Atılmış uşaqların reabilitasiyası problemi

 

Azərbaycanda sığınacaq evləri tək QHT-lərin öhdəsinə buraxılıb

Dünyada hər il 10 milyona yaxın uşaq öz valideynləri tərəfindən atılır. Eyni problem Azərbaycandan da yan keçməyib. Xüsusən 3 yaşına qədər körpələrin atılması narahatlıq doğuran məsələlərdəndir. Statistik məlumatlara əsasən, 640300 üç yaşına qədər körpə var və bunların 400-ü himayədar ailələrə verilib. Bu yaş kateqoriyasına aid olan uşaqlardan 95 nəfər internat müəssisələrində yaşayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova mətbuata açıqlamasında bildirir ki, Komitə tərəfindən uşaqların atılma səbəbini öyrənmək məqsədilə araşdırma aparılıb: «Məlum olub ki, uşaqların atılmasının ilkin səbəbi qeyri-qanuni nikahlar və sağlamlıq imkanı məhdud olan uşaqların dünyaya gəlməsədir: «Qeyri-qanuni nikahdan uşaq doğulan zaman valideyn belə bir uşağı dünyaya gətirdiyi üçün cəmiyyət tərəfindən qınaq obyekti olmasından ehtiyat edərək uşağından imtina edir, yaxud uşağın sağlamlıq imkanı məhdud olduğuna görə bəzi valideynlər utanc hissi keçirir və övladlarından imtina edirlər. Bu sahədə qadınlar arasında maarifləndirmə işləri aparmalıyıq. Uşağından imtina edən valideyn anlamalıdır ki, bütün uşaqlar valideynin nikah statusundan və uşağın sağlamlıq durumundan asılı olmayaraq, bərabər hüquqlara malikdirlər».

Komitə sədri valideynlərin övladından imtina etməsinin ikinci səbəbi kimi iqtisadi problemləri önə çəkir: «İşsizlik, həyat səviyyəsinin aşağı olması, savadsızlıq bəzi ailələrin öz uşaqlarından imtina etməsi ilə nəticələnir. Atılmış uşaqların dövlət tərəfindən müdafiəsi və himayəsi sahəsində çox işlər görülür. Lakin bu, dəyişilməz faktdır ki, heç bir qayğı ailə nəvazişini əvəz edə bilməz, heç bir qucaq ana qucağı qədər isti olmaz».

Səadət Qəhrəmanovanın bildirdiyinə görə, komitənin rayonlarda 11 mərkəzi açılıb və bu mərkəzlər problemli ailələri aşkara çıxarır və həmin ailələrə müxtəlif xidmətlər göstərirlər: «Belə ailələrdə doğulan uşaqlar əgər fiziki və əqli cəhətdən sağlam deyilsə, onların reabilitasiyası məqsədilə işlər aparılır və həmin ailələr üçün xüsusi tibbi müəssisələrdə tədbirlər görülür».

Bütün hallarda atılmış körpələr və onların problemləri mövcuddur. Əksər qərb ölkələrində qəbul olunmuş qanunlara əsasən, körpə uşaqdan imtina etmək istəyən valideyn onu yaxınlıqdakı istənilən tibb məntəqəsinə, heç bir prosedur keçmədən və məxfilik qorunmaq şərtiylə təhvil verə bilər. Bunun üçün tibb məntəqələrinin yaxınlığında «baby box»-lar, yəni uşaq qutuları yerləşdirilir. Uşağı qutuya qoyandan sonra avtomatik olaraq pəncərə bağlanır. Bu zaman 2 dəqiqə ərzində siqnalizasiya işə düşür, dərhal tibbi heyət gəlib uşağı götürür.

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev hesab edir ki, Azərbaycanda bu təcrübədən istifadə etmək çox vacibdir. Bir çox hallarda valideynlər uşaqlarından imtina edir, öz övladlarını ya uşaq evlərinə, ya da küçəyə atırlar. Bu isə uşaqların həyatını risk altına atmaq deməkdir: «Uşaqlar bəzən onların həyatı üçün təhlükəli olan yerlərə atılır. Bizdə faktlar var ki, atılmış uşaqlar hansısa heyvanların qurbanı olaraq tələf olublar və hətta uşaq evlərində vaxtilə tərk edilmiş elə uşaqlar var ki, onların bədənlərində atılma nəticəsində siçovulların gəmirmə izləri bu günə qədər qalıb. Buna görə də Azərbaycanda «baby box»ların qurulması çox vacibdir». Nazir Quliyev vurğulayır ki, belə qutular elə dizayn edilib ki, onlara uşaqlar bir dəfə qoyuldusa, artıq o uşağı oradan çıxarmaq mümkün deyil. Yəni o, heyvanlardan, eləcə də digər təlükələrdən uşağı qoruryur.

