Uşaq şeirimizin
75 yaşlı zirvəsi
Və ya Rəfiqə Məmmədova yaradıcılığına
bir baxış
Sevimli Rəfiqə
nənənin 75 yaşı
tamam oldu. Sinəsi nəğmə,
şeir təşnəli
sənətkar sanki misralarında yaratdığı
mələklərin qanadında
ömrünün əzəmətli
75-ci zirvəsində sonuncu
dövrəsini vurdu, oradan vüqar və iftixar hissilə daha möhtəşəm 80-ə doğru
istiqamət götürdü.
Bu nurlu, abır-ismət,
yüksək təb və istedad sahibinin tale yoluna, yaradıcılığına yaxından
bələd olduğumdan
daxilimdə xoş bir duyğu baş qaldırdı: kaş növbəti yubileyini indiyədək üzbəüz demədiyim
sözlər və tər çiçək
dəstələri ilə
təbrik edərdim. Bir də düşündüm
ki, hələlik verəcəyim dəstə
heç vaxt ona Cəbrayıldakı ata-baba yurdunun təravətini, Füzuli
və Cəbrayılda
erməni işğalçılarının
xaraba qoyduqları məktəblərə uzanan
yolları bürümüş
palitranın ab-havasının
yerini verməyəcək.
Heyhat hamımız borclu vəziyyətdəyik. Arzularımızın gerçəkləşməsi naminə hansı qüvvə və imkanlarımızı əsirgəməkdən
çəkinərdik. Bu, acı gözüyaşlı
taleyə yazılmış
əbədi ayrılıq
deyil, sadəcə nisgil tonlarına layiq olmadığımızı
isbatlayan inamdır, qələbəyə ricətdir.
Yalnız bunu bilirəm ki, Rəfiqə xanımın qazandığı
el hörməti, övlad,
nəvə məhəbbəti,
ədəbiyyatsevərlərin rəğbəti ona avqustun 21-də xeyli qayğılı, unudulmaz
gün yaşadıb. Əlinin
ağdan-qaraya toxunmasına
imkan verməsələr
də, «can nənə
bir nağıl dedi», «o kəpənək barədə şeiri yenə dilə gəlir», «1993-cü ildə
didərgin ifadəsini
tənə ilə işlədənlərə necə
cavab vermişdin…» Könülləri sındırmamaq üçün şeir, nəğmə boğçasının
ağzını açmaq
lazım gəlib.
Tez-tez əsəbləşmə,
incimə oğlan.
Dünya sərsəmlərlə doludur,
inan.
Didərgin — yuvası dağılmış
arı.
Partlar belə
sözdən adamın
bağrı.
Fədakar, üsyankar elin
cürəti,
Dərin düşüncəsi — şimşək
sürəti.
Meteorit kimi uçuşa hazır
Azad edər belə
gözəl cənnəti.
(may, 1993-cü il)
Yaxud,
Qanadlanar
öyünər
Quş öz yuvası ilə
Qəlbdən qəmi silinər
Vətən nəğməsi ilə.
(«Yuva» şeiri, 2009-cu il)
Bəzən mənə elə gəlir ki, dolğun poetik nümunə qapı arxasında dayanıb ona sahib çıxa biləcək çevik, cəsarətli namizədinin
yolunu gözləyir. Həyatın acı-şirinini dadmadan, əzabın, niskilin yaşantılarına bələd
olmadan, ətrafda baş verənləri qəlbinin səsi ilə duymadan bu yoldaşlıq, sirdaşlıq qətiyyən
baş tutmaz. Qayğısız, rahat həyatın
dişli misralarını
görmüşəm desəm,
yanılaram. Məhz bu
baxımdan 75 yaşlı
ağbirçəyimizin yaradıcılığını
iki mərhələyə
bölsəm, daha məntiqi olar. Onun təxminən 35 ili əhatə
edən yaradıcılığı
məhz vurğuladığımız
fikirlər baxımından
iki dövrə bölünür. 1970-ci ildən
«Pioner» («Savalan»), «Göyərçin» jurnallarında,
«Xalq qəzeti», «Azərbaycan müəllimi»,
«Ədəbiyyat və
incəsənət» qəzetlərində:
oxuduqlarımla, son 20 ildə
kitablarından mütaliə
etdiklərim arasında
nə qədər inkişaf fərqi olduğunu xırdalamaq xeyli vaxt aparardı.
