

Araşdırmaçı bildirir ki, Koroğlu xaraktercə Arsendən qat-qat çoxlu keyfiyyətlərə malikdir: «Təsadüfi deyil ki, xalq öz qəhrəmanına o qədər rəğbət və məhəbbət bəsləyir ki, onun xarakterinə hətta əfsanəvi, mifik cizgilər belə əlavə edir. Arsen Odzelaşvilidə isə bu qədər zəngin keyfiyyətləri görmürük. Onun Koroğluya bənzədilməsi isə sadəcə, gürcü ictimaiyyəti arasındakı nüfuzu ilə bağlıdır. Heç də təsadüfi deyil ki, M.Cavaxişvilinin Azərbaycan dilinə tərcüməçiləri, ədəbiyyatşünas-alimlər D.Əliyeva və Ə.Saraclı Arseni Koroğlu ilə deyil, məhz Qaçaq Kərəm və Qaçaq Nəbi ilə müqayisə ediblər. «Koroğlu»nun gürcü dilində bir neçə versiyası mövcuddur. Professor A.Hacıyev bunu «dastana olan böyük maraq»la bağlayır: «Dastanın ilk versiyası nəsrlədir, sonrakı versiyalar isə nəsr və nəzmlə idi, şeirlər azərbaycanca verilirdi». Dastanın gürcü dilindəki versiyaları barədə D.Əliyeva və H.Vəliyevin tədqiqatları daha təqdirəlayiqdir. «Koroğlu» dastanının tədqiqatçılarından olan F.Fərhadov dastanın Zaqafqaziya versiyasını tədqiq edərkən ədəbiyyatşünasların daha mükəmməl saydıqları David Givişvilinin «Koroğlu»sunu sadəcə, xatırlamaqla kifayətlənib. A.Hacıyev David Givişvilinin «Koroğlu»su haqqında yazır: «1911-ci ildə David Givişvili dastanı bütövlükdə gürcü dilinə çevirib (nəzmlə olan hissələri azərbaycanca saxlamaqla), Tiflisdə ayrıca kitab şəklində buraxdırıb».

Bu baxımdan H.Vəliyev problemə daha əhatəli şəkildə yanaşaraq yazır: «D.Givişvili dastanı gürcü dilində bir-birinin davamı kimi dörd kitab şəklində nəşr etdirib… Birinci kitab 1887-ci ildə «Qaçaq Koroğlu», sonrakı üç kitab isə 1891, 1911 və 1912-ci ildə illərdə «Koroğlu» adı ilə nəşr olunub». Ədəbiyyatşünas H.Vəliyev D.Givişvilinin «Koroğlu»sunu dastanın Azərbaycan dilindəki variantı ilə tutuşduraraq olduqca maraqlı mülahizələr söyləyir. Məlum olduğu kimi, D.Givişvili Koroğlu haqqında rəvayətlərə yaradıcı şəkildə yanaşıb, dastanın nəsr hissələrini şeirin onaltılıq ölçüsündə nəzmə çəkib. Lakin bununla belə müəllif kitabların üzərində azərbaycancadan tərcümə edildiyini göstərib. D.Givişvili öz əsərində yeni səhnələr təsvir etmək, əlavə personajlara yer ayırmaqla orijinal bir əsər yaratsa da, onun iqtibas edildiyi ilk baxışdan nəzərə çarpır. Gürcü variantında Koroğlunun Qıratdan başqa atı yoxdur. Qıratın doğulması da tamam başqa cür təsvir olunur. Maraqlıdır ki, dastanın Azərbaycan dilindəki bəzi variantlarında da əvvəlcə Qırat doğulur, Dürat isə Qıratla Ərəb atın cütləşməsindən əmələ gəlir. A.Xodzko tərəfindən toplanıb 1842-ci ildə ingilis dilində nəşr edilən 12 məclisdən ibarət variantda məhz belədir. 1936-cı ildə Aşıq Hüseyn Bozalqanlıdan və 1937-ci ildə H.Əlizadə tərəfindən Qazaxda Aşıq Əlidən toplanmış variantda isə dəryadan iki ayğır çıxdığı və iki madyana yaxınlaşdıqları, vaxt tamam olandan sonra isə Qıratla Düratın doğulduğu qeyd edilir. Digər fərqlər mövcud olsa da, mahiyyətcə prinsipial əhəmiyyət daşımadığı üçün onlar üzərində geniş dayanmağa elə bir lüzum yoxdur».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 5 noyabr.- S.14.