AYB-nin
qurultayının vaxtı açıqlandı
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anarın APA-ya müsahibəsi
- Anar müəllim, indi yazıçılıq gənclik üçün perspektivsiz peşə hesab olunur. Yəni əvvəlki imtiyazlar, dividentlər yoxdur, hansısa karyera yüksəlişinə ümid eləmək olmaz. Amma ədəbiyyata axın yenə çoxdur. Hətta deyəsən, Sizin gənclik dövrünüzdən də çoxdur. Bunun səbəbləri haqqında düşünmüsünüzmü?
- Bunun səbəbləri haqqında bir şey deməzdən öncə gəlin, bir məsələni aydınlaşdıraq. Ədəbiyyata gələnlər — istər cavan olsun, istər qoca — nəyə görə gəlirlər? Sizin dediyiniz kimi imtiyazlar, dividentlər, karyerə yüksəlişi üçün gəlirlərsə, deməli, bu adamların ədəbiyyata ümumiyyətlə, dəxli yoxdu. Başqa peşə seçib imtiyaz, divident və karyera istəklərini o peşədə həyata keçirməyə cəhd etsinlər. Yazıçılıq mənəvi ehtiyacdan, insanlara demək istədiyin sözünün olmasından, xalqına, yaşadığın cəmiyyətə xidmət etmək tələbatından, ürəyini boşaltmaqdan qaynaqlanır və əgər bunları etmək üçün ədəbi istedadın varsa, ağır zəhmətə qatlaşmağa hazırsansa, onda bu peşəni seç. Bunların heç biri yoxdursa, özünü bəri başdan bədbəxt eləmə. Bizim dövrümüzlə indiki zaman arasında ədəbiyyata axının fərqinə gələndə isə onda da, indi də bu axının eyni səbəbləri vardı, ədəbiyyata karyera, tanınmaq üçün gəlmək istəyənlər və heç nə ummadan, təmənnasız yazıb yaratmağa ehtiyac duyanlar… Bunlarla bərabər, özünü istedadlı bilib, bu işə qurşanan xeyli qrafomanın, cızma-qaraçının da olduğunu nəzərə almalıyıq. Onu da deyim ki, Yazıçılar Birliyini lazımsız təşkilat hesab edənlərin iddialarına rəğmən bura axın azalmır, ildən-ilə artır. Elə indinin özündə də üzv olmaq üçün iki yüzdən artıq ərizə var. Həm də daha keçmiş dövrlərdəki kimi, heç bir imtiyazlar olmadığını bilə-bilə…
- Kitaba, ədəbiyyata cəmiyyətdə solaxay münasibət var. Bu, ilk dövrlərdə qarışıqlıq, insanların maddi vəziyyəti ilə bağlı idi. İndi sular durulub, ədəbiyyat isə «su üzünə» çıxmaq istəmir ki, istəmir. Ədəbiyyatın gündəmə gəlməsinin yolu nədən keçir?