Fəqət, şirinlik, rəvanlıq,
oxucunun nəbzini tutmaq Rəfiqə Məmmədovanın hələ
gənclik illərindən
nəsibidir. Əgər 1952-ci ildə 60 illik yubileyinin iştirakçısı
olduğu dahi Bülbülün «qızım,
sənə jurnalistlik
yaraşar» tövsiyəsinə
əməl etsəydi,
müasir mediamız qazanar, uşaq ədəbiyyatımız müəyyən
itkilərsiz ötüşməzdi.
Burada haşiyə
çıxaq ki, Rəfiqə xanımın
indiyə kimi işıq üzü görmüş 14 kitabını
oxumuşam. Xan əmi düz
deyirdi. Onun «Çay qırağında»,
«Fateh», «Qar işığı», «Balaca
ulduzlar», «Qəlbin incə telləri» və sair kimi
uşaq hekayələri
bir-birindən xeyli fərqli vaxtlarda yazılsa da, publisist və jurnalist zəhmətinin vəhdətini nəzərə
çarpdırdığına görə diqqəti çəkirlər.
Həssas qəlbli, sülhsevər Rəfiqə Məmmədova
həyatda zərif canlıların qorunmasını
hamıya təlqin edib. Sevdiyi təbiətin də
belə tamlıq, bütövlük cəhətdən
gözəlliyini ibrətamiz
misallar, şirin misralarla həmsöhbətlərinə
çatdırır. Buna
görə də yaradıcılığından «balalarım sizə deyirəm, böyüklər
də eşitsin» hikməti boylanır.
Çünki o, həyatda itkinin
nə olduğunu körpəliyindən əyani
duyub. Atası Allahverən İkinci
Dünya Müharibəsində
həlak olub. Rəfiqə
Məmmədova işğalın,
qəsbin insanlara, cəmiyyətə gətirdiyi
itkilərin nə olduğunu yaxşı bilir. 1993-cü ilin mayında «Üsyankar elin qüdrəti» şeiri də vulkan kimi səslənib.
20 il sonra
eyni gündə yazdığı «Torpaq dərd meydanı» şeiri bir rekviyem kimi cəsarətə,
intiqama çağırışdır.
Tarixi vərəqlə acı dastandı,
Dağ çayı
kükrədi, bulaq çağladı.
Ceyran gözlü qızlar xınasız qaldı,
Bulaq çağlar susmaz, sevməz süstlüyü…
Odlar yurdunun Od
oğlu bilsin ki,
Ya yanasıdı, ya da yandırası!
(«Torpaq dərd meydanıdı»)
«Könül», «Şahin
balam» romanlarının,
«Şəfəq müğənnisi»
povestinin, onlarca şeir, nəğmə, miniatür və hekayənin müəllifi
olan Rəfiqə Məmmədova iki müharibənin şahididir. Birindən ona
böyüklər danışıblar,
ikincisi isə müşahidələrinin, qorxulu
nağıllarının, vətənpərvər
çağırışlarının, zəfər nəğmələrinin
mövzusudur. İstər Vətən
və cəmiyyət üçün yetirdiyi layiqli övladları olsun, istər hələ dünyanın
bərki-boşu barədə
təzəcə anlayışlara
yiyələnən nəvələri,
istərsə də tanıdıqları — hamı
onu ilk növbədə
nikbinliyinə görə
sevir və dəyərləndirir.
