«Bizim filmlər Oskar və Kann səviyyəsində deyillər»

 

Eldar Quliyev: «Telekanallar düz edib yeni filmləri göstərmir»

Xalq artisti, rejissor Eldar Quliyevin APA-ya müsahibəsi

- Eldar müəllim, telefonda dediniz, məndən nə istəyirsiniz? Mən də sizin sualınıza sualla cavab verirəm: mətbuatdan niyə uzaq gəzirsiniz?

- Yox, bu, mətbuatdan uzaq gəzmək deyil. Yəni siz mənim sözümü o mənada qəbul etməyin. Sadəcə, istəyirəm söhbət konkret olsun, bilək ki, nə haqda danışacağıq. Başa düşürəm, Azərbaycanda ən yaşlı rejissor mənəm, ona görə Azərbaycan kinosunun bu günü, tarixi haqqında məhz mənimlə söhbətləşmək istəyirsiniz. Amma bizim cavan, orta yaşlı rejissorlarımız da var. Bəlkə kino haqqında onlar danışsa, daha yaxşı olar? Yaşlı adamam, indi sakitlik istəyirəm. Nizami deyir ki, «gələcəkdə kim mənimlə maraqlanacaqsa, qoy əsərlərimi oxusun. Mən hər əsərdəyəm, hər cümlədəyəm». Sözsüz ki, mən Nizami deyiləm (gülür). Demək istəyirəm, mənimlə maraqlanan adam filmlərimə baxsın, vəssalam.

- «Filmlərinizə baxmışam» deməyim, artıq çıxar…

- Mən heç bir filmimdə yalan danışmamışam. Heç bir filmimdə! Hər birində özümdən danışmışam. O filmlərdə mənim fikirlərim, mənim arzularımdır. Ona görə yenə demək istəyirəm — məni tanımaq istəyən adam çəkdiyim filmlərə baxsın.

- Yalan danışmaq deyəndə, nəyi nəzərdə tutursunuz?

- Bəzi adamlar indi sovet dövründən, keçmişdən gileylənirlər ki, o vaxt beləydi-filan. Yaxşı, film xoşuna gəlmirdisə, niyə çəkirdin? Niyə yazırdın? Mən neftçilər haqqında film çəkəndə inanmışam ki, bəli, məhz bizim neftçi qəhrəmanlarımız dünyada ilk dəfə neft çıxarıblar. Amma kimsə deyəndə ki, bunu bolşeviklər ediblər-filan, deyirəm ki, xeyr, bunu bakılılar ediblər. Mən bəyənmədiyim, ruhuma, estetikama uyğun olmayan filmləri qəbul etməmişəm, imza atmamışam. Rejissor bütün ömrü boyu bir film çəkir. Rejissorun filmindəki fikirlər cəmiyyətin düşüncəsi ilə üst-üstə düşməlidir.

- «Dərvişin qeydləri» filminin təqdimatındakı çıxışınızda dediniz ki, film haqqında danışmaq istəmirəm. Məncə, indi danışmaq olar: son işiniz necə qarşılandı, reaksiyalar necədir?

- İndi də danışmaq istəmirəm. «Dərvişin qeydləri»nə siz baxıbsınız və gərək mən yox, siz danışasınız. O filmdə demək istəmişəm ki, niyə biz parçalandıq, niyə bizi parçaladılar? Bizim qarşımızda Qarabağ kimi problemimiz var. Birləşib qələbə çalandan sonra nəyinsə mübahisəsini edə bilərik. İndi çək-çevirlərin, mübahisələrin yeri deyil. «Dərvişin qeydləri»ndə mənim demək istədiyim budur. Bəsdir, qardaş-qardaşla, qohum-qohumla mübarizə aparır, qarşıdurma, narazılıq yaranır. O ki qaldı reaksiyaya, dost-tanışın söhbətlərindən başa düşdüm ki, onlar mənim nə demək istədiyimi başa düşüblər. İstəyirəm, sadə tamaşaçı da filmi görsün, nə demək istədiyimi başa düşsün.

