QHT-lərin beynəlxalq
əməkdaşlıq münasibətləri
Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurası bu istiqamətdə geniş iş aparır
Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əlaqələri yetərincədir. Bir sıra QHT-lər qonşu ölkələrlə yanaşı, Avropa dövlətlərinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edirlər. Bu isə Azərbaycanda formalaşan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini stimullaşdırır və təcrübəsini artırır. Bununla yanaşı dövlət səviyyəsində də xarici ölkələrin QHT-ləri arasında əməkdaşlıq münasibətləri qrurulub və inkişaf etdirilir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyi ilə Şuranın nümayəndə heyəti Rusiya Federasiyası İctimai Palatasının dəvəti ilə Moskvada səfərdə olub. Səfərdə məqsəd Şura ilə İctimai Palata arasında əməkdaşlıq əlaqələrinin yaradılmasıydı. Nümayəndə heyətinin keçirdiyi görüşlərdə Rusiya və Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişaf mərhələləri, milli, regional və yerli səviyyədə ictimai nəzarətin təşkilinə aid uğurlu praktik təcrübə, vətəndaş cəmiyyətlərinin ikitərəfli münasibətlərin inkişafına və regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfəsi, həmçinin vətəndaş cəmiyyəti institutları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Rusiya və Azərbaycanın müştərək layihələri və başqa mövzular müzakirə edilib.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya Federasiyasının İctimai Palatası arasında «Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Memorandum» imzalanıb. İki ölkənin vətəndaş cəmiyyəti institutlarının beynəlxalq, eləcə də ictimai, sosial həyatın bir sıra mühüm sahələrinə aid qarşılıqlı əməkdaşlığını nəzərdə tutan sənədi Şura sədri Azay Quliyev və RF İctimai Palata katibinin birinci müavini Mixail Ostrovski imzalayıb.
Memorandum beynəlxalq arenada hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının ikitərəfli və çoxtərəfli əsaslarla qurulmuş əməkdaşlığının və birgə fəaliyyətinin dərinləşdirilməsini, Azərbaycan, Rusiya və Türkiyənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsini, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan və erməni icmaları arasında ictimai dialoq mühitinin yaradılmasını, Azərbaycan-Rusiya sərhədində hər iki ölkə vətəndaşların, həmçinin nəqliyyat vasitələrinin giriş-çıxışında yaranan problemlərin aradan qaldırılması üçün ictimai nəzarətin təşkilini, Rusiyada yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusiyalıların cəmiyyətə inteqrasiyası ilə bağlı müxtəlif layihə və proqramların reallaşdırılmasını və sair vacib məsələləri özündə əks etdirir.
Memorandumun müddəalarında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi Azərbaycan və Rusiya cəmiyyətləri arasında dostluq və əməkdaşlığın dərinləşdirilməsinə, hər iki ölkənin xalqları arasında qarşılıqlı etimadın artırılmasına və dövlətçilik maraqlarının müdafiəsinə yönəlib. Bu müddəaların müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşmış QHT-lərin layihələri formasında həyata keçirilməsi planlaşdırılır. Memorandumu imzalamış hər iki tərəf əməkdaşlığın təşkilati-texniki təminatına məsul şəxslər təyin edəcək, eyni zamanda, müvafiq QHT qruplarının formalaşdırılmasına başlayacaqlar. Müştərək layihələrin maliyyələşdirilməsi qarşılıqlı razılıq prinsipi ilə həyata keçiriləcək.
Bundan başqa Azay Quliyevin rəhbərliyi ilə Türkiyədə səfərdə olan nümayəndə heyəti Ankarada bir sıra dövlət və hökumət rəsmilərilə görüşlər keçirib. İlk görüş Türkiyənin Daxili İşlər Naziri Muammer Gülerlə olub. Görüşdə vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinin mühüm əhəmiyyətini qeyd edən Muammer Güler ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq əlaqələrindən danışıb. Bu günlərdə Xocalı soyqırımının 21-ci ildönümünün Türkiyədə də yüksək səviyyədə anıldığı, Dağlıq Qarabağ probleminin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu qeyd edilib.
Daha sonra güclü vətəndaş cəmiyyətinin mövcudluğunun güclü dövlətin əsas təməl şərtlərindən olduğunu bildirən nazir iki dövlət arasında əməkdaşlığın yüksək səviyyədə olmasına baxmayaraq, sivil toplum quruluşlarının əlaqələrinin hələ zəif olduğunu və bunun inkişaf etdirilməsinin vacibliyini söyləyib.
Azay Quliyev iki dövlətin vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə işçi qrupunun yaradılmasının zəruri olduğunu bildirib.
Türkiyə daxili işlər nazirinin müşaviri Necməddin Kılıc və Türkiyə Dərnəklər Dairəsi Başkanı Mustafa Yardımçı ilə keçirilən görüşdə dövlət-QHT münasibətləri, QHT-lərin fəaliyyətinin hüquqi əsasları, QHT-lərə dövlət dəstəyinin forma və mexanizmləri haqqında geniş məlumat verilib. Eyni zamanda, Türkiyə və Azərbaycan vətəndaş cəmiyyəti qurumları arasında əlaqələrin yaranmasında və inkişafında, təcrübə mübadiləsinin aparılmasında belə görüşlərin əhəmiyyəti vurğulanıb.
