«Uyğurlar təmiz
türkəsilli xalqdır»
Uyğur
dövlətinin ərazisi
indiki Qazaxıstandan çox böyük idi
Uyğurlar — əsasən Çin respublikasında yaşayan
türk xalqıdır. Dilləri Altay dilləri ailəsinə aiddir. Çin mənbələrində rastlanan uyğur adının mənası
974-cü ilə aid çincə
bir əsərdə «şahin sürətilə
dolaşan və hücum edən» kimi göstərilib.
Türk tarixçilər bunun doğru olmadığını,
«uyğur» adının
«uy» (əqrəba, müttəfiq) və «gur» ifadələrinin birləşməsindən yarandığını
deyirlər. Tarixdə ortaya
çıxan «on uyğur»
adının «on müttəfiq»
mənasında işlədilməsi
ehtimalına üstünlük
verilir. Bəzi mənbələrdə isə
«uyğur»
kəlməsi «təqib
edən, izləyən»
kimi göstərilir. Uyğurların məskunlaşdıqları ölkələr sırasında
Türkiyə, Özbəkistan,
Türkmənistan, Pakistan, Səudiyyə
Ərəbistanı, Rusiya,
Çin və başqalarının adı
çəkilir. Uyğurların əksəriyyəti isə
Çində yaşayır.
Hazırda dünyadakı
uyğurların əksəriyyətinin
Çində, qalanının
isə Özbəkistan
və Qırğızıstanda,
qismən Tacikistan, Əfqanıstan, Pakistan, Səudiyyə
Ərəbistanı, Rusiya,
Türkiyə, Türkmənistan,
Misir və Monqolustanda, az saylı diasporlar şəklində isə Avstraliyada, Yaponiyada, Kanadada, ABŞ-da, Albaniyada, Almaniyada, Norveçdə, İsveçdə,
Niderlandda, Avstriyada, Belçikada, Danimarkada, Finlandiyada, Böyük Britaniya Krallığında,
Fransa və İsveçrədə yaşadığı
bildirilir.
Araşdırmaçı Mustafa Vüqar Öməroğlu
bildirir ki, uyğurlar hunların birbaşa təmiz kökdən gəlmə törəmələri sayılırlar. Uyğurlar başqa
xalqlarla heç bir qatqısı olmayan təmiz türk əsilli, türkgenli xalqdır.
Bu gün türk
xalqları haqqında
yazanda, araşdırma
aparanda əsasən Çin mənbələrinə
müraciət edirik.
İlk dəfə «uyğur» etnonimi Çin mənbələrində
bizim eradan 200 əvvəl çəkilir,
adı yazılı mənbələrdən keçir:
«O dövrdən başlayaraq
uyğurlar və uyğur qəbilələri
əsasən Şərqi
Türküstanda və
monqol səhralarında
yerləşirdi. Bu, olduqca geniş bir çevrədir. Çağdaş Şərqi Türküstan
Qazaxıstanla, Qırğızıstanla,
Monqolustanla, Tibet, Hindistan,
Pakistanla sərhəddir.
Bütövlükdə Türküstanın özü isə həddindən böyük
bir arealdır. Uyğurlar
Hun imperiyasının varlığında
dəyərli bir rol oynayıblar. Bizim eradan əvvəl 220-ci ildən başlayaraq bizim eranın 386-cı ilinə kimi davan edən, bu gün də
qürur yaradan işlərin yiyəsi olublar. Uyğurların tabğaclarla 386-554-cü illərdə böyük
bir imperiyaları olub. Sonrakı dönəmdə (552-744-cü illərdə) uyğurların
Göytürk imperiyasının
yaranmasında mühüm
xidmətləri olub».
Uyğurlar hunlarla, göytürklərlə
və şato
türklərilə bir
yerdə bölgənin
Çin ekspansiyasına
qarşı (670, 688, 693-cü illərdə) mübarizə
aparıblar: «Uyğurların
dövləti Kutluq Bilgə Kağanın başçılığı altında 744-cü ildə
Qarabaltadun şəhəri
mərkəz olmaqla Orxon çayının kənarında yerləşirdi.
