«Bir kərə yüksələn bayraq bir daha enməz!»

 

1957-ci ilin mayın 28-də Qız Qalasının üzərinə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını sancılmışdı

Üstündən 32 il sonra, 1989-cu il mayın 28-də ay-ulduzlu bayrağımız Qız qalasının üzərində yenidən dalğalandı

Hoyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günüdür. Bu tarix hər şeydən əvvəl bizdən 95 il əvvəl Cümhuriyyəti quran şəxsiyyətləri, mühacirətə getməyə məcbur olaraq onillərlə üzü Azərbaycana doğru həsrətlə baxanları, mübarizə aparanları, ölkəmiz imperiya dönəmində olarkən milli bayrağı Qız Qalasında dalğalandırmaq istəyənləri sayğıyla anmağı tələb edir.

Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır. XX yüzilin əvvəllərində dünyanın siyasi xəritəsində Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxması, habelə de-fakto tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi.

Ömrünün qısa olmasına baxmayaraq, Xalq Cümhuriyyəti azadlığı Azərbaycan türk millətinə bir hədəf olaraq göstərdi. M.Ə.Rəsulzadənin sadiq silahdaşlarından Mirzə Bala Məmmədzadə yazır: «Rəsulzadə qırmızı istiladan sonra başda mütərəqqi gənclik olmaq üzrə millətin göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafizə etməkdə olduğuna inandığını bildirirdi».

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 37 il keçdi. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, 1957-ci ilin mayın 28-də Azərbaycan bayrağı Qız Qalasının üzərinə sancılmışdı.

İmperiyaya meydan oxuyan şəxs canı ilə, qanı ilə türklüyünə bağlı Cahid Hilaloğlu adlı gənc idi. Araşdırmaçı Əli Şamil bildirir ki, yeniyetməliyində və gəncliyində soyadı Şirinov olan, sonralar Cahid Hilaloğlu kimi tanınan soydaşımız 1928-ci ildə Ağdam şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda İranın quzeyini işğal edən sovet qoşun birləşmələrinə qoşulub valideynlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır».

1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə, illər boyu ananın oğul, bacının qardaş üzünə həsrət qalmasıyla barışmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı: «Təhsil aldığı ali məktəbdə fikirdaşlarını tapır. Çingiz Mirzağa oğlu Abdullayev və başqa yaşıdları ilə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururlar. Əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar. Vərəqələr xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Nəticədə Çingizi ali məktəbdən qovub «islah» olunmaq üçün 3 illiyə həbsxanaya yollayır, dəstənin başqa üzvlərini isə tənbeh edirlər. Ancaq bu cəza onları yoldan döndərmir. Çingiz Bakıdan uzaqlarda olanda da daim Cahidlə əlaqə saxlayır».

C.Hilaloğlu 1952-ci ildə institutu bitirib M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında işə başlayır. Burada işlədiyi müddətdə quruluşdan narazılığını müxtəlif vasitələrlə ifadə etsə də, hələlik ona qarşı sərt tədbirlər görülmür: «1956-cı ildə quruluşun bütün nöqsanlarının Stalinin adı ilə bağlandığını, böyük və hay-küylü bir kampaniya başlandığını görən gənclər burada sərbəst fəaliyyət göstərməyin mümkünsüzlüyünü tam yəqin edərək xaricə getməyi, mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyi qərəra alırlar. Bəs xaricə necə getməli? Rejm sərt, sərhədlər bağlı. Güney Azərbaycanda iki il yaşamış Cahid qaçmaq üçün ən münasib yer İranı sayır. Rayonlarda yüksək ixtisaslı kadrlara böyük ehtiyac olmasından istifadə edib Azərbaycan Mədəniyyət Nazirliyinə ərizə yazaraq Lerik rayonunda işləməyə getmək istədiklərini bildirirlər. İstəklərinə də müsbət cavab alırlar. Onlar Azərbaycanın böyük xəritəsini alır, Lerik dağlarında sərhədin zəif nöqtəsini müəyyənləşdirir, oradan İrana keçməyi planlaşdırırlar. Məqsədləri oradan da Türkiyəyə keçib Çingiz Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq idi.

Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə getməsinə icazə ala bilmir. O, Moskvaya pasport qeydiyyatından çıxmağa gedir. Orada amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır. Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də, istəyini dinləyir və təkrar görüş təyin edir. Dörd gün sonra, yəni 1956-cı il mayın 8-də Çingiz səfirliyin hərbi attaşesi Frenklə görüşsə də üçüncü görüş ərəfəsində DTK əməkdaşları tərəfindən yaxalanır. Beləliklə, onların xaricə getmək cəhdi də baş tutmur. 1956-cı il martın 6-7-də Tiflisdə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır. C.Hilaloğlu və dostları sovet ordusunun Tiflis şəhərində onlarla qocanı, qadını, uşağı öldürməsini və həbsxanaya atmasını pisləyirlər. Bu hadisələrin üstündən 7-8 ay keçməmiş sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər».

1957-ci ilin mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız Qalasının üzərinə sancmağı qərarlaşdırırlar: «Bu qərarın icrası ilə bağlı xatirələrdə bir dolaşıqlıq, qeyri-dəqiqlik var. Yekdil fikir odur ki, bayrağı Qız Qalasının üzərinə qaldıran Cahid Hilaloğlu olub. Bəs «Bu plan harada, kimlərin iştirakı ilə hazırlanıb, necə həyata keçirilib?» sualına xatirələr tam aydınlıq gətirmir. Cahid Hilaloğlunun əməlləri DTK (KQB) tərəfindən aşkarlanır. Onu ittiham edənlərə Cahid deyirmiş: «Nədən Əfqanıstanda baş verənlər milli azadlıq hərəkatı, Macarıstandakı isə «əksinqilabi qiyam» adlandırılır?» Xüsusi xidmət orqanları isə daha bu gənclərin «nazı ilə oynamaqdan bezib» sərt tədbirlər planlaşdırır. Onu antisovet təbliğatı və təşviqatında ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan məhrumetmə, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.

C.Hilaloğlu cəza müddətini Moldova SSR-in Dubrovski islah-əmək düşərgəsində çəkir. Bura islah-əmək düşərgəsi adlandırılsa da, əslində siyasi məhbuslar üçün nəzərdə tutulmuş qapalı həbsxana idi. Həbsxana şəraitinin ağırlığına, ona xüsusi nəzarətin olmasına baxmayaraq ruhdan düşmür, ingilis, alman, fransız, ərəb, fars dillərini öyrənir. Azadlığa çıxdıqdan sonra Bakıya gəlsə də, uzun müddət işsiz qalır. 1969-cu ildə İrəvanda yenidən bərpa edilmiş C.Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrında rejissor-aktyor kimi işə başlayır. Orada da C.Hilaloğlunu dinc buraxmırlar. Gah səhnədən söylədiyi sözün ayrı cür yozulduğuna görə, gah tamaşaya qoyduğu əsər başqa cür başa düşüldüyünə, gah da yoldaşları ilə yeyib-içərkən söylədiyi sağlıqdan millətçilik qoxusu gəldiyinə görə «söhbətə» çağırırlar. 1971-ci ildə Bakıya qayıdır və vaxtı ilə oxuduğu ali məktəbin Tədris Teatrında rejissor işləməyə başlayır».

1976-cı ilin aprelin 13-də öz ərizəsilə işdən gedən C.Hilaloğlu xeyli işsiz qaldıqdan sonra yeni açılmış Ağdam Dövlət Dram teatrında fəaliyyətə başlayır, ömrünün sonunadək orada çalışır. 1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir «Volqa» avtomobili Cahidi vurur. Bu qəzada həlak olan C.Hilaloğlunu Ağdam şəhərində dəfn edirlər. C.Hilaloğlu Azərbaycanın azad olacağı günün yaxınlaşdığını duyurdu. Çox təəssüf ki, həmişə arzusuyla yaşadığı günü görə bilmədi.

