Sevgi əfsanələri — xalçalar

 

Qədim adətə görə Azərbaycanda qıza elçi gələndə, onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verərdilər. Elçi gələndə qızın toxuduğu xalçanı üzə çıxarırdılar ki, qızımız bunu da bacarır. Deyilənə görə, xalçaya baxıb qızın xasiyyətini də müəyyənləşdirmək olurmuş…

Azərbaycanda xalçaları haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat verib. Tarixçilərin yazdığına görə, Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda ipək, qızıl-gümüş saplardan nəfis xalçalar toxunurdu. Alban tarixçisi Musa Kalankatlının (VII əsr) bildirdiyinə görə, qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdı. Belə xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar «zərbaf» adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini yazır. X əsr məşhur ərəb tarixçiləri Əbu Səfər Məhəmməd Təbəri və Əl Müqəddəsi qeyd edirlər ki, Azərbaycan şəhəri Bərdədə gözəl xalçalar istehsal edilirdi.

Lakin orta əsr Azərbaycan cəmiyyətində təkcə yüksək təbəqələrin həyatı xalçalar əhatəsində keçmirdi. Belə ki, XVI əsrdə Şirvanda olmuş ingilislər — Bannister və Duket yazırlar ki, yerli sakinlərin evlərində xalça və mis məmulatı istisna olmaqla ev əşyaları azdır: «Onlar

yerdə, xalça üstündə, dərzilər kimi bardaş qurub otururlar. Ən sadə adamlar arasında da elə biri tapılmaz ki, yaxşı ya pis xalçası olmasın; onların evlərinə, yaxud da oturduqları otaqlara başdan-başa xalçalar döşənib».

XV əsrdən başlayaraq Avropa rəssamları Hans Qolbeynik, Hans Memlinqin və digərlərinin əsərlərində Azərbaycan xalçaları təsvir edilib. Misal üçün, Qarabağın «Muğan» xalçasını

Hans Memlinqin (XV ə.) «Məryəm körpəsi ilə» və «Bir gəncin

portreti» tablolarında görmək olar. Dünya tərəfindən tanınmış Azərbaycan xalçaçılıq sənəti indiki zamanda yeddi məktəbə bölünür: Bakı, Gəncə, Qarabağ, Şirvan, Quba, Qazax, Təbriz.

Qubanın «Pirəbədil», «Qımıl», «Sirt-çiçi» xalçaları zərif işləmələri və xırda bitki rəsmləri, parlaq boyaların sıx rəng qamması ilə insanı valeh edir. Şirvanın «Muğan», «Tabistan», «Şilyan» xalçaları isə daha çox ciddi ritm ideyası və sakit, əzəmətli koloritlə zəngin qədim kompozisiyalara meyllidir. Qarabağın «Xanlıq», «Malıbəyli», «Lyampa» xalçaları özündə peşəkar kompozisiya, yaradıcı təxəyyül, rəngarəng koloriti əks etdirir. Bakının «Hili-buta», «Novxanı», «Fatmayi» xalçaları isə zərif rəsmləri və mürəkkəb ornamenti ilə diqqəti cəlb edir.

Gəncə və Qazaxın qabayunlu, məxmər çalarlı «Fəhralı», «Şıxlı» və «Borçalı» xalçaları sadələşdirilmiş üslubda iri həndəsi cərgələrlə, Təbrizin «Sarabi», «Əfşan», «Ləçək-turunc» xalçaları dekorativ hörmə naxışlar, dünyanın əbədi harmonik obrazını yaradan dairəvi və spiralşəkilli bəzəklərlə zəngindir.

Azərbaycanın süjetli xalçaları ornamentli məmulatlardan daha qədim tarixçəyə malikdir. Onların mövzusu həyatın özündən götürülmüş, gözəl təbiətlə rövnəqləndirilmiş və quruluş, məişət, ənənələr, sosial-tarixi proseslərlə sıx bağlı olmuşdur. Bu növ xalçaların «məzmunu» əsrlər boyu yazılmış romanların süjetləri qədər rəngarəngdir. Öz mənşəyinə görə ən qədim motiv və obraz «ovçuluq»dur. Ov xalçaları Azərbaycanın dekorativ sənətində daha davamlı yer tutur.

Hazırda dünyanın bir sıra muzeylərində, şəxsi kolleksiyalarda saxlanan Azərbaycan xalçalarının əksəriyyəti bu məmləkətlərə əyri yollarla gətirilib. Yaşı yüz illəri adlayıb keçən xalçalar tarixi mədəniyyət əsəri kimi həmişə yüksək qiymətləndirilir. Bu eksponatların qiyməti də çox baha olur. Məsələ ondadır ki, onların tarixi qədim olsa da, əksəriyyətinin üstünə «Azərbaycan xalçası» sözü yazılmayıb. «Qafqaz xalçaları», «İran xalçaları» kimi təqdim edilən xalçalarımızın nə zamansa Azərbaycana aid olduğunun təsdiqlənəcəyinə ümid edirik.

