Milli-mənəvi dəyərlərin
qorunması və yaşadılması…
Ramiq Vəliyev: «Gəncliyimiz bütün sahələrdə
təmsil olunur, cəmiyyətin inkişafında
özünəməxsus və
əvəzedilməz rol
oynayır»
Bu gün ölkəmizdə
milli mənəvi dəyərləri təbliğ
edən QHT-lərin sayı elə də çox deyil. Bunlardan biri də Gənclərin Mənəvi
İnkişafı İctimai
Birliyidir.
Birliyin sədri Ramiq Vəliyev bildirib ki, hər bir
vətəndaşın qarşısında
dövlətçiliyimizin keşiyində durmaq, onun suverenliyini qorumaq, etibarlı və təminatlı gələcəyimizin qurulmasında
iştirak etmək kimi məsuliyyətli vəzifələr durur:
«Bu vəzifələrin böyük
bir hissəsinin cəmiyyətin bütün
təbəqələrində təmsil olunan gəncliyin üzərinə
düşdüyünü nəzərə alaraq
2007-ci ildə Gənclərin
Mənəvi İnkişafı
İctimai Birliyi adında gənclər təşkilatı qurduq. Təşkilatımız bu
istiqamətdə öz
töhfələrini vermək
üçün qarşısına
aşağıdakı vəzifələri
qoyub: bütün istiqamətlərdə dövlətimizə
yaxından dəstək
olmaq, xüsusilə dövlətin və xalqın inkişafını
və bütövlüyünü
təmin edən milli-mənəvi dəyərləri
qorumaq, dövlətçilik
prinsiplərinə qəlbən
bağlı, inanc üçün azad iradəni təmin edən və məcburiyyəti rədd edən dünyəvi dövlət quruluşunu və demokratiyanın inkişafını müdafiə
edən müasir və bilikli nəsillərin yetişdirilməsində
iştirak etmək. Təşkilatımız müxtəlif
ixtisas və peşə sahələrini
təmsil edən, Vətəninə, dövlətinə,
millətinə, bayrağına
sadiq könüllülük
prinsipi ilə heç bir maddi maraq güdmədən
fəaliyyət göstərən
ali təhsilli
və hazırda ali təhsil alan gənclərdən ibarətdir».
Onun fikrincə, milli-mənəvi
dəyərlərin qorunması
və yaşadılması
ölkə ümumi əhəmiyyətlidir: «Azərbaycan
əhalisi demək olar, gəncdir. Son məlumatlara görə, ölkə əhalisinin 31
faizini, yəni təxminən 2,8 milyon nəfəri təşkil
edən gəncliyimizin
nümunəvi, milli-mənəvi
dəyərlərə malik
gənclik olması hər birimizin arzusudur. Nümunəvi gəncliyin cəmiyyətdə
dominantlığını təmin etmək baxımından gənclərimizin
həqiqi dəyərləri
və həyatın mənasını tapmaları
üçün doğru
hədəflərə istiqamətləndirilməsi
zəruridir. Bu hədəflərə yetişməsi
üçün yol göstərməyin çox
böyük əhəmiyyəti
var. Dövlətimizin gənclər
siyasətinin aparıcı
istiqaməti əhalimizin
aparıcı təbəqəsini
təşkil edən gəncliyin vətəndaş
cəmiyyətinin qurulmasında,
onun inkişafında,
bir sözlə, dövlətin və cəmiyyətin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında
iştirakının təmin
edilməsidir. Hər zaman
dövlətin yanında
olmağa çalışan
təşkilatımız da
bu istiqamətdə potensialından maksimum istifadə etməyi qarşısına məqsəd
qoyub. Müşahidələrim əsasında, o cümlədən təşkilatımızın
timsalında deyərdim
ki, gəncliyimiz bütün sahələrdə
təmsil olunur, cəmiyyətin inkişafında
özünəməxsus və
əvəzedilməz rol
oynayır. Ümumi qənaətim
budur ki, yalnız milli-mənəvi
dəyərlərə malik
gəncliyə daha çox güvənmək,
etibar etmək olar».
