Kominternin Xiyabani hərəkatına
münasibəti
«Əgər
bolşeviklər İran ərazisinin hər hansı bir hissəsini
qəsb etməyə cəhd göstərərlərsə, azərbaycanlılar
son damla qanlarına qədər onların əleyhinə
vuruşacaqlar»
I yazı
İranın inqilablar tarixində iki vilayət — Təbriz
və Gilan (Rəşt) həmişə inqilabi mübarizənin
təkanverici qüvvəsi, səbəbkarı, əsas hadisələrin
baş verdiyi mübarizə meydanı və mərkəzi kimi
xüsusi yer tutub. Bu, hər şeydən əvvəl
coğrafi amillə şərtləndirilə bilər. Belə ki, bu vilayətlərin hər ikisi bilavasitə
Rusiya ilə (Şimali Azərbaycanın Rusiya ərazisinə
daxil olması nəzərə alınmaqla) həmsərhəddirlər.
Güney Azərbaycanın eyni zamanda Türkiyə ilə də
ümumi sərhədləri var. Təsadüfi deyil ki, məhz
bu vilayətlər tarix boyu, xüsusən XX əsrdə
qonşu dövlətlərlə münasibətlərdə
yalnız ticarət yolu deyil, həm də siyasi ideyaların
İrana daxil olması üçün darvaza rolu
oynayıblar. Bu baxımdan, 1905-1911-ci illər Rusiya inqilabı
və 1905-ci il Türkiyədə Gənc
Türklər hərəkatının İranda da inqilabi
mübarizənin başlanmasına göstərdiyi
güclü təsiri, həmçinin İran məşrutə
inqilabında Qafqazın inqilabi qüvvələrinin fəal
rolunu xatırlamaq kifayətdir.
Təbriz və Gilan vilayətlərinin İranın
inqilabi mübarizə tarixində aparıcı mövqeyi
coğrafi amillə yanaşı, həm də etnoqrafik amillə
şərtləndirilir. Belə ki, bu vilayətlərin, xüsusilə
Cənubi Azərbaycanın əhalisini Azərbaycan türkləri,
kürdlər və giləklər — İranın digər
milli əhali qruplarına nisbətən daha möhkəm,
qıvraq, döyüşkən və artıma meylli xalqlar və
qəbilələr təşkil edir.
1920-ci ildə
Komintern üzünü Şərqə, milli-azadlıq hərəkatlarına
çevirdiyi bir zamanda Sovet Rusiyasının ən yaxın
qonşusu İranın bu iki vilayətini
bürümüş inqilab dalğası, sözsüz ki, nə
Sovet hökumətinin, nə də Kominternin nəzərindən
kənarda qala bilməzdi. Məntiqə görə,
Güney Azərbaycandakı hərəkat Kominternin xüsusilə
diqqət mərkəzində olmalı idi. Çünki
1920-ci ilin iyulunda keçirilən II Konqresdə Kominternin
Şərq siyasətinin əsasları işlənib
hazırlanan vaxt İranın Azərbaycan vilayətində
inqilabçı demokratlar artıq üç aya yaxın idi
ki, (1920-ci ili aprelin 7-dən) hakimiyyət
başında idilər. Vilayətdə çox
canlı, dolğun siyasi həyat qaynayırdı, bir sıra
islahatlar keçirilirdi, hərəkatın lideri
özünün inqilabi, siyasi-ictimai görüşlərini
bəyan edirdi, hərəkatın məqsəd və vəzifələrinin
şərhini verirdi. Lakin qəribədir ki, rəsmi
Komintern bütün bunları «görmür» və
«eşitmir», daha doğrusu, görmək və eşitmək
istəmirdi.