751-ci ildə ərəblər,
tibetlilər və uyğurlar Talac çayı kənarında
Çin ordusunu darmadağın elədilər. Bu məğlubiyyətdən
sonra Çin parçalandı. Bu zaman
uyğurlardan Tan imperiyası
kömək istədi.
«Tan» — «Dan» sözündəndir. Bunlar çinliləşmiş türkəsillilər
idilər. O dövrdə
uyğurlar o dərəcədə
güclü idilər
ki, Tan imperiyası onlara bac-xərac verirdi. 805-ci ildə
Uyğur imperiyası dağılmağa başladı».
840-cı ildə qırğızlar hücum edirlər, Kağanı öldürürlər, imperiyanı dağıdırlar. Burada bəlalı cəhət orasındadır ki, türk türklə döyüşür: «Bilgə Kağan vaxtilə demişdi ki, qonşularınızın şirin dillərinə aldanmayın. Onların şirin dilləri ipək kimi yumşaq, canayatıcıdır. Başqa millətlər türkləri zəiflətmək üçün aramızda qırğın salacaqlar, çox ehtiyatlı olmalıyıq». Birinci Uyğur imperiyasının parçalanmasından sonra parçalanmış uyğurların bir qismi Sarıçayın sahilində (indi Çin dilində bunun adı Poonkedir) məskunlaşmağa başladılar. İndi vaxtilə orada məskunlaşmış uyğurlar bu gün «sarı uyğurlar» və ya «yuqurlar» adlanırlar. Qalan uyğurlar Tyan-Şan dağlarının güney tərəfinə — bugünkü Şərqi Türküstana köç etdilər. Sarı uyğurlar Sarı çayın sahilində dövlət qurdular, həmin dövlət 1228-ci ildə yıxıldı, sonradan Monqol imperiyasının tərkibinə qatıldı. 846-cı ildə Tyan-Şanın şimalındakı uyğurlar mərkəzi Türfan şəhəri olmaqla Qaraxoca adlı bir dövlət qurdular. 840-cı ildə cənub tərəfdə olan uyğurlar Mərkəzi Kaşğar olmaqla Qaraxanilər dövlətini qurdular. Qaraxanilər dövlətində karluqlar, türkeşlər, uyğurlar və başqaları yaşayırdılar. 930-cu ildə Qaraxanilər dövləti rəsmi şəkildə islamı qəbul etdi. Ancaq Qaraxoca dövləti buddist olaraq qalırdı. 1397-ci idə Qaraxoca və Qaraxanilər dövlətləri birləşdilər. Bu dövlət 1759-cu ilə qədər müstəqilliyini qoruyub saxlaya bildi. Bu dövrdə isə ölkəyə hər tərəfdən mancur hücumları başladı. Mancurlar bölgəni 1862-ci ilə kimi əldə saxladılar, idarə etdilər. 1759-cu ildən 1862-ci ilə kimi uyğurlar 42 dəfə ölüm-dirim mübarizəsinə qalxdılar, üsyan qaldırdılar. Məqsəd azadlığa, müstəqilliyə yetmək idi. 1863-cü ildə uyğurlar nəhayət, mancurları ölkədən qova bildilər. Rusiya, Osmanlı, Böyük Britaniya imperiyaları Uyğur dövlətini rəsmi surətdə tanıdılar. İngilislər uyğurların Rusiya ilə qonşu olduğunu nəzərə alaraq düşündülər ki, uyğurlar Rusiyanın təsiri altına düşəcəklər. Bu səbəbdən də ingilislər mancurları silahlandırdılar, həm də böyük maliyyə dəstəyi göstərdilər, onları yenidən Şərqi Türküstana geri qayıtmağa sövq etdilər. 1876-cı ildə Uyğur dövlətinə qarşı Çin-Mancur qoşunları birgə hücuma keçdilər, işğal etdilər, ölkənin adı Şərqi Türküstan deyil, «Şincan» (indiki Sintzyan) adlandırıldı. Çində «Şincan» — «yeni ərazi, sərhəd» anlamındadır».
