Mirzə Şəfi Vazehin sirləri

 

 

F.fon Bodenştedt onu «Qafqazın məşhur şairi» adlandırırdı

F.fon Bodenştedt 1848-1850-ci illərdə Berlində işıq üzü görən «Taucend und ein Tag im Orient» trilogiyasının üçüncü cildini bütövlükdə böyük hörmət və ehtiramla vəsf etdiyi müəllimi M.Şəfi Vazehin divanında tatar (Azərbaycan-F.V.) dilini öyrənməsini təfsilatı ilə yazır və həmin divanda gördüyü, eşitdiyi olayları qələmə alır, M.Şəfinin ona dil öyrədərkən bədahətən söylədiyi şeirləri qeydə alır və sonradan onları almancaya çevirərək üzərində işləyəndən sonra çap olunması üçün vətəni Almaniyaya göndərirdi. Kitabının XVII fəslində F.fon Bodenştedt yazır ki, o, İrəvan bazarından aldığı hədiyyəni M.Şəfiyə verir, əvəzində isə M.Şəfi ona üzərində «Müdrikliyin açarı» yazılmış bir dəftər bağışlayır. Dəftərdə Fridrix fon Bodenştedt İrəvanda olarkən M.Şəfinin yazdığı şeirlər toplanmışdı. Ondan bir az əvvəl isə yenə əsərinin 45-ci səhifəsində F.fon Bodenştedt yazır: «Diqqətli oxucu xatırlayır ki, Eçmiadzindən qayıtdıqdan sonra M.Şəfi mənə özünün «Müdrikliyin açarı» adlandırdığı şeirlər toplusunu bağışlamışdı. Toplunun ön sözündə o, özünə bəraət qazandıraraq yazırdı ki, ona oyuncaq kimi görünən şeirləri kağıza köçürüb. Baş alıb gedən özünüvəsfə baxmayaraq, əslində o, buna az əhəmiyyət verirdi, sözdən çox əməllərini yüksək qiymətləndirən bir adam var idisə, o da M.Şəfi idi

F.fon Bodenştedt M.Şəfiyə böyük qiymət verirdi, onu «Gəncə müdriki», «Qafqazın məşhur şairi» adlandırırdı. O yazırdı: «Gəncə müdrikinin bayram və şənliklərdə oxuduğu şeirlərin əksəriyyəti gürcülərin və tatarların (azərbaycanlıların-F.V.) dillər əzbəri idi, heç özü də fərqinə varmırdı ki, onları yazıya köçürsün. Şərq adətinə görə hər qəzəlin sonunda şair öz adını verməsəydi, əksər hallarda bilmək olmazdı ki, bu şeirlər onundur, ya yox…»

