Yeddinci qapı yaxud Yaradıcı İnsan
ömrünün pillələri
«Hər kəs
öz taleyinin dəmirçisidir»
Qədim latın kəlamı
«Qəribə illər idi o illər. Onda uşaq doğulmurdu, kişi doğulurdu. Aclığa dözən,
dərd çəkən, qayğı çəkən,
anasının göz yaşını silən, çörək
qazanan kişilər…
Başqa illər idi o illər. Uşaq yox idi. Kişilər var idi, kişilər. Üç
yaşında, dörd yaşında, beş
yaşında kişilər…
Uşaq
doğulmurdu o illərdə, kişi
doğulurdu, dostunu, düşmənini tanıyan kişi…
Mən ağlamadım, gülmədim. Atamı soruşdum… Kədər daşıdım, sevincimiz yox idi.
Şərəfimi daşıdım, üç
yaşımda, dörd yaşımda, beş
yaşımda…
Mən şaxta ilə, soyuq ilə dostlaşdım,
paltarım yox idi. Mən torpaqla dostlaşdım,
çörəyimiz yox idi. Oxudum, qələmim,
kitabım yox idi.
Qəribə illər idi o illər. Bu illərə
bənzəmirdi o illər. Kişilər var idi, kişilər…»
…Təxəyyülünün
məhsulu, bədii mübaliğəsi deyildi qələmə
aldığı mənsur şeir. Əslində
gerçək tərcümeyi-halı, dünyaya göz
açandan ilkin zamanların gündəmi, gördüklərinin,
duyduqlarının, çəkdiklərinin əks-sədası
idi yazdıqları.
O illər
dünyanı başqa rəngdə görmüşdü. Sonralar isə hər şey dəyişmişdi rəngini.
Sayagəlməz əlvan rənglər çələngi
varmış bu dünyanın. Və onun zərrəciyi
olan bağ-bağatlı həyətin qənşərində
gilas ağacı səhər günəşinin şəfəqlərində
sanki çimir, rəngdən-rəngə
düşürdü…
O illər
anası hər gün bu ağacın başına dolanar,
nazını çəkər, meyvələrinə əl
vurmazdı. Oğlunun sual dolu gözlərinə baxıb
pıçıldayardı:
- Atan gəlib
özü dərər, inşallah.
O
görürdü ki, atasının əkdiyi gilas ağacı
hər il bar gətirəndə anası
ümidlə yollara baxır, ərinin cəbhədən
sağ-salamat qayıtmasını gözləyir…
Müharibə qurtaran ilin bir yaz səhəri
anasını gilas ağacının yanında oturub
ağlayan gördü. Cəld qaçaraq özünü
yetirdi. Gilas ağacının yarpaqları
saralıb solmuş, budaqları qurumuşdu. Anasını güclə ovunduranda onun
saçlarına dən düşdüyünü
gördü.
-
Hayıf oldu. Yaxşı əlamət deyil
heç bu.
Ananın dərddən səsi titrəyib
qırıldı.
Oğul təsəlli
verdi:
-
Payızda təzəsini əkərəm bunun yerində.
Əlüstü
etiraz etdi ana:
- Yox,
lazım deyil, — dərindən ah çəkdi, — düşər-düşməzi
olar, Allah eləməmiş.
Ancaq
payızda o, qurumuş ağacın yerində balaca gilas
şitili əkəndə anası əllərini başı
üstə qaldırıb xeyir-dua elədi:
- Xeyirli
olsun, bala, Allah muradına çatdırsın.
Münəvvər ananın xeyir-duası müstəcəb
oldu.
Kiçik gilas ağacı böyüdü, qol-budaq atdı,
yaşıl don geydi, çiçəkləyib bar verən ili artıq boy-buxunlu sütül cavan oğlu
muradına çatdı — orta məktəbi bitirib universitetə
qəbul oldu.
Ana sevinirdi ki, il-ildən uğurlu gəlir. Ali təhsilini
başa vuran jurnalist oğlu evlərindən bir qədər
aralı rayon mərkəzinə sübhün gözü
açılanda gedib qaş qaralanda qayıdır. Sənətinə, iş-gücünə ürəkdən
bağlanıb. Rayonun üzü dağlara
söykənən uzaq kəndlərini belə yoruldum demədən
ayaqdan salır, qələmi əlindən düşmür.
Axşam evə gəlib şamını eləyən kimi
kitablarla dolu otağına çəkilib hey yazır…
Münəvvər ana sevinirdi ki, onun Hüseynağa
oğlu öz biliyi, zəhməti ilə getdikcə
tanınır, sayılıb seçilir, rayonda hörmət-izzət
sahibi olur.
«Savadı, vəzifəsi öz yerində, həm də
halal adamdır. Haqqı-nahaqqa vermir, ədalətlidir».