- Film başa çatandan sonra tamaşaçılar arasında olan söhbətdən başa düşdüm ki, kliplərindən tanıdığımız Kənan M.M.-ə baş rollardan birinin həvalə olunması birmənalı qarşılanmayıb…

- Ola bilər. Mən həmişə demişəm, hamının xoşuna qızıl onluq gələr. Sənət əsəri hamının xoşuna gələ bilməz. Tamaşaçı Kənanı kliplərdən tanıyırsa, gərək ömrü boyu kliplərdə çəkilsin? Onun yaxşı siması var, ağıllı oğlandır və hesab edirəm ki, Kənanı seçməkdə səhv etməmişəm. «Nə gözəldir bu dünya» filminin ssenarisini yazanda baş rol üçün Yaşar Nurini nəzərdə tutmuşdum. Mənə yaxınlaşdılar ki, Eldar müəllim, Yaşar daha çox komik rollarda oynayıb, bu rolda çıxış edə bilməyəcək. Amma mən qərarımda qəti oldum və Yaşarı çəkdim. Bu sözü deyən adamlar yaxınlaşdılar ki, biz Yaşarı təzədən kəşf etdik. Mənə elə gəlir ki, Kənan öz rolunun öhdəsindən yaxşı gəldi və qarşısına qoyulan vəzifəni yerinə yetirdi.

- «Dərvişin qeydləri»nin maliyyəsi nə qədər idi və tarixi film çəkməyə imkan verirdimi?

- Bu suala cavab verməyəcəyəm. Qəzetlərdə filmlərə ayrılan pulla bağlı yazılanda əsəbiləşirəm. Başlayırlar yazmağa: filmə bu qədər pul ayrılmışdı, görəsən, o pulun hamısı filmə xərcləndimi? Gəlin, filmdən danışaq. Bəli, tarixi film baha başa gəlir. Neçəyə, onu deməyəcəyəm. Lazım deyil. Bilirsiniz, tamaşaçı filmə baxanda pul haqqında düşünmür.

- Mədəniyyət və Turizm Nazirliyi filmlər üçün ayrılan məbləği açıqlayır və burda gizli heç nə yoxdur…

- Bu, Mədəniyyət Nazirliyinin borcudur. Özləri bilər. Mən istəmirəm.

- Ssenarist İlqar Fəhminin işinə müdaxiləniz çox olub? Yəni demək istəyirəm, rejissor kimi əlavələriniz nədən ibarət olub?

- Gəlin, belə danışaq. Filmdə ssenari müəllifi kimi hər ikimizin adı yazılıb. Bu da o deməkdir ki, biz hər ikimiz ssenari müəllifiyik. Mən deməyəcəyəm ki, ssenarinin çoxunu mən yazmışdım, yoxsa İlqar. Xeyr! Biz birgə işləmişik. Hə, mən İlqar Fəhmini dəvət etdim ki, belə bir ssenari lazımdır, ideya bizim hansı səbəblərə görə parçalanmağımız olmalıdır. İlqar o dövrün tarixini, adət-ənənəsini məndən yaxşı bilir. Ona görə də köməkləşib müştərək ssenari yazdıq.

- Sizin çəkdiyiniz «Babək»in ssenarisini Ənvər Məmmədxanlı, «Bir cənub şəhərində»ni Rüstəm İbrahimbəyov, «Ən vacib müsahibə»ni Maqsud İbrahimbəyov yazıb. Bu gün Azərbaycan kinosunun problemi bəlkə peşəkar ssenarist çatışmazlığıdır?

- Ssenarist problemi həmişə olub. Mən İsa Hüseynov, İsi Məlikzadə, Natiq Rəsulzadə, Ramiz Fətəliyevlə işləmişəm. Hələ o vaxt da ssenarist problemi vardı. Anar, Elçin o vaxt cavan idilər, yazırdılar. Çox heyf, son 20 ildə bu imzalar səviyyəsində ssenarist yetişmədi. Nəinki yetişmədi, heç yaxın gələn də olmadı. 70-ci illərdə «Azərbaycanfilm»in qızıl vaxtları idi. Təsəvvür edin, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Arif Babayev, Rasim Ocaqov, Şamil Mahmudbəyov və s. Küçədə mənə yaxınlaşırlar ki, Eldar müəllim, dünən köhnə Azərbaycan filminə baxdım. Nə gözəl idi, necə yaxşı filmlər çəkilirdi.

