«Qarabağ folkloru: problemlər, perspektivlər»

 

Ağcabədidə elmi konfrans keçirilib

Bu yaxınlarda AMEA Folklor İnstitutu Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi şəhərində «Qarabağ folkloru: problemlər, perspektivlər» mövzusunda II respublika elmi konfransı keçirilib. Konfransın məqsədini Qarabağın qeyri-maddi mədəni irsinin mühafizə imkanları, onun toplanması, tədqiqi nəşri, eləcə dünyaya tanıdılması prosesindəki problemlərin müzakirəsi bu sahədə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi təşkil edib.

Plenar iclasda Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov konfransın məqsədindən, onun 2012-2013-cü illərdə həyata keçirilmiş «Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərləndirilməsi» layihəsinin tərkib hissəsi olmasından, qeyri-maddi mədəni irsin, o cümlədən milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində əhəmiyyətindən bəhs edən geniş məruzə ilə çıxış edib. Məruzədə o da vurğulanıb ki, Qarabağa həsr olunmuş I konfransda olduğu kimi, II konfransda da Folklor İnstitutunun toplama, tərtib və nəşr sahəsindəki uğurlu işlərindən biri sayılan 6 cildlik «Qarabağ: folklor da bir tarixdir» toplusu dəyərləndirmənin başlıca obyektlərindən biri kimi götürülüb. M.İmanov bildirib ki, Folklor İnstitutu bundan əlavə Qarabağ musiqisindən və xalq oyunlarından ibarət üç disk buraxıb. Layihə cərçivəsində çap olunmuş kitablarda 200-dən artıq mifoloji mətn, 1000-ə yaxın əfsanə və rəvayət, 300-dən artıq nağıl, 360 lətifə, 607 atalar sözü və məsəl, 2000-ə yaxın bayatı, bunlardan əlavə, laylalar, oxşamalar, uşaq folkloruna dair nümunlər, bölgədə yaşayan tayfaların məişətinə, tarixinə dair maraqlı məlumatlar toplanıb, oxuculara təqdim edilib. Bu layihə sayəsində bir çox folklor personajları və süjetlər haqqında təsəvvürlər dolğunlaşıb, həmçinin yeni süjetvariantlar hesabına Azərbaycan folkloru daha da zənginləşib. Müəyyən edilib ki, çap olunmuş 300-ə yaxın nağıl içərisində 50-dən çoxunun başqa xalqlarda qarşılığı yoxduronlar Beynəlxalq Nağıl Göstəricisinə düşməyib. Bu layihə sayəsində Abdal Qasım, Aşıq Abbas, Bic Paşa, Lotu Əmirqulu kimi hazırcavab adamlar haqqında maraqlı lətifələr yazıya alınaraq Azərbaycan folkloruna yeni lətifə personajları qazandırılıb. Layihənin icrası zamanı bölgənin folklor örnəkləri toplanılmaqla yanaşı, həm də burada yaşayan tayfalar, nəsillər, onların tarixi, məişəti, etnoqrafiyası haqqında zəngin məlumatlar da yazıya alınıb. Tayfalarla bağlı materiallar kimi, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı materiallar da Qarabağ (ümumilikdə Azərbaycan) folklorunun diqqətdən kənar qalmış bəzi məsələlərini öyrənmək üçün bir qaynaq olacaq. İnstitutun əməkdaşları Əylanlı qaçaqları, Sarıtel Aslan, Qaçaq Süleyman, Qaçaq Camal, Xanalı, Kürdoğlu Məhəmməd, Qaçaq Səfo və digər qaçaqların fəaliyyəti, taleyi haqqında şifahi ifadan onlarla rəvayət və xatirə qeydə alıb. İlk dəfə üzə çıxarılan bu materiallar bölgədəki qaçaqçılıq hərəkatının öyrənilməsində əhəmiyyətli mənbə olacaq. Qeyd olunub ki, layihə çərçivəsində görülən işlərin mühüm nəticələrindən biri də Əli Süleymanov (Ağdamın Ətyeməzli kəndi), Musa Bayramov (Bərdənin Seyid Yusifli kəndi), Narış Bayramova (Ağcabədinin Afşar kəndi) və başqa professional söyləyicilərin — Qarabağın sinədəftər adamlarının üzə çıxarılmasıdır. Haqqında ötəri də olsa danışılan folklor örnəklərinin xeyli hissəsi həmin adamların dilindən qeydə alınıb.

Sonda bildirilib ki, çap olunmuş kitablar Qarabağ folklorunu hələ tam əhatə etmir. Gələcəkdə Qarabağın rayonlarını daha bir neçə sistemli toplamaya cəlb etməklə, bölgə folklorunu tam əhatə edəcək yeni-yeni toplular ortaya qoyulmalıdır.

Plenar islasdan sonra konfrans bölmələrdə öz işini davam etdirib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, prof. Qəzənfər Paşayev, AMEA-nın müxtəlif institutlarını təmsil edən alimlər, Ağcabədi rayon ictimaiyyəti iştirak edib.

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 21 noyabr.- S.14.