Oğlu
barədə eşitdikləri ana ürəyini dağa
döndərir, dünyaya göz açan nəvələrinin
başına dolanır, gəlini Gülüşü
doğma qızından ayırmırdı…
Maarifçilik
missiyası
…Tale elə
gətirmişdi ki, mən də «Beş yaşında
kişilər» mənsur şeirində təsvir olunan həmin
o «qəribə illərdə», «yaman illərdə», müəllifin
təbirincə «uşaq doğulmayan, kişi doğulan» illərdə
dünyaya göz açmışdım. O illərdə ki,
dünya, insanlar, təbiət, hətta həyətimizdəki
ağaclar da başqa rəngdə idi elə bil.
«Hər kəs öz taleyinin dəmirçisidir». Bizim taleyimizə
uşaq, yeniyetmə çağımızda zindanda
döyülərək közə dönən dəmir kimi
haldan-hala düşmək nəsib olmuşdu. Necə
dözmüşdük, kitabsız, qələmsiz məktəbə
gedib ac-yalvac necə nəğmələr oxumuşduq… Yerdə anamız, müəllimimiz, göydə
Allah bilirdi bunu.
Ancaq… oxuduq, bütün məhrumiyyətlərin,
aclığın, atalarımızı oda salan düşmənin
acığına oxuduq. Orta məktəbi bitirib universitetə qəbul
olunanda analarımız necə də sevindilər, kövrəlib
ağladılar. Sütül cavanlar idik, hələ
dərindən anlaya bilmirdik bunun səbəbini. Çünki sevincimizdən göyün yeddinci
qatına qanadlanmışdıq. Bizim
üçün dünyanın rəngi dəyişmişdi,
artıq arxada qalan ağır illərin, ehtiyacın «rəngi»
üzümüzdən hələ tamam silinməsə də.
İllər keçəcək Hüseynağa Qəniyev
«Anamın göz yaşları», «Çərxi-fələk»,
«Ölməzlik» hekayələrini yazacaqdı. Sonra bir-birinin ardınca
kitabları nəşr olunacaqdı: «Ətirli çay»,
«Ömrün mənası», «Yarışan tərəvəzçilər»,
«Zolaqlı yollar», «Sosioloqiçeskaya slujba v Azerbaydjane».
O, Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini
əla qiymətlərlə bitirəndən sonra doğma Lənkərana
qayıtdı. Bir müddət rayonlararası qəzetin
xüsusi müxbiri, şöbə müdiri vəzifələrində
işlədi. Çalışqanlığı,
bacarığı, dərin biliyi, ictimai işlərdə fəallığı
ilə, aktual mövzularda yazan istedadlı qələm sahibi
kimi diqqət çəkdi, sayılıb-seçildi, məsul
vəzifəyə layiq görüldü.
Mən qonşu Cəlilabadda raykom katibi işləyəndə
o da Lənkəranda həmin vəzifədə
çalışırdı. İdeoloji sahəyə
rəhbərlik edir, məsul olduğu işin öhdəsindən
bacarıqla gəlirdi.
Səliqə-sahmanlı, səbrli, təmkinli, tədbirli
idi. Doğulduğu bölgəni, adamları yetərincə
tanıyır, hər kəslə «öz dilində», səviyyəsində
danışırdı. İstər ucqar kənddə
sadə zəhmət adamı, yaxud dağda çoban, istərsə
də rayon mərkəzində, şəhərdə müəllim,
müəyyən qulluq, vəzifə sahibi olsun, fərqi yoxdu,
hamısı ilə ünsiyyət, işgüzar münasibət
yarada bilirdi. Tələbkar olduğu qədər
də qayğıkeş, diqqətcil idi. Yüksək
mədəniyyəti, mərifəti, insani keyfiyyətləri
adamlarda xoş ovqat yaradırdı. Həmişə
kabinetinin qapısı onların üzünə açıq
olurdu. Özü də tez-tez yerlərə
gedir, camaatın dərd-sərinə qalır,
irili-xırdalı problemlərinin həllinə
çalışır, köməyini əsirgəmirdi.
Eyni zamanda onun fəaliyyətində ən mühüm cəhət
maarifçilik missiyası idi. Maarifçiliyinin məqsədi
isə xalqa təmənnasız xidmət etməkdi. Elə bir maarifçilik ki, insanları elmi
dünyagörüşlə, dərin biliklə, həqiqətlə
silahlandırsın.
Zaman gələcək
fəlsəfə doktoru Elçin Mirzəbəyli
Hüseynağa Qəniyevin «Müstəbid» kitabına «Ön
söz»ündə yazacaqdı: «Mən heç yerdə o zaman
Lənkəranda olan maarifçilik mühitinə rast gəlməmişəm».
