Repressiyaya məruz qalan Türklər

 

Tarixdə türklərə qarşı çoxlu soyqırımlar olub. Mərhum araşdırmaçı, türkoloq Əli Kərimbəylinin bu mövzuda sistemli araşdırmaları var. O, soyqırımlara, deportasiyalara uğradılmış türklərin Vətənsizlik acısını bədii-poetik dillə belə ifadə edir: «İnsan ruhu bu qumlu çöllər, boz yazılarda qəfəsə düşən quş kimi çırpınırdı. Çox qəribə idi, insan gen, ucsuz-bucaqsız boz çöllərdə, təbiətin qoynunda ola-ola özünü qəfəsdə görürdü, insanın içi zəlzələdə təlatümə gəlmiş torpaq kimi qaynayırdı. Bu gen dünya, insanın gözünü baxdıqca bozardan, ilğımlar və üfüqlərin pərdəsinə kimi işləyən uzunluqda, uzaqlıqda darlıq hardan ola bilərdi? Niyə bu genişlik insana darlıq gətirirdi? İnsanın içində hər kəsin öz ruhu öz səsində boğulur, öz hıçqırığında qırılır, çilik-çilik olurdu… Yer qum, çöl qum, sağ qum, sol qum… bom-boz bir qum dənizi, bəlkə də dalğalı qum okeanı. Burda nə sahil vardı, nə ada, nə də körfəz yox idi. Cənubdan əsən səmum yeli insanın dilini, dodağını, göz qapaqlarını, gözünün içində gizlənən bir damcı yaşı belə qarsır, gözünün içinə sanki qumqarışıq zəhər çiləyirdi. İnsan bozdan başqa bir rəng görmür, işıqla qaranlığın, göz yaşı ilə dumanlığın pərdəsi arxasından baxır, yaxının nə qədər yaxın, uzağın nə qədər uzaq olduğunu nə kəsdirə, nə də anlaya bilirdi. Onlardan — minlərlə insandan yalnız daha sağlam olanı — bir ya iki nəfər ancaq olardı, buranın — Vətəni Qafqazda qalan Cavalet və Meshet dağlarından çox uzaqda kim bilir, bəlkə də Xəzərin o tayında Ağcaqum, Qaraqum çölləri olduğunu fəhmin gücüylə anlayırdı. Ancaq burada yüzlərlə insan — kimi yaralı, kimi ac-yalavac, kimi əldən-dildən düşmüş, üzülmüş, kimi heyrət içində dibsiz göylərə baxır, son gücünü toplayıb Allaha dua etmək istəyir, ancaq o qədər ümidsizdir ki, indi dua etməkdənsə, daha çox bu qədirsiz-qiymətsiz dünyaya qarğış, küfr etmək, lənət demək istəyir. Var gücüylə lənətləmək, lənətləmək, hey tüpürmək istəyirdi

Ancaq başına fəlakət gələn, dəhşətli acılar yaşayan türk ulusu fitrətindən güc alıb, faciələrə yenilməyib, xəyanətlərdən sarsılsa da, yaşamağa, yenidən yaşamağa, yaratmağa-qurmağa ümidi qırılmayıb, ayağa qalxıb və var olub: «Bu dünyanın dəyəri, qiyməti bu idi, bu haqsız, ədalətsiz dünyanın layiqi bu idi… Bir yanda cır-cındıra bükülmüş qoca qarı, bir yanda son damla südünü-artıq qanqarışıq gəlsə də göy əskiyə bükülü körpəsinə verən canı üzülmüş gənc gəlin heyrət və qorxu içində uzaqlara baxır, bir hərəkət edən qaraltı görmək ümidiylə hey baxır, baxırdı. Bu nə yerdi ilahi? Ucsuz-bucaqsız səhra, hər yer qumdu… Adda-budda qurumuş saksaul kollarından başqa hərəkət edən bir şey yox idi. Bu saksaulun da Allah kökünü qurutsun… O da elə hey vahimə verir, uzaqda dayanan bir vəhşiyə bənzəri ilə onu canlandırırdı. Burada boz yazıları izləyən, saksaullardan canı üşüyən hər kəsin bir arzusu vardı; kaş hardansa bir atlı çıxaydı… Bir boz atlı. Olmasa, qoy atlı olsun… Göy atlı… Olmasa, cəhənnəmə, lap qara atlı olsun… Yetər ki, bir atlı olsun… Lap yerin dibindən çıxsın, ancaq çıxsın. Lap gordan cin kimi çıxsın, ancaq çıxsın… Sönməkdə olan son ümidə kibrit çəkəcək bir atlı… Məşəl tutacaq bir atlı. Bu sonsuz cəhənnəm dünyasında aclıqdan, soyuqdan, səfalətdən inləyən heç kim Allahı axtarmırdı, hamı daha çox Allahın müjdə payı olacaq o atlını gözləyirdi. İnsanlar burada, bu qumun içində Allahdan çox At arzulayırdılar».