Yazını qələmə alarkən
«sənətkar yaşadığı
ölkədə, eldə-obada
nə dərəcədə
tanınır» sualına
Rəfiqə xanımın
timsalında cavab almaq istədim. Etiraf edim
ki, böyüklər
üçün yazarlara
nisbətdə uşaq
şair və yazıçılarına münasibətdə
daha çox susqunluğun, bəlkə
də qısqanclığın
şahidi oldum. Əslində belə yanaşma
tamlığı sevən
bütövlükdə bədii
ədəbiyyatımızın ziyanınadır. Uşaq təfəkkürünə
hesablanan bir şeir, hekayə, nağıl və sair valideynlərin, böyüklərin ayların,
illərin təbliğatından
daha mütəhərrik
təsir gücünə
malikdir. Pessimizmi bir
kənara ataraq Rəfiqə xanımın
yaradıcılığının təğlil olunduğu onlarca materialı nəzərdən keçirdim.
Əksər kitablarının redaktoru olmuş tanınmış uşaq
şairi Qəşəm
İsabəylinin resenziyalarının
üstündən sükutla
keçdim.
Yadıma 22 iyul Milli Mətbuat Günü ərəfəsində Gülzar nənə (Gülzar İbrahimova) ilə söhbətim düşdü. 30 adda kitabı 100 min tirajla çap olunmuş təvəllüdündən xeyli cavan görünən gənc xanım müasir uşaq ədəbiyyatını səciyyələndirərkən «bizim uşaq yazarlarının əsl nənəsi Rəfiqə xanımdır» dedi. Almaniyadan yaxın tanışımız, Rəfiqə xanımın həmyaşıdı, şair Simax Şeyda Mətbuat Şurasının qonağı idi. Yeni kitabını ərməğan edərkən təəssüf hissi ilə bildirdi ki, sırf uşaq şairlərimizin sıraları seyrəlməkdədir: «Yeni istedadlar arasında da bizi əvəz ədə bilənləri var. İstərdim ki, onlar, xüsusilə qadın yazarlarımız Rəfiqə xanımın yaşının bu çağında olduğu kimi daha məhsuldar, yadda qalan nümunələrə imza atsınlar. Sonadək uşaq ədəbiyyatının daşıyıcısı kimi şərəfli yükünü çəkə bilsinlər».
Azərbaycan Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadənin 14 səhifəlik icmalında müasir dövrün müsbət nümunələri sırasında Rəfiqə Məmmədovanın «Dostluq», «Ardımca gəl», «Güllü kəpənəkli bağ», «Nəciblik duyğusu» kitablarının adları nəfis nümunələr kimi çəkilir.
Əziz oxucu, əgər Rəfiqə xanımın kitablarındakı nümunələri janrlar, mövzular dairəsinə, təbliğ etdiyi ideyalara görə təhlil etsəm, gərək silsilə məqalələr qələmə alam. Şairənin təbinə, dünyagörüşünə, duyumuna, həssaslığına söz ola bilməz, bizim də yazmaq, dəyərləndirmək həvəsimizə. Mən yalnız bunu əlavə etmək istəyirəm ki, o, heç vaxt zirvə, şöhrət həvəsində olmayıb. Övladlarına həm ana, həm də ata olmaq istəyi üstün gəlib, pedaqoji fəaliyyətdən uzaqlaşıb. Həlim, ürəyəyatan səsinə olan ehtiyaca baxmayaraq respublika radiosunun uşaq verilişləri ilə mütəmadi əməkdaşlıq təklifinə mənfi cavab verib. Ona görə də 75 yaşlı ananın, nənənin siması mənə simvolik klassik qadınlarımızın obrazları kimi daim əzizdir. Yeni yubileylərini görək.
Səmimi arzularla,
Rəhim
Hüseynzadə,
Azərbaycan Mətbuat
Şurasının icraçı katibi
Xalq Cəbhəsi.- 2013.- 4
sentyabr.-S.13