Maarifçiliyin təməli, dayağı isə kitab,
kitabın təbliğidir. Bu məqsədlə o
vaxt, sovet dönəmində dünya ədəbiyyatı
klassiklərinin, mütəfəkkirlərinin
külliyyatları, müxtəlif ensiklopediyalar, lüğətlər,
nadir nəşrlər abunə yolu ilə yayılırdı.
Bu, bütün şəhər və rayonlarda mərkəzləşmiş
qaydada, müəyyən olunmuş limitdə təşkil
edilirdi. Vəzifəmizlə əlaqədar
bu işə Cəlilabadda mən, Lənkəranda isə
Hüseynağa Qəniyev baxırdıq. O, Moskvaya,
Dövlət Nəşriyyat Komitəsinə rəsmi məktub
yazmış, «Kitab bayramı» ilə əlaqədar kömək
məqsədilə əlavə kitablar göndərilməsini
xahiş etmişdi. Odur ki, hər il Lənkərana
yenicə çapdan çıxmış dəyərli
kitablar göndərilirdi. Bakıdan, respublikanın şəhər
və rayonlarından dəvət olunan qonaqlarla birlikdə mən
də hər il Lənkəranda
keçirilən «Kitab bayramı»nda iştirak edirdim. Şəhər başdan-başa kitab sərgisini
xatırladırdı və kitab ən gözəl hədiyyə
sayılırıdı. Şəxsi, məktəb,
həmkarlar, dövlət kitabxanalarına
baxış-müsabiqələr keçirilirdi. Kitab yarmarkaları təşkil edilir, qaliblər
mükafatlandırılırdı. Həmçinin
kəndlərdə yenicə tikilib istifadəyə verilən
kitabxanaların və kitab mağazalarının təntənəli
açılışı olurdu.
Sonradan biz də bu təşəbbüsə
qoşulduq, «Kitab bayramı» respublikada geniş hərəkata
çevrildi.
Milliliyin
və bəşəriliyin vəhdəti
Uzun illər
Lənkəran və Masallı rayonlarında, respublikanın ali rəhbər orqanı AKP MK-da məsul vəzifələrdə
çalışan Hüseynağa Qəniyevin tərcümeyi-halında
yeni, özünün fəxr etdiyi bənzərsiz səhifələr
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə
açıldı.
Respublikanın ilk Milli Məclisinin üzvü kimi ona Azərbaycanın
Dövlət Müstəqilliyi Haqqında Bəyannaməyə,
Konstitusiya Aktına və Dövlət atributlarına səs
vermək səadəti nəsib oldu. O, Müstəqil Azərbaycan
parlamentinin ilk nümayəndə heyətinin
başçısı, AR Konstitusiyasını hazırlayan
Dövlət Komissiyasının üzvü kimi təqdirəlayiq
fəaliyyət göstərdi.
Filologiya
elmləri doktoru, professor Buludxan Xəlilov
«Azərbaycan dili: ən böyük sərvətimiz»
elmi-publisistik məqaləsində («Azərbaycan» jurnalı, H
8, 2013, səh.162-169) yazır: «Milli Məclisin üzvü,
yeni konstitusiya layihəsi hazırlayan komissiyanın
üzvü Hüseynağa Qəniyev… məsələyə
tarixilik baxımından yanaşmaqla öz mövqeyini dəqiq
bir formada təqdim edirdi. O, məsələyə məntiqi və
elmi cəhətdən düzgün yanaşırdı. Məsələnin tam mahiyyətini çox aydın
şəkildə izah etmək üçün tarixi
inkişafı elmlə, həyatla və cəmiyyətlə
bağlayırdı. Hətta elmdə və
sənətdə baş vermiş parçalanmanı,
diferensiallaşmanı inandırıcı, əsaslı bir
izahatla aydınlaşdırırdı. «Azərbaycan»
ifadəsi dünənimiz, bu günümüz və
sabahımız üçün çox şey deyir. Bu mənada Hüseynağa Qəniyev «Azərbaycan»
sözündə həm tarixilik, həm tarixi inkişafın
nəticəsi kimi yaranmış bir reallıq, həm də
birlik olduğunu nəzərə alırdı».
Təxminən
yarım əsr mətbuatda, ictimai-siyasi həyatda fəaliyyət
göstərən, diqqətçəkən səlahiyyətli
məsul vəzifələrdə çalışan
Hüseynağa Qəniyev öz xidməti işinə məsuliyyətlə
yanaşmaqla bərabər, yazıçı-jurnalist kimi
heç vaxt qələminə dinclik verməmiş, yazı
masası ilə ömürlük ülfət
bağlamışdır. 1964-cü ildən
Jurnalistlər İttifaqının, 1980-ci ildən
Yazıçılar Birliyinin üzvü olan
tanınmış qələm sahibinin hələ sovet dönəmində
«Azərnəşr», «Gənclik», «Yazıçı» nəşriyyatlarında
çoxtirajlı kitabları çap edilmişdir. Bir çox elmi, publisistik və bədii əsərləri
xarici ölkələrdə, o cümlədən ABŞ-da nəşr
olunmuşdur.
