Klassik Avropa üslubunda oxuyan qadın müğənni

 

Şövkət Məmmədova opera partiyaları ifa edən Azərbaycanın ilk peşəkar milli sənətkarıdır

Kişilərin belə səhnəyə çıxmağa çətinlik çəkdiyi bir dövrdə Azərbaycanın, şərqin və müsəlman dünyasının ilk opera müğənnisi — Şövkət Məmmədova bir cəsarət simvolu idi…

Şövkət xanım Tiflis şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Həsən Məmməd oğlu əslən Borçalı qəzasının Qoşa kilsə kəndindən idi. Tiflis şəhərinə 1889-cu ildə köçmüşdü və burada kiçik çəkməçi dükanı açıb kustar istehsalla məşğul olurdu. Ailəsinə sadiq olduğu general Yadigarovgildə həmyerlisi, imkanlı ailədən olan Xurşud xanım Sultanova ilə tanış olmuş və onunla evlənmişdi. Bu izdivacdan Şövkət və Muqbil dünyaya gəlmişdilər.

Musiqi istedadı Şövkətə ana südüylə keçmişdi. Dayısı və xalası qarmon və dəf çalır, çoxlu Azərbacan xalq mahnıları bilirdilər. Anası Xurşud xanım və qardaşı Muqbil də qarmonda çalırdılar. Balaca Şövkət, necə deyərlər, gözünü nəğməylə açıb mahnı ilə yuxuya gedirdi və buna görə də 6 yaşından peşəkar musiqi ilə məşğul olmağa başlamışdı.

Əvvəlcə onu A.Kitesin Ev məktəbinə verirlər. Bir il sonra təhsilini Müqəddəs Nina məktəbində davam etdirir. Həmin məktəbin rəhbəri Peterburqda musiqi təhsili almış Yelena Kandelaki idi və bu xanım Şövkətin istedadına, mehribanlığına, diribaşlığına vurulmuşdu. O, pianoçu Levinanın müşayiəti ilə Şövkətlə özü məşğul olurdu. Qızın bütün tapşırıqları məharətlə yerinə yetirməsi müəllimlərini heyrətə gətirmişdi. Buna görə də onu 1859-cu ildə təşkil edilən Romanovlar Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin fortepiano sinifinə qoyurlar. Müəlliməsi Tamara İosifona Stepanovna olur. Dayısı Əmir onun üçün fortepiano almışdı ki, evdə də müstəqil məşğul ola bilsin. Qısa müddətdə o, İohan Sebastian Baxın fuqa və prelyüdlərini, Volfqanq Amadey Motsartın və Frans Yozev Haydnın sonatalarını sərbəst çalırdı.

On yaşında olanda Şövkət xanım ilk dəfə opera teatrına gedib və burada italyan müğənnisi Aida Qonzalın (Cilda) ifasında Cüzeppe Verdinin «Riqoletta» operasına baxır, müğəninin ifasında Leo Delibin eyniadlı operasında Lakmenin partiyasını dinləyir. Bundan sonra evdə «Küçələrə su səpmişəm», «Qalanın dibində», «Ay bəri bax» Azərbaycan və Suliko gürcü xalq mahnılarını, Aleksandr Rubinşteynin «Əzra» romansını tez-tez oxuyur. Hətta fortepianoda özü öz ifasını müşayiət edib.

Günlərin birində Tiflisdə xeyriyyəçi qadın qrafinya Vorontsova Daşkova axşam ziyafətində oxumaq üçün general Kazım Mirzə Qacara bir müsəlman qızı tapmasını tapşırır. Həmin müsəlman qızı 13 yaşlı Şövkət olur. O ziyafətdə A.Rubenşteynin «Əzra» romansını, Azərbaycan xalq mahnısını və bir italyan romansını necə ustalıqla, məlahətlə oxuyursa, qrafinya ona mütləq Peterburqa gedib musiqi təhsili almağı məsləhət görür.

1910-cu ildə atası Həsən kişi qəfildən vəfat edir. Sarsılmış qızcığaz anasının və müəlliməsinin nəvazişli qayğıları ilə musiqi təhsilindən ayrılmır. Nənəsi ilə Bakıya gələn Şövkət xanım yerli maarifçi ziyalıların, ilk növbədə Üzeyir bəy Hacıbəyovun, Məmmədoənifə Terequlovun, Hüseynqulu Sarabskinin, Müslüm bəy Maqomayevin köməkliyi ilə müəyyən vəsait toplaya bilib və ali vokal təhsili almaq üçün İtaliyanın Milan şəhərinə yola düşür. Bakı milyonçusu Zeynalabdin Tağıyev hər ay ona xüsusi təqaüd göndərirdi. Arada bu təqaüd gəlmədiyinə görə tələbə qız maddi çətinliklərlə üzləşib və təhsilini Tbilisi musiqi məktəbində davam etdirməli olur.