Sovet dövründə Azərbaycan xalçaçılığı özünün çox yüksək mərhələsinə qədəm qoydu. Bu dövrdə çoxlu xalçaçılar meydana gəldi, xalçaçılıq bir elm-tədris sahəsi kimi diqqəti çəkdi. Onlarla xalçaçı rəssam yetişdi. Kəndlərdə, qəsəbələrdə, şəhərlərdə xalça sexləri yaradıldı. Gəncədə, Bakıda, digər şəhərlərdə xalça fabrikləri fəaliyyətə başladı. Düzdür, burada toxunan xalçalar əldə toxunan xalçalardan xeyli dərəcədə fərqlənirdi, amma milli çeşnilər və ornamentlər xalçaların əsasını təşkil elədi. Sadəcə, istifadə edilən iplər sintetik və pambıq idi. Yundan isə yalnız kəndlərdə toxunan xalçalarda istifadə edilirdi.

Ötən əsrin 80-90-cı illərinə qədər ailələrdə, evlərdə yaşı beş yüz, min olan xalçalar da vardı. Amma indi bu cür xalçalara rast gəlmək çətindir. Çünki sərhədlər açıldıqdan sonra bir çox işbazlar xalçalarımızı ehtiyac içində olan insanlardan alaraq xaricə apardı. Bəzən o xalçalara elə şinikləndirici qiymət qoyulurdu ki, insanlar imtina edə bilmirdi. Həmin xalçaların çox az hissəsi muzeylərə gəldi. Dövlət xalçaları, qədim palaz və toxuculuq məmulatlarını həddən artıq ucuz qiymətə aldığı üçün camaat satmaq istəmirdi. Hansı yolla olursa olsun, dədə-babalarından miras qalan xalçaların xaricə satılmasında maraqlı olan adamlar vardı. Ehtiyac içində dolanan insanlar bir parça çörək üçün xalçaları 1500, 2 min dollara xaricə satırdı. Bəzən bu məbləğ o qədər fantastik olurdu ki, hər kəs o pula sahib olmaq istəyirdi.

Yeri gəlmişkən, muzeylərdən, şəxsi kolleksiyalardan, evlərdən oğurlanan xalçalar da az olmayıb. İşbazlarla əlbir olan insanlar onları oğurlayaraq alverçilər vasitəsilə xarici ölkələrə ötürüblər. Keçən əsrin 90-cı illər mətbuatına nəzər salsaq görərik ki, Azərbaycan xalça muzeyindən, eləcə də digər məkanlardan yoxa çıxan xalçaların heç birinin izi tapılmayıb. Bu məsələlərlə bağlı bir neçə dəfə cinayət işi açılsa da, hələ heç kəs məsuliyyətə cəlb edilməyib. Bu gün rəsmi qurumlar heç o oğurluq hadisələrinə toxunmaq istəmir. Xalça mütəxəssisləri deyir ki, itən xalçaların heç biri Bakıda, ümumiyyətlə Azərbaycan ərazisində saxlanmır. Onların kütləvi surətdə xaricə ötürüldüyünü deyən mütəxəssislər bildirir ki, muzeydən oğurlanan xalçalar öz yerində, hətta xaricdə keçirilən rəsmi sərgilər zamanı da «aradan çıxarılan» xalçalar olub. Sadəcə, bunu açıb-ağardan olmayıb. Sənətşünaslardan birinin dediyinə görə, xalçalarımızın müəyyən qədəri xaricə «qara» yolla getdiyi üçün onların harada saxlandığı qeyri-müəyyəndir.

Məsələn, İngiltərənin «Viktoriya-Albert» Muzeyində qorunan «Şeyx Səfi» xalçasının taleyi də, saxlandığı yer bəllidir.

Bunu «Azərilmə» MMC-nin əməkdaşları da təsdiq elədi. Hazırda ölkənin xalça sənayesinin başında duran «Azərilmə»nin əməkdaşı Əlövsət Qəribovun bildirdiyinə görə, xarici muzeylərdə olan xalçaların çoxunun təkrar nüsxəsi toxunaraq muzeylərə hədiyyə edilir.