Biz 2010-cu ildə alman mənbələrinə əsaslanan «Mirzə Şəfi Vazeh və Bodenştedt: yozmalar və faktlar» adlı kitabımızda respublika ictimaiyyətinə müraciət edərək belə bir fikir irəli sürmüşdük ki, bu iki şəxsiyyətin əlaqələrini öyrənmək üçün F.fon Bodenştedtin anadan olduğu Aşağı Saksoniya əyalətinin paytaxtı Hanoferin yaxınlığındakı Payne qəsəbəsində yerləşən arxivdə məsələni dərindən öyrənmək üçün alman dilini bilən tədqiqatçılarımız ora ezam olunsunlar ki, onlar arxiv sənədləri əsasında yeni sanballı bir əsər yazıb ortalığa qoysunlar. Əks təqdirdə bizi qabaqlayanlar tapılacaq. Elə belə də oldu. Son illər F.fon Bodenştedtin vətənində bu iki şəxslə bağlı son dərəcə maraqlı, lakin M.Şəfi şəxsiyyətinə daha çox şübhə və həqiqətdən uzaq yozmalarla dolu böyük materiallar çap olunur. Təkcə onu deyək ki, ötən əsrin 30-cu illərində K.Sündermayer «F.fon Bodenştedt və Mirzə Şəfi nəğmələri» mövzusunda dissertasiya yazıb (Kiel, 1931, 131 s.), Y.Mundhenk «F.fon Bodenştedt və Mirzə Şəfi Azərbaycan ədəbiyyatşünaslığında» (Hamburq, 1978, 108 s.), yüzlərlə məqalələr çap olunub və bu gün də çap olunmaqdadır. Ən başlıcası isə odur ki, İsa Kehabi deyilən bir iranlı 1967-ci ildə Kölndə almanca «Hafiz nəğmələrinin F.Bodenştedt tərəfindən almanlaşdırılması» (Köln, 1967, 161 s.) bir dissertasiya yazıb, orada müdafiə edib. Bu iranlı tədqiqatçı daha da irəli gedərək M.Ş.Vazehin şair kimi tanınmadığını (Gürcüstanda) və yalnız xəttat olduğunu qabardır. Xəyallarına güc verməkdə davam edərək İ.Kehabi yazır ki, Qafqaz şəhəri Tbilisidə tatar dili öyrədilə bilməzdi, «çünki tatar dili türk dillərindən biri olsa da, Qafqazda danışılan dillərə aid edilə bilməz və o, heç mədəni dil də deyil. Ona görə də o dili Rusiyanın başqa yerində məktəbdə öyrənmək üçün heç bir əsas yox idi».

Burada İsa Kehabi Y.Bentsiqin ingiliscə yazdığı əsərdən bir sitat gətirir: «Tatar dili Volqa və Qərbi Sibirdə 4-5 milyon adamın danışdığı dildir, XIX əsrin ikinci yarısından (əsasən cığatay) Krım tatarları ilə birgə yazısı olub, İkinci Dünya müharibəsindən sonra çox yayılıb». Bu adam elementar tarixi bilmir və ya qəsdən təhrif edir, yoxsa F.fon Bodenştedtin hörmətlə adını çəkdiyi müəlliminin vətəni Gəncəni «Şimali Persiya» kimi göstərməzdi. Çox güman ki, İ.Kehabi dünya ədəbiyyatında azərbaycanlıların «Qafqaz tatarları» adlandırılmasından, yumşaq desək, bixəbər olub. İ.Kehabi sonra sübut etməyə çalışır ki, F.fon Bodenştedtin tərcümə edərək «Mirzə Şəfi nəğmələri» adında çap etdirdiyi şeirlərin çoxunun əsl müəllifi M.Ş.Vazeh yox, Hafizdir. Halbuki F.fon Bodenştedt öz əsərində dəfələrlə yazır ki, filan şeirin Hafizə məxsus olduğunu M.Şəfi özü şeiri deməyə başlamazdan əvvəl qeyd edirdi. Bütün bu deyilənlər bir daha sübut edir ki, M.Şəfi və Bodenştedt problemi heç də unudulmayıb və zaman-zaman bu məsələ gündəmə gəlir. F.fon Bodenştedtin M.Ş.Vazehlə bağlı yazdıqları şübhə altına alınır.

AMEA-nın rəhbərliyinə yazılı müraciət edərək məsələnin öyrənilməsi və «Müdrikliyin açarı» bağlamasının taleyini həll etmək üçün Almaniyaya ezamiyyə olunub F.fon Bodenştedtin arxivində işləmək üçün mənə icazə verilməsini xahiş etdim. AMEA-nın prezidenti hörmətli, akademik A.A.Əlizadə çox böyük səbirlə məni dinlədi və tərəddüdsüz «Gedin, icazə verirəm» dedi. Mən də bu il iyulun 1-dən 15-nə kimi Payne şəhər arxivində (indi arxiv belə adlanır) oldum. Arxivdə işləyərkən bunları aşkar etdim:

1. F.fon Bodenştedtin həyat və yaradıcılığına dair 13 adda sənədlər toplanmış qovluq və torbalar var. Onlar elektron variantda hazırlanıb EDV-Findbuch adı ilə Archiv -Software AUGİAS 7.1 şifrəsilə 1990-cı ildə tərtib olunub. Şəhər arxivinin rəhbəri M.Utext digər bir əməkdaşla birlikdə arxivin materiallarını qoruyub saxlayırlar. F.fon Bodenştedtin çap olunmuş əsərləri və ikinci dərəcəli ədəbiyyat arxiv kitabxanasına verilib, ancaq onlar burada da ayrıca saxlanılır.

