Kominternin Xiyabani hərəkatına
münasibəti
Xiyabani hərəkatının
bolşevizmin Azərbaycanda hər hansı təzahürünə
qarşı barışmaz mövqe tutması faktı
danılmazdır
II
yazı
Beləliklə,
«Təbriz irticasının» heç olmasa bir konkret səbəbini
göstərmək cəhdi edilir, lakin bu cəhd sənəd
müəlliflərinin öz mövqeyini də tam
dolğunluğu ilə aydınlaşdırır: «Bununla belə,
Azadistan demokratlarının kommunistlərə qarşı
irticasının İran kommunist partiyasının Gilandakı
fəaliyyətinə cavab olduğunu ehtimal etmək yolverilməzdir.
Hələ formalaşmamış, yenicə təşkil
olunmağa başlayan partiyanın o vaxtkı fəaliyyəti
də Mirzə Kiçik xan hökuməti üçün
dözülməz görünürdü və partiyanın
bu hökuməti hər cəhətdən müdafiə
etdiyinə baxmayaraq, hətta o vaxt Mirzə Kiçik xan bu
partiyadan canını qurtarmağı arzulayırdı».
Bu sətirlər
sənəd müəlliflərinin radikal solçu
mövqeyini bariz surətdə açıqlayır və həmin
mövqe öz əksini həmçinin «sadalanan hadisələrdən
alınmış nəticələrdə» də tapır:
«Bütün bu irtica və burjua terroruna» baxmayaraq, 5 minə
yaxın üzvü, gizli partiya komitəsi olan Təbriz
kommunist təşkilatının getdikcə zəhmətkeşlərin
daha çox rəğbətini qazanması»na olan inam
Kominternin məlumatçılarını belə bir qənaətə
gətirir ki, «ingilis süngüsünə dayaqlanan İran
burjuaziyasına» qarşı «özünün təşkil
etdiyi və ruhlandırdığı kəndli kütlələrinə
dayaqlanan Kommunist partiyası»nı tərəf-müqabil qoymaq
tamamilə düzgün və yeganə mümkün
addımdır.
Buradan isə
artıq Kominternin burjua inqilablarına münasibət
taktikasına bilavasitə konkret təsir göstərmək cəhdləri
meydana çıxır: «Təbriz hadisələrinin bizim
üçün çox ciddi və ibrətamiz əhəmiyyəti
var. Belə ki, bizim burada Gilanda arxalanmaq istədiyimiz (bir
çox rəhbər işçilərimiz Təbriz
epopeyasına baxmayaraq, indi də bu fikirdən imtina etməyiblər)
milli-demokratik hərəkatın təcrübəsini və
taleyini izləmək imkanımız var idi. Təbriz
hadisələri bizə İranın milli-demokratik qrupları
ilə qeyri-sinfi inqilabların nə dərəcədə mümkünlüyünü
göstərdi. Bu qruplar təmiz sinfi
mövqeyə keçməlidirlərmi? Böyük xalq
hərəkatının yaxınlaşdığını
hiss etdikdə onlar şah və ingilislərlə sona qədər
mübarizə edə bilmədilər, çünki zəhmətkeş
kütlələrlə mübarizədə həmin qüvvələr
onların (yəni milli-burjua
inqilabçılarının-S.R.) təbii müttəfiqləridir».
Təbriz
demokratlarının təkcə kommunistlərə
qarşı «irtica» tədbirləri deyil, həm də Təbrizdəki
kommunistlərin sayı, fəaliyyəti və xüsusilə əhali
arasında nüfuzu da şişirdilən bu sənədə
bir daha qayıdacağımız üçün «Təbriz
epopeyasından» alınan nəticələri burada təhlil
etməyərək, yalnız onunla kifayətlənək ki, sənəd
müəlliflərinin Təbriz hadisələrinə son dərəcə
ehtiraslı münasibəti nəzərə alınmaqla
yanaşı, Xiyabani hərəkatının bolşevizmin Azərbaycanda
hər hansı təzahürünə qarşı
barışmaz mövqe tutması faktı da danılmazdır.