Dünya bazarında Azərbaycan xalçasına tələbat olduğunu deyən Əlövsət Qəribovun sözlərinə görə, xaricdən gətirilən xalçalar «geydirmə»dir: «Maşında toxunan xalçaların heç biri cehiz kimi arzuedilən deyil. Analar öz qızına gərək əldə toxunan xalçalar versin. Deyirlər ki, bizim xalçalar çox bahadır. Baha da olmalıdır. Onu toxuyan analar, bacılar gözünün nurunu itirir. Bu qiymət onların zəhmətinin müqabilində qəpik-quruşdur. Əslində, baha deyil. İmkanlı adamlar xalçaları daha baha qiymətə almalıdır. Amma bizimkilər deyir ki, ucuz qiymətə verin. Qiyməti 10 manatdan 2 milyon manata qədər olan xalçalar var. Yun xalçanın kvadratı 800, ipək xalçanınkı isə 1 000 manatdan 4 000 min manata qədər artır»

«Koroğlunun gözü uzağı çox yaxşı görürdü, anası onu üç yaşınadək xalça üstündə böyütmüşdü. Ayağı torpaq görməmişdi». Bu, bir əfsanədir. Amma xalça haqda bir sıra elmi əsərlərin müəllifi və hazırda Qubada bir neçə emalatxana sahibi Fatma Ağamirzəyeva bunun həqiqət olduğuna inanır. O, deyir ki, Azərbaycan xalçaları təkcə istilik və ya gözəllik üçün deyil, həm də müalicə vasitəsidir: «Çində xəstəliklərin müalicəsi zamanı ayaq altındakı nöqtələr də masaj olunur. Körpə vaxtı uşaq ayağını bitkilərdən hazırlanmış boyaqlardan toxunmuş xalçaya qoyursa, özünə lazım olanı götürür. Səs özünə, göz özünə, qulaq özünə lazım olanı götürür. Koroğlunun tək gözü iti olmayıb. Səsi də gözəl olub. Qolu qüvvəli, iradəsi güclü olub. Bu, nağıl deyil».

Xalçaçı xanımın dediyinə görə, boyaqların hazırlandığı bitkilərin min bir sirri var. Məsələn, elə bitkilər var ki, onu gün işığında yox, məhz ay işığında dərmək lazımdır. Eləcə də, ilin quraqlıq və ya yağmurlu keçməsi də bitkilərə təsirsiz ötüşmür. Bu da necə deyərlər, bir elmdir. Təbii rənglər nəinki parlaq və davamlı olur, belə boyaqla rənglənmiş yun ipliklərdən toxunan xalçalar bəzi xəstəliklərə təsirsiz ötüşmür.

Son zamanlar yerli xalçaçılar boyaq bitkilərinin azalmasından, bəzilərinin yoxa çıxmasından narahatdırlar. Bu üzdən də boyağı bəzən xarici ölkələrdən gətirirlər. Səbəbini Fatma Ağamirzəyeva onunla izah edir ki, camaat torpağı şumlamaq və ya alaqdan təmizləmək əvəzinə, ona od vurur. Nəticədə torpağın üst qatı, deməli, bir çox bitkilərin kökü yanıb külə dönür. Həmin boyaların olmaması xalçaların gözəlliyinə və keyfiyyətinə, milliliyinə də təsirsiz ötüşmür. Odur ki, çıxış yolu axtarır: «Alpan kəndi boyaqları ilə məşhur olub. Orda iki hektar sahə götürmək və itməkdə olan boyaq bitkilərini qorumaq istəyirəm. İndi həmin boyalar Hindistandan gətirilir».

Yeri gəlmişkən, yeddi xalçaçılıq məktəbi və kompozisiya baxımdan çox zəngin olan Azərbaycan xalçalarını başqalarından fərqləndirən həm də məhz boyalardır. Tədqiqatçıların qənaətincə, kompozisiyaların zənginliyi və məktəblərin çoxluğu daha çox ölkənin iqlimi, təbiəti, bitkiləri ilə bağlıdır. Həmin komponentlərdən biri yoxa çıxanda, xalçalar da həminki olmur. Bakıdakı Xalça Muzeyinin direktoru Röya Tağıyevanın bildirdiyinə görə, xalçalarda müxtəlif coğrafi şərait əksini tapıb: «Bədii baxımdan Azərbaycan xalçaları kimi zəngin ornamentli, kompozisiyalı xalçalar yoxdur. Təkcə Qarabağda 19-cu əsrin axırında evlərdə 600-dək çeşni tapılmışdı. O da Azərbaycanın coğrafi şəraiti ilə, iqliminin rəngarəngliyi ilə bağlıdır. Burda dağlar da var, dəniz də, səhralıq da. Bu da müxtəlif rənglər, çalarlar, həm də müxtəlif keyfiyyətli qoyun yunu deməkdir. Bu yun texniki baxımdan müxtəlif sıxlıq verir. Quba, Şirvan qoyunlarının yunu narındır deyə, xalçalar da zərifdir. Dağlıq bölgə olan Qarabağda, Qazaxda yun qalın olur. Bunun da öz üstünlüyü var. Şərait müxtəlifliyi çox çeşidliliyə səbəb olur».

 

Ülviyyə Tahirqızı

 

Xalq cəbhəsi.- 2013.- 23 oktyabr.- S.13.