2. Şəhər arxivində F.fon Bodenştedtin 13 sayda rəsmi sənədləri və sertifikatları, 24 adda avtoqraflı yazıları və məqalələri, 53 adda əsərləri və yazıları, 7 sayda antologiyaları, 9 adda digər nəşrləri, 56 adda həyat və yaradıcılığına dair ikinci dərəcəli materiallar, 3 sayda digər çap olumuş əsərləri, 10 müxtəlif şəkil və 9 sayda müxtəlif adda materiallar toplanıb.

3. Azərbaycan üçün son dərəcə maraq doğuran sənədlər və kitablar bu nömrələr altında saxlanılır.

Ezamiyyə vaxtı bizə xoş təəssürüat bağışlayan məqamlardan biri o oldu ki, Payne şəhərində F.fon Bodenştedtin adını daşıyan küçənin başlanğıcında F.fon Bodenştedtlə M.Ş Vazehin birgə barelyefi qoyulmuşdu. Şəhər arxivinin rəhbəri M.Utext dedi ki, bu barelyef azərbaycanlı Ç.Abdullayevin (Azərbaycan-alman cəmiyyətinin sədri) iştirakı ilə qoyulub.

Etiraf edək ki, bizim də səfərimiz «Müdrikliyin açarı» bağlamasının tapılması istiqamətində uğurlu sayıla bilməz. Arxivin rəhbəri M.Utext bizi inandırdı və özümüz də axtarışlardan sonra əmin olduq ki, «Müdriklik açarı» bağlaması F.fon Bodenştedtin arxivində yoxdur. Bunun bir neçə yozumu ola bilər:

1. Heç belə bir bağlama yerli-dibli olmayıb, F.fon Bodenştedt bunu özündən uydurub. Belə olduğu halda F.fon Bodenştedtin bütün yazıları yalan hesab edilməlidir. Ona görə də bu versiya heç cür qəbul edilə bilməz. O zaman heç kim və heç nə alman səyyahını və tərcüməçisini özündən nəsə uydurub yazmasını təkid edə bilməzdi. Deməli, F.fon Bodenştedtin yazdıqları, xüsusən trilogiyasında yazdıqları gerçəkliyi əks etdirir, o cümlədən də bağlama yəqin ki, olub.

2. Alman bodenstedtşünasları qəsdən bağlamanı məhv ediblər ki, «Nəğmələrin» həqiqətən F.fon Bodenştedtə məxsus olduğunu sübut etsinlər və beləliklə də «M.Ş.Vazehin müəllifi olduğu şeirlər yoxmuş» fikrini təsdiq etsinlər.

3. F.fon Bodenştedt ömrünün son illərini səfərdə, o cümlədən ABŞ-da keçirib, Almaniyanın Visbaden şəhərində ölüb və orada da dəfn olunub. Leppla Ruprext adlı alman tədqiqatçısı 1961-ci ildə Visbadendə çap elətdirdiyi «F.fon Bodenştedt 1819-1892″ adlı məqaləsində yazır ki, R.f. Deker nəşriyyatının nümayəndəsi V.Şultse təklif edib ki, F.fon Bodenştetdin «Şərqdə min bir gün» trilogiyasında getmiş şeirləri oxucuları cəlb etmək üçün 1851-ci ildə «Mirzə Şəfi nəğmələri» adı altında ayrıca çap etsinlər. «Publika Bodenştedt 1874-cü ildə şeirlərin yalnız ona məxsus olması barədə «etirafına» qədər şeirlərin farscadan (müəllif burada ciddi səhvə yol verir, şeirləri F.fon Bodenştedt Azərbaycan dilindən tərcümə edib-F.V.) tərcüməsi fiksiyasına inanırdı. Sağlığında 142 nəşr, 1922-ci ilə qədər isə 169-cu nəşri bütövlükdə 280 000 nüsxə çap olunub».