Pensiyaya
çıxandan bəri onun iş yeri dünya ədəbiyyatı,
elm və mədəniyyəti klassiklərinin əsərləri,
nadir nəşrlərlə zəngin şəxsi
kitabxanasıdır. Yenə qələminə
dinclik vermir, yazıları qəzet və jurnallarda («525-ci qəzet»,
«Ədalət», «Xalq Cəbhəsi» və s) çap edilir.
Xüsusən tarixi və fəlsəfi esseləri
oxucular tərəfindən maraqla qarşılanır. Hələ
2001-ci ildə «Müstəbid» kitabında yer alan
fəlsəfi esseləri Xalq şairi Bəxtiyar Vahabzadənin
diqqətini cəlb etmiş, o, öz keçmiş tələbəsinə
ən səmimi ürək sözlərini demiş, yeni
yaradıcılıq uğurları diləmişdi.
Unudulmaz müəlliminin, müqtədir sənətkar
alimin xeyir-dualı ibrətamiz sözlərindən ilhamlanan
Hüseynağa Qəniyev yeni, silsilə tarixi-fəlsəfi
esselərini yazıb mətbuatda çap etdirdi.
Esse azad ruh, müstəqil mühakimə qabiliyyəti tələb
edən bir janrdır. O, bu və ya digər dəyərlərə müəllifin
münasibətini ortaya qoyur. Hüseynağa Qəniyev yetkin qələm
sahibi kimi janrın tələblərinə cavab verən,
özünəməxsus üslubu, dəst-xətti ilə diqqət
çəkən, oxucunu dərindən-dərinə
düşündürən, maarifləndirib mənən zənginləşdirən
esselərində görkəmli tarixi şəxsiyyətlərin
(Homer, Sokrat, Mikelancelo, Kuruş, Perikl, Yuli Sezar, Çingiz xan,
Corc Vaşinqton, Atatürk) portretlər qalereyasını
yaratmışdır. Və ümumbəşəri dünya
tarixi fonunda Azərbaycan xalqının yetirdiyi
cahanşümul simaları (Babək, Şah İsmayıl Xətai,
Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə) milli
qürur hissi ilə oxucuya təqdim etmişdir.
«Babək və babəkidlər haqqında
düşüncələr» essesini həyəcansız oxumaq
mümkün deyil. Müəllif ömrünün tən
yarısını — 21 ilini (816-837) Vətəninin
işğaldan təmizlənməsi, xalqının
azadlığı, insanların bərabərliyi uğrunda
mübarizəyə həsr edən ulu Babəkin möhtəşəm
obrazını yaratmışdır.
«Bir gün azad yaşamaq qırx il kölə olmaqdan
yaxşıdır», — deyə hayqıran yenilməz sərkərdə
Bağdaddan Azərbaycana gələn bütün yolları
bağlamış, xilafət ordusu üzərində dəfələrlə
zəfər çalmış, Azərbaycanda müstəqil kəndli
dövləti yaradaraq, 20 ilə yaxın hökmranlıq
etmişdir. Vaxtilə İtaliyadan böyük olan bu dövlətin
400 min kv.kilometr ərazisi, 200 min döyüşçüdən
artıq ordusu olmuşdur. Onun böyük
sərkərdəlik istedadı, qeyri-adi təşkilatçılıq
qabiliyyəti bu böyüklükdə ölkəni idarə
etməyə, ordunu döyüşə hazır vəziyyətdə
saxlamağa imkan vermişdir. Babəkin yaratdığı
Azərbaycan kəndli dövləti, indiki dillə desək,
beynəlxalq qurumlar tərəfindən
tanınmışdı. IX əsrdə
dünyada iki nəhəng imperiyadan (xilafət və Bizans)
biri Bizans-Roma imperiyası onunla müttəfiqlik edirdi.
Müəllif Babəki Azərbaycan xalqının yenilməzlik,
qürur, məğrurluq rəmzi kimi tərənnüm edir. Xəyanət
nəticəsində məğlubiyyətə uğrayan sərkərdə
düşmən qarşısında sınmır, əyilmir.
«Qətl günü cəlladlar onu Möhtəsimin
hüzuruna aparanda gözünü qırpmadı, rəngi
qaçmadı. Möhtəsimin əmri ilə əli kəsiləndə
ondan soruşdular: «Öldürürdün, ölmək
asandırmı?!» O, cavab verdi:
«Azadlıq uğrunda ölmək nə qədər də
asandır».
