İnsan alveri problemi
Bu məsələyə
cəmiyyət də sanki laqeyid yanaşır
Daxili İşlər Hazirliyinin rəsmi
açıqlamasına görə, təkcə 2006-cı ildən
bu günədək ölkə ərazisində insan alveri ilə
bağlı 484 fakt aşkar olunub. 225 cinayətkar qrup
(onlardan 8 mütəşəkkil qrup zərərsizləşdirilib)
və 473 insan alveri qurbanı müəyyən edilib.
Dünya üzrə insan alveri, xüsusilə də qadın
alverinə qarşı aparılan mübarizə tədbirlərinə
baxmayaraq problem hər il azalmaq əvəzinə
artmaqdadır. Azərbaycanda qadın alveri
qadınları başqa ölkələrə
daşımaqla, cinsi istismara məruz qoymaqla bitmir.
ABŞ
dövlət katibi Con Kerri 2013-cü il
üzrə insan alveri haqqında hazırladığı
hesabatda insan alveri ilə bağlı ölkələri
üç qrupa bölüb: 1-ci kateqoriyada insan alveri ilə
mübarizənin vəziyyəti pis, 3-cü kateqoriyada isə
qənaətbəxşdir. Bir də ikinci, orta
kateqoriya var ki, Azərbaycan da məhz bu qrupa düşüb.
Hesabatda
deyilir ki, Azərbaycan icbari əmək və seks məqsədilə
insan alverinə məruz qalmış kişi,
qadın və uşaqlar üçün mənbə, tranzit
və istiqamət ölkəsidir. Qadınlar
seksual istismar məqsədilə Birləşmiş Ərəb
Əmirlikləri, Türkiyə, Rusiya və İrana nəql
edilirlər.
Yeri gəlmişkən,
ABŞ Dövlət Departamentinin son hesabatında qeyd edilir ki,
hər il 800 mindən artıq insan qurbana
çevrilir. Onların 80 faizi qadınlar və
gənc qızlardır. Ümumiyyətlə
isə dünya ölkələri üzrə insan alverinin
qurbanlarının sayı 27 milyon nəfərə
yaxındır. Dünya üzrə insan
alverindən əldə olunan illik qazanc 34 milyard dollardır,
bunun isə çoxu məhz qadın alverinin payına
düşür.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri
Əlövsət Əliyev bu ticarətin Azərbaycanda gəlirli
sahə olduğunu qeyd edərək, hətta onun hesabına
istər burada, istərsə də xaricdə bahalı
daşınmaz əmlak alanlar, nəhəng gəlir əldə
edənlər haqda məlumatları olduğunu söyləyir. Həmin adamlarla
bağlı cinayət işlərinin açılmasına
nail olsalar da, onların məsuliyyətə cəlb edilməsini
təmin etmək mümkün olmayıb.
İnsan alveri ilə mübarizədə
manipulyasiyanın mövcudluğu məsələsinin həlli
də ciddi problemdir. Çünki bu işdə əhalinin
maarifləndirilməsi ilə yanaşı əsas məsələ
təbii ki, təqsirkarların cəzalandırılmasıdır.
Lakin bir çox hallarda əsas oyunçular kənarda
qalır, vasitəçilər cəzalandırılır.
Ən faciəvisi də odur ki, bu oyunçular
içərisində hətta hüquq-mühafizə
orqanlarında çalışan şəxslər də var.
Bu məqamı Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət
Əzizova da təsdiqləyərək mərkəzlərinə
bu barədə bir çox məlumatların daxil olduğunu
qeyd etmişdi.
Azərbaycan qanunvericiliyinə əsasən ölkə
daxilində qadın alverinin qurbanı heç də «insan
alverinin qurbanı» sayılmır. Yerli qanunvericiliklə,
qurban yalnız ölkədən kənara
çıxarıldığı halda, insan alveridir. Bu isə ölkə daxilində qurbana çevrilənlərin
sonradan təzminat almaq və digər bu kimi hüquqlarının
üstündən qara xətt çəkir.
Beynəlxalq qaydalara görə isə cinsi istismar o zaman
insan alveri sayılır ki, qurban şantaj olunur,
döyülür, sənədləri alınır, narkotikdən
asılı edilir. Beləliklə, yaradılan fərq
ölkədə bu növ cinayətkarlıq sahəsində
yeni tendensiya yaranmasına səbəb olub ki, bu da Azərbaycanda
insan alverçiləri üçün daha «sərfəlidir».
Çünki ölkədaxili cəza demək
olar yüngüldür. Əxlaqsızlıq
yuvalarının saxlanması və cinsi istismara məcburetmə
üçün cərimə, yaxud şərti cəza nəzərdə
tutulur.
