Övladlığa götürmə qaydaları

 

Tez-tez mətbuatda əcnəbilərin uşaq götürməsi ilə bağlı yazılar çap olunur, bunun qanunvericiliyə nə dərəcədə uyğun olub-olmadığı müzakirəyə çıxarılır. Bu yazımızda bubaşqa mövzularla bağlı oxuculara bilgi verəcəyik. Azərbaycan Respublikasının Ailə Məcəlləsində bildirilir ki,

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın vətəndaşı olan uşağı övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan vətəndaşı olan uşaq, övladlığa götürənin ölkəsinin (daimi yaşadığı ölkənin) qanunvericiliyinə uyğun olaraq övladlığa götürüldükdə həmin ölkənin qanunvericiliyi ilə yanaşı bu məcəllənin 66.6-cı, 117-119-cu və 122-124-cü maddələrinə də əməl olunmalıdır.

Azərbaycan ərazisində xarici vətəndaş olan uşaq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən övladlığa götürüldükdə buna uşağın qanuni nümayəndəsinin və uşağın vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanının, eləcə də həmin dövlətin qanunvericiliyi ilə tələb olunduqda uşağın özünün razılığını almaq zəruridir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquqları övladlığa götürmə nəticəsində pozula bilərsə, övladlığa götürmə övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq həyata keçirilə bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında ləğv olunmalıdır. Övladlığa götürənin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının xaricdə yaşayan uşağını övladlığa götürməsi o şərtlə Azərbaycanda etibarlı hesab edilir ki, buna Azərbaycanda müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq alınsın.

Xarici ölkələrin ailə hüquq normalarının məzmununun müəyyən edilməsi isə aşağıdakı qaydada müəyyən edilir: «Xarici ölkələrin ailə hüquq normaları tətbiq edilərkən məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı, yaxud başqa müvafiq təşkilatlar bu normaların məzmununu müvafiq xarici dövlətdəki rəsmi şərhin tətbiqi təcrübəsinə uyğun olaraq müəyyənləşdirir. Bu normaların məzmununu müəyyənləşdirmək məqsədi ilə məhkəmə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqansair orqanlar müvafiq icra hakimiyyəti orqanına və başqa orqanlara (ekspertlərə) müraciət edə bilərlər. Maraqlı tərəflər öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri xarici ailə normalarının məzmununu təsdiq edən sənədləri məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək hüququna malikdirlər. Xarici ölkələrin ailə hüquq normalarının məzmunu bu məcəllənin 156.1-156.3-cü maddələrinə uyğun müəyyən edilməzsə, Azərbaycan qanunvericiliyi tətbiq edilir».

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı bölmədə bildirilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallardabu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı bir qayda olaraq müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları bunlardır: «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Bu məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunması faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. Ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında müvafiq şəhadətnamə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə qeydiyyat üçün müraciət etmiş şəxslər dövlət rüsumu ödəyirlər. Dövlət rüsumunun ödənilməsinin qaydası və miqdarı, habelə dövlət rüsumunun ödənilmədiyi hallar «Dövlət rüsumu haqqında» qanunla müəyyən edilir.

Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Uşaq, onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs doğum haqqında qeydiyyata və şəhadətnaməyə bu şərtlə uşağın atası kimi yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin».

Maddə 170-də «Hikah pozulduqdanya etibarsız hesab edildikdən sonra anadan olan uşağın doğulmasının qeydə alınması» adlanır: «Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdanya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğulmasının qeydiyyatı, nikahın pozulduğuya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişsə, valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır».

Nikahın qeydə alınması qaydası maddə 171-də belə göstərilir: «Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardanya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 1 oktyabr.- S.11.