Tarixdən görünən gələcəkdən danışırdı mərhum Əli Kərimbəyli: «Tarixin bilinməz gedişi elə gətirdi ki, Səfəvi və Osmanlı xanədanı eyni vaxtda zaman istehzasına büründü və çökdü. Şah və sultan babalarımız siyasi uzaqgörənlikdə hiyləgər və məkrli Avropanın qərbinə böyük keçmişini və eyni zamanda daha çox böyük gələcəyini uduzdu. Bəli, onlar çökdü. Cənubda Səfəvilər, Abbasilər, Qacarlar, şimalda Ağ Orda və şimal-şərqdə Altın Orda, cənub-qərbdə isə Dövləti-Ali… Osmanlılar. Məhz o gündən etibarən bütün Türk dünyası tamam yiyəsiz, yetim qaldı. Halbuki Sultan IV Muradın fərmanı və sonrakı sultanların nəzarəti ilə kütləvi qırğınlara məruz qalan və xüsusilə Qərbi Avropada yaşayan yəhudiləri «osmanlı təbəəsi» elan etdilər, təbii ki, yəhudi qırğını da dərhal durduruldu. Qəribədir, dünyaya səpilmiş yəhudiləri osmanlı türkləri soyqırımdan xilas etdilər, Sultanın bir fərmanı ilə yüz minlərlə yəhudi ölümdən qurtuldu, bununla yanaşı türklərin qoruyub saxladığı digər — çox zaman Türkün özündən dönən millətlər isə türk mənşəli xalqlara bacardıqca daha çox zərbə vurur, zülm edir, həqiqi mənada kütləvi işgəncələrə, soyqırıma məruz qoyurlar. Osmanlı türklərinin bu fərmanını Avropada yalnız Hitler pozdu. Çünki dünyanın fövqəldövləti olan Osmanlı, Teymurlar, Altın Ordu, Krım xanları yox idi. Ona görə də keçmişdən bəri Çingiz xandan, Uca Əmir Teymurdan, Sultan Bəyaziddən, fateh Sultan Məhəmməddən, Sultan Süleymandan, Şah İsmayıldan… yalaq köpək kimi qorxan «krallar» və ya «karollar» silahsız-sursatsız, topsuz-tüfəngsiz, hətta qılıncsız-xəncərsiz türk tayfalarından keçmişin gələcəyə hesablanmış qisasını almağa başladılar, yəni bu türkləri elə məhv etmək ki, bir də tarix səhnəsinə çıxa bilməsinlər».

Repressiyaya məruz qalan türklərin sayı milyonlarladı: «SSRİ-də böyük bir bir xalq kütləsi — on minlərlə azərbaycanlı, qazax, özbək, tatar… Türkləri inqilab bəhanəsiylə, böyük bir hissəsini Trotskinin, Buxarinin, Zinovyevin «dostları» adı ilə 1937-38-ci illərdə «trotskist, pantürkist, panislamist, antisovet, əksinqilabçı…»- deyə hərbi-siyasi repressiyaya məruz qoyub məhv etdilər. Bu zaman repressiyaya məruz qalan Türk aydınlarının özlərini gülləyə-qurşuna düzür, arvad-uşağını isə soyuq Sibir, Qazaxıstan, Qırğızıstan çöllərinə sürgün edir, onları büsbütün acı taleyin müdhiş girdabına buraxırdılar. Taleyin tarixi rişxəndinə bir bax; SSRİ-də yaşanan bu hallar, bir az yumşaq şəkildə eynilə Türkiyə Cumhuruyyətində, İranda, Yuqoslaviyada, İrakda, Bolqarıstanda, Azərbaycanda, Çində, mənfur-əbləh qonşumuz hayklar — İrəvanda — Ermənistanda (qədim oğuz yurdu) bir sözlə, demək olar, hər yerdə və o cümlədən Gürcüstanda… dünya Türklüyünə qarşı bir Səlib-Xaç yürüşü başlamışdılar. Səlib yürüşlərinin bəhanəsi guya xristian yurdu müqəddəs Fələstini müsəlmandan azad etmək idi. Ancaq burada türkün günahı sadəcə, etnik Türk olmağında idi. Ancaq heç utanıb-qızarmırdılar. Yüz minlərlə insanı tarixi vətənlərindən qoparıb ayırır, hərəkətlərindən zövq alırdılar. Silahsız-sursatsız sivil türk xalqları ilə, o cümlədən Axısqa türkləri ilə həvəs və şövqlə vuruşur, qalib durumunda poza tuturdular. Bundan daha eybəcər, xəcalətli, utanc gətirən bir hadisəni dünya tarixi o günə qədər heç vaxt görməmişdi. Bu, tarixin ən dəhşətli faciəsi idi. Silahsız insanları heç bir günahı olmadan kütləvi şəkildə qırıb-tökmək, qanına qəltan etmək… Yəqin insanlığın sonu gəlmişdi. Gənc sovet dövləti öz vətəndaşlarına qarşı, bağışlayın, yalnız türk millətindən olan vətəndaşlarına qarşı ağlasığmaz cəza tətbiq edirdi. Bəli, yalnız ona görə ki, onlar türk kimi doğulmuş, türk kimi böyümüş, türk kimi yaşamışdılar. Qəbahət bu imiş. Bəs kim isə — ya kommunist, ya kapitalist demişdi ki, insan insanın dostu, qardaşıdır. O sözləri Moskvada, Tehranda, Belqradda, Parisdə, Londonda… siyasilər və diplomatlar oxumamışdımı? Bir gözləri türkdən çoxdan ağrılı olsa da, o biri kor gözləri, ilan gözləri, şüşə gözləri ilə o sözləri bir dəfə belə görməmişdilərmi? Sivil-siyasi diplomatiya və dövlət idarəçiliyi metodları başda ingilislər olmaqla öz yerini qisasçı şüura vermişdi.