Yeri gəlmişkən, çox vaxt insan alveri qurbanı
ilə bu işi könüllü edən fahişələr
qarışdırılır. Məhz bu da cəmiyyətə
inteqrasiya olmaq istəyən qurbanlara birtərəfli
yanaşmaya gətirib çıxardır. İnsan alverinin qurbanı olan qadın bu işə
məcbur edilir, əks halda əvəzini həyatı ilə
ödəyəcəkdir. Qısacası,
könüllü fahişəlik, əxlaqsızlıq
ümumiyyətlə insan alverinə aid deyil.
Bir çoxlarının fikrincə, dünyanın ən
qlobal problemi sayılan bu məsələyə bizim cəmiyyət
çox laqeyddir. Ekspertlərin fikrincə, bu məlumatsızlıqla
bağlıdır. Bu ticarətlə məhz
çoxluq etibarı ilə qadınların məşğul
olmasına gəlincə, bu, ilk növbədə qadınlara
daha çox güvənmə ilə bağlıdır.
Bu işlə məşğul olan qadınlar
öz «ov»ları ilə daha tez ünsiyyət girə,
onları inandıra bilirlər. Dəhşətverici
fakt odur ki, bu qadınlar yad deyil, qonşular, tanışlar, hətta
bəzi hallarda qohumlar belə olur.
Mehriban
Zeynalovanın bildirdiyinə görə, 2012-ci ildə
qadın alverinin qurbanlarının sayı 30-dan çox olub:
«Adətən, qadınlarımızı Türkiyədə
istismara məruz qoyurlar. Bu yəqin ki, ölkələrimizin
həm ərazi, həm də dil baxımından
yaxınlığından irəli gəlir. Bundan başqa, azərbaycanlı qadınların
Ərəb Əmirliyi, İran, Rusiya kimi ölkələrdə
də məcburi şəkildə fahişəliyə cəlb
edilməsi faktları ortadadır. İnsan
alverçiləri olan qadınlar həssas qadınları
tapıb aldadır və daşıyaraq istismar edir. İnsan alverinin cinsi istismar növü üzrə
cinayəti törədənlər də əsasən
qadınlardır. Cinayətlərin
xronikasına baxdıqda, bu cinayəti törədənlərin
daha cox zərif cinsin nümayəndələri olduğu
üzə çıxır».
Mehriban Zeynalovanın bildirdiyinə görə, insan
alverçiləri olan qadınlar həsas vəziyyətdə
olan qadınları tapır, onları cəlb edir, aldadır. Bu bu prosesdə
bir neçə nəfər işləyir. Biri məlumatı toplayır və ya cəlb edir,
ikinci sənədləri hazırlayır. Biri
daşıyır və digəri isə istismar zamanı nəzarət
edir. Mehriban xanımın bildirdiyinə görə, insan
alverində kişilər də iştirak edir: «Doğrudur,
insan alveri transmilli xarakter daşıyır. Bəzi
hallarda bizim vətəndaşlar xarici ölkəyə ailə
qurmaq adı ilə aparılır və bu cinayəti həyata
keçirirlər. Lakin son zamanlar insan
alverinin digər məcburi əmək və əməyin
istismarı forması daha aktual olub. Burada
cinayəti daha çox kişilərin həyata keçirməsi
halları müşahidə olunur.
Mətanət Əzizovanın bildirdiyinə görə,
insan alverinin qurbanına çevrilən qadınların Azərbaycana,
öz ölkəsinə qayıtması çox çətindir. Əgər qurban Azərbaycana
qayıda bilirsə, bunun özü böyük möcüzədir:
«Bəzən dövlət strukturlarının nümayəndələri
bu ifadayə gülürlər. Çünki
onlar filan qədər insan alverinin qurbanı olanları
tapdıqlarını bildirirlər. Amma
onların demək olar ki, 50 faizi insan alverinin qurbanları
deyil. Çünki qadının qurbana
çevrildiyi yerdən ölkəsinə qayıtması demək
olar ki, mümkün deyil. Mətanət Əzizova məhkəmələrdə
belə insan alverinin qurbanları ilə əxlaqsızlıq
edən qadınların qarışıq
salındığını bildirdi: «İştirak etdiyim məhkəmələrdən
birində insan alveri maddəsi ilə bir qadını cəzalandırmışdılar.