- Səbəbləri sadalayım: dediyiniz kimi, ötən illərin ictimai qarışıqlığı bir səbəbdir. Başqa səbəblərə də bir-bir nəzər salaq: insanların çoxunun maddi vəziyyətinə görə hələ də kitab almaq imkanına çatmaması, TV kanallarının birə on dəfə, xarici kanalları da saysaq, birə yüz artması, internet, Sovet dövründə real həyat problemləri haqqında az-çox dəqiq məlumatı bədii ədəbiyyatdan alındığı halda, indi qəzetlərdə hər növ yazı oxuya bilmək imkanı. Üstəlik, elə həmin qəzetlərin çoxunun, ümumiyyətlə, mətbuatın, internet saytlarının böyük qisminin insanları qalmaqala, sensasiyaya, skandala alışdırması, bəzi TV kanallarında tamaşaçını bayağı, zövqsüz verilişlər və teleseriallar vasitəsiylə yetişdirməsi…
Belə kütləvi həmlələr qarşısında həqiqi ədəbiyyatın duruş gətirməsi asan iş deyil. Bunu da unutmayaq ki, kiril əlifbasından latın əlifbasına keçid dövründə düz on il latın əlifbasıyla dərsliklərdən başqa kitablar nəşr olunmadı və bütün bir nəsil bədii ədəbiyyatsız yetişdi. Daha dəqiq desək, bütöv bir nəsil Azərbaycan dilində bədii ədəbiyyatdan — istər klassiklər olsun, istər çağdaşlar, bixəbər qaldılar, mütaliədən yadırğadılar. Bu itkiləri isə sonradan sonraya bərpa etmək açan iş deyil. Bütün bunlar acı reallıqdır. Amma onu da unutmamalıyıq ki, bütün dövrlərdə, elə indinin özündə də həqiqi, ciddi ədəbiyyata etibarını, sədaqətini qoruyub saxlayan oxucular az deyil. Hər şeydə olduğu, kimi burda da keyfiyyət kəmiyyətdən vacibdir. Məhz elə buna görə də əsl ədəbiyyat «suda batmır», ona görə də onu «su üzünə» çıxarmağa lüzum yoxdur.
- Doğrudanmı, məsələn, televiziyalar, ali məktəb rəhbərləri, deputatlar kitaba diqqət ayırsalar, problem həll oluna bilər? Yoxsa bunun kökü başqadır?
- Deputatların bu işə necə təsir edəcəkləri mənə aydın deyil. Yetər ki, bəzi deputatlar dövlətin ədəbiyyata ayırdığı vəsaitə və diqqətə qısqanc münasibət bəsləməsinlər. Təəssüf ki, elə vəzifəlilər də var, ömründə Azərbaycan dilində bircə kitab oxumadıqları halda yekə-yekə “bizim nə ədəbiyyatımız var ki…” deməyə xəcalət çəkmirlər. Ali və orta məktəb rəhbərləri, həm də tək rəhbərləri deyil, müəllimlər də, əlbəttə tələbələrdə, şagirdlərdə ədəbiyyata maraq oyatmaqçün ciddi səy göstərməlidirlər.
Dəyərli kitabların təbliğatında TV kanallarının da böyük rolu ola bilər. Elə qəribə bir zəmanədə yaşayırıq ki, kitab yazmaqdan daha vacib onun təbliğini təşkil etməkdir. Bəzi hallarda, kobud ifadəm üçün üzr istəyirəm, zirək müəlliflər öz yazı-pozularını zorla oxucuya sırıyaraq həqiqi bədii örnəkləri kölgədə qoyurlar. Bəzənsə prinsipsiz tənqid ortabab müəllifi elə yüksəkliyə qaldırır, haqqında elə bəlağətli sözlər deyir ki, düşünürsən, İlahi, görəsən Fizuliyə, Vaqifə, Mirzə Fətəliyə, Sabirə, Mirzə Cəlilə deməyə dilimizdə hansı tərifli sözlər qaldı? Nə yazıq ki, bu də dövrümüzün acı həqiqətlərindəndir.
- İdmanın və musiqinin inkişafına çəkilən xərclərin bir hissəsi ədəbiyyatın inkişafı üçün xərclənsəydi, mənzərə necə olardı?
- Necə deyərlər, Allah ağzınızdan eşitsin. Əlbəttə, dövlətin ədəbiyyata göstərdiyi qayğını danmaq nankorluq olardı. Həm də altını cızmaq istərdim ki, dövlətin mədəniyyətə, ədəbiyyata, sənətə qayğısı, bəzilərinin düşündüyü kimi sədəqə deyil, borcdur. Dövlət tibbə, maarifə, idmana vəsait ayırdığı kimi ədəbiyyata, sənətə də vəsait ayırmağa borcludur. Azərbaycan ədəbiyyatının, özəlliklə dünyada tanıdılması, yəni əsas xarici dillərə tərcümə edilməsi üçün xüsusi dövlət proqramı olmalıdır və bu işə, yəni dilin daşıyıcıları olan peşəkar əcnəbi tərcüməçiləri dəvət etmək üçün kifayət qədər vəsait ayrılmalıdır.
