Gürcüstanda Dədə Camal Məclisi keçirilib

 

Gürcüstanda ilk dəfə Dədə Camal Ədəbi-Bədii Məclisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) və Gürcüstan Aşıqlar Birliyinin (GAB) təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Tədbiri açan GAJB-nin sədri Nizami Zillioğlu Gürcüstanda ilk dəfə keçirilən Dədə Camal Ədəbi-Bədii Məclisin poeziyaya və aşıq yaradıcılığına həsr olunduğunu bildirib. «Bu tədbir Dədə Camal Məclisinin Borçalıda atdığı ilk addımdır. Biz siyasətdən uzaq, elmdən, maarifdən, aşıq yaradıcılığından, şifahi xalq ədəbiyyatından və poeziya nümunələrindən bəhs edən bir məclis keçirəcəyik. Məqsədimiz Azərbaycan və Gürcüstan arasında tarixi, ədəbi dostluğumuzu inkişaf etdirmək, yaşadığımız torpağa sadiq olmaq, ağsaqqal yazıçı və şairlərimizin sözünü eşitmək, gənclərimizi kürsülərə alışdırmaq və gələcəkdə onlardan yeni-yeni əsərlər gözləməkdir. Qeyd edim ki, gələcək tədbirlərimizə gürcü yazıçı və şairlərini də dəvət etməyi planlaşdırırıq».

Tədbirdə filologiya elmlər namizədi, professor Mahmud Hacıxəlilov, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, adamı, «Borçalı» İctimai Birliyin Gürcüstan nümayəndəliyinin rəhbəri İsrafil Bayramov, Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynov, yazıçı Əli Abbas, məktəb direktoru Həsən Əzizov, şairlər Şövkət Dağlarqızı, Əli Qəmli, Çoban Rəşid, Səyavuş Uyğun və başqaları çıxış edib, şeirlərini oxuyub, habelə müdrik ağsaqqal, gözəl pedaqoq, professor Camal Mustafayevlə bağlı xoş xatirələrini dilə gətirib.

Dədə Camal Məclisində iştirakçılar tərəfindən şair və yazıçıların həyat və yaradıcılığından bəhs edən «Borçalı ensiklopediyası» kitabı hazırlamaq təklifi edilib. Tədbirdə eyni zamanda azərbaycanlıların kompakt yaşadığı Marneulidə siyasi mövzulardan kənar nəşriyyat yaratmaq təklifi irəli sürülüb. Məclisdə azərbaycanlılara gürcü dilinin öyrədilməsinə şərait və imkan yaradaraq, dövlət dilinin mükəmməl öyrədilməsinin vacibliyi vurğulanıb. Çıxışçılar eyni zamanda gürcürus məktəblərində oxuyan azərbaycanlılar üçün öz ana dillərini unutmamaq üçün «Azərbaycan dili» fənni keçirilməsi təklifi ilə çıxış edib.

Tədbirdə təklif olunub ki, məclis iştirakçıları sərhədyanı kəndlərə səfər edərək, Gürcüstanda yaşayan soydaşlarımızı yerli şair və yazıçıların ədəbi yaradıcılığı ilə tanış etsinlər. Tədbirə saz havaları ilə yekun vurulub. İstedadlı Borçalı aşığı Aşıq Şahbaz Göycəoğlunun çaldığı el havaları, oxuduğu aşıq mahnıları iştirakçıların alqışına səbəb olub.

 

Xalq Cəbhəsi.- 2013.- 2 oktyabr.- S.14.