1937-ci il repressiyasından 76
il ötür
Repressiya
qurbanlarının sayına
görə Azərbaycan
SSRİ-də birinci yerdə idi
Bu ay
1937-ci il repressiyasından 76 il ötür. Əslində
repressiya 30 il
çəkdi. Həbs
olunanları «əksinqilabçı»,
«trotskiçi», «casus», «millətçi»,
«üsyançı» kimi
müxtəlif ittihamlarla
kütləvi şəkildə
məhv etdilər.
SSRİ-də ümumilikdə
bu dövrdə 1 575
259 adam həbs
olunmuşdu. 173 382 nəfər
«əksinqilabi» iş apardığına görə
cəzaya məruz qaldı, 1 344 923 nəfər
məhkum edildi, 681 692
nəfər güllələndi.
Azərbaycanda bu dövrdə
100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və
incəsənət xadimi,
alim, yazıçı,
müəllim, din xadimi
Sibirə, Qazaxıstana
və başqa yerlərə sürgünə
göndərildi. Əhalinin hər
min nəfərinə düşən
repressiya qurbanlarının
sayına görə Azərbaycan keçmiş
sovet respublikaları içərisində birinci
yerdə idi. Azərbaycanla bağlı plana
görə 3 ayda 1500 nəfərin güllələnməsi
nəzərdə tutulurdu.
15 dəqiqəlik məhkəmə hətta
müttəhimin iştirakı
olmadan belə qərar çıxarırdı.
1930-40 və 50-ci illərin
əvvəllərində Azərbaycanda
70 min adam repressiya edildi. bunun 29 min nəfəri
ziyalılar idi. Qazaxıstanda isə 150 min soydaşımız
məhv edilib. Bunların 28
min nəfəri məhkəməsiz,
istintaqsız güllələnib.
Tarixi gerçəklikdir
ki, Azərbaycanda sovet hakimiyyəti qələbə çaldıqdan
sonra yazıçıları
kütləvi şəkildə
sovet ideologiyası mövzusunda yazmağa məcbur etdilər. 1937-ci il yaradıcı adamların ürəyində
və ağlında elə dəhşətli xof yaratdı ki, bu gün
də həmin xof ürəklərdən
çıxmayıb. 37-ci il repressiyaları zamanı bir-birlərini satanlar, xəyanətlər
selində insanların
halsızlığı, imperiyanın
mütləq hakimliyi bütün aydınlığı
ilə göründü,
bilindi. Mikayıl Müşviqlərin Məmməd Rahimlər tərəfindən basqılara
məruz qalması, müxtəlif adlarla çağırılması, bunun
ictimaiyyətə hay-küylə
təqdim edilməsi onların həbsi üçün imkan yaratmış oldu.
Ədəbiyyat adamlarının 1937-c ilin
oktyabrında başlanan
kütləvi həbsləri
dəhşətli xofun
yeni, daha qanlı mərhələsi
oldu. 1937-ci il oktyabrın
12-dən 13-nə keçən gecə Azərbaycanın tanınmış yaradıcı
adamları Əhməd
Cavad, Bəkir Çobanzadə, Böyükağa
Talıblı, Vəli
Xuluflu, Məmmədkazım
Ələkbərli, Hənəfi
Zeynallı, Xalid Səid Xocayev qətlə yetirildi.
1920-ci il 28 aprel
işğalından sonra
Rusiya Azərbaycanda illərlə kütləvi
həbslər apardı,
dəhşətli qətllər,
qarətlər törətdi.
Azərbaycanın işğalından
sonra müxtəlif ölkələrdə ağır
mühacirət həyatı
yaşamağa məcbur
olan Məhəmməd
Əmin Rəsulzadə
yazırdı: «Bolşeviklərin
qarşılaşdığı ən böyük çətinlik ədəbiyyat
sahəsində idi. Onlar Azərbaycanda «proletar mədəniyyəti»ni bərqərar etmək istəyirdilər.
Qısaca «proletkul» adlandırılan
bu formulun mənası «formaca milli, məzmunca kommunist» olan bir ədəbiyyatdır.
Lakin bolşeviklər bu arzularına heç cür çata bilmirdilər. Çünki
bu iş üçün hazırlanmış
kadrlar yox idi. Məktəb kimi ədəbiyyat
da uzun müddət
kommunizmə yabançı
olan ideoloqların təsiri altında qaldı. 1937-ci ilə qədər bu sahədəki əsl hakimiyyət «inqilabdan» əvvəlki qələm sahiblərinin
əlində idi.
1929-cu ilin 5 oktyabr tarixli Bakıda çıxan «Kommunist» qəzetində o zamankı
maarif nazirinin yazıçıların qurultayındakı
çıxışında belə məqama rast gəlinir: «Azərbaycan işçiləri
arasından çıxan
şair və yazıçıların sayı
gündən-günə artmaqdadır.
