Mirzə Saleh Təbrizi   onun divanı

 

Azərbaycan dilini ictimai həyatın bütün sahələrində yaymağa, dövlət dili səviyyəsinə qaldırmağa çalışan Şah İsmayıl Xətaidən sonra da Səfəvilər dövlətində türk dili ən yüksək dairələrdə öz nüfuzunu kifayət qədər saxlamışdı. Doğrudur, ardı-arası kəsilməyən Osmanlı-Səfəvi hərbi toqquşmaları nəticəsində Azərbaycan XVII əsrdə Səfəvilər dövlətinin siyasi-iqtisadi mərkəzi rolunu itirmiş, paytaxt Şah Təhmasibin (1524-1576) dövründə Təbrizdən Qəzvinə, I Şah Abbasın (1587-1629) dövründə isə Qəzvindən İranın daxilində yerləşən İsfahana köçürülmüşdü. Buna baxmayaraq, Azərbaycan türkcəsi Təbrizdə və Qəzvində olduğu kimi, İsfahanda da sarayın və qoşunun işlək dili olaraq qalırdı. 1684-1685-ci illərdə İranda olmuş alman səyyahı Engelbert Kempfer Azərbaycan türkcəsinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat verib. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahları — Petra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, ŞansonRafael Manın əsərlərini, Şah Səfinin (1629-1642) Avstriya-Macarıstan imperatoru II FerdinandaŞao Sultan Hüseynin (1696-1722) Saksoniya hersoquPolşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu göstərir. Alim 1636-cı ilin noyabrından 1638-ci ilin fevralına qədər İranda yaşamış alman səfiri Adam Olearinin belə bir məlumatından sitat gətirir: «Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən».

1648-ci ildə İsveç səfirinin başçılıq etdiyi İrana gələn heyətin katibi və həkimi olan alman Engelbert Kempferin yazdıqları isə həmin dövrdə sarayda yuxarı təbəqənin nümayəndələri arasında fars dilinin üstünlük təşkil etməsi barədə fikirləri tamamilə alt-üst edir: «Sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, nəinki sadə camaatın, bu dil saray vasitəsilə əyan-əşraf ailələrində elə geniş yayılıb ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır».

XVII əsrdə Səfəvilər dövründə ən yüksək vəzifələrə sahib olan, türkcə şeirlər yazan şəxslərin adlarının sadalanması dediklərimizi bir daha təsdiqləyir. I Şah Abbas və II Şah Abbasın ana dilindəki şeirləri artıq məlum faktdır. XVII əsrin əvvəlindən sonuna qədər 95 il ömür sürmüş, Şah Süleymanın (1666-1694) hakimiyyəti dövründə dövlətdə ikinci şəxs-sədri-əzəm, baş vəzir olmuş Vəhid Qəzvininin Berlin Dövlət Kitabxanasında saxlanan türkcə divanı tərəfimizdən geniş ön sözlə çap etdirilib. Farsca divanında ana dilində şeirləri aşkar edilmiş Müsahib Gəncəvi II Şah Abbasın sarayında eşikağasıbaşı, şahın nədimi-müsahibi, Qum şəhərinin darğası, Gəncə-Qarabağ vilayətinin bəylərbəyi olub. Ana dilində divan müəllifi, «Zəfər» təxəllüslü Mürtəzaqulu xan Şamlu Şah Səfi və II Şah Abbasın dövründə eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi, Ərdəbil vəziri olub. Türkcə kiçik həcmli divanının əlyazması Tehran Universiteti Kitabxanasında saxlanılan Səfiqulu bəy Səfi Məşhəd valisi, Herat bəylərbəyi vəzifələrini icra edib. Mürtəzaqulu Sultan Şamlu Şah Süleyman taxta çıxarkən (1666) qorçubaşı, sonralar Qumun hakimi təyin edilib.

XVII əsrdə anadilli ədəbiyyatımızın inkişafında müəyyən rol oynamış iki şairMövci Əhəri və Mirzə Saleh Təbrizi yüksək rütbəli din xadimişeyxül-islam olublar. Mirzə Salehin bu yaxınlarda əldə etdiyimiz farsca divanında onun türkcə şeirləri də var. Qeyd etmək istərdik ki, Mirzə Salehin divanının surətini Tehranın Məclis Kitabxanasında saxlanan əlyazmasından çıxararaq bizə göndərən Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseynidir.

Mirzə Saleh Təbrizi barədə bildiklərimiz çox azdır. Vəliqulu bəy ibn Davudqulu Şamlu 1661-ci ildə bitirdiyi «Qisəsül-xaqani» adlı təzkirəsində şair haqqında yazır: «Mirzə Saleh Təbrizin şeyxül-islamıdır. O, bəzən Füzuli təbiətlidir və Nəvai kəlamının ardınca gedir…. Bu alimin doğulduğu yer Təbrizdir…. O, cənabın türkcə və farsca şeirlərinin cənnətnişan ölkəmizdə çox böyük şöhrəti var».