Zəmanəsinin
mötəbər siyasətçisi sayılan Nizam-əl-Mülk
Babəkin qətli haqqında yazır: «O, Möhtəsimin
suallarına cavab vermədi: bir əlini kəsəndə, o biri
əlini qana batırıb, üzünə sürtdü və
üz-gözünü qızartdı. «Nə
üçün belə etdin?» sualına
belə cavab verdi: «Üzümü ona görə qana
buladım ki, bədənimdən qan axıb gedən zaman rəngim
solacaq, adamlar mənə baxanda elə biləcəklər ki,
ölümün qorxusundan rəngim qaçıb».
Müəllif
oxucunu son dərəcə təsirləndirən,
düşündürən, qəlbini qürur hissi ilə
dolduran essesini nikbin nidalı sözlərlə bitirir: «Babək
Azərbaycan xalqının milli azadlıq mübarizəsinin
ilk bayraqdarı, müstəqil, bütöv Azərbaycan
dövlətinin ilk lideri və şəhididir. Onun
şəxsiyyəti Savalan qədər əzəmətli və
uca, qəlbi ana Kür kimi mehriban və
çılğın, arzuları bütöv və müstəqil
Azərbaycan boyda geniş və müqəddəs idi».
…Parlaq zəka
ilə qüdrətli xarakteri özündə birləşdirən
şəxsiyyətlər ən uca zirvələri fəth
edir, fövqəlbəşərə çevrilirlər. Onlar hər yerdə, hər zaman güclü
olduqları kimi, həm də qalibdirlər.
Hüseynağa Qəniyev dünyaca məşhur belə
tarixi şəxsiyyətlər sırasında Şah
İsmayıl Xətainin adını xüsusi olaraq
vurğulayır. Və görkəmli ingilis filosofu Frensis Bekonun Şah
İsmayıl Xətai haqqında böyük hörmət və
ehtiramla fikir söylədiyini, onun adını dünyanın ən
nəhəng fatehləri, zəka və xarakter sahibləri,
dövlət baniləri, qüdrətli ruha,
yaraşıqlı və cazibədar görkəmə malik
insanlarla bir sırada çəkdiyini böyük qürur
hissi ilə qələmə alır.
Bekon
«Gözəllik haqqında» əsərində
yazmışdır: «Avqust Sezar, Tit Vespasian, IV Eduard, Alkiviad
Afinski, İsmayıl Şah yüksək və qüdrətli
ruha malik olmaqla yanaşı, zəmanələrinin ən
yaraşıqlı və cazibədar adamları olmuşlar».
«Şan-şöhrət haqqında» əsərində
isə o, dövlət banisi kimi Şah İsmayılı
hakimiyyətin ali pilləsində dünyanın ən azman
kişiləri ilə yanaşı görərək
yazmışdır: «Birinci yerdə dövlət banilərini
— Romul, Kuruş, Sezar, Osman, Şah İsmayılı yerləşdirərdim».
Kainatı əhatə edən zaman daxilində hər
şey axır, hər şey dəyişir, keçmişdə
qalır, unudulur.
Zaman yalnız dühaların möhtəşəm əməlləri,
sənətləri, kəşfləri və ideyaları
qarşısında diz çökür, onları
keçmişin qaranlıqlarında saxlamaqda, özü ilə
bərabər gələcəyə getməsini əngəllməkdə
acizdir.
Bu fikri
yeni dövr alman ədəbiyyatının banisi, mütəfəkkir
şair İohann Volfqanq Höte dahi Azərbaycan şairi Nizami
Gəncəvinin timsalında dolğun və sərrast ifadə
edərək demişdir: «Nizami Gəncəvi bütün
zamanların və xalqların ulu şairidir».
Dahi fizik
İsaak Nyuton özünəməxsus obrazlı dillə
söyləmişdir: «Dünyada elə bir ağırlıq
tanımıram ki, Nizami Gəncəviyə bərabər
olsun».
Ömrü boyu doğma şəhəri Gəncədən
kənara çıxmadığı halda ulu Nizami dünya
elminə yiyələnmiş, dini fanatizmin tüğyan etdiyi
dövrdə antik yunan elmi adı ilə dünyəvi elmlərə
üstünlük vermişdir. Mütəfəkkir sənətkar
«İsgəndərnamə» əsərində intibahın
labüdlüyünün elmi-nəzəri konsepsiyasını
bəşəriyyətə avropalılardan iki əsr əvvəl
təqdim etmişdir.
Dahi Azərbaycan şairinə həsr etdiyi essedə
Hüseynağa Qəniyev haqlı olaraq belə fikrə gəlir
ki, «Nizami konkret halda Gəncəvi adlansa da, əslində
ümumi zaman və məkan baxımından Dünyəvidir».