Madam ki, idmanı və musiqini xatırlatdınız, bir məsələyə də toxunmaq istərdim. Gün kimi aydındır ki, biz — yaşlı nəslin nümayəndələri ədəbi gəncliyin inkişafı üçün əlimizdən gələni etməliyik, amma idmanla ya balet sənətiylə ədəbiyyatın fərqini də unutmamalıyıq. İdmançı, ya balet ifaçısı yaşa dolduqca, təbii qanunlara görə peşəsindən uzaqlaşıb yerini cavanlara verir. Amma məsələn, əlli, altmış yaşında daha da püxtələşən bir nasirə, «sən qocalmısan, daha yazma, qoy cavanlar yazsın» demək düzdürmü? Ancaq uzun illərin təcrübəsiylə əldə olunan biliklərlə, həyat müşahidələriylə dopdolu olan adama «sənin yaşın ötüb, yerini həyat haqqında ən az təsəvvürləri olan sütül cavana ver» demək olarmı?
- 60-cılar nəslindən söhbət düşəndə ilk olaraq Sizin, Elçinin və Əkrəm Əylislinin adı çəkilir. Bu ad ardıcıllığı təbiidir, yoxsa Sizin nəsil haqqında yazan tənqidçilər bu üçlüyü formalaşdırıb?
- Bilmirəm, bu üçlüyü kim formalaşdırıb, amma 60-cılar nəslini məhz bu üçlüklə məhdudlaşdırmaq ədalətsizlikdir. Bu nəslin və ümumiyyətlə, ədəbiyyat tariximizin ən dəyərli romanlarından birini — «Qətl günü»nü Yusif Səmədoğlu yazıb. Bu nəslin İsi Məlikzadə, Fərman Kərimzadə, bir qədər sonra ədəbiyyata gəlmiş Mövlud Süleymanlı kimi istedadlı nümayəndələri var və nəhayət, bu yolu bizim nəsildən daha əvvəl İsa Hüseynov öz kənd povestləri ilə, Sabir Əhmədli nəsriylə açıb.
Əgər mənim «Nəsrin fəzası» adlı araşdırmamla tanışsınızsa, mən orda 60-cılar nəslinin bütün bu adı keçən nümayəndələri haqqında geniş təhlil vermişəm. Bu yazıçılar haqqında yazdığım ayrı-ayrı esse və məqalələrim də var. Bu nəslə aid rusca yazan müəlliflər Çingiz Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyovlar, Natiq Rəsulzadə barədə də dəfələrlə yazmışam.
- Nə vaxtsa hiss etmisinizmi, Sizin nəsildən olan digər yazıçılar bu üçlüyün adına açıq-açığına nəsə deməsələr də, müəyyən qısqanclıqla yanaşırlar?
- Mən özüm ədəbiyyatda heç vaxt heç kəsə qısqanmadığım üçün kimin kimə qısqanması məni əsla maraqlandırmır. Bir də ki, məncə, istedad heç vaxt başqa istedada qısqanmaz. Başqasının uğuruna qısqanmaq uğursuzların adətidir.
- Teatr rəhbərləri dramaturq problemini həmişə qabardıblar. Elçin Əfəndiyev, Hüseynbala Mirələmov, Kamal Abdulla pyeslər yazırlar. Sizin pyes yazmamağınızda tamaşaya qoyulmamaq xofu yoxdur ki?
- Yəni Siz düşünürsüz ki, mən pyes yazsam, onu tamaşaya qoymazlar?
- Tez-tez eşidirik: “Yazıçılar Birliyinin bu günə qədər qorunub saxlanması Anarın şəxsi nüfuzunun hesabına olub. Bu bina bank da ola bilərdi, restoran da”. Ümumiyyətlə, Birliyin binasının əldən çıxmağına nə vaxtsa təhlükə olubmu?