Göründüyü kimi, Vəliqulu bəy şairin Füzuli ədəbi məktəbinin davamçısı olduğunu qeyd edib. Məhəmməd Tahir Nəsrabadi (1623-1711) 1672-1679-cu illərdə yazdığı «Təzkireyi-Nəsrabadi» əsərində Mirzə Saleh barədə yazır: «Təbriz kübarlarındandır. O, yüksək insan, səlahciyyətdar və yumşaq bir şəxsdir. Təbrizin şeyxül-islamı vəzifəsində elə bir yol götürüb ki, bir kimsənin ondan şikayəti yoxdur. Türkfars nəzmində təbi, qüdrəti olan bir şairdir…»

«Səfineyi-Xoşgu» və «Sühufi-İbrahim» təzkirələrinin müəllifləri şair barədə fərqli bir fikir söyləməyiblər. Divanının surətini Tehranın məclis kitabxanasından əldə etdiyimiz XVII əsrin ikinci yarısı — XVIII əsrin əvvəllərində yaşamış təbrizli şair Şükrinin əsərlərini oxuduqda onun Mirzə Salehin farsca şeirlərinə nəzirə yazdığını gördük. Bundan başqa, məlum oldu ki, Şükri qürbətdə yaşayarkən Mirzə Salehlə məktublaşıb.

2008-ci ildə M.Hüseyni ilə birlikdə tərtib etdiyimiz «XVII əsr Azərbaycan lirikası» antologiyasında Mirzə Saleh Təbrizinin Məclis kitabxanasında saxlanan Azərbaycan dilindəki bir neçə şeirini nəşr etdirmişik. Bu yaxınlarda şairin Tehranın Məclis kitabxanasında saxlanan divanının surətini bütövlükdə əldə etmişik. Şairin əsasən farsca şeirlərinin toplandığı bu topluya onun türkcə əsərləri də daxil edilib. 102 səhifədən ibarət divanın 65-79-cu səhifələrində onun Azərbaycan türkcəsində 36 şeiri-qəzəl, qitə, nəzm və təkbeytlər cəmi 149 beyt həcmində toplanıb. Mirzə Salehin buradakı anadilli şeirlərində ilkin diqqəti cəlb edən cəhətlərdən biri onun Füzuli yaradıcılığından bəhrələnməsi, dahi şairin təsiri ilə əsərlər yazmasıdır.

M.Təbrizinin divanına salınmış anadili əsərlərindən «Yeriməz salik olan rahi-rizadən qeyri» misrası ilə başalanan 10 beytlik qəzəli Füzulinin şeirinə nəzirədir. Əsərində Füzulinin «Qeyri» rədifli üç qəzəlinin («Yar qılmazsa mənə cövrü-cəfadən qeyri», «Nə görər əhli-cəfa məndə vəfadən qeyri», «Hasilim yox səri-kuyində bəladən qeyri» misraları ilə başlanan 7 beytlik qəzəllər) qafiyə sözlərini təkrar etdiyinə əsasən deyə bilərik ki, Mirzə Saleh dahi şairin hər üç şeirini oxuyub. Füzulinin «Qeyri» rədifli 1-ci və 2-ci qəzəlində «Xudadən» qafiyə sözü təkrar olunur. 1-ci qəzəlində o, sirri-qeybini Tanrıdan başqa heç kimin bilmədiyindən danışır. 2-ci qəzəldə isə şair deyir ki, yarını sevdiyinə görə hamı ona əğyar oldu, Xudadan başqa ona yar olası heç kimsə qalmadı. Mirzə Salehin nəzirəsində

«Xudadən» qafiyə sözü ilə iki beyt var:

Əhli-məal nəvü mehrü nəvü kiniola,

Saymadım heç kimi mövcud Xudadən qeyri

Qapı çox gəzdimü göz yaşımı bica tökdüm,

Yox imiş dadə yetən kimsə Xudadən qeyri.

Bu beytlər mənaca Füzulinin 2-ci qəzəlindəki beytə daha yaxın olsalar da, ondan müəyyən qədər fərqli fikir ifadə edirlər. Mirzə Saleh 1-ci beytində «əhli-məal» («məna əhli») adlandırdığı nasehlərin, zahidlərin məhəbbət və kinlərini heçə saydığını, Xudadan başqa heç kimi mövcud bilmədiyini elan edir. 2-ci beytində isə deyir ki, çox qapılar gəzib göz yaşları tökdümsə də, Tanrıdan başqa dada yetən olmadı.