…Və 1989-cu il mayın 28-də Bakıda Qız qalasının üzərində Azərbaycan Demokratik Respublikasının bayrağı bir neçə dəqiqəliyə də olsa yenidən dalğalandı. Bu dəfə bayrağı Qız Qalasının üzərinə qaldıran soydaşımız Faiq Həsənov idi.

O, 1946-cı ildə Gəncədə anadan olub.

Faiq bəyin bayrağın Qız Qalasına sancılması ilə bağlı xatirəsi: «Lazım olan parçanı əldə etdik, ancaq bayrağı tikmək üçün dərzi tapa bilmirdik. Qız Qalasında dalğalanacaq həmin bayrağı bir ayaqqabı ustasına tikdirməyə məcbur olduq. Ayın 27-si səhərə kimi həmin usta bayraqdan 4 nüsxə tikdi. Tələsiklik, milli dövlətimizin bayrağı haqqında o vaxta qədər təsəvvürlərin olmaması, üstəgəl də yorğun ustanın gecə işləməsi bir yanlışlıqda özünü göstərdi: səhər məlum oldu ki, usta qırmızı rənglə yaşıl rəngin yerini səhv salıb, yəni yaşıl rəng qabağa keçib. Amma artıq gec idi. Mayın 28-də nə olur olsun, həmin bayrağı Qız Qalasına sancmağa qərar vermişdik. Fotoqraf bayrağın Qız qalası üzərində dalğalanmasını çəkməli idi. O, artıq ayın 28-i səhər tezdən hazır idi. İki nəfər aşağıda durmuşdu ki, mənim yuxarıya çıxmağım üçün xüsusi problem yaranmasın. Yuxarıya çıxdım, bayrağı Qız qalasının üzərində dalğalandırmağa başladım. İki nəfər milis, bir zabit gəldi, aşağı düşməyi əmr etdilər. Anlayırdım ki, yersiz mübahisə fayda verməyəcək. Aşağı düşdüm, Qız qalasının qarşısındakı meydanda artıq bu hadisədən xəbərdar olan adamların yığışdığını gördük. Bayraq əlimizdə idi və onu hələ qaldırmamışdıq. Getdikcə adamların sayı artırdı. Fikirləşdik ki, camaatın sayının artması bizim nəsə bir söz deməyimizə imkan yarada bilər. Bayraq qaldırılan kimi Mənsur Əlisoy çıxış etdi, onun ardınca da çıxışlar oldu. Qərarlaşdıq ki, bayrağın ələ keçməsinə qətiyyən imkan verməyək, hər kəs bayrağa qarşı təhlükə yarandıqda onu mümkün qədər irəli ötürsün. Elə də oldu. Hizaminin heykəlinə doğru yaxınlaşanda artıq ətrafımızdakı adamların sayı artmağa başlayırdı. Elmlər Akademiyasının Rəyasət Heyətinin qarşısında böyük bir kütlə əmələ gəlmişdi. Əvvəlcədən qət elədiyimiz kimi Mərkəzi Komitənin binasına doğru yürüş başladı. Artıq 3-4 min adam olardı. Təşvişə düşən hökumət rəsmiləri Filarmoniyada tədbir keçirməyi təklif etdi, amma toplaşan insanlar onların istəyinə qulaq asmadı. Bu zaman bizə milis dəstələri hücum etdi, bayrağı ələ keçirdilər, çoxlu həbslər oldu. Həmin gün 500-dən çox adam həbs olunmuşdu. Amma çətinliklə də olsa, insanlar Mərkəzi Komitənin qarşısına gedə bildi, mitinq başlandı. Bu zaman hakimiyyət qarşısında üç şərt irəli sürüldü: həftənin sonuna kimi həbs olunanların azad olunması; Azərbaycanın dövlət bayrağı kimi üçrəngli milli bayrağın qəbul edilməsi, Azərbaycan Demokratik Cümhuriyyəti haqqında obyektiv televiziya verilişlərinin hazırlanması tələbi. Hakimiyyət bu tələblərdən çox qorxuya düşmüşdü. Çox keçmədi ki, tələblər yerinə yetirildi».

 

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 9 noyabr.- S.9.