Allergik xəstəliklər

 

Planetin hər yeddi adamından biri allergiyaya düçardır

 

Heç bir narahatlığı olmadığı halda ard-arda dəfələrlə asqıran, gözləri qızarıb-sulanan, təngənəfəs olan və ya dərisində qızartılar, səpki yaranan insanları görmüşük. Bəzən ən sadə qidalardan, arılardan, hətta çiçəklərdən də uzaq duran bu şəxslərin narahatlığının adı allergiyadır.

Allergiya — ətraf mühitin «allergen» adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Bu, immun sisteminin patologiyasıdır və ilk dəfə termin kimi 1906-cı ildə avstriyalı pediatr Pirke tərəfindən işlədilib. Bir sözlə, allergiya bədənə xarici maddənin girməsi və immun sisteminin hərəkətə keçməsilə başlayır.

Hər insanın bədənində İgE adlanan anticism istehsal edilir. Anticismin vəzifəsi orqanizmə daxil olan yad cisimləri neytrallaşdırmaqdır. Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükə kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, narahatlıq keçirir. Allergik olmayan insanlarda isə immunoqlobulin G (İgG) və ya M (İgM) kimi anticismlər istehsal edilir. İgG və ya İgM insanlardakı allergik reaksiyalarda rol oynamır, əksinə, allergiyadan qoruyurlar.

Bütün immunoqlobulinləri isə B limfosit adlanan xüsusi qan hüceyrələri istehsal edir. B limfositlərinin anticism düzəltməsinə T limfositləri adlanan qan hüceyrələri kömək edir. Ayrıca, B limfositlərinə makrofaq hüceyrələri də kömək edir. Makrofaqlar xarici maddələri, yəni allergenləri içlərinə alaraq zərərsizləşdirir, sonra onları T limfositlərinə verirlər. Beləliklə, T limfositlərini aktivləşdirirlər. T limfositləri də B limfositlərinə İgE istehsal etdirir. Bir insan müəyyən bir allergenlə qarşılaşdıqda tək o allergenə məxsus olan bir İgE anticismi istehsal edilir.

Hazırda allergiyanın müalicəsində bir çox dərmandan istifadə edilir. Ən yaxşı dərmanların belə allergiyanı yatıra bilmədiyi vəziyyətlərdə həkimlər allergiya iynələrindən istifadə edərək immunitet reaksiyasını dəyişdirməyi sınayırlar. Bu müalicədə xəstəyə allergik olduğu maddələr az miqdarlarda təkrar-təkrar inyeksiya edilərək immun sistemi o maddəyə qarşı laqeydləşdirilir.

Allergiyanın ən ağır və təhlükəli forması anofilaktik şok bütün bədənə təsir edən məşhur allergik reaksiyalarla bağlı inkişaf edir. Anofilaktik şok, yəni allergik şok erkən tanınıb təcili olaraq müalicə edilmədikdə insanı şoka sala bilər və ya ölümə gətirib çıxara bilər. Bəzən eşitdiyimiz «penisillin iynəsi vuruldu, həyatını itirdi» və ya «arı sancmasından öldü» kimi hadisələrin səbəbi anofilaktik şokdur. İlk anofilaktik ölüm hadisəsi e.ə. 2641-ci ildə arı sancmasından dünyasını dəyişən Misir fironu Mensesdir. Türkiyədə hər il təxminən 100 nəfər anofilaktik şokdan həyatını itirir.

Alimlərin tədqiqatlarına əsasən, planetin hər yeddi adamından biri allergiyaya düçardır. Başqa sözlə, həmin insanlar gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyyata malikdir. Ən çox yayılmış təsiredici amillər qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı, yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxilolma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçir.

Allergiyanın fizioloji mexanizmi orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.

Allergiya simptomları, əsasən özünü burun, boğaz və gözlərdə göstərir. Allergiyanın ilkin əlamətləri: burunun axması, gözlərin acışması və sulanması, tez-tez asqırmaq, dərinin qızarması və qaşınması, başağrısı, çətinləşən nəfəs almalar, təngnəfəslik. Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir. Pollinoz bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır.

Allergik xəstəliklərin digər növü ilboyu davam edən allergik rinitdir. Onun törədiciləri məişət allergenləri — ev tozu, kitab tozu, məişət gənəcikləri və digərləridir. Bu, sifətin, burnun qaşınması, asqırma, burun tutulması və axması əlamətləri ilə müşayiət olunur. Allergik xəstəliyin başqa bir növü bronxial astmadır. Lakin bronxial astmanın bütün növləri allergik xəstəlik deyil. Onun yalnız bir forması -atopik bronxial astma bu növə aiddir. Onun törədiciləri bitki, məişət tozları, epidermal allergenlər, yəni heyvan tükü, kəpəyi, yunu, təbii iqlim şəraiti, insanın işlədiyi və ya düşdüyü qoxulu mühitdir. Atopik bronxial astmanı törədən allergenlərdən uzaqlaşdıqda xəstəlik də yox olub gedir. Bütün allergik xəstəliklər üçün ən xarakter bir əlamət var: allergenlərlə təmasda olanda xəstəlik baş qaldırır, onlardan uzaq olduqda xəstəliyin əlamətləri də keçib gedir.

Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən, şirniyyat məhsullarından və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür.

Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır və hazırda ən ciddi problemlərdən birinə çevrilib. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkim təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilir. Dərman allergiyasını yaradan bir səbəb də əhalinin həddən artıq dərman qəbul etməsidir.

Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Misal üçün demək olar ki, yaz fəslində baş verən allergiyalar mart ayının əvvəllərində ağacların tozlanması nəticəsində başlayır və may ayının axırı, iyunun əvvəllərinə kimi davam edir. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır.

Çoxları hesab edir ki, kosmetikaya qarşı allergiya ancaq dərisi həssas qadınların problemidir. Əslində isə heç kim bu xoşagəlməz hadisədən sığortalı deyil. Kosmetik məhsulların keyfiyyət dərəcəsinin daim yoxlanılmasına və nəzarətdə saxlanılmasına baxmayaraq, yeni elementlərin əlavəsi dərinin kosmetikaya qarşı xoşagəlməz reaksiyası riskini bir qədər artırıb. Bu gün kosmetik vasitələr xarici görünüşün yaxşılaşmasına yönəlmiş kompleks qulluğun ayrılmaz hissəsinə çevrilib. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyəti ilə görülən tədbirlər bəzən elə nəticələr doğurur ki, onları gozəllik salonunda belə aradan qaldırmaq mümkün olmur. Bu zaman üz tutulmalı yeganə ünvan həkim kabinetidir. Dəriyə uyğun olmayan kosmetik vasitələrin istifadəsi nəticəsində əmələ gələn allergiyalardan ən geniş yayılanları sadə kontakt dermatini, kontakt-allergik dermatit və dərinin fotosensibilizasiyasıdır.

Ümumiyyətlə, bu sadalanan dəri reaksiyaları prinsip etibarilə bir-birindən fərqlənmir. Az da olsa qızartı, qabarıq şiş də allergiyanın əlamətləridir. O, adətən qaşınma, bəzən isə ağrı ilə müşayiət olunur. Sadə kontakt dermatiti zamanı xəstəliyin əlaməti həmin anda, kontakt-allergik dermatit zamanı isə təkrar istifadədən 12-48 saat sonra özünü göstərir. Fotosensibilizasiyanin əlamətləri günəş şüalarının təsiri zamanı üzə çıxır. Bu zaman səpkilər dərinin açıq olan hissələrində daha çox olur.

Kosmetikadan istifadə etməzdən öncə onun tərkibi ilə diqqətlə tanış olmaq və əks təsirləri yadda saxlamaq lazımdır. Vaxtı keçmiş məhsullardan istifadə edərkən əmələ gələn «allergiya»ları xüsusi qeyd etmək lazımdır. Ən bahalı və keyfiyyətli kosmetikalar belə uzun müddət saxlanıldıqda onların tərkibində dermatitə səbəb olacaq maddələr əmələ gəlir. Üstəlik istifadə zamanı kosmetik maddələrin tərkibinə bakteriyalar da daxil olur ki, onlar da bir müddət sonra məhsulun tərkibini korlayır. Buna görə də çoxdan istifadə etdiyiniz məhsulun qəfildən «allergiya»ya səbəb olması sizi narahat etməsin. Yaxşısı budur ki, onun istifadə müddətinə bir də nəzər salasınız.

Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi növləri fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü daha qabarıq göstərir. Qida allergiyasına tutulmalar meyvə-tərəvəzin bol olduğu yay aylarında daha çox olur. Hər kəs hansı meyvənin, tərəvəz, bostan bitkisinin ona allergiya verdiyini bilməli və onu qəbul etməməlidir. Bəzən əhali müxtəlif səbəblərdən dəridə baş verən hər hansı şişmə, səpmə və qızarmanı allergiya hesab edir. Bu, allergiyanı həddən artıq şişirtməkdir. Dəri xəstəliklərinin 90 faizi, o cümlədən qoturluq, fotodermatoz da qaşınma verir. Məsələn, yayda günün ultrabənövşəyi şüaları bədənin açıq yerlərinə dəyərək onu qıcıqlandırır və bu zaman səpki, qızarma və qaşınma baş verir. Bu, allergiya deyil, dəri xəstəliyi olan fotodermatozdur. Belə hallar baş verərkən özbaşına dərman qəbul etməkdən uzaq olmaq və həkimə müraciət etmək lazımdır. Yalnız həkimin qoyduğu düzgün diaqnoz və ona münasib təyin etdiyi müalicə nəticəsində sağlamlığınızı bərpa edə bilərsiniz.

 

Ülviyyə Tahirqızı

 

Xalq cəbhəsi.- 2013.- 24 oktyabr.- S.13.