Növbəti görüş Türkiyə Respublikası Baş Nazirliyinin Vəqflər İdarəsinin baş müdiri Ertem Adnanla keçirilib. Görüş zamanı Türkiyədə vəqflərin tarixi, qurulma prinsipləri və fəaliyyəti haqqında geniş məlumat verilib. Şura sədri Azay Quliyev bu sahədə Türkiyənin böyük təcrübəyə malik olduğunu bildirərək, bu təcrübənin öyrənilməsi, təşviqi, tətbiqi, eyni zamanda, iki qurum arasında qarşılıqlı əməkdaşlığın qurulması üçün birgə işçi qrupların yaradılmasının zəruriliyini qeyd edib və bu sahədə əldə olunmuş razılıq əsasında aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bir qrup üzvündən ibarət nümayəndə heyəti QHT-in maliyyələşdirilməsinin Çexiya təcrübəsini öyrənmək üçün bu ölkənin paytaxtı Praqa şəhərində də olub. Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 15-17-də Çexiya QHT-lərini maliyyələşdirən analoji qurumda görüşlər keçirib, QHT fəaliyyətinin tənzimlənməsi və layihə maliyyələşdirilməsi, QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Planının hazırlanması, QHT-lərin təsnifatlandırılması, hesabatlılıq və başqa istiqamətlərə aid toplanmış təcrübə ilə tanış olub, həmçinin qurumlar arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azay Quliyev Şərq-Qərb İdarəetmə İnstitutu — Azərbaycanda Sosial-İqtisadi İnkişaf Proqramının (SEDA) nümayəndələri Timosi Madiqan, Ziba Quliyeva, Vaqif Həsənov və USAİD demokratiya və idarəçilik layihələrinin icrası üzrə mütəxəssisi Pərviz Musayevlə də görüşüb.
Görüşdə Şura və SEDA proqramı arasında əməkdaşlıq münasibətlərinin yaradılması haqqında fikir mübadiləsi aparılıb. Azay Quliyev Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və imzalanmaq üçün hazırlanan anlaşma memorandumunda nəzərdə tutulan işlərin vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Gələcək əməkdaşlıq üçün «Vətəndaş iştirakçılığında beynəlxalq və milli təcrübə» mövzusunda konfransın birgə təşkili, SEDA layihəsinin müşahidə şurasında QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçiliyi və Şuranın digər təklifləri müzakirə olunub, onlara münasibət bildirilib.
Azay Quliyev qeyd edib ki, Azərbaycan açıq və demokratik ölkədir və qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və tətbiq etməkdə maraqlıdır: «Bu gün USAİD-lə anlaşma Memorandumu imzalamaqla bir daha göstərdik ki, biz açıq cəmiyyət qururuq və vətəndaş cəmiyyətin quruculuğunda həm yerli, həm də beynəlxalq tərəfdaşların imkanlarından istifadə etməyə hazırıq».
O bildirib ki, beynəlxalq təşkilatlar və xarici QHT-lər Azərbaycanda fəaliyyət göstərərkən ölkə Konstitusiyasına, qanunlara əməl etməlidir, Azərbaycanın maraqları əleyhinə gizli proqramlar icra etməməlidir: «Biz bir tərəfdən açıq və şəffaf əməkdaşlığın tərəfdarıyıq, digər tərəfdən isə bunun Azərbaycanın qanunları çərçivəsində həyata keçirilməsini istəyirik».
Azərbaycanın gənclərlə bağlı siyasətinə toxunan A.Quliyev qeyd edib ki, dövlət bununla bağlı ciddi proqrama malikdir, Gənclərə Dəstək Fondu yaradılıb və fondun vəsaitləri bu sahədəki proqramlara xərclənir: «Bunun hesabına hər il minlərlə gənc xaricdə təhsil alır. Biz Azərbaycanda neft kapitalını insan kapitalına çevirməliyik və bu məsələdə gənclər xüsusi çəkiyə malikdir. Burada bizim fəaliyyətimiz tam şəffaf və aydındır».
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda QHT sektoru təkmilləşdirilir və onun beynəlxalq səviyyədə əlaqələrin, münasibətlərin qurulması istiqamətində intensiv iş aparılır.
Media və Təhsil İnnovasiyaları Mərkəzinin rəhbəri Səidə Hüseynovanın sözlərinə görə, Azərbaycanın bu sahədə digər inkişaf etmiş dövlətlərin təcrübəsindən yararlanması olduqca vacibdir: «Bu isə əməkdaşlıq münasibətlərindən irəli gəlir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası bu istiqamətdə iş aparır. İndi bizim Avropa dövlətlərinin vətəndaş cəmiyyəti institutları ilə təcrübə mübadiləmiz də mövcuddur. Bu münasibətlərin inkişafı təkcə QHT-lərin folrmalaşmasına kömək yox, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bizə yaşıl işıq deməkdir».
Müstəqil media İnstitutunun rəhbəri Əlişir Əhəd isə bildirib ki, ikitərəfli münasibətlərin qurulmasında başlıca məqsədlərdən biri Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə yaradılan sərbəstliyi və müstəqilliyi nümayiş etdirməklə yanaşı, öz təcrübəmizi, fəaliyyətimizi də onlara göstərməkdir. Mənə elə gəlir ki, bu münasibətləri daha da genişləndirmək lazımdır».
Cavid
Xalq cəbhəsi.- 2013.- 22 oktyabr.-
S. 11.