Pişəvəri hökumətinin maarif
naziri
Milli
şair, azadlıq təşnəsi Məhəmməd Biriya
çox əzablı həyat yaşayıb
Onun haqqında ilk dəfə 1986-cı ildə Azərbaycan
radiosundan yayımlanan «Güney Azərbaycan»
redaksiyasının verilişindən eşitmişdim. Əzablı
həyatına baxmayaraq əqidəsindən əl çəkməməsi
məndə ona qarşı ciddi, sayğılı münasibət
yaratmışdı. Sonradan onun həyatı və
mübarizə yoluyla daha yaxından tanış
oldum.
Məhəmməd Biriya — (Məhəmməd
Bağırzadə) 1914-cü ildə Təbriz şəhərində
anadan olub. İlk təhsilini Bakıda alıb. 1929-ci ildə anası vəfat etdikdən sonra yenidən
Təbrizə qayıdıb. Pəhləvi
rejiminin xalqımıza zülmünə qarşı
mübarizə aparıb. 1945-ci ildə Azərbaycan
Demokrat Firqəsi hökumət qurandan sonra maarif naziri
seçilən Məhəmməd Biriya məktəblərdə
Azərbaycan-türk dilinin tədrisi proqramını
yaradıb. Azərbaycan Demokrat Firqəsi
dağılandan sonra Quzey Azərbaycana gəlib. Sovet dövründə Sibirə sürgün olunub.
Araşdırmaçı
İslam Qəribli bildirir ki, XX əsr Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan, təəssüf ki, totalitar
sovet quruluşu və bədnam Pəhləvi rejiminin sərt
qadağaları ucbatından öyrənilməsinə, əsərlərinin
çapına qadağalar qoyulan, 4 cildlik Cənubi Azərbaycan
Ədəbiyyatı Antologiyasına adı belə
salınmayan başı bəlalı, təpədən-dırnağacan
milli şair və azadlıq təşnəsi olan Məhəmməd
Biriya Güney Azərbaycanda 1930-1940-cı illərdə
genişlənməkdə olan milli azadlıq mücadiləsinin
təsiri ilə yetişən qüdrətli qələm
sahiblərindəndir: «Güney Azərbaycanda 1979-cu il İran
İslam İnqilabına qədər adının çəkilməsi
də yasaq olunan, Sovetlər İttifaqında isə 1947-ci ildən
bu yana ömrünün 20 ildən artığını həbsxanalarda
keçirən Biriyanın tərcümeyi-halı barədə
ilk və bir qədər geniş məlumata «Şairlər məclisi»
məcmuəsinin 1945-ci ildə çıxan 3-4-cü nömrələrində
rast gəlirik. Məcmuə bu
buraxılışında Biriyanın 13 şeirini çap etməklə
yanaşı tərcümeyi-halına da yer ayırıb,
şairin 1945-ci ilə qədərki həyat yolu və əsərləri
barədə müxtəsər məlumat verilib. 12 avqust
1948-ci ildə yazılmış bir istintaq protokolundan Biriyanin
istintaq şöbəsinin müdiri Padarova verdiyi cavabdan
oxuyuruq: «İlk dəfə Sovet İttifaqına uşaqkən
atam, anam və hazırda Təbrizdə yaşayan
qardaşım Mehdi ilə 1920-ci ildə gəlmişəm.
Bir il sonra ailəliklə Xorasana (İrana)
qayıtdıq və 1923-cü ilədək orada qaldıq. Sonra anamın xəstəliyi ilə əlaqədar
ailəmiz yenidən 1923-cü ildə Bakıya qayıtdı
və burada məskunlaşdı. 1929-cu ildə
mən Bakıdakı 37 nömrəli 7 illik məktəbi
bitirdim. İl yarım
neft-maşınqayırma texnikumunda oxudum. 1931-ci
ildə anamın vəfatı və ailə vəziyyətimizin
çətinləşməsi ilə əlaqədar olaraq Təbrizə
qayıtdıq….Təbrizdə mən təhsilimi davam
etdirirdim, eyni zamanda atama kömək edirdim. İki ildən sonra təhsilimi başa vurub Təbrizdə
nəşr olunan «Şahin» qəzeti redaksiyasında korrektor
kimi işə götürüldüm».