Yazıçıların bu nəslinin
«Müsavat» dövründə
xəbəri yoxsa da, yenə Cavadın
(milli şair Əhməd Cavad nəzərdə tutulur — M.Ə.Rəsulzadə) milli
məktəbi təsirinə
düşür və
milli Azərbaycan ruhunda ədəbiyyat yaradırlar. Həticədə Azərbaycanın gənc yazıçıları uydurulmuş
rus təhlükəsinə
qarşı çıxır
və «Bağımsız
Azərbaycan» şüarını
idealizə etməyə
başlayırlar. Almas (Almas
İldırım — M.Ə.Rəsulzadə),
Əbdül, Müşviq
(Mikayıl Müşviq),
Hüseynzadə. Bunlar bir-bir
millətçi olaraq
proletar Yazıçılar
İttifaqından və
Kommunist Partiyasından
çıxırlar. İndi isə
Cavadla birlikdə üçrəngli Azərbaycan
bayrağını tərənnüm
edirlər».
O illərdə Yazıçılar
İttifaqının 60-a yaxın
üzvünün 27 nəfəri
represiyaya məruz qaldı. Sovet dövründə, xüsusən də 30-cu illər repressiyası zamanı yazıçıların
müstəqilliyinə hər
mənada qadağalar qoyulması onların yaradıcılıqlarına, hər
şeydən əvvəl
isə psixikalarına
olduqca mənfi təsir edib. Sovet dövründə yazıçının
nəzarət altında
saxlanması şübhəsiz,
onun idraki-bədii keyfiyyətlərini istədiyi
kimi, azad şəkildə ifadə
etməsinə ciddi əngəl törədirdi.
Hüseyn Cavid zamanın tələbinə boyun əymədi, axıradək dəyişməz qaldı. Repressiya dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simaları məhv edildi. İmperiya yaradıcı insanları sıradan çıxarırdı, ancaq Üzeyir Hacıbəylini, Səməd Vurğunu saxlayırdı. Həmin fərdlərin yaradıcılığının imperiya yönündə köklənməsi üçün onların qarşısında amansız şərtlər qoyulurdu. Bu tipli yüksək bədii-yaradıcı keyfiyyətləri özündə daşıyan insanların müəyyən dövrdən sonra stress, psixoloji gərginliklər ucbatından rastlaşdıqları xəstəliklər ictimaiyyətə məlumdur. Mikayıl Müşviq 37-ci ildə qurban getməklə bəlkə də Süleyman Rüstəmlikdən qurtuldu.
Hər halda dəhşətli 37-ci il hadisələri zamanı soydaşlarımızı qətl edənlərin, ittiham edərək sürgünə göndərənlərin içərisində «sapı özümüzdən olan baltalar» az olmayıb. Faciəvi gedişatın məntiqi bunu deyir: tarixin əksər dönəmlərində olduğu kimi indi də türk türkü qırırdı. Türkə qənim kəsilən öz qatil soydaşlarımız özgələri özlərinə məmnuniyyətlə havadar, qəyyum kimi qəbul edir, onların göstərişlərini can-başla yerinə yetirirdilər. İmperiyanın vəhşi taktikasının mənası bu idi: daha çox xalqın ziyalıları, düşünənləri məhv edilirdi ki, bir daha bu xalq özünə gəlməsin. Bu fəlakətli tarix bizə dərs olmalıdır. Yəni Azərbaycan ziyalısı bütün məqamlarda özü olaraq qalmalı, sifətini itirməməlidir.
Böyükağa Talıblı 1920-ci ilin oktyabrında Azərbaycan Kommunist Bolşeviklər Partiyasının II qurultayında deyir:» Əgər Qırmızı Ordu Azərbaycanda sovet hakimiyyəti qurmaq istəyirdisə, buna nail olub. Bəs onda niyə çıxıb getmir? Ordu getməlidir, əvəzinə Azərbaycanı öz ordusu, dövləti qorumalıdır. Əgər Mirzəyanlar və başqaları sanırlar ki, Azərbaycana rəhbərlik etmək üçün Bakının Xəzər sahilində yerləşdiyini bilmək kifayətdir; səhv edirlər. Azərbaycana Azərbaycan mədəniyyətini, tarixini, mədəniyyətini bilən insanlar rəhbərlik etməlidir.»
Yazıçı, repressiya qurbanı Ruhulla Axundov 1936-cı il dekabrın 17-də həbs olunub. Mircəfər Bağırov məşhur nitqində deyirdi: «Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdilər: hazırda ifşa edilmiş Cavid, Cavad, Müşviq, Böyükağa Talıblı, Əli Hazim və başqa əclaflar. Ruhulla Axundov öz nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdı.»
Bu yerdə hələ 20-ci ilərdə məhv edilən Nəriman Nərimanovun faciəsi tarixi hadisələrdən dərs almaq üçün bizə kifayət qədər fakt verir. Araşdırmaçı Adgözəl Məmmədov onun halını belə ifadə edir: «O, milli dövlətçiliyi Rusiyanın içərisində mövcudluqda görürdü». Təsadüfi deyil ki, bu gün də Nəriman Nərimanova təzadlı münasibət qalmaqdadır.
Uğur
Xalq Cəbhəsi.-
2013.- 5 oktyabr.- S13.