«Kitabi-Dədə Qorqud»
«Oğuz Kağan»
dastanının xələfidir
Qara Namazov: «Oğuz xanın yürüşləri,
döyüşləri, qələbələri
oğuzların ilkin qəhrəmanlıqlarından xəbər
verir»
Türk ruhunun izləri tarixdə güclü olsa da, çox
zaman varlığımızın
təsdiqi tarixi faktlara əsaslanmaq sarıdan problemlərlə
üzləşir. Çünki varlığımızın soraqlarını
özümüz qorumadığımız
dərəcədə bizi
sevməyənlər də
qorumayıblar. Professor Qara Namazovun fikrincə,
Şumer dastanları daha çox tarixi hadisələri, xatirələri,
dövlətlər arasında
baş verən müharibə və münaqişələri, qarşılıqlı
münasibətləri özündə
ifadə edir. Bu dastanlardan
«Uruq və Aratta», «Enmerkar və Aratta», «Luqulbanda və Enmerkar», «Luqulbanda və Hurrum», «Bilqamıs və Aka (Ağa), «Bilqamıs haqqında dastan» və başqalarını
xatırlamaq olar. Tarixçilərin qeyd etdikləri kimi, dastanlarda adı çəkilən Enmerkar,
Luqulbanda, Bilqamıs,
En-Sukuş Siranna, Aka
(Ağa) tarixi şəxsiyyətlər olublar:
«Dastanlardakı adların
bəziləri bu gün də dilimizdə işlənən
sözlərdir. «Uruq»
sözünü «Oğuz
Kağan» dastanında,
«Dədə Qorqud» boylarında, Mahmud Kaşğarlının
«Divani lüğət-it
türk» əsərində
soy, kök, hətta toxum mənasında işləndiyi qeyd olunur».
Professorun
fikrincə, bu dastanlar miladdan öncəki III-II minilliklərin
hadisələrini özündə
yaşatmaqla yanaşı
sonrakı dastanlara da təsirini göstərib: «»Bilqamıs
haqqında dastan»ın
bir çox motiv və izlərinə
«Kitabi-Dədə Qorqud»un boylarında da rast gəlinməkdədir.
Dədə Qorqudun da Bilqamıs kimi hər şeyi bilməsini, keçmişdən
və gələcəkdən
xəbər verməsini,
müdrikliyi və ağlı ilə böyük hörmət və nüfuz qazanmasını, nəhayət,
əbədi yaşamaq
arzusunu görürük.
Bilqamısla Enkidunun sidr
meşəsinə gedib
şər qüvvə
olan Humbabanı öldürmələri Basatın
Təpəgözü öldürməsi
səhnəsini yada salır. Ümumiyyətlə, eramızdan əvvəlki
minilliklərdə İkiçayarasında
və Urmiya gölünün cənubunda
yaşamış və
şəhər-dövlətlərdən
miras qalmış ədəbi nümunələrin
bir çoxu sonrakı folklor qaynaqlarına keçərək
yaşamaq hüququ qazanıb. Məsələn:
«Sirri açma. Sarayda eşitdiyin hər bir söz sənin
qəlbində çürüsün»;
«Sakit danış, səsini uzadıb səs-küylə danışma.
Əgər səs-küylə
ev tikmək mümkün olsaydı, onda eşşək gündə iki ev tikərdi»; «Həddindən artıq şirin olma, yoxsa səni udarlar»; «Həddindən artıq acı olma, yoxsa səni
atarlar»; «Dilini yamana öyrətmə, əlini oğurluğa»; «Ağıllı adama qulaq asmaq isti
havada sərin su içməyə bənzəyir»; «Heç kəsə ayağını
basmağa imkan vermə, sonra belinə minərlər»;
«Başqasına gor qazan özü düşər»; «Ev sahibini tərk edib sənin arxanca gedən iti qov»; «Nə
zaman su yuxarı qalxsa, quş qanadsız uçsa, qarğa ağarsa, acı — bal kimi şirin olsa, o zaman axmaq
da ağıllanar» və s.