Mirzə Salehin anadilli şeirlərində nəzərə çarpan cəhətlərdən biri də danışıq dilinin söz və ifadələrindən, atalar sözü və məsələlərdən istifadə etməsidir. Onun şeirində «kərə» mənasında işlənən «kərəz» sözü dövrün ədəbi dilinin, tarixi leksikasının öyrənilməsi baxımından maraq doğurur:

Ola, yarəb, bir kərəz yarım bəni yad eyləyə,

Afəti-qəm görməsin hər kim bəni şad eyləyə.

Mirzə Salehin müasirləri — Sadiq bəy Əfşar, Saib Təbrizi və Məczub Təbrizinin də anadilli şeirlərində rast gəlinən bu söz Cənubi Azərbaycanın Maku bölgəsində indi də işlənməkdədir. İnanırıq ki, Mirzə Saleh Təbrizinin surətini yeni əldə etdiyimiz divanı şairin XVII əsr ədəbiyyatımızdakı mövqeyini müəyyənləşdirməyə kömək edəcək. Mirzə Salehin bir neçə şeirini oxucuların diqqətinə çatdırırıq.

Yeriməz salik olan rahi-rizadən qeyri,

İstəməz arif olan cövrü cəfadən qeyri.

Varıdır hər nə gərək mehrü vəfadən qeyri,

Yoxudur, istəməyin cövrü cəfadən qeyri.

Görmədim mehr təriqində sitəmdən özgə,

Gəlmədi eşqdə başımğa bəladən qeyri.

Görgəc ol xosrovi-xubanı nə əfğanlar edim,

İti söz kimsə deməz şahə gədadən qeyri.

Yardan başqa aləmdə muradım yoxdur,

Nə gərək dərdi olan canə dəvadən qeyri.

Könlini saf elə xəlq iləvü asudə diril,

İstəməz ayinə heç kimsə səfadən qeyri.

Əhli-məal nəvü mehri nəvü kiniola,

Saymadım heç kimi mövcud Xudadən qeyri.

Qədü baləvü gözü qaşilə yox bazarım,

Könlümü seyd etməz imiş hüsn ədadən qeyri.

Qapı çox gəzdimü göz yaşımı bica tökdüm,

Yox imiş dadə yetən kimsə Xudadən qeyri.

Salehi mən edərlər meyü məşuqindən,

Bana heç kim sitəm etməz Salehadən qeyri.

* * *

Mehrü vəfa sözini heç kimsədən inanmaz,

Yəğmadən əl götürməz, bidaddən usanmaz.

Can vermişəm yolunda yüz bin xəcalət ilə.

Bilməm neçün demişlər, varın verən utanmaz.

Vaiz, sənin kəlamün hər biri neştər olsa,

Hər kimi basdı qəflət, ta diridir, oyanmaz.

Mən çərxə atmışam taş, mən eşqi etmişəm faş,

Mərd etdügini söylər, ər dedügini danmaz.

Töhmət deyər özinə, söylər özgəsiçün,

Utanmiyən özündən heç kimsədən utanmaz.

Hirsilə etmə möhkəm qəsri-əməl binasın,

Seyli-qəza önində çərxi-bərin dayanmaz.

Göz həqq yolındən örtən tənbihi həqqə lazım.

Ağır olan yuxusi, oyatmasan, oyanmaz.

Saleh, kibriyadur ol nazlu dilrubadə,

Heç xəstəsini sormaz, heç aşiqini anmaz.

* * *

Ey Tənrini sevən, sölə, vaiz xəyali ?

Bu hay-huydən bitər, qeylü qalinə?

Ta eşq verdi yüz, görməm afiyət yüzin,

Heç bilmənəm ki, hicr etdi vüsalinə.

Qanum töküci bağrımı qan etdi firqəti,

Könlümdəki bənim nəvü dustim xəyali .

Şadivü qəmdə etməyinüz çox mübaliğə,

Dünya nədür ki, eyşi noləvü məlali .

Saleh bu qapu xəstəsidür, bir kərəz neçün,

İstəşmədün, dirildimi, öldümi, hali ?

* * *

Yuxi girməz gözümə, şəm bilir, mah bilir,

Könlümün halını sən bilməsən, Allah bilir.

Bu əgər heç yerə aparmazam, yol ola,

Dadrəs qapısını ahi-səhərgah bilir.

Saleh, onmaz əgər olmasa tövfiqi-rəfiq,

Vər salik yerin yolları gümrah bilir.

* * *

Sən dərd duymamış sölərsən dəvasını,

Hər nəstə bilməyə, deyə kimsə vabaldır.

Ya mehr, ya sitəm, birini səndən istərəm,

Lütfün əgər həram isə, qanım həlaldır.

Dünyanın alu yaşılı bir-birə yaraşür,

Gər qövr ilən nəzər edəzən, vari aldır.

Küsməkdən özgə söz söləməz şəhr vaizə.

Bir taş ürəkli, odlu ağız, bikəmaldır.

 

Paşa Əlioğlu, filalogiya elmləri doktoru

Xalq Cəbhəsi.- 2013.- 20 noyabr.- S.13.