Ölkədə valideyn tərəfindən küçəyə atılmış uşaqlar gedəcək və sığınacaq yerləri olmadığından bir çox hallarda elə küçədə də məskunlaşmalı olurlar. Bu gün ölkədə risk qrupuna daxil olan uşaqlar üçün dövlət tərəfindən heç bir sığınacaq yeri yoxdur və məsələ yalnız QHT-lərin öhdəsinə buraxılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyinin məsul işçisi Elnur Kələntərli mətbuata verdiyi açıqlamasında küçədə təqribən 5 minə yaxın uşağın yaşadığını bildirib. Ancaq rəsmi statistika yoxdur. Elnur Kələntərlinin bildirdiyinə görə, evsiz uşaqlar üçün Sosial Sığınacaq və Reablitasiya Mərkəzini istifadəyə veriləcək. Yetkinlik yaşına çatmayan və risk qrupuna daxil olmayan uşaqların cəmiyyətə inteqrasiyası, onların sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması, onlara hüquqi yardımın göstərilməsi, onların həyat səviyyəsinin qorunması məqsədilə tikilən bu yeni sosial obyektlərin cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur. Zabrat qəsəbəsində yerləşən sosial sığınacaqlar və sosial reabilitasiya mərkəzləri 50 uşaqla işləmək üçün nəzərdə tutulub. Burada evsiz uşaqların reabilitasiyası həyata keçiriləcək. Sosial işçilər uşaqları küçədən yığacaq və onları sığınacağa aparacaqlar. Əgər uşaqların ailələri varsa, sosial işçilər onların valideynlərinə qaytarılması üçün tədbirlər görəcəklər. Yetkinlik yaşına çatmayanlara həmçinin hüquqi və tibbi yardım göstəriləcək, bundan sonra uşaqların gələcək taleyi barədə qərar qəbul olunacaq: «İlkin olaraq uşaqların müayinəsinin bir həftə çəkəcəyi planlaşdırılır. Eyni zamanda sosial işçilər uşaqların qohumları ilə işləyəcəklər».

Sosial reabilitasiya üzrə işlərə praktiki olaraq küçələrdə yaşayan qaraçı uşaqları da cəlb olunacaq. Sosial sığınacaqlar açılandan sonra onlarla bağlı müvafiq təkliflər hazırlanacaq. Onlara qeydiyyatın verilməsi və mənzillə təmin olunması mümkündür.

Qeyd edək ki, hazırda yalnız iki qeyri-hökumət təşkilatının sığınacağı var. Birincisi «Ümid evi» uşaq sığınacağı, digəri isə Kəmalə Ağazadənin sədri olduğu Azərbaycan Uşaqlar Birliyidir. Küçədə tapılan uşaqlar ora yerləşdirilir, həmin uşaqların reabilitasiyası keçirilir, daha sonra isə onların bir qismi internatlara təhvil verilir, müəyyən qismi isə orada gecələyir, qalır.

Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları Alyansının İdarə Heyətinin sədri Nazir Quliyevin bildirdiyinə görə, baxımsız qalan uşaqlar üçün tikiləcək sosial reabilitasiya mərkəzinin yaradılması arzuolunandır: «Uşaqlar üçün sosial reabilitasiya mərkəzinin yaradılması ideyası yaxşıdır, amma məkan — Zabrat qəsəbəsi bir az uzaqdır. Bilmirəm nazirlik nə dərəcədə yaxşı kadrlar tapa biləcək…» Nazir Quliyevin dediyinə görə, belə mərkəzlərin yaradılması əvvəllər nəzərdə tutulsa da, indiyə qədər reallaşmayıb: «Təbii ki, belə mərkəz yaradılarsa, bu arzuolunandır. Bu məsələlərlə bağlı qəbul olunan bir çox qanunda oxşar mərkəzlərin yaradılması nəzərdə tutulub. Biz əvvəllər də təkliflərimizi vermişik, yaradılandan sonra da göstərilən xidmətlərlə bağlı münasibətimizi, təkiflərimizi bildirərik».

