Nizami Gəncəvinin milli
və ədəbi kimliyi haqqında
Nizami türklüyü fəlsəfi
düşüncə sisteminin nüvəsinə yerləşdirib
I yazı
Hər bir xalqın milli düşüncə tarixində
elə şəxsiyyətlər
olur ki, onlar öz fəaliyyətləri
ilə etnik sistemin fövqünə qalxırlar. Belə şəxsiyyətlərin adı
öz xalqına daim şöhrət gətirir: onları fiziki və mənəvi cəhətdən
yetirən xalq sonralar əsrlər boyunca öz yaşam gücünü,
milli mövcudluq impulslarını həmin
şəxsiyyətlərin adından və əməlindən alır.
Onların yaradıcılığı,
qoyub getdikləri mənəvi irs
özlərindən çox
sonralar da öz xalqı üçün etnoenergetik
düşüncə qaynağı
rolunu oynayır. XII əsr Azərbaycan
şairi Nizami Gəncəvi də məhz belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığı, ölməz
«Xəmsə»si bitməz-tükənməz
dəyərlər xəzinəsi
kimi həm onu yaradan və
yetirən xalqı, həm də ümumən bəşəriyyəti
etnokosmik yaşam gücü ilə qidalandırır.
Nizaminin adı, milli və ədəbi mənsubiyyəti ilə bağlı daim davam edən və son zamanlarda Rusiyada və İranda yenidən qızışan mübahisələr
də məhz bununla bağlıdır. Mübahisələr
həm də onunla şərtlənir ki, XX əsr sovet və Azərbaycan
şərqşünaslığı Nizamini həm bir yaradıcılıq fenomeni, həm də bir ədəbi
şəxsiyyət kimi
dəyərləndirməyin, onun tarixi və
müasir dəyərlər
sistemindəki yerini müəyyənləşdirməyin universal modelini tapıb ortaya qoya bilmədi.
Bu cəhətdən XX əsr şərqşünaslığı
əslində ziddiyyətlərin
möhkəmləndirilməsi və bir sıra
digər özünəməxsusluqları
ilə tarixdə qaldı.
Sovet şərqşünaslığının
Nizamiyə yanaşması
daim siyasi konyukturaya əsaslandı. Onun istər
milli kimliyi, istərsə də yaradıcılığının bədii-estetik mahiyyəti
bütün hallarda ideoloji-siyasi müstəvidə
dəyərləndirildi. Sovet şərqşünaslığı
sosialist Tacikistanına
görə dünyanın
fars şairi kimi tanıdığı
Firdovsinin adının
qabağında «fars-tacik
şairi» yazdığı
kimi, Nizamini də İran, fars, yaxşı halda farsdilli şair hesab edən «burjua» şərqşünaslığının, kapitalist ideologiyasının
əksinə olaraq, onun da adının
qabağında «Azərbaycan
şairi» yazırdı.
Azərbaycanın Gəncə
şəhərində anadan
olmuş, bütün
ömrünü bu şəhərdə keçirmiş,
yaradıcılığında doğma yurdunu, onun təbiətini, insanlarını böyük
coşğunluqla tərənnüm
etmiş, «türklüyü»
xüsusi bədii-estetik
düşüncə konsepti
kimi yaratdığı
fəlsəfi düşüncə
sisteminin nüvəsinə
yerləşdirmiş Nizami
haqqında bu çılpaq və sadə həqiqət sovet şərqşünaslığında,
o cümlədən Azərbaycan
sovet nizamişünaslığında
heç vaxt siyasi-ideoloji donundan qurtula bilməyib, konyuktur həqiqət olaraq qaldı.
Lakin qeyd etmək lazımdır ki, Azərbaycan sovet nizamişünaslığı
daim yaranmış fürsətdən istifadə
etməyə çalışdı. «Nizami» adı Sovet Azərbaycanında milli ədəbiyyatın simvoluna
çevrildi, şairin
adına verilmiş küçələr,
mədəniyyət sarayları,
rayon, salınmış xiyabanlar,
qoyulmuş heykəllər
onun öz vətənininə bağlılığını
hər zaman təsdiqləyən de-fakto
sənədlərə çevrildiyi
kimi, ədəbiyyatşünaslıqda
da Nizami «bumu» yaşandı: Nizami Azərbaycan ədəbiyyat tarixinin əsas probleminə və prioritet tədqiqat istiqamətinə
çevrildi. Sənətkara Azərbaycan və bütöv SSRİ miqyasında
möhtəşəm yubileylər
keçirildi, yubiley təntənələri müttəfiq
respublikalarda da davam etməklə bütöv SSRİ-nin ədəbi məkanında
Nizamini məhz Azərbaycan şairi kimi tanıtdırdı.
