Venaların varikoz genişlənməsi
Bir sıra belə
hallar ayağın kəsilməsinə, hətta ölümə
də səbəb ola bilər
Ayaqlarda ağırlıq hissi və ya ağrı, ayaqların yorulması, ödemi, qıcolması (xüsusilə gecə qıcolmaları), venaların genişlənməsi, ayaqlarda damar toru və trofik pozğunluqlar ayaq dərisinin tündləşməsi və dərialtı piy toxumasının qalınlaşması artıq sizdə varikozun olduğundan xəbər verir.
Damar genişlənməsinə 20-30 faiz qadınlarda rast
gəlinir. Bu
xəstəliyə kişilərdə çox az
təsadüf edilir.
Qan arteriya vasitəsilə ayaqlara gəlir və oradan
sürətli axınla ürəyə gedir. Kiçik
damarlara yaxınlaşdıqda qanın hərəkəti
yavaşayır və sonra yenidən damara yığılaraq
ürəyə axır. Damarlarda klapanlar
var. Bu klapanlar qanın geriyə axmasının
qarşısını alır. Damarların
divarları isə hər zaman tonusda olur və bu qüvvə
qanı ayaqdan ürəyə itələyir.
Ayaqlarımızın əzələsi qanın yaxşı
işləməsində az rol oynamır.
Bunun üçün eyni bir qaydada duranda
ayaqlarımızı komfortlu hiss etməməyimiz təsadüfi
deyil.
Damarlarda varikoz genişlənməsi zamanı
ayaqların əzələsi və damarlarımızın
divarlarının tonusu çox aşağı olur. Qan ürəyə
vurulmaqdansa klapanlar arasında durur. Bunun nəticəsində
damarlar genişlənir, dərinin üzərinə
çıxır və damarlar öz elastikliyini itirir. Bu da şişkinliyə, ayaqlarda ağrılara,
hüceyrələrin normal qidalanmasına mane olur.
Varikoz çox zaman ayaqlarda olur, yoğun
bağırsağın çıxışında rast gəlinən
varikoz babasil (hemorroy), yumurtalıqda rast gəlinən
varikoçele adlanır. Varikoz genişlənməyə səbəb, bir
çox xəstəliklərdə olduğu kimi, artıq
çəki problemi ola bilər. Varikoz bəzən ürək xəstəliklərinin
də xəbərçisi olur. Varikoz
genişlənmə damarların uzanması və diametrinin
artması deməkdir. Bədənin hər
hansı bir hissəsində əmələ gələ bilər.
Ancaq bədəndə ən çox təzyiq
ayaqlara düşdüyü üçün varikozun ən
çox göründüyü yerlər də ayaqlar olur.
Varikozun
meydana gəlməyində təsirli olan bir çox faktor var:
artıq çəki, hamiləlikdə yaşanan hormon dəyişməsi,
estrogenli dərman istifadəsi, uzun müddət oturaq iş,
uzun müddət ayaqüstü qalmaq, idmansız həyat,
siqaret, spirt və yaşlılıq.
İşdə bütün günü ayaq üstündə
duran və uzun müddət kompyüter və ya sükan
arxasında vaxt keçirən şəxslərdə
aşağı ətraf venalarının varikoz genəlməsi
riski daha yüksəkdir. Bu, oturaq vəziyyətdə venaların
sıxılması və buradan keçən qan cərəyanının
ləngiməsi ilə əlaqədardır. Məhz bu hal aşağı ətraf
venalarının varikoz genəlməsinə təkan verir.
Venaların vəzifəsi hüceyrə və orqanlardan
gələn istifadə edilmiş qanı təkrar oksigenlə
zənginləşmək üçün geri ağciyərlərə
qaytarmaqdır.
Nazik venalar qanı ürək və ağciyərlərə
doğru itələmək iqtidarında deyil və bunun
üçün aşağıdakı sistemlər onlara
kömək edir:
1.
Venaların daxili qişalarının
çıxıntısı olan venoz klapanlar birtərəfli
hərəkətin təmin edilməsi üçün tənzimləyici
rolunu oynayır. Onların adekvat işi sayəsində
qanın geriyə hərəkəti mümkün deyildir.
Klapanlar Yerin cazibə qüvvəsinin əksi
istiqamətində qanı kifayət qədər yüksək
məsafəyə qaldırmalı olduqlarına görə təbiət
tərəfindən üçqat venoz sistem
düşünülmüşdür. Bunun
sayəsində yük orqanizmin venoz sistemləri arasında
paylanır.
2. Əzələ
nasosu. Venaların əzələ qişası
yaxşı inkişaf etməmişdir, ona görə də
qanın ürək və ağciyərlərə
qovulmasına skelet əzələləri kömək edir.