Kominternin
Bakıda keçirdiyi Şərq xalqlarının I
qurultayında da Güney Azərbaycandakı milli-azadlıq hərəkatının
adı belə çəkilmir, çox ümumi bir şəkildə
müzakirə edilən «İran inqilabı» arxasında isə
Gilandakı milli-azadlıq hərəkatı nəzərdə
tutulur, çünki ara-sıra məhz bu hərəkatın
lideri Mirzə Kiçik xan və İran kommunistlərinin bu
vilayətdəki fəaliyyəti müzakirə obyektinə
çevrilir.
Kominternin
Xiyabaninin rəhbərlik etdiyi azadlıq hərəkatına
bu açıq «etinasızlığın»ın arxasında
bir neçə səbəb dururdu və bunların ən
başlıcası Güney Azərbaycan milli-azadlıq hərəkatının
özünü hər vəchlə nəinki Kominterndən,
Sovet Rusiyası və Sovet Azərbaycanından, hətta Təbrizin
özündə fəaliyyət göstərən azsaylı
yerli kommunist təşkilatlarından belə təcrid etməsi
idi.
Xiyabaninin
bolşeviklərə, istər Rusiya və Sovet Azərbaycanı,
istərsə də İran kommunistlərinə münasibətlərindən
yazan müəlliflərin hamısı onun əvvəlcə
həm Rusiyada Oktyabr inqilabını, həm də Bakıda
bolşevik çevrilişini müsbət
qarşıladığını və yalnız bolşeviklərin
sonrakı siyasəti qarşısında nəzərlərinin
dəyişildiyini qeyd edirlər.
«Bakıda
son sözün ruslarda olduğu, üstəlik rusların qəsbkar
bir siyasət izlədikləri ortaya çıxınca»,
Rusiyaya «get-gedə artmaqda olan şübhə ilə
yanaşan» Xiyabani, təsadüfi deyil ki, Qızıl Ordu hissələrinin
Ənzəliyə girməsini və burada Mirzə Kiçik
xanın başçılığı ilə «Sovet nümunəli»
rejimi müdafiə etməsini «hiddətlənmiş İran vətənpərvəri»
kimi qarşılayır.
Xaricilərin, istər ingilis, istər rus olsun,
İranın daxili işlərinə müdaxiləyə
haqqı olmadığını bildirən Xiyabaninin əgər
«bolşeviklər İran ərazisinin hər hansı bir hissəsini
qəsb etməyə cəhd göstərərlərsə,
İran azərbaycanlıları son damla qanlarına qədər
onların əleyhinə vuruşacaqlar» bəyanatı Təbriz
üsyanı başçısının Sovet Rusiyası ilə
münasibətlərinə qəti nöqtə qoyurdu.
Lakin
Xiyabaninin «Ənzəlidən hərbi qüvvə ilə
yardım təklifini» rədd etməsi səbəbini Cənubi
Azərbaycan azadlıq hərəkatının təkcə rəhbəri
deyil, həm də ideoloqu olan Xiyabaninin «İranı yalnız
iranlı azad etməlidir» şüarını əsas
tutması ilə izah etmək tam düzgün olmazdı. Bu
baxımdan, Xiyabaninin Quzey Azərbaycanda baş vermiş erməni-müsəlman
(türk-red.) qırğınları dövründə erməni
daşnaklarına qarşı vuruşan və 1919-cu ildə
silahlı kəndli dəstəsi ilə birlikdə Cənubi
Azərbaycanın Xoy mahalına keçməyə məcbur
olmuş Abbasqulu bəy Şadlinskinin silahlı köməyindən
imtina etməsini də heç cür Ənzəlidən təklif
olunan hərbi yardımı rədd etmək addımı ilə
eyniləşdirmək olmaz.