Şairin əsərləri orijinalda, Azərbaycan dilində, o cümlədən
SSRİ xalqlarının dillərində
dəfələrlə kütləvi
tirajla çap olundu. Bütün bu işlərin
həyata keçirilməsində
Azərbaycan nizamişünaslığı
öndə gedirdi və bu fəaliyyət
fonunda milli ədəbiyyatşünaslığımızın
xüsusi bir sahəsi — «nizamişünaslıq»
elmi yaranaraq inkişaf etdi.
Azərbaycan sovet nizamişünaslığı «burjua-sovet» ideoloji qarşıdurma modelindən Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsində kifayət qədər uğurla istifadə edirdi. Bu model Azərbaycan nizamişünaslarına Nizamini fars, İran şairi hesab edən nəhəng Qərb şərqşünaslarının yaradıcılığına, o cümlədən bu məsələdə xüsusi fəallıq edən İran alimlərinə sərbəst tənqidi münasibət bəsləməyə imkan verirdi. Qərb alimlərinə sovet ideoloji yanaşmasında birdəfəlik olaraq «mürtəce burjua ideologiyasının daşıyıcıları» damğasının vurulması bundan istifadə edən Azərbaycan ədəbiyyatşünaslarına «milli məsələyə» toxunmağa, daha doğrusu, «milli məsələnin» «formaca — milli, məzmunca — sosialist» modelindən kənarda qalıb, haqqında danışılması yasaq olan məsələlərindən də söz açmağa şərait yaradırdı. Bu cəhətdən Azərbaycan alimləri şairin yaradıcılığında daha çox sosial idealların təcəssümünə fikir verən sovet alimlərindən fərqli olaraq, Nizaminin ana vətəni, milli və ədəbi kimliyi mövzularını da heç vaxt diqqətdən kənarda qoymurdular. Əslində Həmid Araslı, Rüstəm Əliyev, Azadə Rüstəmova, Qəzənfər Əliyev, Nüşabə Araslı, Çingiz Sadıqoğlu, Xəlil Yusfiov və başqa nizamişünasların yaradıcılığına diqqət versək, onların şairlə bağlı çox incə və həssas milli nöqtələrə toxunduqlarının şahidi olarıq. Ancaq sovet nizamişünaslarının bütövlükdə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi onlara Nizaminin milli və ədəbi kimliyi məsələsini bütün çılpaqlığı ilə qoymağa imkan vermirdi. Məsələn, bu problemin qoyuluşu Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan kütləvi oxucusunun 1991-ci ildə Rüstəm Əliyevin tərcüməsində tanış olduğu «Azərbaycan şairi Nizami» əsərindəki səviyyəyə gedib çatmırdı. Halbuki böyük mütəfəkkir Rəsulzadənin sistemli şəkildə qoyduğu məsələlərdən sətiraltı şəkildə Azərbaycan nizamişünasları da bəhs etmişdilər. Ancaq bütün bunlarla bərabər həqiqət ondan ibarətdir ki, Azərbaycan alimləri dövrün yol verdiyi imkanlardan istifadə etməyə çalışaraq, Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsubiyyətini özünəməxsus yollarla gerçəklik faktına çevirə bildilər.
Bu gün Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsi Rusiya və İranda yenidən aktuallaşıb. Rusiya artıq bir sovet dövləti olmaqdan çıxıb: ümummilli sovet məkanı, ümumsovet maraqları ortadan qalxıb. Bundan istifadə edən maraqlı (şovinist-siyasi) dairələr indi Nizaminin milli və ədəbi kimliyi məsələsini də Rusiyanın keçmiş sovet respublikalarından olan Azərbaycanla münasibətlərində siyasi alver predmetinə, o cümlədən siyasi müstəqilliyi iqtisadi potensialı ilə hər gün daha da artan xətlə güclənən Azərbaycana qarşı təzyiq vasitələrindən birinə çevirmək istəyirlər.
İrana gəlincə, onun mövqeyi Rusiyadan bir qədər fərqlidir.
Burada həm siyasi, həm də milli faktorlar
var. Təbii ki, qonşu dövlətdə
İran-Azərbaycan münasibətlərinin
bütün dialektik mahiyyətini dərk edənlər var.
(Ardı var)
Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.- 2013.- 9 oktyabr.- S.14.