Bu fakt o dövr Komintern rəhbərliyi
üçün danılmaz idi, çünki Xiyabani hökumətinin
kommunistlərə mənfi münasibəti başqa sənədlərdə
də təsdiq olunurdu.
Şəxsiyyəti müəyyən edilməmiş
başqa bir müəllifin ŞXTF Şurasına təqdim
olunmuş məlumatında Cənubi Azərbaycanındakı
siyasi vəziyyət nisbətən sakit tərzdə şərh
olunurdu.
«Qızıl Ordunun Ənzəli və Rəşti tutması
ilə Azərbaycandakı demokratlar arasında vəziyyətin
kəskin surətdə dəyişdiyi», «ingilislər, Almaniya
konsulluğu və bu konsulluqda bəstə oturaraq bəyannamələr
yayan «çoxlar» (bolşeviklər) partiyasına qarşı
təbliğatın gücləndiyi» təsdiq edilən bu sənəddə
Təbrizdə fəaliyyət göstərən dörd siyasi
partiyanın — Demokratlar, «Çoxlar», «Biçezan» və Erməni
sosial-demokrat partiyalarının qısa xarakteristikası
verilir.
1917-ci ildə
yaradılmış «Çoxlar» (bolşeviklər)
partiyası üzvlərinin «kağız üzərində»
1500, əslində isə demək olar ki, üzvləri
olmadığı, bu partiya rəhbərlərinin 1918-1919-cu
illər Azərbaycanı işğal etmiş türk və
ingilis qoşunları ilə əlaqələrinə görə
xalq arasında heç bir nüfuzları olmadığı,
1920-ci ildən Almaniya konsulu tərəfindən istifadə
edildikləri və «bəstə» oturmalarının çox
uğursuz nəticələri sadalanır.
Həmçinin
1917-ci ildə Sovet Rusiyası Əsgər Deputatları Sovetlərinin
köməyi ilə yaradılan «Biçezan»
partiyasının da ruslar getdikdən sonra demək olar ki,
dağıldığı, bu partiyanın bəzi üzvlərinin
«Təbriz üsyanında iştirak etdiyi, lakin Qızıl
Ordu Bakıya gəldikdən sonra demokratlarla işləməkdən
imtina edərək müstəqil şəkildə təşkilatlandıqları»
qeyd olunur.
Bu sənəddə
də Azərbaycan Demokratik hökumətinin Təbrizdəki
kommunistlərə və sol qüvvələrə mənfi
münasibətinin səbəbi açıqlanmasa da, müəllifin
«Biçezan» partiyası üzvlərinin İran inqilabı
haqda heç gizlətmədən açıq ifadə etdikləri
nəzərlərinin şərhi öz-özlüyündə
məsələni aydınlaşdırır: «Xalqa heç
bir şey verməmiş hər iki inqilabın (Məşrutə
və Xiyabani hərəkatları nəzərdə tutulur —
S.R.) dərslərini nəzərə alaraq əhali artıq
İran inqilabçılarına inanmır. Yalnız
Qızıl Ordunun gəlişi xalqa torpaq və azadlıq verə
bilər: İran hədsiz dərəcədə özünə
xas xüsusiyyətləri olan bir ölkədir ki, burada hər
şeyi yalnız silah gücünə keçirmək olar. Nəticə
son dərəcə parlaqdır! Lakin bunu (yəni
sosialist inqilabını — S.R.) yalnız Sovet Rusiyasının
köməyi ilə etmək mümkündür,
çünki sosialist inqilabını onillərlə də həyata
keçirmək olar. Belə ki, ya 10 il, ya 10 gün!»