- Düz deyirlər, amma bircə dəqiqləşdirmə ilə… Bu, tək Anarın yox, ümumən yazıçıların nüfuzuyla bağlıdır. Bəzi sapı özümüzdən olan baltalar, yəni özünü yazıçı sayan bədxahlarımız yazıçıların, ümumən yazıçılığın nüfuzunu nə qədər zədələməyə, aşağılamağa çalışsalar da, varlı-karlı adamların, ya şou ulduzlarının daha çox üzdə olduğu bir dövrdə yazıçılar hələ də öz nüfuzlarını itirməyiblər və təmiz adlarını qoruyub saxlayıblar. Bəlkə elə buna görə, bol-bol maddi sərvətləri və hər cür imkanları olanlar hökmən yazıçılığa can atır.
Doğrudur ki, dəfələrlə binamızı otaq-otaq, mərtəbə-mərtəbə kirayə vermək, ya tamam satmaq təklifləri almışıq, hətta keçmiş icra başçılarından biri Yazıçılar Birliyinin binasını İngiltərə səfirliyinə vermək istəyirdi. Ən çətin zamanlarda yalnız birinci mərtəbəmizi kirayə verərək jurnallarımızı, qəzetimizi saxlaya bildik, hətta redaksiyalarımız üçün əlavə bir mərtəbə belə tikə bildik. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıdandan bu günə qədər Birliyimiz də, mətbuat orqanlarımız da, Tərcümə Mərkəzimiz də büdcədən maliyyələşdirilir. Birinci mərtəbənin kirayə vəsaitindən isə ehtiyacı olan yazıçılara yardım göstərmək və ara-bir kitab nəşri üçün istifadə edirik.
- Yazıçılar Birliyinin qurultayı niyə gecikdirilir sualını adətən, üzvlərin qeydiyyatı, birliyin təmirə dayandırılması səbəbi ilə əsaslandırırsınız. Qurultayın vaxtının uzadılması şübhələrə yol açır: qurultay qəsdən gecikdirilir. Yaxud təmir, üzvlərin qeydiyyatı səbəb deyil və s. Bu barədə nə düşünürsünüz?
- Lətifəsi şübhələnənlərə gəlməsin, belə bir ifadə var: xain xoflu olar. Hər şeydən şübhələnənlər, hər şeydə başqa səbəb, pis niyyət axtaranlar həmişə olub və olacaq. Qurultayın gecikməsinin səbəblərinin ikisini, mənə istinad edərək, özünüz dediniz. Doğrudan da, əvvəlki qurultaylardan fərqli olaraq, bu qurultayı 1500 adamla keçirmək mümkün olmadığı üçün nümayəndələr seçmək prinsipiylə keçirmək istəyiriksə, əvvəla üzvlərimizin dəqiq sayını bilməliyik.
Rəhmətə gedəni, birlikdən çıxanı, ya çıxarılanı, tamam ölkədən köçəni var. Dəfələrlə «Ədəbiyyat qəzeti»ndə elan verməyimizə baxmayaraq, hələ çox adam nəinki bir dəfə də olsun üzvlük haqqını ödəməyib, hətta qeydiyyatdan keçməyə belə təşrif buyurmayıb. Ümumiyyətlə, üzvlərin əhəmiyyətli qismi Birliyə yalnız burdan bir şey almaq istəyəndə gəlir. Özlərinin vicdan işidir. Giley-güzar etmək istəmirəm. Binanın təmiri də qurultayın vaxtını xeyli ləngitdi. Bundan başqa, beş il öncə Birliyimizin 75 illiyini çoxlu qonaqların iştirakıyla keçirdik, arada klassiklərin və çağdaşların yubileylərini də keçirdik.