Halbuki orda insan alverindən söhbət belə
getmirdi. Bakıda da əxlaqsızlıqla
məşğul olan iki rəfiqə Türkiyəyə gedib
orda da işlərini davam etdirirlər. Bir
müddətdən sonra Azərbaycana qayıdanda,
pullarını bölüşdürə bilmirlər. Aralarında mübahisə düşür və
gedib polisə ərizə verirlər. Onlardan
biri ərizəsində özünü insan alverinin
qurbanı kimi təqdim edərək yazır ki, rəfiqəsi
onun pulunu vermir. Burda söhbət insan
alverindən getmirsə də, şikayət olunan
qadını insan alverinə görə cəzalandırırdılar.
Bunlar Türkiyəyə könüllü gediblər
və heç bir qurbana çevrilmədən özləri
öz işlərini rahat görüb və Azərbaycana
qayıdıblar».
Mətanət Əzizovanın sözlərinə görə, bəzən insan alverinin qurbanına çevrilən insanlar məcburi şəkildə atdıqları addımlara görə cəzalandırılır: «Bir özbək qadını Türkiyədə insan alverinin qurbanına çevrilib. Sonra tanış olduğu taksi sürücüsü həmin qadına Türkiyədən qaçmaqda kömək edib. Həmin qadın Gürcüstana gedərkən sərhədi qanunsuz keçir. Gürcüstanda qadın tutulur və insan alveri statusunu almasına baxmayaraq, ona il yarım şərti iş vermişdilər. Bu Gürcüstanda böyük qalmaqala səbəb olmuşdu. Hüquq müdafiəçiləri, QHT-lər bu hadisə ilə bağlı böyük qalmaqal yaratmışdılar. Bu qadının insan alverinin qurbanı olduğunu və məcburi şəkildə sərhədi qeyri-qanuni keçdiyini bildirirdilər. Bu cür insanların cəzalanmaması üçün gərək həmin insanın həqiqətən də insan alverinin qurbanı olduğu sübut olunsun». Mətanət xanım hesab edir ki, bu cür təcrübənin Azərbaycanda də tətbiq olunmasına ehtiyac var. Çünki saxta pasport məsələsi, sərhəddi qanunsuz keçmə və ya digər bu kimi problemlər ortaya çıxa bilər ki, insan alverinin qurbanı həmin vaxt qeyri-qanuni addım atmağa məcbur olur: «Bu məsələlər Azərbaycanda müzakirə olunmalıdır».
Azərbaycan qadınlarının Pakistan və Hindistanda istismar edildiyini bildirən Mətanət Əzizova qurbanların dəhşətli faktlarla üz-üzə qaldığını bildirdi: «Artıq bir neçə ildir ki, Pakistan və Hindistan da insan alverinin qurbanlarına çevrilmiş azərbaycanlı qadınların istismar olunduğu ölkələrin siyahısındadır. Hesab edirəm ki, bu ölkələr Azərbaycan üçün çox dəhşətli ölkələrdir. Birincisi bu ölkələr kasıbdır. Burda qurbana çevrilənlər daha dəhşətli faktlarla üz-üzə qalır. Bu ölkələrdə istismar edilən qadınlar gün ərzində daha çox müştəri qəbul edir. Səbəb isə odur ki, burdakı insanlarda pul az olduğundan istismar edilən qadınların «sahibləri» az pul götürür və gün ərzində gəlir əldə etmək üçün kişilərin sayını artırırlar».
İnsan alveri ilə məşğul olanlar Avropa ölkələrini çox az seçirlər. Yunanıstan Kipri, Polşaya müraciət edənlər olub.
Mətanət xanımın bildirdiyinə görə, son dövrlər azərbaycanlı qadınların Rusiyada istismar halları artıb. İnsan alveri ilə məşğul olanlar Türkiyədən sonra Rusiyaya da çox üz tutmağa başlayıblar. Bu ölkəyə satılan qadınların aqibəti daha pisdir. Belə ki, Rusiyaya aparılan qadınları çox vaxt ümumiyyətlə, tapmaq mümkün olmur: «Rusiya çox böyük ölkədir və insan alverinin qurbanına çevrilənləri bəzən elə yerlərə satırlar ki, sonra onları tapmaq olmur. Hansı şəhərdə olduqları, sağ olub-olmadıqları naməlum qalır. Bu gün Rusiya Azərbaycan qadınlarının satıldığı ölkələr arasında təhlükəli ölkəyə çevrilib. Çünki Rusiyaya satılan qadınların oradan qayıtması çox çətindir».
Mətanət Əzizovanın fikrincə, qadın alverinin qarşısının əhəmiyyətli dərəcədə alınması üçün ilk öncə ailə zorakılıqlarına son qoyulmalıdır.
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 5 oktyabr.- S.11.