Dərdlə işıqlanmaq fərəhi

 

(Əli Rza Xələflinin bayatıları haqqında)

 

Bayatı çağırmaq — dərdlənməkdir, başqası ilə dərdləşməkdir.

Dərd ruhsuzu, gücsüzü əldən salır, özündən ayırır. Güclünü ruhlandırır, özünə doğmalaşdırır.

Dərd dərdlini, dərdli də dərdi anlayır.

Dərd dərdlini böyüdür: dərdli dərdinin yiyəsi olur.

Dərdli dərdini çiynindən atanda — dərdə yenilir.

Dərdsizlik — arsızlıqdır.

Dərd — anlayan üçün dərsdir, fəlakətlərə düşməmək dərsi.

Cılız dərdlərdən qurtulub böyük dərdləri çəkmək qüdrətinə yetmək, dərdi yenmək, yeni dərdlər yaratmamaq dərsi!

Ocaq közə bükülməz,

Yalan sözə bükülməz.

Düzə «düzdür» deyilsə,

Düzün dizi bükülməz.

Dərdliyik — həsrətimizlə, kədərimizlə:

Dərd yaradırıq, dərdə düşürük, dərddən çıxa bilmirik.

Dərdi yenib fərəhə yetməyimiz gərək!

***

Əli Rza Xələflinin bayatılarında dərd çəkmək, dərdlə qaynayıb-qarışmaq, onunla dərdləşmək, dərd ünvanı olmaq, dərdiylə işıqlanmaq fərəhi var.

Canımda yara sızlar,

Can göynər, yara sızlar.

Çəkdiyimi bilər,

Çəkməsə yarasızlar?

O, dərdini aydın, duru, diri bayatı diliylə çağırır. Bayatı dilində dərdi çağırmaq ənənəsi çağdaş ədəbiyyatımızda geniş yayılmayıb. Yayılsın, ömürləşsin gərək.

Çox zaman dərdlə oynayırlar qələm adamları, dərddən faydalanırlar, dərdli ünvan, dərdə ünvan, dərdə əlac olaraq görünmək istəyirlər, dərd üstündən dərd gətirirlər dərd çəkənlərə. Belədə dərdi qeybətə çevrimək dərdi , dərdlini urvatsızlaşdırır.

Dərdi dərdli çəkə bilər yalnız.

Zorla dərdli görünmək olmur!

***

Dərdçəkənliktəbii, gərəkli, qaçılmaz, ölməyən, itməyən, hamıya görk olan ulusal, ruhani dərsdir!

İnsanlıqdan qaçan dərddən qaçır.

Dərdən qaçanözündən, özümlüyündən qaçır.

Dərdlə dost olmayan, dərddən güc almayan heç vaxt ruhani güclü ola bilməz.

«Zamanın gücü» deyilən bir güc yoxdur əslində! O necə zamandır ki, mənim dərdimin yanında görünmür .

Zamanın üzərimizdə hökmünü yaradanözümlüyümüzdən, ulusallığımızdan ayrılmağımızdır.

Dərdimizi yanlışımızdan özümüz yaratmışıq, «yetirmişik», indi oturub hönkür-hönkür ağlayırıq!

Söz-əməl birliyinə yetməmişik, ulusallıq ünvanı olmamışıq, yetkin fərdin yetkin xalq ünvanı olduğunu anlamamışıq, varlığımıza yiyə durmamışıq.

Özümlüyümüzdən səylə ayrılmışıq, zamanın şirnisinə aldanmışıq, indi dərdimizlə üz-üzə qalmışıq.

Ancaq zamana tam yenilməmişik. Ruhumuz qoymayıb. Yenilsəydik, bayatı çağıra bilməzdik

Bayatı çağırmağın həsrəti var, tələbi :

Dərdinə həmdəm ağlar,

Yad gülər, həmdəm ağlar.

Vətən sarı qəribin,

Gözləri hər dəm ağlar.

Niyə dərdi yaradırıq ki, sonra dərdən çıxa da bilmirik? Niyə dərdimizlə oynayırıq?

Dərdi bər-bəzəkli demək olmur. Dərdi dərd dilində demək olur yalnız.

Dərd diliruhun (İnamın, İdrakın, Mənəviyyatın, İradənin) dilidir, dərdə düşüb dərddən dərs almaqdır, dərdi aşıb fərəhə yetməkdir, «Başlı başını saxlasın» arsızlığından qutulmaqdır, bir sözlə, hamılıq səfalətindən qurtulub ulusun, insanlığın mahiyyətinə uyğun yaşamaqdır.

***

Əli Rza Xələflinin bayatıları üstə yarandı bu duyğularım.

İnsanın duyduğunun, yaşantılarının yiyəsi olmasının gərəkliyi tam anlaşılmayıb indiyə kimi.

Ona görə ki, dərd çəkənlərimizin ağrıları ömürləşməyib.

Dərd çəkənlərimizin ağrıyla yetdikləri məqamlar yiyəsiz qalıb.

Dərdi yoxaltmaq olarmı? Olar. O zaman ki, dərin, geniş düşüncəli insanlarımız yaransın, ardıcıl olaraq bu cür yaşantılara yiyə durulsun. Dərdin ifadəsi tariximizdə, ədəbiyyatımıza qalmasın, ömrə, ömürlərə keçsin.

