Çağdaş Güney Azərbaycan ədəbiyyatı
Güney
şairləri bütün
dünyaya barış,
sülh, haqq və ədalət gətirəcəklərinə inanırlar…
X yazı
(əvvəli ötən saylarımızda)
Bu gün donmuş ürəkləri, soyuq canları sevgi və şəfqətlə
isindirəcəklərinə, solğun gözlərə
işıq, qəmli ürəklərə sevinc,
bütün dünyaya
barış, sülh,
haqq və ədalət gətirəcəklərinə
inanırlar Güney şairləri… Əgər
Yunus Əmrələr,
Ərginlər, Nəcib
Fazillər, Nəbilər,
Bəxtiyarlar, Hadilər,
Solmazlar, Nigarlar, Hümmətlər, Nadirlər,
İsmayıl Ülkərlər,
eləcə də yer üzünün bütün insanları bu uğurda — xoşbəxt gələcək
naminə bir araya gələrlərsə…
Lakin Ərgin bir-birini xoş sözlərlə, incə,
zərif kəlmələrlə
dindirməyin, könüllərə
təkcə sevgi ilə deyil, bu sevgini həm
də gözəl, cazibədar dillə ifadə etməklə, yəni əlahəzrət
Sözün qüdrətilə
hakim olmağın mümkünlüyünü
də bəyan edir:
Bir çox bülbül sevər gülü,
Ancaq gülün könlünə
Ən gözəl sözlərlə
toxunan
bülbül yiyələnə
bilər…
Gerçək həyatda məhz
insanların cahilliyi, nadanlığı, paxıllığı
və qəddarlığı
üzündən baş
verməkdə olan bir sıra naqislikləri
onların özlərinə
kinayəli şəkildə
səslənməklə anlatmaq
istəyir Güney şairləri… Həyatda yeri səhv
düşənləri, yerində
olub elin-ulusun işinə yaramayan, çıraq tək dibinə işıq salmayanları, cəmiyyət
üçün faydalı
olmayanları qınaq
hədəfinə çevirir,
özünü müasir-modern
sayan və arsız-arsız gəzib-dolaşan
bivecləri, «Araz aşığından, Kür
topuğundan» olan yüngül əyləncə
düşgünlərini, «obrazovannıları» qamçılayırlar
və bu istəklərini əksər
hallarda təsəvvüf
aləminin rəmzləri,
simvolları vasitəsilə
bədii poetik misralara çevirirlər.
Eləcə də dünyaya ağalıq etmək iddiasıyla gücsüz, zəif xalqları əzmək, milli haqq və
hüquqlarını əlindən
almaq, özündən
asılı vəziyyətdə
saxlamaq ehtirasında bulunan super dövlətlərin
çirkin mahiyyətli
siyasətlərini, onların
güc strukturlarının
törətdiyi əzazillik
və vəhşilikləri
kəskin şəkildə,
öldürücü sarkazmla
həcv edirlər. Bütün bunların çağımızın
qaçılmaz gerçəyi
olduğu Kərim Çayçının «Bomba
altında qalan oxuldaşlara…» şeirində
bütün çılpaqlığı
ilə öz əksini tapır.
Çağdaş Güney poeziyasında
öz səsi, öz sözü, öz nəfəsi və şaqraq, həm də sakit, axıcı şeir dili olan İsmayıl Ülkərin «Olmaq istəyirəm» şeiri Kərim Çayçının
«gecələri taxta tüfənglərilə qol-boyun
yatan, gündüzlərisə
dolanmaq yerləri şəhid törənlərinin
ağlaşması olan
yarım qalmış
qanmazlıq savaşlarının
uşaqlarından birinə,
bugünkü dərdli,
azadlığa yerikləyən
sevgilisinə — Ana torpağa
yaşamdan bir gül-Gün çalacam»
amacı ilə yaşayıb mübarizə
aparan lirik qəhrəmanının bu
böyüklükdə dərdinin,
milli yanğısının
içərisindən həyata
gülümsəyən novruzgülü,
qar çiçəyi
kimi boy verir, günəşi salamlayan və sanki: «Yaşama sarıl, mübarizəyə qatıl»,
— deyən günəbaxan
gülü kimi şahə qalxır, həyat eşqi bulaq tək çağlayan şairin çinara udulmaq istəyini və… yaşamaq arzusunu oxucu çox içdən duyur, həm də görür:
Durulmaq istəyirəm
Durulmaq!
Bulaq kimi
Sonra
Dan yelindən dərilən bir nəfəs kimi
Şehli-şehli, şən-şirin
Bir çinara udulmaq istəyirəm
Udulmaq…
Və yaşama sarmaşmaq… Zamana dalmaq, dünyanı gözlərinin
giləsinə doldurmaq,
mavi yaşıllıqla
yaşınmaq, sevgiylə,
sevgiliylə dodağını
doyurmaq və… insan-təbərrük olmaq
istəyi… İsmayıl
Ülkər oxucusuna bu qutsal istəyi,
sevgini ötürə
bilir şeirlərində…
Sevgi dolu masmavi bir sevda
dünyası qurur və bu dünyanın
tən ortasında əyləşdirir onu… Dilini, elini, yurdunu sevməyi öyrədir qarındaşlarına!.. Sevgili olmağı
bacarmağın yolunu
diqtə edir — «Qış kimi yağdın içimə,
yaz kimi göyərdin, yay kimi bitdin, sevgilim…
Payız gəlir və biz bir-birimizdə itmək üzrəyik», yəni sevgili olmaq həyat kimi, yaşam kimi bir-birində yaşamaq və itmək-ölmək deməkdir…
«Dörd əllə deyil, dörd əlli deyil, qırx əlli deyil, min əllə dünyanı tutmaq, o buraxsa da, buraxmamaq,
aşiq olmaq, sevgili olmaq, sevdalanmaq deməkdir.»