- Adını çəkdiyiniz ssenaristlərə «yaxın düşən olmadı» fikrini nəyə əsasən deyirsiniz? Cavanları oxuyursunuzmu?

- Oxuyuram. Amma kimləri oxuyursunuz, desəniz, ad çəkə bilməyəcəyəm. Rus dilində nə çap olunursa, çoxunu oxuyuram. Rejissor kimi maraqlanıram ki, bəlkə maraqlı material, fikir var. Hələlik heç nə yoxdur. Amma mən optimistəm. İstedadlı uşaqlar var, onların işləri maraqlıdır. Uğurlu filmlər də çəkirlər. Mən fəxr edirəm ki, tələbələrim telekanallarda işləyirlər. Bəli, fəxr edirəm. Onlar Azərbaycan kinosunu, televiziyasını çiyinlərində saxlaya biləcəklər. Ümumiyyətlə, kinonun ən böyük problemi kadr çatışmazlığıdır. Və bir vacib məsələ də var: istedad və ürək çatışmazlığı. Boş ürəklə heç nə çəkmək olmaz. Rejissorun gərək ürəyi ağrısın, hər filminə ürəyinin bir hissəsini versin. İndi bizdə dəb düşüb: çəkiliş başa çatmamış, deyir, filmi Kanna, Oskara göndərdim. Göndərməklə nə olur? Sənin filmini tamaşaçı necə qəbul edəcək?

- Oskar və Kanna göndərilən filmlərin aqibəti necə olur?

- Heç nə! (Gülür) Heç nə! Siz bunu yaxşı bilirsiniz axı. İştirak etmək yaxşıdır, əlbəttə. Mən beynəlxalq festivallarda Azərbaycan bayrağını görəndə fəxr edirəm. Amma yenə deyirəm, əsas odur ki, sənin qonşun filmi necə qəbul edir?

- «Heç nə»nin səbəbi nədir?

- O filmlər heç nominasiyaya da düşmürlər. O boyda Rusiyanın bir filmi də bu il nominasiyaya düşmədi. Heç 15 filmin siyahısında da olmadı.

- Deməli, bizim filmlərin keyfiyyəti buna imkan vermir…

- Bəli, əsas filmin keyfiyyət məsələsidir. Bizim filmlər hələlik Oskar və Kann səviyyəsində deyillər.

- «Bizim filmlər hələlik o səviyyədə deyil» fikrindən Eldar Quliyevin də filmlərinə pay düşür?

- Mən də gərək öz yerimi bilim. Məsələn, Kanna göndərə bilərəm, ya yox?! İstəmirəm elə-belə göndərim. Bilsəm ki, hə, düşə bilər, bu başqa məsələ.

- Belə anlaşılır ki, Eldar Quliyev rejissor kimi özünə arxayın deyil?

- Məsələn, mən «Girov» filmini Karlovı-Varı festivalına göndərdim. Daha sonra Qahirədə, Tehranda nümayiş olundu. Heç bir mükafat qazanmadı. Amma Polşa bu filmi aldı, premyerasını keçirdilər. Mənim üçün bu çox vacibdir.

- «Dərvişin qeydləri»ni beynəlxalq festivallara göndərə bilərsiniz?

- Kanna yox! (Gülür) Həm də bilirsiniz, Fransada ermənilər çoxdur də. Onların lobbiləri güclüdür. Hələlik Azərbaycan filmi nə olur-olsun, Kannda yer tutması çox çətindir. Əlbəttə, mən filmlərimi göndərmək istəyirəm, amma baxır, harada bunu qəbul edərlər.

- Yavər Rzayevin «İlahi məxluq» filmindəki erotik səhnə mətbuatda müzakirə olundu. Bəziləri bu səhnələrdən qıcıqlandılar. Belə səhnəni ilk dəfə «Babək» filmində siz çəkmisiniz. O vaxt necə qarşılandı?

- Yavər Rzayevin filminə baxmamışam. Ona görə orda hansı səhnə var, necə çəkilib — bu haqda heç nə deyə bilmərəm. O ki qaldı «Babək» filminə, bəli, bunu ilk dəfə mən çəkdim və çox normal qarşılandı. O səhnə kiçik bir səhnədir. Heç kim bir kəlmə heç nə demədi. Nə kino xadimlərindən, nə tamaşaçılardan. Çox normal qarşılandı.

