Nizaminin məhəbbət idealı

 

 Şair Məcnunu çoxsaylı əfsanələrin içərisindən keçirib gerçəkliklə yoğurmağı bacarıb

 

I yazı

 

Məhəbbətin mənşəyindən danışanlar ilk əvvəl belə bir sorğuya cavab axtarıblar: ulu əcdad onu barbarlığın içərisindən keçirib gətirib, yoxsa bünövrəsi mədəniyyətlə qoyulub? Çoxları belə hesab edir ki, eşq duyğusu məkr, nifrət, paxıllıq, dostluqdan və ana-övlad bağlılığından sonra meydana gəlib. Qədim dövrün tədqiqatçıları deyirlər ki, heç təknikahlıq yarananda da məhəbbət mövcud olmayıb. Çoxsaylı yazılı mənbələrə, o cümlədən Nizaminin «Leyli və Məcnun» poemasına əsasən yalnız bir cəhətə haqq qazandırmaq olar ki, orta əsrlərin başlanğıcında İslam Ərəbistanında doğrudan da cəmiyyət məhəbbətin nə olduğunu anlamırdı. Lakin «Kitabi-Dədə Qorqud» oğuznaməsinin eramızdan əvvəlki çağlarda yaranan «Duxa qoca oğlu Dəli Domrul» boyunda F.Engelsin «Orta əsrlərədək fərdi cinsi məhəbbətdən söhbət açmaq həqiqətə uyğun deyil» mülahizəsinin tamamilə əksinin şahidi oluruq.

Qədim türk yazılı abidəsində ilkin ailə münasibətlərinin məhəbbət üzərində qurulub möhkəm sütunlar əmələ gətirdiyinin geniş təsviri verilir. Tanrının işinə qarışıb «ölüm mələyi» (sonrakı variantlarda Əzrayıl şəklinə düşüb) ilə qarşı-qarşıya gələn Dəli Domrul günahının bağışlanması üçün öz canı əvəzinə başqa can ödəmək məcburiyyətində qalır. Boyda ata-ananın övladına, eləcə də əksinə, övladın ata-anasına sevgisinin sönüklüyü göstərir ki, hadisələr türkün «atalar kultu»ndan daha əvvəlki dövrə aiddir. Çünki Dəli Domrulun valideynləri övladlarının ölümü ilə razılaşır, dünyanın ləzzətini alıb son mənzilin astanasına çatsalar da, quru canlarını onun yaşaması yolunda qıymırlar. Öz növbəsində oğul da doğma ata-anasına laqeydlik nümayiş etdiriröz şirin canına görə hər ikisinin ölümünə razılaşır. Lakin ər-arvad münasibətinə gələndə eyni motivli yunan miflərindən fərqlənən başqa mənzərəylə rastlaşırıq. Dəli Domrulun əli hər şeydən üzüləndən sonra ömür-gün yoldaşıyla vidalaşmaq, halallaşmaq üçün tanrıdan möhlət istəyir. Ərlə arvadın dialoqundan aydınlaşır ki, gənc ailə sevgi əsasında formalaşıb və xüsusilə qadın tərəf üçün ərinin yoxluğundan sonra başqasıyla bir yasdığa baş qoymaq ölümə bərabərdir. Belə ki, Dəli Domrulun: «Gözün kimi sevərsə, Sən ana varğıl! İki oğlancığı öksüz qomağıl!» — təklifini qadın ürək yanğısı və ciddi etirazla qarşılayır.

Göründüyü kimi, Azərbaycan türklərində ailənin təməli əski çağlardan sevgi əsasında qoyulub. Deməli, Məcnunun müsəlman Şərqini VII yüzillikdən üzü bəri təlatümə gətirən «eşq üsyanı» Nizaminin həmvətənləri tərəfindən neçə min il əvvəl Dəli Domrulla meydana atılıb bəhrəsini vermişdi.

Eposda Domrulun dəliliyinin mənbəyi birbaşa qadına məhəbbətə bağlanmasa da, el arasında Məcnunun analoqu olan adı qazanması qəribə təsadüfdür. Onun körpü başındakı «ərköyünlüyü» — gəlib-gedəndən pul alması da vaxtsız dünyasını dəyişən gəncin müdafiəsinə qalxarkən kölgədə qalır. O, tanrının özünə qarşı çıxmaqla eşq dəlisi funksiyasını yerinə yetirir. Azərbaycan türkcəsində dəliliyin bir mənası da igidlik, ərənlikdir. Domrul düşmən qoşununu dəf etməmişdi, gücünü «həyat eşqi» uğrunda döyüşə sərf edəndə hiylə toruna salınıb yenilmişdi. Onun əsil ərənliyi və igidliyi məhz bu zaman meydana çıxır.