Onu da qeyd etmək istərdim ki, əvvəlki qurultaylar da bəzən böyük fasilələrlə keçirilib, bəzi qurultayların arasında altı, yeddi, səkkiz, hətta iyirmi il fasilə olub. Mənə elə gəlir ki, bəzi adamları Azərbaycanın bütün başqa problemlərindən daha artıq bizim qurultayımızın nə zaman keçiriləcəyi maraqlandırır və narahat edir. Belələrini arxayın etmək üçün tam məsuliyyətlə deyirəm: növbəti qurultayımız 2014-cü il mart ayının ikinci yarısında keçiriləcək. Eyni günlərdə xarici qonaqların iştirakıyla Yazıçılar təşkilatımızın 80 illiyini də qeyd etmək istəyirik.
- Müsahibənizdə demisiniz, sədrlikdə qalsam, AYB-də gəncləşmə aparılacaq, dəyişiklik olacaq. Bu dəyişiklik nədən ibarət olacaq? Yəni əvvəlki konkret rəy bildirmədiyiniz açıqlamalarınızdan fərqli olaraq, planlarınız haqqında konkret nə deyə bilərsiniz?
- Ondan başlayım ki, mən heç bir müsahibəmdə Sizin mənim adımdan gətirdiyiniz sözləri deməmişəm, yəni «sədrlikdə qalsam»(?) «AYB-də gəncləşmə aparılacaq, dəyişiklik olacaq», filan mənim sözlərim deyil. Odur ki, dəyişikliyin nədən ibarət olacağı barədə sualınız da havadan asılı qalır. Əvvəlki açıqlamalarımda da, indiki açıqlamamda da konkret olaraq onu deyə bilərəm ki, həmişə istedadlı cavanlara dəstək vermişəm, onların istedadının parlaması, uğurlu əsərlərinin mükafatlandırılması, ədəbiyyat cameəsində layiqli yer tutmaları, əsərlərinin ölkəmizdən kənarlarda da çap və təbliğ olunması üçün əlimdən gələni əsirgəməmişəm və sədr qalıb qalmayacağımdan asılı olmayaraq, gələcəkdə də belə olacaq.
İntəhası, zaman qanunlarına görə nəsillər dəyişir, on il qabaq gənc olanlar artıq orta yaşa qədəm qoyub, yeni cavanlar gəlib ədəbiyyata və onlara da münasibətimiz eyni cür xeyirxah və qayğıkeş olacaq. Hər il iyirmi gəncə təqaüd vermək haqqında Prezident sərəncamına əsasən 35 yaşına qədər olan cavanları arayıb tapmalıyıq, bu isə çox vaxt asan məsələ olmur.
- Çingiz Abdullayev deyir, sədr olmaq fikri yoxdur, Siz sədrlikdən getsəniz, belə çıxır Rəşad Məcidin bu postu tutmağı daha realdır. Rəşad Məcidi dəstəkləyirsinizmi?
- Çingiz Abdullayevin fikirləri haqqında onun özünə sual verməniz yaxşıdır. Rəşad Məcidi isə hər zaman dəstəkləmişəm və dəstəkləyirəm. Amma gəlin sədrlik məsələsinin həllini qurultaya saxlayaq. İndidən lüzumsuz ajiotaj yaratmayaq. Hələ mən özüm də sədrlikdən gedib-getməyəcəyim haqqında qəti qərar verməmişəm. Qurultay ərəfəsində belə bir qərarı verə bilərəm və qurultay da kimi layiq bilərsə, onu da seçər. Qurultayın hər hansı qərarına sayğıyla yanaşmalıyıq.
- «Ulduz», «Azərbaycan» jurnallarının rəhbərləri qonorar fondunun az olduğunu bildiriblər. Hesab edirsinizmi ki, çıxış yolu kimi Siz ölkə başçısına müraciət etsəniz, məsələ həll olunar?