Ənzəlidən «hərbi yardımın» ardınca
«ideoloji yardımın» da yubanmayacağına artıq
şübhə etməyən Xiyabani Gilan inqilabının rəhbərlərindən
fərqli olaraq öz hərəkatının ictimai-siyasi və
ideoloji əsaslarını hazırlamışdı və bu
hərəkata başçılıq edəcək bir təşkilat
— Azərbaycan Demokrat Partiyasını yaratmışdı. Buna görə
də təbiidir ki, öz hərəkatının «demokratik»
xarakter daşıdığını elan etməsinə
baxmayaraq bu vaxt Təbrizdə olan digər partiyalara, xüsusən
kommunistlərə geniş demokratik azadlıqlar və fəaliyyət
meydanı vermirdi. Bu baxımdan Təbriz üsyanı rəhbərlərinin
İKP nümayəndələri ilə danışıqlar
aparmasına və Xiyabaninin «onlarla əlbir işləməyə
söz verməsinə» baxmayaraq bir sıra sol təşkilatlara,
o cümlədən İKP-nin Təbrizdəki təşkilatlarına
sərbəst fəaliyyət imkanı yaradılmaması, bu təşkilatların
nümayəndələrinin hakimiyyətə
buraxılmaması kimi addımları İKP-nin 1920-ci ilin
yayında Gilandakı fəaliyyətindən və onun nəticələrindən
yaxşı xəbərdar olan Xiyabani hökumətinin səhv
tədbirləri və xüsusilə də bu hərəkatın
məğlubiyyət səbəblərinə daxil edilməsi
fikri ilə razılaşmaq olmaz.
«İranı
yalnız iranlı azad etməlidir» deyən Xiyabanidən fərqli
olaraq, özünün azadlıq mübarizəsində
İranda olan bütün əcnəbi qüvvələrlə
— türklərlə, almanlarla, ingilislərlə, ruslarla, həmçinin
ayrı-ayrı siyasi cərəyanlarla əməkdaşlıq
etmiş, nəzarət etdiyi vilayətdə ən müxtəlif
mövqelərdə duran siyasi qruplara, o cümlədən
İran kommunistlərinə və Rusiya bolşeviklərinə
geniş fəaliyyət imkanı yaratmış Mirzə
Kiçik xanın başçılıq etdiyi hərəkatın
aqibəti buna ən bariz sübutdur. Bu
baxımdan Güney Azərbaycan azadlıq hərəkatı
ilə Gilan hərəkatının İran irticasına və
xarici düşmənlərə qarşı vahid cəbhədə
birləşə bilməməsi faktının bir çox
keçmiş sovet tarixçiləri tərəfindən bu
iki hərəkatın məğlubiyyət səbəblərindən
biri kimi göstərilməsi müddəası ilə də
razılaşmaq olmaz.
Bilavasitə
Rusiya bolşeviklərinin və Qızıl Ordu hərbi birləşmələrinin
köməyi ilə hakimiyyətə gələn və
artıq tək bu səbəbdən sərbəst işləmək
imkanından məhrum olan Mirzə Kiçik xanla İran
azadlıq hərəkatına öz baxışı və
mövqeyi olan Xiyabaninin ortaq bir nəticəyə gələ
biləcəyini təsəvvür etmək çox çətindir.
Düşünmək olar ki, belə bir ittifaqın
qeyri-mümkünlüyünü Komintern rəhbərliyi
özü də başa düşürdü. Belə ki, Şərq
xalqları Təbliğat və Fəaliyyət
Şurasının İrandakı «Sovet İnformasiya
Bürosunun» rəhbəri V.Q.Tardovun «Bizim İrandakı siyasətimiz»
adlı məruzəsində Mirzə Kiçik xanın Təbrizin
demokratik dairələri ilə əlaqəyə girmək cəhdləri
ötəri qeyd olunur və belə bir əlaqənin
yaranacağı halda «təbrizlilərin köməyi ilə
Tehrana hücum üçün çox ciddi qüvvə
meydana gələcəyi» ehtimal edilirdi. Lakin elə oradaca,
Tardov bu ittifaqın mümkünlüyünü çətinləşdirən
amilləri qeyd edir: «Lakin təbrizlilərlə
danışıqlara başlamaqla o, (yəni Mirzə
Kiçik xan — S.R.) bizimlə yaxınlığını
müəyyən proqram çərçivəsində məhdudlaşdırmalı
idi: buna görə də o, kommunist tədbirlərdən
çəkinməyi tələb edirdi».