QHT rəhbəri həmçinin
əlavə edib ki, yarandığı
2007-ci ildən indiyədək
Vətəninə, dövlətinə,
millətinə, bayrağına
sadiq, dövlətimizin
unitar, dünyəvi quruluşunu və milli-mənəvi dəyərlərini
qoruyan, elmli, müasir və inanclı gəncliyin yetişməsində dövlətimizə
yaxından dəstək
olmağa çalışan
könüllülüərdən ibarət təşkilat bir çox tədbirlər təşkil
edib: «Həmin tədbirlərdə dövlət
və dövlətçilik
konsepsiyasından, dövlətçiliyin
müdafiəsində mənəvi
dəyərlərin müstəsna
rolundan bəhs olunur. Gənclərimizin radikal axınların və təlqinlərin təsiri altına düşməsinin qarşısının
alınması, dövlətə
və dövlətçiliyə
qarşı çıxan,
onun nüfuzunun zəiflədilməsinə yönələn
bir sıra zərərli ideologiyaların
gizli tərəflərinin
göstərilməsi, dini
istismar edərək insanları xurafata sürükləyən zehniyyətlərin
gənclərə təsirinin
qarşısının alınması,
ən nəhayət İslam dininin xurafata qarşı olduğunu və bu dinin insanları
elmə təşviq etdiyini diqqətə çatdırmaq məqsədilə
«Sosial problemlərin həlli yolları», «İslam terroru lənətləyir», «»Quran» elmə
yol göstərir» mövzusunda keçirilmiş
konfransları qeyd edə bilərəm. Ən son tədbirimiz bu il 8
Mart — Beynəlxalq Qadınlar
Günü münasibətilə
təşkil olunub. «»Quran» əxlaqında qadın dəyərlidir» adlı bu konfransda
gender bərabərliyinin təmin
olunmasının zəruriliyi
və qadınların
cəmiyyətdə rolu
barəsində söhbət
açılıb. 300-400
nəfərin iştirak
etdiyi konfranslar müxtəlif kütləvi
informasiya vasitələri
tərəfindən işıqlandırılıb.
Bunlarla yanaşı, dövlətə
bağlılığın əhəmiyyətini cəmiyyətə
daha da qabarıq
göstərmək üçün
«www.dovletebagliliq.org» saytını yaratmışıq».
Təşkilat sədri əlavə
edib ki, hazırda yeni layihələr üzərində
işləyir, əyani
vəsaitlər hazırlayırlar:
«Hər bir tədbirimiz dövlətlə
sıx əməkdaşlıq
şəraitində keçir.
Aidiyyəti dövlət təşkilatlarının
nümayəndələri, millət vəkilləri tədbirlərimizə dəvət
edilir. Dövlətimizi təmsil edən
nümayəndələrin təkliflərini və tövsiyələrini daim
diqqətdə saxlayırıq.
Təşkilatımızın nümayəndələri Azərbaycan
Dövlət Neft Şirkətinin Ekologiya İdarəsi və «İrəli» İctimai Birliyinin birgə təşkil etdiyi «Planetimizi tanıyaq» adlı layihədə ölkəmizin aparıcı
ali təhsil ocaqlarında daimi mühazirəçi olaraq
iştirak ediblər. Mühazirələr ekoloji mövzularda
olub. Gənclərimizdə yaşadığımız
planet haqqında daha geniş təsəvvürlərin
formalaşması üçün
Yer kürəsinin tanıdılması, planetimizdəki
həssas tarazlıqların
və ekosistemin öyrənilməsi, ətraf
mühit problemləri,
biotexnologiya, biomühəndisliyin
faydaları haqqında
ətraflı məlumatlar
verilib. Layihənin uğurlu olması
səbəbindən fəaliyyətlərimiz
yalnız Bakı şəhəri ilə məhdudlaşmamış, regionlarda
da (Gəncə, Mingəçevir, Qax və Şəki şəhərində) müvafiq
maarifləndirici tədbirlər
təşkil etmişik.
Təşkilatımızın nümayəndələri təhsil sahəsindəki
daha bir layihədə iştirak ediblər. «Məktəb
Parlamenti» adlı layihə çərçivəsində
bir sıra orta məktəblərdə
«Yer kürəsi və ekosfera», «Təbiət və səmərəli texnologiya»
kimi mövzularda keçirilən seminarlarda
mühazirələr, biotexnologiya
kimi mövzularda dərslər keçilib».