Bütün bu dediklərimiz — qədim Urmiya və İkiçayarası
mədəniyyətlərinin bir çox əlamətlərinin sonrakı
ozan-aşıq dastançılığının
ruhunda izlər qoyub yaşaması faktı onların yenidən öyrənilməsinə
təkan verir. «Kitabi-Dədə Qorqud»da və ondan öncə
yaranmış dastanların
qəhrəmanları da
alp ərən statusu qazanıb, bu adla xatırlanıblar.
«Alp Ər Tunqa», «Oğuz Kağan», «Şan qızı», «Şu-Saka», «Bilgə kağan», «Mulan türküsü», «Atilla»
ilə bağlı rəvayətlər və
s. bu qəbildəndir.
Bu dastanlar qədim
türklərin dövlət
quruculuğunu özündə
əks etdirir. Onlar yazıya alınana qədər ağızlarda
dolaşıb, dəyişikliyə
uğrayıb, sonradan
hər birinin müxtəsər məzmunu
Mahmud Kaşğarlının «Türk dili lüğəti»ndə və
başqa qaynaqlarda özünə yer tapıb. Hun türklərinin dastanı
hesab edilən «Oğuz Kağan» dastanı islamdan öncə Oğuz türklərinin qərbdə
apardığı böyük
və uzunmüddətli
savaşlardan bəhs edir. «Türkün
qızıl kitabı»nda
deyildiyi kimi, dastanın qəhrəmanı
Oğuz Kağanın
Asiya hunlarının məşhur xaqanı olan Mete olduğunu tarixçilər etiraf edirlər. Metenin bir çox
məziyyətləri, qəhrəmanlıqları,
həyatının Oğuz
xanın həyatına
oxşaması onların
eyni şəxs, eyni qəhrəman olması qənaətini doğurur. Lakin bu baxış
Oğuz Kağan haqqında sonrakı təsəvvürlərdir. Mifik tanrı kimi Oğuz, onun nəslinin davamçıları
tarixdən əvvəlki
dövrdə yaşayıblar.
Qaynaqlarda deyildiyi kimi, Oğuz xan türklərin
atası hesab edilib. Çünki Oğuz xanın
— hunların Osmanlı
dövlətinə qədər
qurduqları Türk və Oğuz dövlətləri (Xorasan,
Azərbaycan, İraq,
Anadolu, Krım, Balkanlar, Ukrayna, Şimali Afrika) hun-Oğuz birliyinin yetirmələridir. Dastan Oğuzun
doğulduğu andan başlayır. Oğuz qeyri-adi
şəkildə bir çox xanlıqları birləşdirib böyük
imperiya qurur, qocalığında bu səltənəti oğulları
arasında bölür
və ömrü sona yetir».
Əvvəli, ortası və
sonu tamam olmayan bu böyük
və əzəmətli
dastanın əvvəlində
deyilir:»…Günlərin bir günü Ay Xaqanın gözü parladı, doğum sancıları başladı və bir erkək çocuq doğdu. Bu çocuğun üzü göy kimi parladı. Ağzı atəş qızılı,
gözləri ala, saçları
və qaşları qara idi. Pərilərdən də daha gözəldi. Bu çocuq anasının döşündən bir dəfə süd əmdi, bir daha içmədi. Sonra dilə gəlib çiy ət və şərab istədi. Qırx gün keçdi,
böyüdü, yüyürdü,
oynadı. Ayağı öküz
ayağı kimi qüvvətli, beli qurd beli kimi
incə, umbuzları samur umbuzları kimi, köksü ayı vücudu kimi qüvvətli və bütün bədəni tüklü idi. İlxı güdər, at minər,
ov ovlardı. Günlərdən, gecələrdən sonra igid dəliqanlı
oldu».
