İrəvan
qalasının işğalından 186 il ötür
İrəvan Azərbaycanın ən qədim və
tarixi şəhərlərindən biridir. Ağrı
vadisinin şimal kənarında, Araz çayının sol
qolu olan Zəngi çayının sahilində, dəniz səviyyəsindən
850-1300 metr yüksəklikdə yerləşən şəhər
tarix boyu Azərbaycan-Türk yurdu olub. Müxtəlif
dövrlərdə Çuxur-Sakat//Çuxur Səd bəylərbəyliyinin,
İrəvan xanlığının, İrəvan
quberniyasının, nəhayət, «Ermənistan SSR»in mərkəzi
olub. 1936-cı ilə qədər «Erivan»
(müxtəlif mənbələrdə İrəvan, Erevan,
Ervan, Rəvan və s.), həmin tarixdən isə «Yerevan»
adlandırılıb.
İrəvan şəhərini XVI yüzildə Rəvan
xanın tikdirdiyi Rəvan qalası ilə eyniləşdirənlər
əslində böyük tarixi səhvə yol verir. Belə ki,
burada ilk qala Urartu çarı I Arquztu (Asur mənbələrində
— Argişti) tərəfindən miladdan əvvəl 782-ci ildə
tikilmiş və İrpuni//Erbuni//Erbiuni (Erebuni) qalası
adlanıb ki, bu da qədim türk-qarqar dilində «Ərlər
boyunun ölkəsi» anlamını verir.
Doğrudur,
1504-cü ildə Səfəvi hökmdarı Şah
İsmayıl sərkərdəsi Rəvanqulu xanı
Çuxur Səd torpaqlarına hakim təyin edərkən ona
Zəngi çayı sahilində, indiki İrəvan şəhərinin
yerində qüdrətli bir qala tikmək göstərişi
vermiş və Rəvanqulu xan da 7 ilin tamamında burada
alınmaz bir qala ucaltmışdı. Ancaq bu, o demək deyil ki, Rəvanqulu xan bu qalanı
boş bir sahədə, təsadüfi seçilmiş bir ərazidə
tikmişdi. Əvvəla, hələ 1407-1408-ci
ildə Əmir Teymurun sevimli adamlarından olan Xoca xan Lahicani də
bu yerdə böyük bir yaşayış məntəqəsi
saldırmışdı. İkincisi, unutmaq lazım deyil
ki, Çuxur Sakat vilayətinin Saatlı (Sakatlı) boyundan
olan qaraqoyunlu Əmir Sədin oğlu Pir Hüseynin əmri ilə
bu gün Cəfərabad türbəsi kimi
tanıdığımız Pir Hüseyn türbəsi də
1413-cü ildə məhz bu yerin yaxınlığında
ucaldılmışdı. Əmir Sədin məzarı
üstündə tikilən bu türbədə sonra Pir
Hüseynin özünün də dəfn olunması sübut
edir ki, bu yer elə o vaxt da vilayətin mərkəzi
olmuşdu. Beləliklə, Erbuni//Erebuni//Ereban şəhər
adı ilə Rəvan//İrəvan qala adlarındakı
oxşarlıq böyük bir tarixi yanlışlığa səbəb
olmamalıdır.
İrəvan qalası onu görən xarici səyyahların
hamısını heyrətə gətirmişdi. Eni 790 m,
uzunluğu 850 m olan qalanın divarları daşdan və
çiy kərpicdən hörülmüşdü.
Onlar elə qalın idilər ki, hətta top mərmisinə
davam gətirirdilər. Qalanın bayır
divarının hündürlüyü 10 m-dən çox idi
və bu divarda 17 bürc vardı. Qala
ikiqat divarla dövrələnmişdi. Daxili
divar birincidən də hündür idi və onların
arasında təxminən 50-60 metr məsafə vardı.
İçqaladan təxminən 1 km məsafədə
Keçiqala adlı ikinci — köməkçi qala yerləşirdi.
Ümumiyyətlə, İrəvan qalasının
üst-üstə 50-60 bürcü, 3 möhkəm
qapısı olub: cənubda Təbriz qapısı, şimalda
Meydan qapısı və Körpü qapısı.
İrəvan qalasının möhtəşəm
tikililəri sırasında 1510-cu ildə Şah
İsmayılın əmri ilə tikilmiş Qala məscidi, elə
həmin vaxt inşa edilmiş, sonralar dönə-dönə
təkmilləşdirilmiş Sərdar sarayı mühüm
yer tuturdu. Təəssüf ki, İrəvan qalası
1864-cü ildə, Qala məscidi və Sərdar sarayı isə
1918-ci ildə ermənilər tərəfindən tamamilə məhv
edilmişdi. İrəvan
xanlığı mövcud olduğu tarixi zaman kəsimində
həmişə Osmanlı, İran və Kartli-Kaxetiyanın
müharibə meydanı olduğundan İrəvan şəhəri
də tez-tez hücumlara sinə gərməli olmuşdu.