Azadlıq
yolunun yolçuları…
Təsadüf elə gətirdi ki, müxbir
Hüseynağa müəllimdən müsahibə alarkən
onların yanında oldum. Suallar da, cavablar da mənim
üçün çox maraqlı idi. Əlbəttə,
tək mənim üçün yox.
Sual: Azərbaycanın
dövlət müstəqilliyinin bərpası millətimizin
tarixində misilsiz fakt olsa da, bunun rəsmiləşdirilməsində
birbaşa iştirakı olmuş sizin üçün onun dəyəri
yəqin ki, xüsusidir.
Cavab: Mənim
üçün çox əlamətdardır ki, Azərbaycanın
üçrəngli bayrağının, Cümhuriyyət
dövründə qəbul edilmiş dövlət gerbinin yenidən
təsdiqlənməsində iştirakım olub.
Mənim fikrimcə Müstəqillik Azadlığa aparan
yoldur. Və bu yol Azərbaycan xalqının milli
azadlıq mübarizəsinin ilk bayraqdarı, müstəqil Azərbaycan
dövlətinin ilk lideri və şəhidi Babəkin 20 illik
mücadiləsindən başlanır. Böyük
tarixi şəxsiyyətlərimiz bu yolda Qılınc və Qələm
çalıblar. Adı dünyanın ən nəhəng
fatehləri sırasında çəkilən Şah
İsmayıl Xətai, ulu Nizami, Mirzə Fətəli Axundzadə
dühası… Vaxtilə Azərbaycan mətbuatının
banisi Həsən bəy Zərdabi Mirzə Fətəliyə
ürək yanğısı ilə yazmışdı: «Bizim
xalqımız kasıb torpaq kimidir, biz öz
külümüzlə bu torpağı yaxşılaşdırmaq
üçün yanmalıyıq».
Düşünürəm ki, biz xalqın milli-ictimai
şüurunu oyatmış, onu nadanlığın, fanatizmin
zülmətindən xilas etmiş dühalarımızın
iz qoyduqları Azadlıq yolunun yolçuları
olmalıyıq.
Sual:
Azadlığın nisbi olması fikirləriylə
razısınızmı?
Cavab:
Azadlığın əzələsi olmayanda insanı köləliyə,
məsuliyyəti olmayanda hərc-mərcliyə, əxlaqı
olmayanda vəhşiliyə aparıb çıxarır. Hər şeyin əndazəsi olmalıdır. İnsanın əxlaqı var, əxlaq olmayan yerdə
insan yoxdur. Əxlaq xalqın xoşbəxtliyinə
xidmət etməlidir, etmirsə, hakim dairələr müəyyən
prinsiplərdən öz məqsədləri üçün
yararlanırsa, o əxlaqın xalqa dəxli yoxdur.
Sual:
Azadlığın hüdudlarını kim
müəyyənləşdirir ki?
Cavab:
Əslində azadlığın çərçivəsi
yoxdur, sadəcə ictimai mühit, şərait, ümumi səviyyə
insanın azadlığının hüdudlarını müəyyənləşdirir.
İnsanın intellektual səviyyəsi,
dünyagörüşü nə qədər yüksəkdirsə,
onun azadlıq tələbatı çox olur. İntellekti olmayanı isə yalnız iqtisadi amillər
düşündürür.
Sual: Gənclərə
nə məsləhət verə bilərsiniz?
Cavab: Kant
yazırdı ki, «Haqq sözünü deməyə
gücün çatsın». Mənim isə gənclərə
məsləhətim belə olardı ki, haqq sözü demək
azdır, sözünü əməli işdə həyata
keçirmək lazımdır. Onda dediklərimiz
əmələ gələr.
Bir də oxumaq, mütaliə etmək vacibdir. Bədii əsərlərlə
yanaşı, eyni zamanda ensiklopedik bilik verən,
dünyagörüşü artıran kitabları
oxumağı məsləhət görürəm. Şəxsən mənim üçün dünya
tarixi və fəlsəfə daha böyük önəm kəsb
edir.
Mən bu gün də maarifçiliyə böyük
ehtiyac duyuram.
Yalnız bu yolla milli maraqları, milli
ideyaları bəşəri ideyalara qovuşdurmaq
mümkündür. Yalnız bu yolla həqiqəti
tapmaq, idraka aydınlıq, dəqiqlik, genişlik və dərinlik
vermək mümkündür. Bunun sayəsində
insan mistikadan, yalandan azad olub, özünə, millətinə
və reallığa qovuşa bilər. Azərbaycan
xalqının birliyinin, azadlığının yolunu məhz
bunda, milli və bəşəri ideyaların
qovşağında görürəm.