- Ölkə başçısına müraciət etməzdən əvvəl gəlin bu jurnalların redaktorlarına müraciət edək. Əməkdaşlarından hansı işə vaxtlı vaxtında gəlir? Elələri var ki, aylarla redaksiyalarda görünmür, yalnız maaş günlərində gəlirlər, ayrı günlərdə gələndə də yalnız iddialarla, tələblərlə və xahişlərlə gəlirlər. İndi Siz deyin necə hərəkət edək? Belə təkliflər olur ki, işə gəlməyənləri, əlini ağdan qaraya vurmayanları, ortada yeyib qıraqda gəzənləri, bir dəfə də olsun çörəyini yedikləri təşkilatı haqsız hücumlardan müdafiə etməyənləri, hətta bərai ehtiyat bədxahlarımızla xosunlaşanları, yeyib içənləri işdən azad edək, onların yerinə namusla işləyənlərin maaşını dəfə-dəfə qaldıraq.
Katiblikdə də bəzən bu məsələni müzakirə edirik, amma bəlkə bu şəxsən mənim nöqsanımdır, mən heç kəsin çörəyini kəsməyi rəva bilmirəm, özünün belə davranışına görə kimisə maaşsız qoyub ailəsini, balalarını ağır vəziyyətə salmaq istəmirəm. Bəlkə mənim yerimə başqası məhz belə hərəkət edərdi, necə ki, bir çox idarə və təşkilatlarda elə belə də edirlər, kapitalizmin qanunları amansız və acımasızdır… Amma hərənin öz həyat prinsipləri var. Mənim prinsipim, yəqin ki, kiminsə fikrincə nöqsanım insanlara ən azı pislik etməməkdir, hətta mənə çox pisliklər edənlərə belə…
- Birliyin katibi Çingiz Abdullayevin fikridir: Prezident təqaüdünün siyahısı açıqlansa, yaxşı olar. Bu siyahının internetdə yerləşdirilməməsi nə dərəcə düzgündür? İctimaiyyət arasında rəy formalaşıb ki, bunun səbəbi həmin siyahıda olan təsadüfi şəxslərin gizlədilməsidir. Yaxud kiminsə adının ikinci, üçüncü dəfə təqaüdə təqdim olunması. İstərdim bu haqda danışaq…
- Danışaq. Əvvəla, bütün bu illər ərzində təqaüd verdiyimiz adamların siyahısını istənilən vaxt internetdə yerləşdirməyə hazırıq. Haqqımızdakı bütün uydurmalara rəğmən, heç kəsdən heç bir gizli işimiz yoxdur. Əgər adından danışdığınız ictimaiyyət bircə nəfərin siyahıya ikinci — hələ üçüncü demirəm — dəfə düşdüyünü göstərə bilsə, həmin o ictimaiyyətə hörmətim artar. Amma bunu heç kəs edə bilməz, çünki heç vaxt belə bir fakt olmayıb və olmayacaq, indiyəcən heç kəs ikinci dəfə təqaüd almayıb. O ki qaldı kiminsə təsadüfi adam sayılmasına, bəlkə bu «təsadüfi» saydıqları adam da bu sayaq iftiraları uyduranları daha artıq haqla ədəbiyyata yamaq sayır…
- Açıqlamalarınızda hiss etmişəm ki, «Ədəbiyyat qəzeti»ndən Siz də razı deyilsiniz və bu haqda fikirlərinizi bildirmisiniz. Amma qəzetdə heç nə dəyişməyib. Bu ümumən kollektivin günahıdır, yoxsa hər şey rəhbərlə bağlıdır?
- «Ədəbiyyat qəzeti»nə də, başqa mətbuat orqanlarımıza da tənqidi fikirlərimi deməkdən heç bir vaxt çəkinmirəm, bu günahlarda hamının — həm redaktorların, həm də kollektivin payı var. Amma bir günahkar da var: qəzeti tənqid edənlər — onların arasında çox istedadlı adamlar və mənim hörmət bəslədiyim insanlar da az deyil — qəzeti tənqid etməkdən başqa orda çap olunsaydılar, qəzetin də səviyyəsi dəyişə bilərdi. Dəfələrlə onlara demişəm, doğrudan da qəzetin səviyyəsinin qalxmasını istəyirsinizsə, niyə ondan gen qaçırsınız? İndiyəcən hansı dəyərli yazınızı qəzetdən qaytarıblar? İşdi qaytarıblarsa, niyə bunu mənə, ya katibliyə bildirməmisiniz? Hər işimizdə nöqsanlar axtarmaqdansa, olan, ya olmayan kəsirləri birlikdə düzəltməyə çalışaq.