1941-ci ilin oktyabrında Şimali Azərbaycandan Sovet
ordusu sıralarında Təbrizə gedən ziyalılar «Vətən
yolunda» qəzetini nəşr etməyə başlayırlar. Biriya da alovlu
şeirləri ilə qəzetin işində fəal
iştirak edir. Həmin illərdə o, əsərlərini
eyni zamanda Tehranda çıxan «Mərdom», «Zəfər», «Dəmavənd»,
«Şöləvər», Rəştdə çap olunan «Səpidrud»,
Təbrizdə nəşrə başlayan «Azərbaycan» və
«Xavəre-no» qəzetlərində də nəşr etdirir. Şair 40-cı illərdə genişlənməkdə
olan milli azadlıq hərəkatına qoşulur, onun
azadlığı və milli birliyi təbliğ edən
şeirləri küçə və meydanlarda geniş
kütlələr tərəfindən nəğmə kimi
oxunur. 1941-ci ilin axırlarında Sovet hökumətinin dəvəti
ilə bir qrup ziyalıyla Bakıya gələn və 15
gün Bakıda olan Biriya İrana qayıdandan sonra təqiblərə
məruz qalır və özünün yazdığı
kimi, Azərbaycan SSR daxili işlər nazirinin müavini
Atakişiyevin yardımı ilə Bakıya qaçmağa
müvəffəq olur. O, 1943-cü ilin yanvarına qədər
Bakıda yaşayır, bu müddətdə Azərbaycan
Yazıçılar İttifaqında və Azərbaycan Radio
Komitəsində işləyir. Siyasi sığınacaq istəyilə
Bakıya gələn Biriya 1943-cü ilin yanvarında Təbrizə
qayıtmağa məcbur olur və
qayıdışının səbəbini belə izah edir:
«Bir dəfə məni Azərbaycan SSR DİN-ə
çağırıb DİN xətti ilə çalışmağı
təklif etdilər. Mən razılıq vermədim.
Lakin zor işlətməklə məndən
razılıq barədə iltizam aldılar. Ertəsi gün mən İran Konsulluğuna gedib vətənə
dönməkdə mənə kömək etmələrini
xahiş etdim. Konsulluğun köməyi ilə yenidən
İrana keçməyə nail oldum».
Təbrizə qayıtdıqdan sonra o, Güney Azərbaycanda
genişlənməkdə olan antifaşist və antiimperialist
hərəkatının rəhbərlərindən birinə
çevrilir, 1943-cü ildən 1945-ci ilə qədər fəaliyyət
göstərən «Ədəbiyyat səhifəsi» adlı qəzet
çıxarmağa müvəffəq olur. Biriya həmin illərdə
«Çətirbazlar», «Ruznamə idarəsində», «Stalinqrad»,
«Ərbab və əkinçi» kimi kiçik pyeslər yazaraq
tamaşaya qoydurur. Biriya 1943-cü ildə
İran Azərbaycanı Həmkarlar İttifaqının sədri
vəzifəsinə seçilir və 1945-ci ildə Parisdə
keçirilmiş Ümumdünya Həmkarlar İttifaqı
konqresində nümayəndə kimi iştirak edir. O,
1945-ci ilin oktyabrında keçirilən Azərbaycan Demokrat
Firqəsinin (ADF) birinci qurultayında MK-nın plenumu və
bürosunun üzvü seçilir. 1945-ci ilin
dekabrında Azərbaycan Milli Məclisinin Təbriz seçki
dairəsi üzrə deputatı seçilən M.Biriya Milli
Hökumət dövründə baş nazir S.C.Pişəvərinin
təklifi ilə Cənubi Azərbaycanın maarif naziri kimi
hökumətin tərkibinə daxil edilir. 1946-cı ilin
dekabrında Məhəmməd Rza şahın xaricdəki
havadarlarının köməyi ilə qan içində
boğdurduğu Milli hökumətin süqutundan sonra
S.C.Pişəvəri və demokratik partiyanın bir çox rəhbərləri
SSRİ-yə, Şimali Azərbaycana köçür,
M.Biriya isə MK bürosunun qərarı ilə Azərbaycan
Demokrat Partiyasının I katibi kimi Təbrizdə qalıb fəaliyyətini
davam etdirir. 1947-ci ilin martında demokratik hərəkatın
dağılmasından sonra Təbrizdə qalıb gizli şəkildə
fəaliyyət göstərən bir çox
silahdaşları kimi Biriya da SSRİ konsulluğu əməkdaşlarının
köməyilə Bakıya qaçırılır. 1947-ci ildə Bakıda ADF-nin Mərkəzi Komitəsi
bərpa olunur və M.Biriya MK-nın üzvü və təbliğat
şöbəsinin müdiri təyin olunur. 1947-ci ilin axırlarında M.Biriya təzədən
İran pasportu almaq, Təbrizə, ailəsinin yanına
qayıtmaq qərarına gəlir. Dekabrın
9-da o, bu barədə MK-nın iki üzvünə- Padeqana və
Qulam Yəhyaya fikrini bildirir. Onlar onu fikrindən
daşındırmaq istəyir, lakin M.Biriyanın fikrindən
dönməyəcəyini qət etdikdən sonra bu barədə
Azərbaycan Dövlət Təhlükəzlik Komitəsinə
məlumat verirlər. Bir neçə
günlük izləmədən sonra o zamanlar Azərbaycan SSR
KP MK-nin birinci katibi vəzifəsində çalışan
M.C.Bağırovun göstərişi ilə dekabrın 28-də
M.Biriya gizlicə aradan götürülür. M.Biriya üçün cinayət işi
açılır və o, 10 avqust 1948-ci ildə Azərbaycan
SSR Cinayət Məcələssinin 68-ci maddəsinin I hissəsində
göstərilmiş cinayət əməlini törətməkdə
şübhəli bilinərək həbs olunur. 27 noyabr
1948-ci ildə Cinayət Məcəlləsinin 61-1 və
156-cı maddələriylə təqsirkar hesab olunan şair
10 il müddətinə azadlıqdan məhrum
edilir, cəzasını çəkmək üçün
SSRİ DİN-in xüsusi düşərgəsinə
göndərilir. 13 avqust 1954-cü il tarixdən
isə o, Karaqanda şəhər islah əmək düşərgəsində
cəza çəkməli olur».