Nazir Quliyev məhz dövlətin dəstəyi ilə baxımsız uşaqlar üçün reabilitasiya mərkəzinin yaradılmasına böyük ehtiyacın olduğunu bildirir: «Baxımsız uşaqlar üçün sığınacaq verənlər sırasında Azərbaycan Uşaqlar Birliyinin adını qeyd etmək olar. Ayrıca dövlətin dəstəyi ilə baxımsız uşaqlar üçün reabilitasiya mərkəzinin yaradılmasına böyük ehtiyac var. Çünki təkcə qeyri-hökümət təşkilatlarının imkanı daxilində bu məsələnin həlli mümükün deyil. Bu gün dövlət sığınacaqlarının yaranmasına böyük ehtiyac var. Bu sahədə qeyri-hökümət təşkilatlarına sosial sifarişlərin verilməsi çox vacibdir ki, onlar həm uşaqların müəyyən edilməsində, həm də ki, onların problemlərinin həll olunmasında yaxından iştirak etsinlər. Eyni zamanda burada valideyn məsuliyyəti də çox önəmlidir. Bəzi uşaqlar ya valideyn məsuliyyətsizliyindən, ya da ki, hüquqlarının pozulması ucbatından bu yola düşürlər. Ona görə hesab edirəm ki, qanunvericilikdə bu sahədə müəyyən dəyişikliklər olmalıdır. Bu cür hallara yol verən valideynlər hüquqi cəhətdən məsuliyyətə cəlb olunmalıdır. Bu cür uşaqlarla davamlı iş aparılmalıdır. Hansısa küçə uşağını sığınacağa yerləşdirməklə iş bitmir, əsas iş ondan sonra başlayır. Biznes qurumları da bu işlərə cəlb olunmalıdır. Azərbaycan Uşaqlar Birliyindən başqa bu gün daimi fəaliyyət göstərən sığınacaq mövcud deyil. Uşaqların taleyini həll edə bilən davamlı proseslərə böyük ehtiyac var. Küçədə uşaqları bir nəticədir. Həmçinin onları yaradan səbəblər ətrafında da geniş iş aparılmalıdır».

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin bildirdiyinə görə, Bakı Şəhər İcra Hakimiyyəti də daxil olmaqla rayon icra aparatlarında yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar fəaliyyət göstərir: «Əslində onlara çoxlu səlahiyyətlər verilib. Dövlət qurumları küçə uşaqları ilə, problemli ailələrdən olan azyaşlılarla iş aparmalıdırlar. Onlar hansı uşaqların internat və bu tipli müəssisələrə verilməsi üçün qərar qəbul edirlər. Komissiya mütəxəssisləri ailələrdə araşdırma aparırlar, lakin uşaqların yerləşdirilməsi məsələsinə gəldikdə çətinlik yaranır. Səbəb isə olduqca bəsitdir — ya ananın danışığı, gülüşü xoşlarına gəlməyib, ya ata qaşqabaqlı dayanıb. Halbuki uşağın taleyinə, vəziyyətinə belə qiymət vermək olmaz. Məmurlar öz vəzifələrindən sui-istifadə edirlər. Ümumiyyətlə, komissiyaların fəaliyyətində nöqsanlar var. Bütün problemlər də bundan qaynaqlanır».

Kəmalə Ağazadə deyir ki, bütün inkişaf etmiş ölkələrdə uşaqlar üçün sığınacaq evləri fəaliyyət göstərir. Lakin Azərbaycanda onların sayı azdır, üstəlik, sığınacaq evini saxlamağa çalışan QHT-lərin maliyyə imkanları məhduddur: «Biz sığınacaq evinin modelini qurmuşuq, lakin bu işin genişləndirilməsi üçün maliyyə tapa bilmirik. Bütün inkişaf etmiş ölkələrdə sığınacaq evləri var. Yalnız Azərbaycanda bu iş təkcə QHT-lərin öhdəsinə buraxılıb. Halbuki dövlət dəstəyi vacibdir. Dövlət tərəfindən maliyyə ayrılarsa, əlavə uşaq qəbul etməyə imkan yaranar».

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.- 22 noyabr.- S.11.