Qızıl Ordunun köməyi ilə Gilanda «10 günə»
sosialist inqilabı etmiş İran kommunistlərinin fəaliyyətinin
nəticələrindən yaxşı xəbərdar olan Azərbaycan
demokratlarının Təbriz kommunistlərinə və
onların arxasında duran qüvvələrə münasibətinin
səbəbləri haqda başqa dəlillər gətirməyə
daha ehtiyac duyulmur.
Xiyabani hökumətinin inqilabın ilk günlərindən
demokratçılıqdan başqa hər hansı digər
ideya cərəyanına və onların
daşıyıcılarına qarşı qətiyyətli
münasibəti, beləliklə, Komintern ideyalarının bu
vilayətdə yayılmasının qarşısına
möhkəm sədd çəkir. Bundan əlavə,
Gilandan fərqli olaraq özünün dərin ictimai-fəlsəfi
və siyasi fikir ənənələri olan Güney Azərbaycan
cəmiyyətində sosialist ideyalarının özlərinə
çoxlu tərəfdarlar tapacağına Kominternin daha ciddi
düşüncəli işçiləri özləri də
inanmırdılar.
Gilanda fəaliyyət
göstərən İKP təşkilatlarından fərqli olaraq,
Təbrizdəki kommunistlərin Komintern tərəfindən
çox az maliyyələşdirilməsi
bunun sübutlardan biridir.
Nəhayət,
sənədlərdə bu barədə hər hansı qeydə
təsadüf olunmadığına baxmayaraq, tam qətiyyətlə
demək olar ki, Kominternin Təbriz üsyanına və Azərbaycan
Milli Demokratik hökumətinə son dərəcə
ehtiyatlı münasibətində ümumi Azərbaycan faktoru
da az rol oynamırdı.
Bu
dövr Quzey Azərbaycan öz əhəmiyyətinə
görə Sovet Rusiyası üçün bütün digər
Şərq ölkələrinin fövqündə dururdu və
1920-ci ilin aprel ayından özünün milli-azadlıq
mübarizəsinə qalxmış Güney Azərbaycana
kömək əli uzatmaq, təbrizli azadxahlara qoşun və
silah vermək, bu vilayətdə milli Azərbaycan hökumətini
möhkəmlətmək, 1920-ci ildə Quzey Azərbaycanın
ayrı-ayrı qəzalarında kəndli qiyamlarının
davam etdiyi, Gəncə üsyanının zorla
yatırıldığı, Azərbaycan Demokratik
Respublikasının liderlərinin öz mübarizələrindən
çəkinmədikləri bir vaxtda Qızıl Ordunun əli
ilə sovetləşdirilmiş Azərbaycanın taleyi
üçün gözlənilməz nəticələr
doğura bilərdi.
Təsadüfi deyil ki, Cənubi Azərbaycanda
milli-demokratik hərəkatın qan içində
boğulması rəsmi Komintern tərəfindən nəinki
təcavüz və irtica kimi qiymətləndirilmir, buna
ümumiyyətlə, heç bir münasibət bildirilmir. Əksinə, milli hökumət
devrildikdən, Xiyabani və bir çox silahdaşları
öldürüldükdən sonra Təbrizdə
yaranmış vəziyyət İran kommunistlərinin fəaliyyəti
üçün «əlverişli şərait» kimi səciyyələnir
və burada «kommunist təbliğatı üçün
münasib zəmin yarandığı» qeyd edilir. Heydər Əmioğluya Xiyabaninin və
silahdaşlarının öldürülməsi ilə
sıraları xeyli seyrəlmiş demokratlarla rabitə yaratmaq
tövsiyə olunur, hətta Təbrizi «hərbi-inqilabi bazaya»
çevirərək Tehran üzərinə
yürüşü buradan başlamaq planları ciddi şəkildə
müzakirə edilir.
Bu dövr ŞXTF Şurasına İrandan daxil olan məlumatlar
arasında İran Azərbaycanındakı siyasi vəziyyətin
təhlili və xüsusilə, Azərbaycanın yeni valisi,
inqilabi hərəkatın yatırılmasında xüsusi rol
oynamış Müxbirəssəltənənin şəxsiyyəti
və fəaliyyəti ilə bağlı yazılar geniş
yer tutur.