- AYB-nin
modern variantı — yəni marketinq əsaslarla idarə
olunması mümkündürmü?
- Ədəbiyyat nə marketdir, nə marketinq, nə də
bazar qanunlarıyla idarə olunacaq sahə. Bəlkə də
bizdən sonra gələn nəsil yaradıcı təşkilatları
bazar qanunlarıyla idarə edəcəklər. Ola bilsin. Amma bu, bizlik deyil.
-
2014-cü ilin dövlət büdcəsindən
Yazıçılar Birliyinə təxminən 60 min manat əlavə
vəsait ayrıldı. Bu artım Birliyin
jurnallarına ayrıla bilərmi? Məsələn,
«Ulduz» jurnalının qonorar fondu azdır, çap xərcləri
keyfiyyətli jurnal çıxarmağa imkan vermir…
- Bu
sualınızı qismən əvvəlki cavablarımda
işıqlandırdım. Ayrılan vəsait
konkret xərclərə ayrılır. Bir
də bədii cəhətdən keyfiyyətli jurnal
çıxarmaq yalnız maddiyyətləmi
bağlıdır? Yenə də birinci
sualınızda qoyduğunuz məsələyə
qayıdırıq. Ədəbiyyata
yalnız gəlir mənbəyi kimi baxmaq olmaz. Hamının maddi ehtiyacı var, başa
düşürəm. Ona görə də, əvvəldə
dediyim kim heç kəsi, hətta
heç bir iş görməyəni də maaşsız
qoymaq istəmirik. Amma bir yazıçı roman
ya poema, şeir, ya hekayə, esse, ya məqalə yazanda, ilk
növbədə «görəsən, buna nə qədər
qonorar alacam» deyə düşünürsə, o, çətin
əsl ədəbiyyat adamı olsun.
-
Jurnalistlərə ev veriləndən sonra
Yazıçılar Birliyi də ev və torpaq sahələri
ilə bağlı məsələ qaldırdı. Hətta
dedilər, Anar müəllim prezidentə şəxsən
müraciət edib, yazıçıların ev
məsələsinin həllinə
çalışacaq. Belə bir fikriniz
varmı?
-
Yazıçıların ev məsələlərinin
yaxşılaşdırılması fikri həmişə
olub və dəfələrlə həm rəhmətlik Heydər
Əliyevə, həm də hörmətli prezidentimiz İlham
Əliyevə bu barədə müraciət edib müsbət
cavab almışıq. Sovet dövründən fərqli
olaraq, kökündən dəyişmiş bazar
iqtisadiyyatı şəraitində ev
almağın hansı çətinliklərlə
bağlı olduğunu bilənlər bilir. Bilməyənlər
isə bilmək istəmir. Bu şəraitdə belə
prezidentimizə müraciətimizdən sonra şəhərin
mərkəzində tikilən binanın yaşayış sahəsinin
on faizinin yazıçılara ayrılmasına nail olduq.
Yəqin bilirsiniz ki, bununla bağlı otuzdan artıq
yazıçının mənzil məsələsi həll
olundu. Obyektiv səbəblərə görə siyahıya
düşməyənlərin qaldırdıqları
qalmaqallardan da güman ki, bixəbər deyilsiniz.
Heç kəs heç nə almayanda hamı sakit oturur,
peşmansan on nəfər üçün nə isə edəsən,
otuz nəfər inciyir, otuz nəfərə nəsə edirsən,
əlli nəfər «bəs mən?» deyə
narazı qalır. Amma bu məsələlərdə
başımız nə qədər ağrısa da, yenə
müəyyən təşəbbüslərdə
bulunacağıq.
Xalq Cəbhəsi.- 2013.- 15 noyabr.- S.14-15.