9 il
Rusiyanın buzlu-şaxtalı həbs düşərgələrində
saxlandıqdan sonra 30 avqust 1956-cı ildə Biriya bəraət
qazanır və onun haqqında belə bir qərar qəbul
edilir: «Bağırzadə- Biriya Məhəmməd Qulam
oğlu barədə SSRİ DİN yanında xüsusi
yığıncağın 27 noyabr 1948-ci il qərarı ləğv
edilsin, tərkibində cinayət tərkibi
olmadığına görə işə xitam verilsin və
dustaq azad edilsin.»
1956-cı ildə Biriya Bakıya qayıdır. Guya hökumət əleyhinə
təbliğat apardığı üçün yenidən həbs
olunur və ömrünün 10 ilini də müxtəlif
şəhərlərin həbsxanalarında
çürütməli olur: «10 illik türmə həyatından
sonra Bakıya qayıdan M.Biriya Təbrizə — yeganə
oğlu Faiqin və həyat yoldaşı Həmidə
xanımın yanına getmək istəyir. Bakıda
viza almaq mümkün olmur. Viza almaq ümidilə Moskvaya
yollanır və burada «sovet milisini təhqir etdiyinə görə»
2 il müddətinə azadlıqdan məhrum
olunaraq Tambov vilayətinə göndərilir. Təhlükəsizlik
orqanları həbs müddəti bitdikdən sonra Azərbaycana
qayıdan Biriyanın Bakıda yaşamağına icazə
vermir və o, Şamaxıya sürgün edilir. 3 ildən sonra Bakıya qayıtmağa müvəffəq
olan şair Bakı qəbiristanlıqlarında mollalıq etməklə
gün keçirir. Məğrur şəxs
olduğundan heç kəsin yardımını qəbul etmir
və Təbrizə qayıtmaq arzusu ilə yaşayır.
33 illik ağır əzablardan sonra 1980-cı il
sentyabrın 29-da Təbrizə qayıda bilir, lakin həsrətində
olduğu həyat yoldaşı və yeganə oğlu ilə
görüşmək ona qismət olmur. O, həyatdan əli
üzülmüş halda tamamilə sarsılır, Sovetlər
İttifaqında üzləşdikləri azmış kimi, vətənində
bunlardan da betərilə üzləşməli olur. Rejim şairi məhv etmək qərarına gəlir.
«Hökumət əleyhinə şeirlər yazır, söz
danışır,»- bəhanəsi ilə
həbs olunur və 1985-ci ildə həbsxanada
öldürülür. Beləcə, nakam taleli
şairin ömrü sona çatır».
Şair-publisist Əli Rza Xələfli Biriyanın yaşamını belə dəyərləndirir: «Biriya, sənin sinəndə ürəyində yanan odun, atəşin heç sönməmişdi. Bircə misra şeirin, bircə kəlmə sözün də gəlib bu zəmanəyə çatmasaydı, sən XX əsrin Nəsimisi mərtəbəsində duracaq bir sənətkar idin. Sənin əqidə, məslək, vətənsevərlik ruhun, əzmin, iradən bütün dönüklərin hamısına ittiham ola biləcək qüdrətli bir bayraqdır. Dərd hökmdarı Məhəmməd Hadi, kədər şahzadəsi Ərtoğrol Cavid, faciə hökmdarı Məhəmməd Biriya, sizi ittiham edən, öldürən, dilənçi vəziyyətinə salan rejimlər sizin adınızın önündə diz çökdü. Bundan sonrakı hökmdarlara və rejimlərə də görk olsun deyə. Biriya Təbrizdə vəfat edib fars zindanlarında. «Vəfat edib» sözü onun ruhuna toxuna bilər, öldürülüb. 33 illik sovet və fars şovinizminin zindan və sürgünlərində zillət çəkəndən sonra, 50 il ayrılıqdan sonra dizin-dizin də olsa, özünü Vətənə çatdırdı. M.Biriyanın taleyi böyük ədəbiyyat qəhrəmanının taleyidir».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 2 oktyabr.-
S.15.