Lakin elə bu məlumatlardan Təbrizdəki vəziyyətin İran hökumətinin ciddi nəzarəti altında olduğu, Müxbirəssəltənənin isə İran siyasətçilərinin klassik idarəetmə metodları — satınalma, vəzifə vermə, səmimi söhbətlər aparma yolu ilə vilayətdəki siyasi qüvvələri çox asanlıqla «zərərsizləşdirdiyi» məlum olur. İranın ən hiyləgər və ağıllı dövlət xadimlərindən sayılan, «Avropa məktəbi keçmiş Şərq siyasətçisi» kimi xarakterizə edilən Müxbirəssəltənə Təbrizdəki kommunistlərlə münasibətlərini o dövr İran-Sovet Rusiyası arasında münasibətlərin xarakterindən asılı olaraq çox məharətlə tənzim edir.
Belə ki, 1921-ci ilin yanvar-mart aylarında vilayətdəki kommunistlərə qarşı «amansız mübarizə aparıldığı» və «Bakıdan gələn yoldaşlar bir-bir, yaxud dəstə halında tutulub zindanlara salındığı» halda «Qızıl Ordunun Zaqafqaziyada uğurları genişləndikcə» və əlbəttə ki, İranla Sovet Rusiyası arasında müqavilə bağlandıqdan sonra bu siyasətin də metodları dəyişir.
Zindandakı kommunistləri iki-bir, üç-bir yanına çağıraraq onlarla «səmimi söhbətlər» aparan Müxbirəssəltənə bolşevikləri «ictimai rəyin əksinə olaraq azadlığa buraxmağın acı nəticələrindən qorxduğu» üçün üzrxahlıq edir, daha sonra İranda kommunizmin perspektivləri haqda geniş söhbətlər açaraq iranlı kommunistlərin nümayəndələrini — Salamulla Mədətzadə və Seyfulla İbrahimzadəni «bu işin gələcəyi olmadığına» inandırmağa çalışır. Nəhayət, bir neçə belə söhbətdən sonra Müxbirəssəltənə İran kommunistlərinə «siyasətlə məşğul olmamağa söz vermək» şərti ilə azadlığa çıxmaq təklifi edir. Kommunist məhbusların razılığını alandan sonra onları guya «kommunistlərin havadarı» sayılan bir adamın «zəmanəti» ilə zindandan buraxır. Müxbirəssəltənənin əməkdaşı olduğu hamıya bəlli olan bu şəxsin «zəmanəti və ciddi nəzarəti» altında çalışan kommunistlər, sənədlərdən məlum olduğu kimi, Müxbirəssəltənəyə verdikləri «sözə» əməl etmirlər və «geniş partiya fəaliyyətinə» başlayırlar: «İki ay əvvəl zindandan buraxılan Bakıdan gəlmiş İran kommunistləri artıq yerli kommunist təşkilatları ilə birləşməyə nail olmuşlar və indi vilayət və qəza komitələri yaradırlar».
Bu komitələrin Təbrizin siyasi həyatında nə üçün mühüm bir rol oynamadığının və ümumiyyətlə, vilayətdə nəinki kommunist, hər hansı bir inqilabi hərəkatın baş qaldıracağı ehtimalının çox zəif olduğu, əhali arasında mübarizə ruhunun isə tənəzzülə doğru meyl etdiyinin səbəbləri üzərində ətraflı dayanmağa ehtiyac qalmır. Bütün bunlardan Kominternin onsuz da çox bağlı olmadığı Azərbaycan vilayətinə marağının sönməsinin səbəbləri aydınlaşar.
Solmaz Rüstəmova-Tohidi,
tarix elmləri
doktoru
Xalq Cəbhəsi.-
2013.- 8 oktybar.- S.14.