Bununla bağlı demək lazımdır ki, bu müəlliflər F.fon Bodenştedtin ruhuna xəyanət ediblər. Çünki F.fon Bodenştedt özü yazırdı ki, Vazehdən tatar (Azərbaycan ) dilini öyrənib. M.Şəfi fars dilini də gözəl bilirdi, ancaq divanda söylədiyi şeirləri azərbaycanca deyirdi axı? Bəli, 1874-cü ildə F.fon Bodenştedt M.Şəfi nəğmələrilə bağlı bir qədər müəmmalı danışsa da, müəyyən mənada düz deyib: «Həqiqət budur ki, M.Şəfinn şərqiləri tərcümə deyil, onlar yaradılması üçün yalnız mənə borclu olan şeirlərdir». Tərcümə işilə məşğul olan hər kəs bilir ki, yazıdan tərcümə etmək, qarşıda duran mətni tərcümə etmək, sinxron tərcümə deyil. M.Şəfi divanda şeirləri bədahətən deyərkən F.fon Bodenştedt də onları başa düşdüyü və qavradığı şəkildə dəftərinə köçürüb və sonradan üzərində redaktə işləri apararaq onları almanlaşdırıb və çapa təqdim edib. «Mirzə Şəfi nəğmələri» əslində iki adamın birgə əməyinin məhsuludur və biz buna görə F.fon Bodenştedti plagiator adlandıra bilmərik. F.fon Bodenştedti bu cür fikirlər söyləməsini təhrik edən amillərin içərisində bunları xüsusi qeyd etmək lazımdır: erməni knyazı Tumanovun A.Berjeyə hiyləgər fitvası, axırıncının alman dilində məqalə ilə çıxış etməsi və M.Şəfini heç kəsin tanımadığını bəyan etməsi, hətta onun qəbrinin Tbilisi qəbirstanlığında olmaması barədə fikirləri mühüm rol oynayıb. Biz bilirik ki, İslam adət-ənənəsinə görə qəbrin izi qalmamalıdır.

Arxiv sənədləri içərisində F.fon Bodenştedtin nəvəsi T.Engelmanın öz babası haqqında xatirələri də var.

Təsadüfi deyil k, F.fon Bodenştedtin 1874-cü ildəki çıxışından sonra Avropada nəğmələrə rəğbət yoxa çıxdı. F.fon Bodenştedtin yaxın ətrafı bəlkə də «Müdrikliyin açarı» dəftərinin yoxa çıxmasının əsas ideyaverənləridir. Axı ona ilk təklif verən də Şultse olmuşdu.

4. «Müdriklik açarı»nın yox olması sırf fiziki-texniki səbəbdən ola bilər. Ola bilsin ki, bağlama islanıb, ondakı yazılar yararsız hala düşüb və bu səbəbdən də bərpası mümkün olmadığından arxivdə saxlanılmayıb. Hər halda arxivin rəhbəri cənab M.Utext də bildirdi ki, bağlamanın olmasından xəbərdardır, ancaq onun arxiv materialları içərisində olmaması faktdır.

On beş günlük səfərim başa çatdı və məndə qəti olaraq belə bir fikir formalaşdı ki, məsələnin həlli hələ qabaqdadır.

Bizim təklifimiz: yuxarıda verdiyimiz mənbələr F.fon Bodenştedt və M.Şəfi Vazeh əlaqələrini öyrənmək üçün çox dəyərlidir və onların dərindən təhlili üçün Azərbaycan tərəfi almancanı yaxşı bilən gənc dissertant və doktorantları bu işə cəlb eləməlidir.

 

Fəxrəddin Veysəlli,

filologiya elmləri doktoru, professor

Xalq Cəbhəsi.- 2013.- 22 noyabr.- S.14.