Ulus olaraq özümüzdən asılı olanları etsək, o zaman çiynimizə ağır yük kimi düşən dərdlərimizi yenə biləcəyik. Ancaq kim elə düşünür ki, əsl həyatdərdsizlikdir, o, yanılır.

***

Dərdiylə baş-başa qalır, dərdindən güc alır, sarsılır, kövrəlir, hətta için-için ağlayır bayatı dilində Ə.Xələfli.

Dərdi çağırdıqca da dərdli ürəyi böyüyür, güclənir, sarsıntıdan, tərədüddən çıxır, əzabı yenir.

Dərd çəkməyin sonucu dərdi yenməkdirağılla, ürəklə!

Əsl dərd çəkəndərdin mahiyyətinə yetən, onu yenəndir!

Dərddən qaçmaqarsızların, dərdə dözməkləyaqətlilərin işidir.

Yananların, qananların ruhani məktəbidirdərd çəkmək!

Yalnız insani, ulusal dərdi çəkəndə hikmətə yetirsən, qaranlıqdan çıxırsan!

Özgəliklərin dərdini çəkməklə var olmaq, ulusa yaramaq mümkün deyil.

Özgəliklərə qapılmaq, qatılmaq dərd gətirir, dərdə salır ulusu, insanızamanında dərk edilsə , edilməsə .

Durnalar köçər gedər,

Arazdan içər gedər;

Vaxtsız solan gül görsəm,

Qəm məni biçər gedər.

Özgəliklər bizi dərddən çıxmağa qoymur, dərdimizi artırır.

İçimiz özgələşəndə özgəliklərə imkan yaratmış oluruq, özgə ünvanlı, özgəlik timsalı oluruq.

***

Dərdi çəkmək dərdi yenmək eşqiylə bir olmayanda faciəvilik başlayır, artır.

Dərdimiz sözləşir, bayatılaşır, obrazlaşır, hətta qanunlaşır, alın yazısı kimi qarabaqara izləyir bizi! Ulusumuzun iki yüzillik Araz dərdi Ə.Xələflinin diliylə hamımızın adından deyilir:

Arazım axdı getdi,

Canımı yaxdı getdi.

Sinəmdə dərd göyərdi,

Qəm gəldi baxdı getdi.

Dərdimizlə bir deyiliksə, dərddən yaza-yaza dərdsizləşirik, arxayınlaşırıq. Belədə dərdi yenmək əhvalımız yaranmır.

Dərdimizi elə deyirik ki, poetik tələblərə, ədəbiyyata yarayır, ulusallığımıza yaramır.

***

Əli Rza Xələflinin bayatılarında başlıca dərd ayrılıqdır: itirilmiş torpaqlarımızın, ikiyə bölünmüş, o taylı, bu taylı Azərbaycan dərdi, Qarabağ dərdi, doğulduğu Cəbrayılı itirməsindən yaranan dərdi:

Ayrılıq dərdini candan yaşayır, canlı yaşayır o.

Bayatıyla dərdi deməkelə sazla dərdi deməkdir, özü üzü dağlara:

Dağ obrazı var Əli Rza Xələflinin bayatılarındayenilməyən, sarsılmayan, yağı əlində olsa da, yağıya yenilməyən, heç vaxt yağının olmayan, yağının başı üzərində, yağının bağrını dələn:

Gülü bitəndi dağlar,

Günü ötəndi dağlar.

Demə kimsəsiz qaldı,

Özü Vətəndi dağlar.

O dağların, ormanların, bulaqların heç biri yağı nəfəsiylə qızınmır indi .

O ellər Türk Ruhundan yaranıb, həm bizi yaradıb, yaşadıb.

Eləmi getdim, dağlar,

Gözündən itdim dağlar.

El səndən ayrı düşüb,

Dururmu Dirim, dağlar?

Bayatı çağıran özünü bayatılarıyla ovundurur, yanıb-yaxılır, qovrulur. Ancaq dərdindən güc ala bilir, ömrü işıqlanır:

***

Əli Rza Xələflinin bayatılarında varislik ənənəsindən gələn bəhrələnmə var: bu, əslində dərd çəkənliyi ağıl-ürək birliyi səviyyəsində yaşamaq, yaşatmaq gücüdən gəlir. Bu baxımdan onun sevgi konulu bayatılarında Sarı Aşıqla bağlı işarətlər, vurğular, aqibət doğmalığı axtarması doğaldır.

Sən özünü Yaxşı san,

Şükür eylə, Yaxşısan.

Mən Aşıq olmasam da,

Sən Yaxşıdan yaxşısan.

Davamlı, inadlı, ruhlu həsrətheyrət yaradır, sevdiyində, xəyallarında yaratdığında aşiqlik örnəyi görürsən, səndən əvvəlkilərin çəkdiyini, həsrətini, heyrətini ipə-sapa necə düzdüyünü anlayırsan:

***

Heyrətli ağıl sözü söz xatirinə demir, söz sözlük imkanına yetir, bədiiyyatlı, nizamlı könül çırpıntıları yaranır -gerçəkliyi ötən:

Həsrət çəkən göz olar,

Dərd qövr elər, söz olar.

Sinəm elə yanır ki,

Min ocağa köz olar.

Əli Rza Xələflinin bayatıları dərdə yiyəlik harayı, inadı üstə çəkilibinsana, ulusa, bəşərə doğma.

Doğmalığın qaynağıinsanın ümidi, inamıdır.

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 16 noyabr.- S.15.