Üzeyir Hacıbəyli başda olmaqla o dövrün ziyalıları, incəsənət xadimləri Şövkətə maddi yardım məqsədilə Tağıyev teatrında bəstəkarın «Ər və arvad» operettası göstərilir. Toplanan vəsait Şövkətin təhsilinin davamına sərf edilməli idi. Tamaşadan sonra Şövkət səhnəyə çıxıb oxumağa başlayır. Şaqraq və məlahətli səs əvvəlcə zalda ölü sükut yaradır. Az sonra sanki yuxudan ayılan Bakı qoçuları balaca qızcığazı ölümlə hədələyərək təhqiramiz sözlər yağdırmağa başlayırlar. Mirzəağa Əliyevlə Üzeyir Hacıbəyli gizli yolla Şövkəti teatrdan qaçırırlar. Tamaşadan toplanan 1500 manat pul müsadirə olunur və Şövkət Tiflisə qayıdaraq orta məktəbi bitirir.

Şövkət xanım klassik Avropa üslubunda oxuyan və opera partiyaları ifa edən Azərbaycanın ilk peşəkar milli sənətkarıdır. O, görkəmli musiqi xadimi, pedaqoq və təşkilatçı idi, yüksək səhnə mədəniyyəti var idi. Şövkət Məmmədovanın ilk sənət müəlliməsi məşhur opera müğənnisi, uzun illər Milanın «La Skala» teatrında işləmiş, əlli yaşına çatmasına baxmayaraq ifa və səhnə təravətini itirməyən Dotti Ambrozio olub. O, gənc müğənni ilə səkkiz ay məşğul olub və həmin vaxtın tamamında Şövkət xanım XVII və XVIII əsr İtaliya bəstəkarları Montverdinin, Kovallenin, Krassiminin, Perqolezinin mürəkkəb əsərlərini məharətlə ifa edə bilirdi.

1915-ci ildə Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ailə həyatı qurandan Kiyev Konservatoriyasına ( indiki Kiyev Musiqi Akademiyası daxil olur və Aleksandra Şperlinqin sinfində təhsilini davam etdirməyə başlayır.

Kiyev konservatoriyasında oxuduğu illərdə görkəmli bəstəkar Reynqold Qliyerlə görüşür və yaradıcılıq əlaqələri yaranır. «Gəl, gəl, ey mənim maralım», «Küçələrə su səpmişəm», » Yeri, yeri küsmüşəm səndən» və s. Azərbaycan mahnılarını Qliyer ilk dəfə Şövkətin ifasında eşidir və Azərbaycan musiqisinə heyran olur. Sonralar bəstəkar «Şahsənəm» operasını yazarkən Azərbaycan musiqi nümunələrindən yaradıcılıqla bəhrələnir.

1920-ci ildə Şövkət Məmmədova Kiyev konservatoriyasını bitirib Bakıya gələndə artıq püxtələşmiş bir müğənni idi. Onun yeni formada, yeni çalarlarla oxumağı çoxlarının xoşuna gəlmir. Şövkət bilirdi ki, yenilik həmişə maneələrlə qarşılaşır. Sənətdə yeniliyi xalq birdən-birə qəbul edə bilmir. Bunun üçün uzun bir proses, bir də dözüm lazım idi. Şövkət isə uşaqlıqdan dözümlü idi. Sağ olsun yaxşı adamlar. Onun bir müğənni kimi yetişməyində Üzeyir Hacıbəyli və Qliyerin çox böyük xidmətləri olmuşdu. Sənətşünasların dili ilə desək «Qliyer Şövkət Məmmədovanı kəşf etdi, Üzeyir bəy isə Şövkətin əlindən tutub ilk azərbaycanlı qadın müğənnini səhnəyə gətirdi…»

Üzeyir Hacıbəyli: «Cəsarətlə deyərdim ki, Şövkət xanım Məmmədova vokal sənətimizin ilk pioneri olub. O, bu sənətin gələcəyi üçün bütün gəncliyini qurban verib…» Şövkət Məmmədovanın Kiyev konservatyoriyasını bitirib Bakıya gələndə ilk dəfə oynadığı rol Üzeyir bəyin «Arşın mal alan» operettasında Gülçöhrə olub. Az sonra repertuarını genişləndirərək Avropa və Azərbaycan operalarında yeni-yeni obrazlar yaratmağa başlayır. «Traviata» da Violettanı, «Riqoletta»da Cildanı, «Şahsənəm»də Şahsənəmi, «Şah İsmayıl»da Gülzarı, «Nərgiz»də Nərgizi, «Şota Rustaveli»də Ninanı, «Lakme»də Lakmeni ustalıqla ifa edir. Bütün bu rollar onun üçün yeni məktəb, məhək daşı olur.