Belə olan surətdə İKP-nin Təbriz təşkilatının
bir neçə çox zəif cəhdlərindən
başqa Kominternin Cənubi Azərbaycan milli-demokratik hərəkatının
liderləri ilə hər hansı şəkildə rabitə
yaratmaq meyllərinin olmaması təəccüb doğurmur. Lakin bu,
heç də o demək deyildi ki, Təbriz üsyanı
Kominternin diqqətindən tamam kənar qalmış və
Komintern bu vilayətin siyasi həyatına müdaxilə etmək
arzusundan əl çəkmişdi. Kominternin
İran ərazisində işləyən mütəxəssislərinin
bu ölkədəki ictimai-siyasi vəziyyət barədə mərkəzə
göndərdikləri məlumatlarda Cənubi Azərbaycanda
baş verən hadisələr də təhlil olunur və
mövcud şəraitdən çıxış edərək
bu və ya digər siyasi kursu seçmək təklifləri
edilirdi.
Bu baxımdan, yəqin ki, 1920-ci ilin iyul-avqust aylarında
yazıldığı ehtimal olunan və İranın inqilab mərkəzlərindəki
vəziyyət geniş təhlil olunan bir sənəddə Təbriz
üsyanı barədə gətirilən məlumatlar və
bunlardan alınan nəticələr böyük maraq kəsb
edir. «İran kadetləri» — «federalist təmayüllü»
Təbriz demokratlarının hakimiyyəti necə ələ
keçirdiyini qısa şəkildə şərh edən
müəlliflər (sənəd — «İran hadisələrinin
iştirakçıları» adı ilə imzalanıb)
demokratların qələbədən dərhal sonra «Təbrizdə
olan və demokratik çevrilişə köməklik göstərən
çoxsaylı bolşevikləri və sol
inqilabçıları həbs etməyə
başladıqlarını» qeyd edirlər. Təbriz
bolşeviklərinin bir hissəsinin qaçdığı,
bir hissəsinin isə «bolşeviklərə kömək edən»
Almaniya konsulluğunda gizləndiyi göstərilən bu sənəddə
sonrakı hadisələr: Təbriz demokratik hökumətinin
böyük silah və sursat anbarı yerləşən
Almaniya konsulluğunu mühasirəyə alması,
bolşeviklərin təslim olmalarını tələb etməsi,
alman konsulunun etirazından sonra binanın 45 gün çəkən
mühasirəsi, nəhayət, qarşılıqlı
atışmalardan və alman konsulunun ölümündən
sonra bolşeviklərin silahları verməyə və təslim
olmağa məcbur qalmaları çox yığcam şəkildə
şərh edilir. Təbriz bolşeviklərinin Alman
konsulluğundakı silahlarla əlaqəsinin və ümumiyyətlə,
Təbriz demokratlarının bu son dərəcə kəskin
və barışmaz münasibətinin səbəbləri qətiyyən
göstərilmədən sənəddə yalnız «son nəticə»
— demokratların əvvəldən iki — «antibolşevik və
antiingilis cəbhələri açdığı» göstərilir
və «sonuncunun tezliklə ləğv olunduğu, bolşeviklərlə
mübarizənin, bu mübarizəyə
hazırlığın və bolşeviklərin hər
hansı müdaxiləsinin qarşısının
alınması» kimi tədbirlərin isə demokratların ən
əsas qayğısına çevrildiyi iddia edilir.
(davamı var)
Solmaz Rüstəmova-Tohidi,
tarix elmləri doktoru
Xalq Cəbhəsi.-
2013.- 5 oktyabr.- S.14.