- Azərbaycanda kino siyasətini Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir. Bu siyasəti necə qiymətləndirirsiniz? Demək istəyirəm, əlavəniz, məsləhətiniz nə ola bilər?

- Prezidentin sərəncamı ilə kinostudiya təmir olunacaq. Fransızlarla hazırda danışıq aparılır. Onda kinostudiya çox müasir olacaq. Mən həmişə demişəm, Amerikada avtomobil istehsal etməmişdən əvvəl yol çəkdilər. Kino üçün də birinci kinoteatr olmalıdır. Çox heyf, bu boyda ölkədə bir dənə kinoteatr var. Mən bunu nazirlikdə də deyirəm. Rayonlarda yeni kinoteatrlar tikilməlidir.

- Son illərdə kinoya ayrılan vəsait artırılıb. Amma tamaşaçı hələ də fikirləşir ki, bizdə yeni filmlər çəkilmir…

- Tamaşaçı yeni filmləri görmür axı. Haradan görsün? Cavanların filmlərindən heç kimin xəbəri yoxdur. Çəkdiyimiz filmlər göstərilmir, hamısı gedir fonda. Deyəcəksiniz, niyə televiziyalar yeni filmləri göstərmir. Bu qanundur ki, film çəkiləndən iki il sonra televiziyalara çıxa bilər. Film gərək öz pulunu çıxarsın. Telekanallar düz edib yeni filmləri göstərmirlər.

- Azərbaycan kinosunun senzura və maliyyə problemi varmı?

- Senzura yoxdur. Mən heç vaxt eşitməmişəm ki, kiminsə filmi ideoloji senzuraya məruz qalsın. Kiminsə ssenarisi zəif olduğuna görə qəbul edilmirsə, o, ideoloji senzura məsələsini bəhanə edə bilər. O ki qaldı maliyyə məsələsinə, maliyyə həmişə az olub. İstərdim aktyorlarımız, rejissorlarımız 100 minlərlə qonorar alsınlar. Yəni pul həmişə az olacaq. 90-cı illərin əvvəlində biz kino çəkməyə qəpik tapmırdıq. Amma indi vəziyyət tamam başqa cürdür. O başqa məsələ ki, kino və teatr aktyorlarının maaşları azdır, dolana bilmirlər. Məsələn, aktyor yazıq indi aldığı maaşla Hamleti necə oynaya bilər? Rejissorun maaşı nazirlikdə çalışan çinovnikin maaşından azdır. Bu belə olmamalıdır.

- Cavan rejissorlar arasında bir fikir formalaşıb ki, müasir həyatla bağlı çəkilən filmlər mütləq xoşbəxt sonluqla bitməlidir…

- Məsələn, «Dolu» filmi xoşbəxt sonluqla bitir? Amerika 30-cu illərdə çəkdiyi bütün filmləri xoşbəxt sonluqla bitirirdi. Ölkədə aclıq idi, insanları ruh düşkünlüyündən qoruyurdular, inamlarını itirməyə qoymurdular. Bu o vaxt idi ki, ölkədə aclıq, yoxsulluq idi. Kino inam yaratmalıdır. Ümumiyyətlə, sənət gərək gələcəyə ümid, sevgi, inam yaratsın. Taqor deyir ki, dünyaya gələn hər uşaq inanır ki, Allah bizdən üzünü çevirməyib.

- Telefonda dediniz, yeni kino ittifaqı haqqında suallara cavab verməyəcəyəm. Səbəb nədir?

- Bütün suallarınıza Şəfiqə Məmmədovadan cavab istəyin. Mən bu haqda danışmayacağam. İngilislər demiş, no comment!

- Kinematoqrafçılar İttifaqı yeni yarananda siz də oranın üzvü oldunuz…

- O ittifaqa mən 2000-ci ildən gedib-gəlmirdim. Ona görə heç nədən xəbərim yoxdur.

 

Xalq Cəbhəsi.- 2013.- 6 sentyabr.- S.10.