Qanun və
ədalət olmayan yerdə…
«Elə adamlar axtarın ki, onlarla söhbət etmək dəyərli,
maraqlı kitab oxumağa bərabər olsun. Elə kitablar
axtarın ki, onların mütaliəsi filosoflarla söhbət
qədər dəyərli olsun».
Ulu
Mövlanənin bu hikmətli sözlərini oxuyanda uzun illər
yaxından tanıyıb özümə dost, qardaş bildiyim
Hüseynağanı düşünürəm. Həqiqətən də onunla ürək söhbəti
etmək mənim üçün dəyərli kitab oxumaq
kimidir. Müəllifi olduğu
kitablarının mütaliəsi isə müdrik insanlarla
söhbət qədər maraqlıdır. Xüsusən
hələlik axırıncı, sayca yeddinci kitabı: «Zəka
və xarakter». Kitabın redaktoru, fəlsəfə doktoru
Elçin Mirzəbəyli elə ilk səhifədə oxucuya
müraciət edir: «Buyurun, İnsanlıq fəlsəfəsinə
— gələcəyə, işığa, müdrikliyə
açılan Yeddinci qapı Sizi gözləyir».
Oxucu maraq dolu həvəslə o rəmzi «qapını
açır», kitabı vərəqlədikcə yeni eradan əvvəlki
antik dövrdən bu günümüzə qədər məşhur
filosoflarla, mütəfəkkirlərlə sanki üz-üzə
qalır. Elmin işığında, alim zəkasının,
filosof təfəkkürünün ziyasında xeyirlə
şərin, xeyirxahlıqla bədxahlığın, həqiqətlə
yalanın, nəfslə gözütoxluğun, ədalətlə
ədalətsizliyin, haqqla nahaqqın, təbiiliklə
süniliyin, əxlaqla mənəviyyatsızlığın,
nəhayət demokratiya ilə diktaturanın zaman-zaman
mücadiləsini görür.
Müəllif
yazır ki, hakimiyyət tarix boyu hökmdarları iki yol
ayrıcında dayandırıb: birinci yol — onları həyatda
mənəvi yüksəlişə, rahatlığa, təhlükəsizliyə,
şöhrətə, xalqı firavanlığa, vəfat
etdikdə şan-şərəfə; ikinci yol isə
sağlığında daimi qorxuya, bədxahlığa, təhlükəyə
və mənfurluğa, xalqı səfalətə, öləndən
sonra isə rüsvayçılığa və şərəfsizliyə
aparmışdır.
Demokrat birinci, müstəbid ikinci yolu seçir.
Qanun olan yerdə istibdad və müstəbid, istibdad və
müstəbid olan yerdə isə qanun yoxdur. «Qanunun hakimiyyəti
olmayan yerdə dövlət quruluşu da yoxdur» (Aristotel).
Aristotelin fikrincə müstəbid xadqa inanmır, onu
fiziki, mənəvi cəhətdən sıxışdırıb
taqətdən salır. Allahsız olduğu halda, özünü
Allah adamı kimi göstərmək üçün
xüsusi tədbirlər düşünüb həyata
keçirir, mükafatları şəxsən özü, cəzaları
isə hakimlərin əli ilə verir. Aristotel
«Siyasət» əsərində yazır ki, gənc müstəbid
Frasibul məsləhət almaq üçün təcrübəli
müstəbid Periandrın yanına qasid göndərir.
Periandr elçinin gətirdiyi məktubu oxuyandan
sonra bir kəlmə danışmadan taxıl zəmisinə gəlir.
Ümumi səviyyədən azca yuxarı
qalxmış bütün sünbüllərin
başını kəsdirir, onların hamısını
ümumi əkinin boyu ilə bərabərləşdirir.
Qasid heç bir şey anlamadan geri
qayıdır və gördüklərini Frasibula
danışır. O, başa düşür ki, Periandr
bununla demək istəyir: hakimiyyəti möhkəmləndirmək,
cəmiyyətdə mütləq hakim — müstəbid olmaq
üçün ölkədə güclü, nüfuzlu, ləyaqətli,
kütlədən yüksəkdə durub gözə
görünən adamların hamısının
başını həddini aşmış sünbüllərin
başı kimi kəsib atmaq lazımdır. Tarlada
sünbüllər yox, taxıl zəmisi
göründüyü kimi, cəmiyyətdə də,
insanlar, şəxsiyyətlər yox, yalnız kütlə
qalmalıdır.
Beləliklə, təkamülün təməl prinsipi
pozulur, güclülər məhv edilir, zəiflərə
yaşamaq hüququ verilir.
Aristotel
«Siyasət» əsərini bu sözlərlə bitirir:
«Əndazəni gözlə, mümkün olan işdən
yapış, abır-həyanı əldən vermə».