Şövkət xanım təkcə opera müğənnisi olaraq qalmamışdı. Parisdə, Berlində, Təbrizdə qastrol səfərlərində olarkən Azərbaycan xalq mahnılarını da ifa edirdi. Hətta 1925-ci ildə Parisdə məşhur bir Fransa bəstəkarı onun ifasından heyrətlənərək demişdi: «Bu müğənni çox nadir səs tembrinə malikdir. Onun səsi royalı olduqca pis vəziyyətdə qoyur. Bu müğənni üçün xüsusi royal düzəltmək lazımdır». Fransız qəzetlərindən biri yazırdı: «Şövkət Məmmmədovanın çıxışı bir daha sübut etdi ki, böyük musiqi mədəniyyəti və vokal məharəti ancaq avropalıların qisməti deyil

Azərbaycan musiqi sənətinin bir çox sahələrində Şövkət xanım birincilər sırasında dayanıb. Onun təşəbbüsü ilə Bakıda ilk Teatr Texnikumu yaradılıb. Bu Yaxın Şərqdə ilk teatr, ilk təhsil ocağı idi. Şövkət xanımın bir müddət direktorluq etdiyi bu texnikumun ilk buraxılışı 1926-cı ildə olub və ilk qadın məzunu isə unudulmaz Fatma Qədri idi. Azərbaycanda ilk not nəşriyyatı da Şövkət Məmmədovanın təşəbbüsü ilə yaradılmışdır. Burada Üzeyir Hacıbəyli, Müslüm Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. İndiki Teatr Xadimləri İttifaqı da ilk dəfə Azərbaycan Teatr Cəmiyyəti kimi məhz Şövkət xanım tərəfindən yaradılmış və ilk direktoru da sənətkarın özü olmuşdur. O, ilk azərbaycanlı müğənnidir ki, 1925-ci ildə Fransada səsi yazılmış valı buraxılmışdır.

Şövkət xanım bütün ömrü boyu sənətin müxtəlif sahələrində nə isə bir iş görmək arzusu ilə yanıb. Müxtəlif illərdə musiqi folklorumuzun toplanmasında iştirak edib. Bu sahədəki işlərinə görə hətta Parisə də gedib. Bir həqiqət də var ki, Şövkət xanım həmişə opera solisti olaraq qalırdı. Şövkət xanım tamaşaçını təkcə səsi ilə deyil, obrazın daxili aləmini, xarakterini ustalıqla açması ilə də heyrətə gətirirdi. Onun yaradıcılığında düşüncə ilə duyğu vəhdət təşkil edirdi.

Dünya opera teatrları repertuarının fəxri olan «Riqoletta» operasında Cilda obrazı lirik — koloritli soprano səsli müğənnilərin qu nəğməsi hesab olunur. Hələ gəncliyində Cildanın partiyasını məşhur italyan müğənnisi Aida Qonzaqanın ifasında heyranlıqla dinləyən Şövkət xanım, bu rolda görkəmli italyan müğənnisi Totti del Monte və Qali Kurçinin ifasını da eşitdikdən sonra öz Cildasını yaratmağa başlayır. Cildanın ariyası azərbaycanlı müğənninin ən böyük nailiyyəti idi. O, bu ariyanı rəngbərəng səs qammaları ilə ifa edirdi. Onun ifasının sehrinə təkcə adi tamaşaçılar deyil, böyük sənətkarlar da düşürdü. Dahi Niyazi deyirdi: «Yəqin ki, indiki nəslin nümayəndələri Şövkət xanım Məmmədovanın vokal ifaçılığı ilə yaxşı tanış deyillər. Amma mən böyük istedad sahibi olan bu müğənninin yaradıcılığını həmişə sevib izləmişəm. O, orijinal müğənni, əsl vokalçıdır. Şövkət xanım vokal sənətinin Avropa üsullarını Azərbaycan milli oxuma xüsusiyyətləri ilə məharətlə birləşdirməyə nail olan sənətkarlardandır. Mən bu istedadlı sənətkarı dəfələrlə eşitmişəm. Açığını etiraf edim ki, hər dəfə də bu qeyri-adi istedad sahibinin ifaçılığı məni sehrləyib.»

Dünya şöhrətli müğənni Rəşid Behbudov isə öz duyğularını belə ifadə etmişdi: «Şövkət xanımı Azərbaycan opera teatrı səhnəsinə gələn ilk qadın müğənni kimi tanıyıram. İtaliya və Kiyevdə mükəmməl musiqi təhsili almış bu müğənni ilk gündən Azərbaycan musiqisinin ağırlığını çiynində daşımışdır. Onun gözəl ifaçılıq manerası oxuyanlarımız üçün örnək olmuşdur.»

Bütün həyatı və yaradıcılığı həqiqi vətəndaşlığın gözəl nümunəsi olan sənət fədaisi Şövkət Məmmədova özü haqqında belə yazırdı: «Bütün həyatım boyu Azərbaycan musiqisi, səhnəsi və mədəniyyəti üçün əlimdən gələni etməyə çalışmışam. Mən həmişə bu sənətin özünəməxsusluğunun və təkrarolunmazlığının qədrini bilmişəm». Xalq artisti 1982-ci il iyunun 8-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 23 noyabr.- S.13.