Onlar, yığılaraq venaları sıxır
və qan orqanlara ötürülür. Əzələ
pompası və klapanların işinin pozulması dərin
venaların üzərinə düşən yükü
artırır. Artan yükə davam gətirə
bilməyən dərin venalara aparıcı rolu dərialtı
venalara ötürür ki, bunun nəticəsində də
sonuncular tədricən genişlənir və venaların
varikoz xəstəliyini provokasiya edir.
Belə çıxır ki, aşağı ətrafların
varikozu xroniki xəstəlik olub, venaların diametrinin
artması, burada qan durğunluğu, vena divarlarının
nazikləşməsi və düyünlərin əmələ
gəlməsi ilə xarakterizə olunur. Aşağı
ətraf venalarının varikoz genişlənməsi
zamanı zədələnmiş venalar dəridən
görünür.
Qeyd edilən simptomlardan hətta birinin olması hər
hansı venoz patologiyadan xəbər verə bilər. Ola bilsin ki, bu
hal hələ xəstəlik vəziyyətinə keçməmişdir.
Venoz pozğunluqların ən erkən mərhələlərdə
qarşısının alınması sonradan ağrı və
ya fəsadlaşma riskindən azad olmaq üçün
bütün ömrü boyu həkim təlimatlarına riayət
etməkdən xeyli asandır.
Hamiləlik, ardıcıl olaraq qorunmaq üçün
həblərdən istifadə etmək və hormonal faktorlar
varikozun qadınlarda daha çox olmasına səbəb olur. Genetika da
varikozun meydana gəlməsinə böyük təsir edir.
Anasında varikoz olan qadınlarda bu xəstəliyin
olması riski var. Diametri 1-3 mm arasında olan varikoz genişlənmə
birinci dərəcəlidir. Birinci dərəcədə
varikoz xaricdən elə də nəzərə çarpmaz,
ağrı və sızıltı çox az
olar. İkinci dərəcə varikozda
damarın diametri 4-5 mm olur, ayaqda nəzərə çarpar,
daha şiddətli ağrı və şikayətlənmələrə
səbəb olur. Üçüncü dərəcə
varikozda ayaqda şişmə başlayar, sağ ayağın
diametri 20 sm olsa, sol ayağın diametri 25 santimetr ola bilər. Üçüncü
dərəcə varikozda ağrı şikayəti daha
çox olur. Ayaqqabı geyə bilmək
çətinliyi başlayır. Dördüncü
dərəcəli varikozda topuq hissədə dərinin rəngi
qaraya çalar. Sonuncu dərəcəyə
gəlmiş varikoz topuqda yaralara səbəb olur. Ən sadə varikoz qılça varikozudur. Ən ciddi varikoz isə topuq ətrafında yaraya səbəb
olan varikozdur.
Varikozdan xilas olmaq üçün, erkən diaqnozun
mühüm əhəmiyyəti vardır. Kiçik
damarların dəri üzərində ulduzcuqlar kimi olması,
damarların kobud şəkildə çıxması,
şişkinlik — varikozun əlamətləridir. Həmçinin ayaqlarda ağırlıq və
ağrı, əzələnin yığılması,
göynəmə, qaşınma, diskomfort artıq bir
siqnaldır.
Varikozun ən gözəl proflaktikası hərəkətli
həyat sürmək obrazıdır. Qaçmaq, velosiped
sürmək, üzgüçülüklə məşğul
olmaq, hündür mərtəbəli binalara piləkənlərlə
qalxmaq varikozun qarşısını alır. Həkimlər artıq çəkinin əmələ
gəlməməsinə diqqət etməyi tövsiyyə
edir. Artıq çəki varikozun əmələ
gəlmə səbəblərindən biridir. Bu siyahıya qəbzliyi də əlavə etmək
olar. Xroniki qəbz çanağa olan təzyiqi
artırır və bu da damarlara mənfi təsir göstərir.
Ayaqların masaji yalnız həkimin göstərişinə
görə olmalıdır.
Hər
gün 1,5 litir maye içmək məsləhətdir.
Mayenin azlığı qanın
qatılaşmasına səbəb olur və bu da hərəkəti
zəiflədir.
Ağır fiziki işdən və yükdən
qaçmaq lazımdır.
Statistika göstərir ki, xəstəlik illər
keçdikcə «cavanlaşmağa» meyl edir. Başlanğıc
mərhələlərdə venaların varikoz genişlənməsi
xəstə üçün heç bir narahatlıq törətməyə
bilər, lakin zaman keçdikcə ödemlər, damar
ulduzcuqları, əzələlərdə qıcolmalar və
ağrılar şəklində ilk xoşagəlməz əlamətlər
meydana çıxır. Əgər
varikozun profilaktika və müalicəsi vaxtında
aparılmazsa, ayaqlarda gözlə görünən vena
düyünləri formalaşmağa başlayır.
Varikoz xəstəliyinin ilk əlamətləri yaranan
zaman onun daha da inkişaf etməsinin qarşısını
almaq üçün sadə qaydalara riayət etmək
lazımdır.