Arxası yerə qoyulandan sonra yenidən ayağa qalxmasına yardım edən qüvvə — qadını ilə arasında olan böyük sevgi məgər dəliliyinin — məcnunluğunun nişanəsi deyildimi? Ərəb dilindən gələn «məcnunluq» dəliliyin analoqu olsa da, əfsanələrin yardımı və Nizaminin qələmiylə tamamilə əks anlamda işlənib ülviliyi, insana vurğunluğu, saflığı, sədaqəti, vəfanı, «məhəbbətin bakirəliyi»ni bildirir. Beləliklə, iki aşiqdən birincisinin dəliliyi insanı ölümsüzləşdirməkdən, ikincisinin məcnunluğu isə məhəbbəti ürəklərdə diriltməkdən başlanır. Lakin hər ikisinin qələbəsinə qarşılıqlı sevgi təminat verir. İki aşiqdən birinin dəliliyi insanı ölümsüzləşdirmək, ikincisinin məcnunluğu isə məhəbbətin toxumunu ürəklərə səpib cücərtmək olur. Lakin hər ikisinin qələbəsinə qarşılıqlı sevgi təminat verir. Dəli Domrul eşqinolduğunu, hansı gücə malikliyini can alanlara başa salır, Məcnun isə onun əbədiliyini, yaradıcının özündən gəldiyini, yer üzündə heç bir qüvvənin ona təsir etmək iqtidarında olmadığını göylərə yox, yerdəki insanlara öz həyatını qurban verməklə əyani şəkildə göstərə bilir.

Məhəbbətdən söz açanlar lap başlanğıcdan onun əhatə dairəsinin genişliyini (erotik sevgi, özünəvurğunluq, eləcə də insana, tanrıya, həyata, vətənə, həqiqətə, azadlığa, xeyirxahlığa bağlılıq) nəzərdə tutub varlıqların əlaqəsindən, münasibətindən doğan bütün halları — coşğunluq, ehtiras, həvəs, maraq və uyğunlaşmanı eyni nöqtədə birləşdirib, nəticədə Nizami kimi eşqi dünyanın özünü hərəkətə gətirən qüvvə saymışlar. Çoxsaylı araşdırmalarda daha çox müxtəlifliyinə diqqət yetirildiyindən sevginin mahiyyətinə nüfuz edilməyib, əksər hallarda onun növ və formalarını müəyyənləşdirməklə kifayətləniblər.

Qəribə hisslər aşılayan duyğunun dərkinə mifik təfəkkürlə başlanmasına baxmayaraq nədənsə məhəbbətin köklərini dərin qatlarda deyil, mədəni inkişafın ən yüksək mərhələlərində, məsələn, Şərqdə intibah dövründə və Qərbdə renesansda axtarıblar. Lakin eşqin ən primitiv anlamı miflərin dili ilə yozulub, ulu əcdad ilk sevgini Göylə Yer, Günəşlə Ay arasında göstərib, nifrətlə sevincin, işıqla zülmətin, ölümlə həyatın qoşa təzahür etdiyini irəli sürüb. İlkin təsəvvürlərə görə, torpaq öz doğduqlarını — bitkilərin toxumlarını hədsiz dərəcədə sevdiyindən diri-diri udub yenidən meydana gətirir.

Eşqin insanla əlaqələndirilməsinin izlərinə isə ilk dəfə Narsislə bağlı mifdə — gözəl bir gəncin suda öz əksini görüb vurulması və həsrətdən əriyib yox olması epizodunda rastlaşırıq. Xalq məhəbbəti təsvir və tərənnüm etmək üçün xüsusi epik-lirik janrlar — əfsanələr, mahnılar, bayatılar, eşq dastanları düzüb-qoşmaqla onun mənşəyinin dərin qatlarla bağlılığını əsaslandırıb. Maraqlıdır ki, folklorda məhəbbətin müxtəlifliyi arxa plana keçiriki insan arasında qarşılıqlı şəkildə mövcud olub saflıq, səmimilik, qəlb birliyi, gözəllik, vəfa, həya və ismətin təminatçısı rolunu yerinə yetirir.

Azərbaycan türklərinin yaratdığı əfsanələri məhəbbətin salnaməsi adlandırmaq olar. Ümumiyyətlə, eşq motivlərinə folklorun epik ənənəsində geniş yer ayrılır və insanın ən ülvi, saf duyğularından biri kimi təqdim olunur. İnanclarda sevginin kökləri mifik görüşlərə bağlanır. Yaradıcıya vurğunluğunhaqq aşiqliyinin bünövrəsi əski çağlardan şüurun meydana gəlməsi ilə qoyulub, tarixin sonrakı mərhələlərində isə eşqlə başlanğıca qayıdışın mümkünlüyü haqqındakı təsəvvürlər müxtəlif dini təriqətlərin əsasasında duran mühüm amillərdən birinə çevrilib. Məhəbbət duyğuları müəyyən dövrlərdə — dünyəvi və ilahi eşq deyə iki anlamda anılıb, lakin eşqin mayasında insanın elə duyğuları dayanıb ki, həmişə saflığa, sədaqətə, haqqa, ədalətə, düzlüyə söykənib. Xalqımızın əqidəsində iki sevən gənci bir-birindən ayırmaq haqqı tapdamaq, günaha batmaq sayılıb. Sevgiyə tutulanlar Məcnun tək bu dünyada əzab-əziyyət çəksələr də, son anda insanlıqdan çıxıb başqa cildə girməklə, tanrının yaratdığı təbiət varlıqlarına dönməklə onun ülviliyinə qovuşurlar. Əfsanələrdə sevən gənclərin arasına qara tikan olub girənlər lənətlənir, qızlarını istədikləri oğlanlardan ayırıb pula, var-dövlətə satanlarsaf eşqi qurban verənlər nifrətlə qarşılanırlar.