XVIII yüzilin sonu — XIX yüzilin əvvəllərindən
etibarən isə İrəvan şəhəri xüsusilə
rus qoşunlarının hücum hədəfinə
çevrilmişdi.
1804-cü ildə general Sisianovun, 1808-ci ildə general
Qudoviçin İrəvan qalasının divarları
önündə burunları ovularaq geri oturduldular. Xüsusilə
İrəvanı «Gəncənin halına
salacağını» vəd edən Sisianov İrəvan məğlubiyyətini
ölüncə unuda bilmədi. Əksinə
İrəvan Sisianovdan Gəncənin qisasını
artıqlaması ilə aldı.
Nəhayət,
1813-cü il «Gülüstan» müqaviləsi
ilə Rusiya, İrəvan və Naxçıvan
xanlıqları istisna olmaqla, bütün Cənubi Qafqazı
işğal etdi. Qafqazın
işğalını başa çatdırmaq
üçün isə ona mütləq İrəvan
qalasını tutmaq lazım idi. Buna isə yalnız 14
ildən sonra nail ola bildi. 1826-cı
ildə general Yermolovun uğursuzluqlarını görən
çar onu general Paskeviçlə əvəz etmək qərarına
gəldi və bütün hərbi gücünü İrəvan
üzərinə yönəltdi. İrəvan
sərdarı Hüseyn xan Qacarın qardaşı, «Sarı
Aslan» ləqəbi ilə tanınan Həsən xanın
komandanlığı ilə İrəvan oğulları yadellilərə
qarşı layiqli müqavimət göstərdilər.
Nəhayət, 1827-ci il oktyabrın 1-də
İrəvan qalası rus artilleriyası və erməni xəyanəti
qarşısında duruş gətirməyərək
süqut etdi. Qafqaz xalqlarının sonrakı
bütün tarixi faciələrinin bünövrəsi də
elə o vaxtdan başladı.
1828-ci ildə İranla Rusiya arasında
bağlanmış «Türkmənçay» müqaviləsi nəinki
İrəvan və Naxçıvan xanlıqlarının
Rusiya tərəfindən işğalını rəsmiləşdirdi,
həm də İrandan minlər və on minlərlə erməni
əhalinin gətirilib Azərbaycan torpaqlarında məskunlaşdırılmasını
təmin etdi.
Erevan//İrəvan
qala-şəhərinin əhalisini həmişə əsasən
Azrbaycan türkləri təşkil ediblər. Hələ
XVIII yüzil Avropa səyyahlarının şahidliyinə
görə, bu qalada yaşayanlar ancaq müsəlmanlar
(türklər-red.) olublar. Statistik məlumatlara
görə, 1827-ci ildə İrəvanda 2400 ailədə 12
min nəfər əhali yaşayıb. Ancaq
qalanın ruslar tərəfindən işğalından sonra
yerli bəy-xan ailələrinin, ruslara qarşı
döyüşən dinc əhalinin böyük bir hissəsi
İrana və Türkiyəyə köçməyə məcbur
olmuş, onların evləri, mülkləri isə həmin
ölkələrdən gələn ermənilər tərəfindən
zəbt edilmişdi. Nəticədə 1828-ci ildə
artıq İrəvanda azərbaycanlıların (türklərin)
sayı 1807 ailədə 7331 nəfərə qədər
azalmış, ermənilərin sayı isə 567 ailədə
2379 nəfərə qədər çoxalmışdı.
Bununla belə, burada hələ də 4 xan, 41 bəy və
sultan ailəsinə qarşı cəmi 8 erməni məlik və
ağa ailəsi yaşayırdı. 50 nəfər
axund və mollaya qarşı cəmi 19 nəfər
keşiş vardı. İrəvan şəhərinin
tarix boyu Azərbaycan türk şəhəri olduğunu onun
kimlər tərəfindən idarə edildiyini göstərən
aşağıdakı siyahı da təsdiq edir:
1.
Əmir Səd — XIV yüzilin axırı — 1410-cu ilə qədər
2. Pir
Hüseyn (Əmir Sədin oğlu) — 1410-cu ildən
3. Pir
Yaqub (Pir Hüseynin oğlu) — 1420-ci il
4.