1. Varikoz
xəstələrinə qaynar vannalar, saunalar, günəş
altında qalmaq əks-göstərişdir. Yüksək
temperatur venaların tonusunu azaldır və qan
durğunluğuna təkan verir;
2.
Hipodinamiya ilə mübarizə. Müntəzəm
fiziki məşğələlərin köməyi ilə qan
dövranını yaxşılaşdırmaq və
venaları möhkəmləndirmək olar. Bu məqsədlə
üzmək, fitnes, çox sürətli olmayan
qaçış göstərişdir;
3. Oturma
zamanı ayaqların biri digərinin üzərinə
atılmamalıdır, çünki bu zaman venalar
sıxılır və qan dövranı pisləşir;
4.
Artıq çəki ilə mübarizə. Artıq çəkili
şəxslərdə qanın həcmi, eləcə də,
ayaqlara düşən yük artır, bu faktorların cəmi
isə venaların varikoz genişlənməsinə aparıb
çıxarır;
5. Rezini
möhkəm corablar və sıx ayaqqabı, eləcə də
hündür dabanlı ayaqqabı geymək olmaz;
6. Oturma və
ya durma vəziyyətində çox qalmayın, yükü
növbələşdirin;
7. Səhərlər
ayaqlar üçün gimnastika və yüngül masaj edin
8. Ot və
qum üstündə daha çox
ayaqyalın gəzin;
9.
Tünd çay və qəhvə içməyin;
10. Televizora baxarkən və ya kitab oxuyarkən ayaqlarınızı başınızdan daha hündür səviyyədə saxlayın. Bunun üçün yastıq və ya ədyaldan düzəldilmiş yumaqcıqdan istifadə etmək olar.
Həkimlərin bildirdiyinə görə, venaların varikoz genişlənməsi təkcə xəstənin həyat keyfiyyətini azaltmayıb, həm də letal (ölüm) nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də xəstəliyin dərinləşməsinə imkan verməməli və ilk əlamətləri meydana çıxdığı zaman həkimə müraciət olunmalıdır.
Aşağı ətraf venalarının varikozu zamanı cərrahi müdaxilə heç də hər xəstə üzərində aparıla bilməz. Hazırda nisbətən təhlükəsiz və effektiv üsul skleroterapiya hesab edilir. Skleroterapiya qeyri-invaziv üsuldur və bu zaman zədələnmiş venaya xüsusi preparat yeridilir. Dərman vasitəsi venanın üst qatını dağıdır və onun yapışmasına səbəb olur. 1,5 il ərzində yapışmış vena sorulur və onun nəqliyyat funksiyası sağlam venalara ötürülür. Preparat həkim tərəfindən, aparılmış müayinələr əsasında və hər bir konkret xəstənin vəziyyətindən asıl olaraq seçilir. Effektin əldə olunması üçün 3-6 seans tələb olunur. Nəticə 2-8 həftədən sonra görünür.
Bir sıra hallarda həkim-fleboloq əməliyyat tövsiyə edir. Bundan qorxmaq lazım deyil, çünki hazırda çoxlu sayda bənzər əməliyyatlar icra olunmaqdadır və əməliyyatdan sonrakı ağırlaşmalara çox nadir hallarda təsadüf edilir. Əfuslar olsun ki, qadınların əksəriyyəti üçün varikoz xəstəliyi kosmetik problem kimi qəbul edilir. Ona görə də varikoz xəstəliyinə məruz qalanlar tibbi xidmət almaq üçün, əsasən xəstəliyin gecikmiş formalarında müraciət edirlər. Ancaq az adam bilir ki, varikoz xəstəliyini vaxtında düzgün müalicə etmədikdə, çox ağır, hətta həyat üçün təhlükəli olan fəsadlar verə bilər. Belə təhlükəli fəsadlardan biri venoz trombozdur. Tromboz zamanı venanın mənfəzində qan laxtası (tromb) əmələ gəlir. İri vena zədələndiyi halda bu, zədələnmiş sahədə qan dövranının demək olar ki, tam şəkildə tutulmasına, nəticədə isə ətrafın venoz qanqrenasına (ölüb getməsinə) səbəb ola bilər. Bir sıra belə hallarda ətrafı amputasiya (kəsmək) etmək lazım gəlir. Dərin venaların trombozu zamanı, tromb venanın divarından qoparaq, qan axını ilə ağ ciyər arteriyasına daxil olaraq onun müəyyən bir hissəsini qapaya bilər. Nəticədə isə ürəyin öz fəaliyyətini dayandırması səbəbindən ölüm də baş verə bilər. Həkimlər xəstələrə həm də qidalanmalarına nəzarət etməyi və sağlam həyat tərzi sürməyi tövsiyə edirlər.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 19 noyabr.-
S.13.