Məhəbbət əfsanələri xalq fantaziyasının elə boyaları ilə işlənir ki, dinləyənlərdə ancaq rəğbət oyadır. Eşq odunu söndürməyə çalışanlar Allahın qəzəbinə keçirlər. Sonralar dastanlaşan «Əsli və Kərəm», bir neçə silsilədən ibarət «Bülbül və Qızılgül», «Lalə» əfsanələrini Azərbaycan türklərinin arxaik epik ənənəsinin şah əsərləri hesab etmək olar.

İnanc sistemlərini qarşılaşdırmaqla birinin digərindən üstünlüyünü göstərən əlamətlərin qabardılmasının tarixi çox qədimdir. Mifik görüşlərdə kultlardan hansının birincilik qazanması uğrunda mübarizə aparılmasının köklərinə bağlanır. Bu motiv sonralar islamla xristianlığın müqayisəsi şəklinə salınıb. «Şeyx Sənan», «Əsli və Kərəm» əfsanələrinin mayasında da məhz müsəlman aşiqlə xristian məşuqənin eşq macəraları durur… «Leyli və Məcnun», «YusifZüleyxa», «Fərhad və Şirin», yaxud «XosrovŞirin», «Tahir və Zöhrə» və digər eşq hekayətləri onlardan törəyib. Əgər mifologiyada Günəşlə Ayın, Yerlə Göyün sevgisi işıqla qaranlığın, istiylə soyuğun, xeyirlə şərin vəhdətindən yaranmışdısa, bu əfsanədə Qızılgüllə Bülbülün fədakarlığı ilə əvəzlənib və dünyanın bütün əzab-əziyyətinin gözəllik qarşısında heçliyinə insanları inandırıb.

Ərəb folklorunun məhsulu olan «Şeyx Sənan»ın yaranma tarixi islamın meydana gəlməsindən uzağa getmir. Türk təfəkküründən doğan «Əsli və Kərəm»in kökləri isə daha dərindədir. Eşq ahından hər iki gənc od tutub yanır. Xeyiri təmsil edən qəhrəmanların külü basdırılan torpaqda qızılgül kolu bitir. Qızılgül Günəşin simvoludur. Şərin — keşiş dəfn olunan yerdə isə qara tikan yetişir. Azərbaycan türklərinin qədim inanclarında qara tikan divlərin dırnaqlarıdır.

Əfsanədə göstərilir ki, müsəlman xanın ölkəsini xristian vəzir idarə edir. Bu, islamın (ola bilsin ki, daha əski çağların inancında Göy tanrısının) tək allaha söykənən başqa din sisteminə hörmətlə yanaşmasına işarədir. Tarixdə də belə olub. Hunlar, Göy türklər müsəlmanlaşandan sonra da qonşu xristian ölkələrinə sülhdostluq şəraitində yaşamağı təklif etmişdilər. Lakin qara keşiş ölkəsini ona etibar edən xanın oğluna qızını ərə verməyi özünə sığışdırmır.

Əslində Kərəmin sevgisiİslamla bir araya sığmır. O, Məcnun kimi öz zamanının əksər ölkələrini qarış-qarış gəzib dolaşmaqla həm istəklisinə qovuşmağa can atır, həm də insanlara eşqin ülviliyini nümayiş etdirir. Məcnunun atasından fərqli olaraq xan insanlıq naminə ehkamları pozur.

Əfsanə rəmzlərlə doludur. Fələk keşişin toya razılıq verməsi ilə Kərəmin üzünə gülür, kamına çatmasına mane olan xalatın içində bağlanıb qalması ilə ondan həmişəlik üz döndərir. Od qəzadır, dünyadakı fəlakətlərin mənbəyidir, qədərdir. Kül yaradıcıya qovuşmaqdır. Gül kolu həyatın davamı deməkdir. Doğrudur, əfsanədə qızılgül məhəbbətin qələbəsi kimi göstərilir. Qaratikan isə xeyirlə şərin mübarizəsinin əbədiliyi deməkdir. Təsadüfi deyil ki, Nizami «Leyli və Məcnun» poemasının motivlərini də məhəbbət əfsanələrindən götürüb. Nizami Məcnunu mifoloji təfəkkürün və çoxsaylı əfsanələrin içərisindən keçirib gerçəkliklə yoğurmağı bacarıb.

 

Ramazan Qafarlı,

filologiya üzrə elmlər doktoru

 

Xalq cəbhəsi.-2013.- 19 oktyabr.- S. 14.