Qanunvericilikdə valideynlik hüquqları

 

Dövlət-ailə münasibətlərinin tənzimlənməsi çağımızda ciddi, gərəkli, qaçılmaz məsələdir. «Azərbaycan Respublikasının Ailə Məcəlləsi»ndə göstərilir ki, valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Eləcə də valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar: «Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər».

Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir. «Valideynlik hüquqlarının həyata keçirilməsi» maddəsində

aşağıdakılar nəzərdə tutulur: «Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fizikipsixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir».

«Uşaqlarından ayrı yaşayan valideynin valideynlik hüquqlarının həyata keçirilməsi» maddəsində vurğulanır ki,

uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir: «Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduqda bu cür məlumat verilməsindən imtina edilir. Məlumat verilməsindən imtinadan şikayətə məhkəmə qaydasında baxılır. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır».

Bəs valideynlik hüquqlarının müdafiəsi qanunvericilikdə necə

ifadə olunur? Sözügedən qanunda göstərilir ki, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər: «Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər: «Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər».

Qanunvericilikdə göstərilir ki, valideynlik hüquqlarından məhrumetmə aşağıdakı hallarda olur: «Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlarla amansız davrandıqda, onları fizikipsixi təzyiq altında saxladıqda; xroniki alkoqolnarkomaniya xəstəsidirsə;

uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə».

Valideynlik hüquqlarından məhrumetmə qaydası aşağıdakı kimi icra olunur: «Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.

Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra üç gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir».

«Valideynlik hüquqlarından məhrumetmənin nəticələri» qanunvericilikdə aşağıdakı kimi göstərilir: «Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaqimtiyazlardan istifadə etmək hüququnu itirirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələsini məhkəmə mənzil qanunvericiliyinə əsasən həll edir. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququnaya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Uşaq valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər».

Maddə 67-də göstərilir ki, valideynlik hüquqlarının bərpası

aşağıdakı hallarda ola bilər: «Valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqları, uşağın tərbiyəsinə münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa edilir. Valideynlik hüquqlarının bərpası valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir.

Valideynlik hüquqlarının bərpası işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Valideynlik hüquqlarının bərpası ilə bağlı valideynlərin ərizəsi ilə birlikdə uşağın valideynlərə (onlardan birinə) qaytarılması tələbinə də baxıla bilər. Valideynlik hüquqlarının bərpası uşağın mənafeyinə zidd olarsa, məhkəmə valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər.

Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz».

Maddə 68-də vurğulanır ki, valideynlik hüquqlarının məhdudlaşdırılması aşağıdakı hallarda olur: «Məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər. Uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluqya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 3 sentyabr.- S.11.