1944-cü il. II Dünya savaşının qanlı olayları azalır, müharibə sona gəlirdi. Fürsətin əldən çıxacağını görən Anastas Mikoyan öz məkrli Qafqazı türkdən təmizləmək planına Stalini inandıra bildi ki, türklərin — Azərbaycan və Axısqa türklərinin Qafqazdan köçürülməsi guya yalnız Sovet İttifaqının deyil, həm də Gürcüstanın xeyrinədir. Bu mürtəce yanlış planı Stalin bəyəndi və SSRİ Dövlət Müdafiə Komitəsinin 31 iyul 1944-il tarixli 6279 saylı qərarı ilə Gürcüstanda yaşayan Axısqa türkləri minillik doğma vətənlərindən Qazaxıstan, Qırğızıstan və Özbəkistana birdəfəlik köçürüldü».

«Bu, məcburi köçdür, sürgün deyil» deyir araşdırmaçı. Ona görə ki: «Sürgünün vaxtı, müddəti olur. Sürgün müddəti bitdikdən sonra cəzaya məruz qalan insan öz doğma məmləkətinə qayıdıb gələ bilər. Ancaq bu köçdə iştirak edən adamlar yaşayış yerlərini dəyişmək hüququndan birdəfəlik məhrum edilmişdilər. Yəni bu günahsız insanlar heç bir zaman dönüb tarixi vətənlərində öz hüquqlarını tələb edə bilməzdilər. Dədələrinin, babalarının, nənələrinin, balalarının, sevdiklərinin məzarını ziyarət edə bilməzdilər. Zavallı Axısqa türklərindən heç kim bilmirdi ki, niyə belə müdhiş cəzaya layiq görülmüşdülər? Ancaq A.Mikoyanla İ.Stalin yaxşı bilirdi. Onların saxta məntiqə belə sığmayan yalan ittihamları bundan ibarət idi ki, guya Axısqa türkləri, onların da qonşuluğunda yaşayan mesheti türkləri, kürdlər və digər müsəlmanlar Türkiyə Cümhuriyyəti ilə bir sərhəddə yerləşir, türklərlə qohumluq əlaqələri olduğuna görə Türkiyə istihbarat — kəşfiyyat idarələrinə «işləyər, casusluq fəaliyyəti göstərər, gizli hərbi-dövlət sirrlərini türk tərəfə ötürə» bilərdilər. Qərarda göstərilən səbəb bunlar idi. Əgər bu səbəbləri göstərməklə köç qərarı 1939-40-cı illərdə, savaşın ilk illərində qəbul edilsəydi, bütün inanılmaz tərəfləri ilə yenə də düşünən insan özünü birtəhər, zorla inandıra bilərdi ki, bəli, bu səbəblər köç üçün ciddi səbəb ola bilər. Çünki müharibənin nəticələri hələ bilinmir, gələcəkdə Sovet İttifaqını nələrin gözlədiyi naməlum idi. Halbuki qərar 1944-cu ilin iyulunda verilir, yəni müharibə bitmək üzrədir. Cəbhə bölgəsi Sovet İttifaqının sərhədlərindən çox uzaqlarda yerləşir. Hətta Şərqi Avropanın qərbində. Demək, nə bu qərara, nə də buralardan Axısqa türklərini köçürməyə ciddi arqument yoxdur.

Cəsusluq əməlləri hətta türklərin xeyrinə doğru olsa belə, bunun faşizmə qalib gələn Sovet dövlətinə bir təsiri olmazdı. Digər tərəfdən Türkiyə Cumhuriyyəti o zamanlar hərbi potensialına görə SSRİ-dən və hər hansı Avropa dövlətlərindən çox zəif idi. Türkiyə Cumhuriyyəti artıq Hitler Almaniyası ilə demək olar ki, bütün diplomatik əlaqələri, bağları kəsmək üzrə idi, bunun siyasi yekunu olaraq, 1945-ci ildə Türkiyə Cümhuriyyəti Hitler Almaniyasına müharibə elan etdi. Türkiyənin o zaman Almaniyaya müharibə elan etməsi Türkiyə xarici siyasətinin ən ağıllı və ən böyük uğuru idi».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 15 noyabr.- S.13.