«Nəcabətini sazaqların
söylədiyi, min illik
kədərini yarpaqların
saçına elə
sazaqların yazdığı
(H.Şahbazi)» ölkədə, kədərin
içində boğulan
bir məmləkətdə
yaşama bu böyüklükdə çılğınca
sevgisinə, dünyayla
bu qədər yoldaşlığa özü
də heyrət edir:
Bu mənəmmi?
Bu çətinlikdə dünyada bu qədər rahat?
Bu mənəmmi tanrım? İçimdə
bu qədər yol
Hər yol min yol qolunu
qucağıma açmış!
Hər hüceyrəm bir ayaq, Hər uçurum bir üzəngi
Altımda bunca yəhər:
hər nəfəsim ilxı-ilxı at!
Bu mənəmmi?!
Varlıq
nədən bu qədər mənə əziz
Hər nəsnə? Nədən
bu qədər mənə özəl
Torpaqla bu doğmalıq nədir?
Düşünürəm ki, bu çətinlikdə dünyada bu qədər rahat olmaq və yaşama
bu qədər sıkıca sarılmaq məhz İ.Ülkərin
yazdığı kimi,
torpaqla bu dərəcədə doğmalığın,
həyata və insanlığa məhəbbətin
sayəsində mümkünləşə
bilir… Əslində Mahatma Qandi də
onillər öncə
məhz sevgiyə, doğmalığa və məhəbbətə tapınaraq
bu cümlələri
(Dəyərli aydınımız
Hadi Qaraçay «tümcələri» yazır.
Nəyi pisdir ki, yəni
fikrin toplumu, bütövü-cümləsi, gözəl ifadədir!)
yazmışdı: «Dünyada bu qədər insanın diri qalması göstərir ki, dünya silahın gücünə güvənməyib,
həqiqət və məhəbbətə güvənib.
Həqiqətin və məhəbbətin
danılmaz gücü
bu gerçəklikdədir
ki, böyük dünya savaşlarına qarşın, həyat davam etməkdədir.
Yüz minlərcə ailələrin
həyatının pərişan
edilməsi, həyatların
söndürülməsinə baxmayaraq, həyat davam etməkdədir.
Tarix, yalnızca məhəbbətin
qırılma və yenilmə olaylarını
yazıb. Olayın dərinliyinə
diqqət edib. Ən son amac insan olmalıdır».
Axı unutmaq mümkünsüzdür
ki, dünyanın xilası insana və insanlığa sevgi ilə gerçəkləşə bilər.
Əslində özündə
sevdiyini tapan, dönüb sevgili olan insanın bu yolda hər
şeyi etməyə qadir olduğunu pıçıldayır İsmayıl
Ülkər:
Gəldi
yol oldum:
Güldü, gül oldum.
Aldı əllərinə, qolundakı
əl oldum.
Çox şükür, dünya.
Dola bildi içimə ən son,
ən qutsal dəliliklər…
Muştuğulumu ver, Tanrım, muştuluğumu!
Sevdalandım mən, Sevdalandım…
Güney şairləri bu gün hər şeyin, hər kəsin öz yerində olmasını, dünyanın nizamının pozulmamasını şair təbiətindən doğan həssaslıqla arzulayırlar. «Yeri səhv düşənlərin» bəd əməllərinin nəticəsində başqalarının əzab-əziyyət çəkmələrini, əziyyət çəkənlərin əziyyət verənlərin qınaq hədəfinə çevrilmələrini, günahsız günahkarların sayının artmasının şahidi olmaq istəmir, «dayaz sularda çabalamağa özlərini məhkum etmiş və ya məhkum edilmiş zavallı naqqaların halına (Ərgin)» acıyırlar…
Onların modern şeir yaradıcılığında bəzən bədiilikdən uzaq, sadəcə düşüncəsinin, ağlının diqtə etdiyi fikirlərdən ibarət lakonik deyimlər, açığı, aforizm səviyyəsində, gücündə ifadə və fikirlər olur: «Tülkü satıldı, aslana döndü», «Böyük dərddir, yarımçıqlar arasında bütünlük (Ərgin)», «Böyük dərdlər böyüdür, Kiçik dərdlər çürüdür; Bu güllə çağında lütf edirsən açırsan gül!; Susss… Hürməyin itlər! Şeir çörək ağacı deyil, çörəkdir; Qartal qəfəs arxasından baxır, havada uçuşan milçəklərə…; Bir kişini bağırsağı ilə asıblar! Deyirlər bir gecəlik çörək oğurlamışdı…; Barmaqlarını kəsdilər, öldü şair! Ürəyində qalmışdı sözləri… (M.Əzizpur)», «Eşq, yəni qorxa-qorxa bir sığıncaq, amma isti və sıcaq…; bir muğamdan bir misra kimi sevirəm səni! Hazırlaşdım səni təkrar oxumağa (Kiyan Xiyav)»
Esmira Fuad
(davamı
var)
525-ci qəzet.- 2013.- 4 sentyabr.- S. 14.