Haqsızlığın və qanunsuzluğun da bir
ölçüsü, əndazəsi olmalıdır. Əndazə
itib-batanda faciə baş verir.
Qanun olmayan yerdə hökmdar Neron müstəbidə, əxlaq
filosofu Seneka mal-dövlət hərisinə, antik
dünyanın görkəmli filosofu Epikür isə dilənçiyə
çevrilir.
Qədim dövrün qanun yaradıcısı və
demokratı Solon müstəbid Pisistrat Afinada hakimiyyəti ələ
keçirəndən sonra vətənini tərk edib qürbətdə
yaşayır.
Dünyanın bir çox hökmdarları bu
böyük insanı saraylarına, yüksək vəzifələrə
dəvət edirlər. Pisistrat da onu vətəninə
yaşamağa dəvət edir. İstibdadın hamı
üçün faciəli nəticələrini irəlicədən
görən müdrik alim Solon məktublarının birində
yazır: «Mənim üçün vətən o ölkədir,
yaşamaq üçün əziz o yerdir ki, orada qanunlar və
onların icrası hamı üçün bərabərdir,
hamı üçün ədalətlidlir. Qanun
və ədalət olmayan yerdə vətən də yoxdur».
Müəllif
«Zəka və xarakter» kitabının ən təsirli, ibrətamiz
fəslinin sonunda yazır: «Mən bunları dilə gətirməzdim,
əgər hakimiyyətə gəlmək arzusu ürəyində
qalıb, tarixə düşə bilməyən müstəbid
təbiətli insanların bu gün də ətrafımızda
dolaşdığını hiss etməsəydim».
Ədalət
gücdə deyil…
Müdriklər
deyiblər: «Hər şey həddini aşanda özünə
qarşı çevrilir». Kim olmasından
asılı olmayaraq, hər adamın qabiliyyətinə
uyğun yerdə oturması həm onun özü, həm cəmiyyət,
həm də dövlət üçün daha faydalıdır.
Görkəmli fateh Çingiz xandan soruşurlar: dünyanı necə fəth etmisiniz? Cavab verir ki, qüdrətli dövlətin güclü ordusu ilə. Soruşurlar: qüdrətli dövləti və güclü ordunu necə yaratdınız? Cavab verir: möhkəm intizamla. Möhkəm intizama necə nail oldunuz? Cavab verir: ədalətin köməyilə. Bəs ədaləti necə əldə etdiniz? Cavab verir: kimliyindən — doğma və yad adam olmasından asılı olmayaraq, hər kəsi qabiliyyətinə uyğun yerdə oturtmaqla.
Müdriklər deyiblər: «Ədalət xeyirxahlıq və müdriklik, ədalətsizlik isə bədxahlıq və nadanlıqdır.
Həqiqət fikir azadlığının, ədalət isə həqiqətin övladıdır. Ədalət insanın ləyaqəti, ədalətsizlik qüsurudur. Ədalət sağlamlığın, ədalətsizlik xəstəliyin xassəsidir. Sağlamlığın kamilliyi qüvvəyə, xəstəliyin kamilliyi isə ölümə çevrilir. Ona görə də son nəticədə ədalət təbiətinə görə hər yerdə, hər zaman ədalətsizlikdən güclüdür».
Ədalət gücdə deyil, güc ədalətdədir.
…Tarix həqiqətdir, reallıqdır, gerçəklikdir. Onun inkişafının zəruri qanunları və tendensiyaları var. Zərurət isə zamanın hökmüdür. O, hər yerdə, hər zaman güclüdür, qalibdir. Həqiqətin atası ZAMAN isə saxtakarlığı qəbul etmir. Hamının paxırını, səhvini vaxtında üzə çıxarır.
Çalxalandıqca,
bulandıqca zaman nehrə kimi,
Yağı
yağ üstə çıxar, ayranı
ayranlıq olar.
(M.Ə.Sabir).
Müasir
alman fəlsəfəsinin görkəmli siması Fridrix
Nitşedən müəllifin gətirdiyi sitat çox ibrətamizdir:
«İnsan o zaman danışmalıdır ki, susmağa
haqqı yoxdur».
Yazıçı-publisist Hüseynağa Qəniyevin
esselərində müəllifdən maksimum azadlıq tələb
edən bu janra nə qədər dərindən bağlı
olduğu açıq-aşkar görünür. O, istedadlı qələm
sahibi kimi tarixi-fəlsəfi esselərində dünənimizdən
bu günümüzə «körpü» salır,
cahanşümul dühaların zəkasının
işığında Sözünü deyir, keçmiş
olaylardan ibrət götürməklə oxucuya həyatın
dolaylarında inam, iradə, dəyanət təlqin edir.
Bəsirli Əlövsət
Xalq Cəbhəsi.-
2013.- 20 noyabr.- S.14-15.