QHT rəhbərinin dediyinə
görə, gənclər
bu gün hər sahədə — siyasətdə, elmdə, incəsənətdə, idmanda,
biznesdə, dövlət
qulluğunda, güc strukturlarında, bir sözlə, cəmiyyətin
bütün təbəqələrində
təmsil olunurlar: «Təşkilatımız bunu
nəzərə alaraq
tədbirlərdə hər
dəfə fərqli mövzulara toxunur, müxtəlif sahələri
təmsil edən gəncliyi maraqlandıran məqamları dilə gətirməyə səy
göstərir. Qeyd edim
ki, milli-mənəvi dəyərlərin qorunmasını,
müasir və bilikli gəncliyin yetişdirilməsini hədəfləyən
təşkilatımızın gənc üzvləri gənc nəslə daim örnək olmağa çalışır.
Bunun üçün nümayəndələrimiz
həyata keçirilən
tədbirlərin yüksək
səviyyədə keçirilməsini
və iştirakçılar
tərəfindən mövzuların
daha dərindən mənimsənilməsini təmin
etmək məqsədilə
ən son texnologiyalardan,
əyani vəsaitlərdən
istifadə edilməsini
daim diqqətdə saxlamaqla hər bir tədbirə xüsusi yanaşırlar.
Bu da gənc
nəslin xüsusi marağına səbəb
olur, layihələrimizin
uğurla və keyfiyyətlə həyata
keçirilməsini təmin
edir».
QHT rəhbəri onu da bildirib ki,
statistik məlumatlara görə, müasir Azərbaycan gəncliyində
ali təhsillilərin
payı 60 faizdən çoxdur: «Təbii ki, biz bununla qane ola bilmərik.
Buna görə də təşkilatımızın
təşkil etdiyi seminarlar, dəyirmi masalar, konfranslarda gəncliyin milli-mənəvi
dəyərlərə sadiq
qalması ilə yanaşı, yüksək
təhsilə, elmə,
müasirliyə yönəlməsi
daim vurğulanır.
Bununla kifayətlənməyərək bu istiqamətdə internet
imkanlarından da yararlanmağa çalışırıq.
Məhz bu məqsədlə də elmi təşviq
edən bir sıra internet saytları qurmuşuq».
Onun dediyinə görə, savadlı, geniş dünyagörüşlü, modern, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gənclik millətin ümidli gələcəyini təmin edən təbəqədir: «Cəmiyyətdə müxtəliflik amili olduğundan gənclərin heç də hamısı nümunəvi, görmək istədiyimiz kimi deyillər. Məlumdur ki, gənclər arasında narkomaniya, alkoqolizmə mübtəla olmuş, cinayətarlığa, əxlaqsızlığa sürüklənmiş, hətta meylli olan insanlarımız da var. Bu neqativ hallar son onilliklərdə xeyli artıb və bu hallar istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələrdə artıb, yəni sırf milli problem deyil. Mənəvi, psixi boşluq belə neqativ halların sığındığı yerdir. Bunu xüsusi qeyd edim ki, mənəvi boşluq problemi adətən gözdən yayınır. Xüsusi narahatlıq doğuran məsələlərdən biri gənclər arasında intihar hallarının göstəricisidir. Bu xəbərlər az qala gündəmi zəbt edib. İntiharların baş verməsində insanları ağlına görə deyil, hisslərilə yaşamağa sürükləyən və həyatın bir-birindən çox fərqli sahələrində, çox fərqli şəraitdə qarşıya çıxa bilən romantizmin xüsusi çəkisi var. Amma çox maraqlıdır ki, insanların böyük əksəriyyəti bunu bir təhlükə olaraq görmür və sanki qabardılmamaqda maraqlı görünürlər. Hətta romantizm təhlükəsi bəzən bir təhlükə və səhv olaraq deyil, təqdir edilməsi və yaşanması lazım olan bir üstünlük kimi qəbul olunur. Romantizm, həyatın reallıqlarından uzaq düşmək bir sıra hallarda gənclər arasında intihara yol açır. Bu kimi halların qarşısının alınmasında, gənclərimizin maarifləndirilməsinə öz töhfəmizi vermək üçün gələcək tədbirlərimizdə bu gəncliyi «mənəvi boşluğa» düşürən səbəblərə də toxunulmasını nəzərdə tutmuşuq. Bu məsələlərdə biz də daim dövlətin yanında olmalıyıq, hər bir şəxs, ümumiyyətlə, cəmiyyətimiz buna laqeyd qalmamalıdır».
Əli
Xalq Cəbhəsi.- 2013.- 9 oktyabr.- S.11.