Araşdırmaçı daha sonra deyir ki, o dövrdə işğal edilən Uyğur dövlətinin ərazisi indiki Qazaxıstandan çox böyük idi: «Artıq bu dönəmdən uyğurlar Çinin tabeliyinə keçdi. 1911-ci ildə Çin millətçiləri mancurları devirdilər, ölkəni respublika elan etdilər. Ancaq uyğurların onillərdən bəri azadlıqlarına qovuşmaq istəkləri yenidən gerçəkləşmədi». Uyğur xalqı dövlətçiliyini quran, dəfələrlə xəlqi qüdrətini təsdiq edən xalq kimi varlığına yiyə durmaq istəyirdi: «Onlar yenə də Çin hakimiyyətinə qarşı ciddi hərəkata başladılar. İki dəfə Şərqi Türküstan Respublikası (1933-cü ildə Birinci Şərqi Türküstan dövlətini, 1943-cü ildə isə İkinci Şərqi Türküstan dövlətini) qurdular. Hər iki hərəkatın yatırılmasında SSRİ-nin fəallığı oldu. Hər iki hərəkat amansızlıqla yatırıldı. 1949-cu ildən bu yana Çin Xalq Respublikasının idarəçiliyi altında olan Şərqi Türküstan 1,828 milyon kvadrat kilometrlik bir ərazidir».
Doğu Türküstandakı türksoyluların say tərkibi barədə danışan M.V.Öməroğlu deyir: «Ötən yüzilin 40-cı illərinin ikinci yarısından bu yana Doğu Türküstanda 30 milyondan çox türkəsilli soylarımız (çox az sayda tatarlar, qazaxlar, qırğızlar, özbəklər və çoxsaylı uyğurlar) yaşayır. Uyğur ailəsində aşağısı 4-5 uşaq olur. Bu gün Avropada və Orta Asiyada yaşayan uyğur ailələrində 4-dən aşağı uşaq olmur. Çin ötən yüzilin 50-ci illərindən başlayaraq iç bölgələrindən Şərqi Türküstana çinliləri göndərməyə başladı ki, oralarda milli azlıqların sayını azaltsınlar. Şərqi Türküstan bölgədə torpağının varına görə ən üstün bir yerdir. Bura təbii ehtiyatlarıyla, xammalıyla (kömür, neft ehtiyatları, qaz, qızıl, xrom, qalay, nikel, çox nadir metallar, kimyəvi duzlar və s.) çox zəngindir».
Uyğurların da əlifba məsələsində başları bizim kimi daşdan-daşa dəyib: «Əvvəlcə ərəb əlifbasında yazırdılar, sonra kiril əlifbasını qəbul etdilər, latına keçdilər, indi təzədən ərəb əlifbasının hərfləri əsasında uyğur dil intonasiyasına uyğun olaraq əlifba yaratdılar. Həmçinin uyğurların məktəbləri, universitetləri var. Uyğurların xüsusən dəqiq elmlər, informasiya texnologiyaları, təbabət, ədəbiyyat, tarix sahəsində ciddi imzalı alimləri var.
Avropa ölkələrində hərəkatları, Orta Asiya ölkələrində təşkilatları, Uyğur teatrı, mədəniyyət evləri, dərnəkləri fəaliyyət göstərir. Qazaxıstanda Sadvakasov adına Şərqşünaslıq İnstitutu var, əvvəllər bura Uyğurşünaslıq İnstitutu adlanırdı. Hazırda orda «Uyğurşünaslıq» bölümü, Yazıçılar İttifaqının nəzdində Uyğur bölməsi var. Uyğurlar həddən artıq çalışqan xalqdırlar».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 6 sentyabr.- S.14.