Q.Hamazov bildirir ki, Oğuzun dünyaya gəlişi və böyüməsi mübaliğəli və əfsanəvi şəkildə baş verir. Şübhəsiz, belə motivlər qədim Şərq dastanları üçün səciyyəvi olub: «Oğuz sürətlə böyüdükdən sonra qeyri-adi qəhrəmanlıqlar göstərir. Bir gün Oğuz tanrıya üz tutduğu zaman göydən yerə göy işıq düşür. İşığın içərisində bir qız görünür. Qız elə gözəldi ki, gülsə Göytanrı da gülərmiş, ağlasa Göytanrı ağlarmış. Oğuz qızı görcək ona vurulur və alır. O qızdan üç oğlu oldu. Onlara Gün, Ay, Ulduz adlarını qoydu. «Dədə Qorqud»da Pəri qızı ilə Sarı çobandan doğulan Təpəgöz də mifik bir tərzdə dünyaya gəlir və böyüyür. Pəri qızın dediyi kimi, Təpəgöz Oğuza yağı kəsilir.
«Yenə bir gün Oğuz xan ova getmişdi. Gölün ortasında, ağacın koğuşunda bir qız gördü. Göy görümlü gözəl qızdı. Gözü göydən də göy idi. Saçları dalğa kimi, dişləri inci kimi idi. O qədər gözəl idi ki, onu görüncə el: Ay, ay, ax, ax öldük, — dedi. Oğuz xan onu gördü, ürəyinə od düşdü. Onu sevdi, aldı. Diləyinə çatdı. Günlər, aylar keçdi, qız üç oğlan doğdu. Onlara Göy, Dağ, Dəniz adları qoydular». Göründüyü kimi, Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz Göyü və Yeri təmsil edir. Oğuz bütün kainatın — Göyün və Yerin sahibi kimi onu oğlanları arasında bölür və sonrakı oğuz nəsli onlardan törəyir».
Bundan sonra Oğuz xanın hərbi yürüşləri və qələbələri təsvir olunur: «Bir gecə Oğuz xanın çadırına göy dərili erkək bir qurd yürüməkdə və qurdun ardı ilə ordu sırayla irəliləməkdə idi. Bu savaşlarda Oğuz xan qələbə çaldı… Oğuz xan böyük ordugahın sağ yanında qırx qulac ağac dirək diklədi. Onun başına bir qızıl quş qoydu. Ayağına bir ağ qoyun bağladı. Sol yanına bir qırx qulac ağac diklətdi. Onun başına da bir gümüş quş, ayağına bir qara qoyun bağladı. Sağ yanında bozoxlar, son yanında üçoxlar oturdu. Qırx gün, qırx gecə yedilər, içdilər, sevinib şadlandılar. Ondan sonra Oğuz xaqan yurdunu bölüb oğullarına verdi. Oğuz xanın yürüşləri, döyüşləri, qələbələri oğuzların ilkin qəhrəmanlıqlarından xəbər verir. Dastanın məzmunu və araşdırıcıların dedikləri aydın göstərir ki, «Oğuz Kağan» dastanı «Kitabi-Dədə Qorqud»un sələfidir, yaxud əksinə, «Kitabi-Dədə Qorqud» «Oğuz Kağan» dastanının daha sonrakı xələfidir. Xatırladaq ki, «Oğuz Kağan» dastanının ehtiva etdiyi tarixi məqamlar da islamın yarandığı zamanla səsləşir. Əlbəttə, oğuznamələr tarixi reallıqları əks etdirsələr də, ilkin olaraq rəvayətçilərin söyləmələrinə söykənir. Bununla belə, tarixin izləri dastanlarda daha çox qorunub. «Kitabi-Dədə Qorqud»dakı hekayələr də həmin zamanların əks-sədasıdır. Ancaq yazıya alınma zamanları müxtəlifdir. Bunu dastanın dili də təsdiqləyir».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 2 oktyabr.-
S.14.