Əbdül (Pir Hüseynin oğlu) — 1430-cu illərdə
5. Yaqub bəy
— Cahan şahın əmri ilə 1440-cı ildən
6. Həsən
Əli Qaraqoyunlu — 1460-cı illərdən
7. Həsən
bəy Bayandurun nəvəsi — 1475-ci ildən
8. Rəvanqulu
xan — 1501-ci ildən
9. Div
Sultan Rumlu — 1515-ci ildən
10. Bədir
xan Ustaclı — 1538-ci ildən
11.
Hüseyn xan Sultan — 1550-ci ilədək
12.
Şahqulu Sultan Ustaclı — 1550-1575
13. Lələ
paşa (Sultan Murad dövrü) — 1577
14. Məhəmməd
xan Toxmaq Ustaclı (Xudavənd şah dövrü) — 1576-1583
15. Fərhad
paşa (Sultan Murad dövrü) — 1583
16. Məhəmməd
Şərif paşa — 1604-cü ilədək
17.
Əmirquna xan qacar (Şah Abbas dövrü) — 1605-1625
18. Təhməzqulu
(Əmirqunanın oğlu) — 1635
19. Murtuza
paşa — 1635
20. Kəlbəli
xan — 1636-1639
21. Məhəmməd
xan «Çağata Götük» — 1639-1648
22. Xosrov
xan — 1648-1652
23. Məhəmmədqulu
xan (Lələ bəyin oğlu) — 1652-1656
24. Nəcəfqulu
xan — 1656-1663
25.
Abbasqulu xan (Əmirqunanın oğlu) — 1663-1666
26. Səfiqulu
xan — 1666-1674
27.
Sarıxan bəy (2 il əvəz edir) —
1674-1675
28. Səfiqulu
xan (Təbrizli Rüstəm xanın oğlu) — 1675-1679
29. Zal xan
— 1679-1688
30.
Murtuzaqulu (Naxçıvanlı Məmmədrza xanın
oğlu) — 1688-1691
31. Məmmədqulu xan — 1691-1694
32. Zöhrab xan — 1691
33. Fərzəli xan (Əmirquna xanın nəvəsi, Sultan Əhməd dövrü) — 1694-1700
34. Zöhrab xan — 1700-1705
35. Əbdül Məhəmməd xan — 1705-1709
36. Mehrəli xan — 1709-1719
37. Allahqulu xan — 1719-1725
38. Rəcəb paşa — 1725-1728
39.
İbrahim və Mustafa paşalar — 1728-1734
40.
Əli paşa — 1734
41.
Hacı Hüseyn paşa (Əli paşanın müavini) -1734
42. Məmmədqulu
xan — 1735-1736
43. Pirməhəmməd
xan — 1736-cı ildən
44. Xəlil
xan — 1752-1755
45. Həsənəli
xan Qacar — 1755-1762
46.
Hüseynəli xan (Həsən xanın qardaşı) —
1762-1783
47. Qulaməli
xan (Hüseynəli xanın oğlu) — 1783-1784
48. Məhəmməd
xan (Qulaməli xanın qardaşı) — 1784-1805
49.
Mehdiqulu xan — 1805-1806
50. Məhəmməd
xan Marağalı — 1806-1807
51.
Hüseyn xan Qacar qardaşı Həsən xanla — 1807-1827
İrəvan
qala-şəhərinin Azərbaycan türk-müsəlman
şəhəri olduğunu sübut etmək üçün
təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki,
1832-ci ildə İ.Şopen burada 12 məscid qeydə alıb:
1) Qala məscidi, 2) Şah Abbas məscidi 3) Zal xan məscidi 4)
Novruzəli bəy məscidi 5) Sərtib xan məscidi 6)
Hüseynəli xan məscidi 7) Hacı İmamverdi məscidi,
8) Hacı Cəfər məscidi və… şəhər ruslar
tərəfindən top atəşinə tutularkən
darmadağın olmuş daha 4 məscidin xarabalıqları.
İrəvan
şəhərinin zaman-zaman erməniləşdirilməsi
çox keçmədən öz acı nəticələrini
verdi. İrəvan azərbaycanlılarının
ermənilər tərəfindən ilk soyqırımı
1905-ci ildə baş verdi. 1918-ci
ildə bu soyqırımı dəhşətli şəkildə
təkrar olundu. Daha sonra 1948-1953-cü illər
deportasiyası və 1988-ci il
soyqırımı… İndi İrəvanda bir nəfər
də Azərbaycan türkü yaşamır. Bununla ürəyi soyumayan ermənilər İrəvan
azərbaycanlılarına (türklərinə) məxsus
Toxmaq şəhər qəbiristanlığını da yerlə-yeksan
etdilər.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 1 oktyabr.- S.14.