Şəbi hicran yanar canım…
Əhməd
Ağdamski 12 il səhnəyə qadın qiyafəsində
çıxıb…
Maşın
Dövlət Musiqili Komediya Teatrının binasına
yaxınlaşanda tanışım ukraynalı qonaqlara şərqin
ilk operası haqqında danışmağa başladı.
Şəhərin qaranlığında
işıqlandırılan bina bütün əzəməti
ilə qarşımızda durmuşdu. 105 il öncə bu
binanın səhnəsində qoyulan Şərqin qədim əfsanəsi
Leyli və Məcnun və onun aktyorları haqda hekayələr
qonaqların təəccübünə səbəb oldu.
Xüsusilə Leyli rolunun ifaçısı
ukraynalıları xüsusilə maraqlandırdı… Həzərə
alsaq ki, 1908-ci ilin müsəlman aləmində Leylini oynamaq hər
aktyorun hünəri deyildi…
Təbii
ki, qadın aktyorların olmadığı bir dövrdə
Leylini oynayacaq aktyorun tapılması çox çətin
idi. Aktyor axtararkən Üzeyir bəyin yadına çayxanada
gördüyü və ifasını bəyəndiyi
çayçı şagirdi düşür. Hüseynqulu
Sarabski «Köhnə Bakı» kitabında yazırdı:
«Çox yalvar-yaxardan sonra Əbdürrəhman Fərəcovu
Leyli rolunu oynamağa razı sala bildik».
Amma əsas
razı salmaq deyildi. Tamaşanın ilk suflyoru Əlabbas Rzayev
26 aprel 1958-ci il «Ədəbiyyat və İncəsənət»
qəzetində yazır: «Artistlər öz otaqlarında geyinən
zaman Leylinin otağından bir qışqırıq qopdu. Biz
elə bildik ki, dalaşmadır. Məlum oldu ki, Fərəcov
ayağına arvad tumanı geymək istəmir. O, elə
bilirmiş ki, şəbehlərdə olduğu kimi, onun əyninə
bir əba geydirib, başına çalma bağlayıb səhnəyə
çıxardacaqlar. Öyüd və nəsihətdən
sonra onu Leyli libası geyinməyə razı saldıq.
Çox keçmədən qrim otaqlarından yenə bir
qışqırıq qopdu. Məlum oldu ki, Fərəcov
özünün yekə bığlarının üstünə
tənzif yapışdırmaq istəmir. Çox xahişdən
sonra onu birtəhər razı salıb tamaşanı
başladıq».
Ceyhun
Hacıbəyli ilk opera tamaşasını belə
xatırlayır: «Ayın tarixi də yadımdan
çıxıb, hansı mövsüm olması da. Amma
1908-ci il olduğu xatirimdədir. Üzeyir dirijor
çubuğunu qaldırdı və maraqdan gərilərək
Tağıyev teatrını ağzınacan dolduran
seyrçilərin intizarla gözlədiyi tamaşa
başlandı. Adətən, teatrda səs-küyündən
qulaq tutulan seyrçilər bütün tamaşa boyu sanki nəfəs
çəkmədilər, hətta əl çalmağa
cürətləri çatmadı. Ara-sıra həddən
artıq sentimental seyrçilərin göz yaşları, bir
də Leylinin atası qızını Məcnuna verməkdən
boyun qaçıran zaman həyəcan dalğalanmaları hiss
olundu. Amma tamaşa bitəndə alqış tufanı qopdu və
həmin vaxtacan özünü saxlayan seyrçilər bu
görünməyən tamaşadan aldıqları ləzzəti
və razılığı dilə gətirdilər.
İlk Azərbaycan
operasının son dərəcə həvəskar
quruluşda təqdimatı böylə başladı və
böylə bitdi».
Tamaşanın
uğurla alınsa da qadın kimi geyinmək Əbdürrəhman
Fərəcovun ürəyincə olmadığından ikinci
dəfə səhnəyə çıxmaqdan imtina edir. Təkid
edənlərə isə «mən bir də qələt edərəm
oynayaram» cavabını verir. Bu səbəbdən
tamaşanın ikinci dəfə səhnələşdirmək
xeyli təxirə salınır.
Bu ərəfələrdə
Üzeyir bəyin yadına düşür ki, «Realni» məktəbdə
oxuyan xalası oğlu Əhməd Bədəlbəyovun
çox məlahətli səsi var və onları vəziyyətdən
çıxara bilər. Üzeyir bəy ləngimədən Əhməd
Ağdamski ilə məsləhətləşir, cidd-cəhdlə
onu inandırır və razılığını alır.
Beləliklə də, səhnəyə nəinki Leyli, həm
də başqa qadın rollarının əvəzolunmaz
ifaçısı Əhməd Ağdamski çıxır.
Azərbaycan
teat tarixinin fəxr ediləcək səhifələrini yazan Əhməd
bəy (Ağdamski) Bədəlbəyov 1884-cü ildə
Ağdamda dünyaya göz açıb. Əhməd bəy
musiqi təhsili görməsə də tez-tez musiqi məclislərində
iştirak etmişdi və muğamı gözəl bilirdi.
Aktyor 1922-ci ilə kimi Üzeyir bəyin yazdığı
bütün opera və operettalarda qadın rollarını
böyük məharətlə yaradır. «Ər və
arvad»da Minnət xanım, «Şeyx Sənan»da Xumar, «O
olmasın, bu olsun»da Gülnaz xanım, «Rüstəm və
Söhrab»da Təhminə, «Əsli və Kərəm»də Əsli,
«Arşın mal alan»da Gülçöhrə, «Leyla və
Harun»da Leyla və s. rolları yaradır. 1916-cı ildə
Soltan Hacıbəyov «Aşıq Qərib» operasını
yazır. Əhməd Ağdamski burada da rolunun öhdəsindən
məharətlə gəlir.
Əhməd
bəy Ağdamski bu musiqi partiyalarının ilk
ifaçısıydı və birinci ifaçı kimi də
onun mənəvi yükü ağır, məsuliyyət hissi
böyük idi. Xaraktercə bir-birindən kəskin fərqlənən
bu obrazları səhnədə ustalıqla canlandırmaqdan
ötrü o nə qədər
çalışmalıydı. Elə oxumalıydı ki,
sabah Leylinin, Əslinin, Gülçöhrənin,
Gülnazın… bir-birindən təsirli ariyaları dildən-dilə
düşsün. Əhməd Ağdamski rolunu və
ifasını ustalıqla oynaya bilirdi.
«Kaspi» qəzeti
1915-ci il 116-cı sayında yazırdı: «Bu gecə Leyli
rolunda çıxan Ağdamski öz istedadının ən
yüksək mərhələsində idi. Artistin səsi əla
idi. Tamaşaçılar onu arası kəsilmədən
alqışlayırdılar». Habelə qəzetin 1916-cı il
22 dekabr tarixli sayında belə yazılırdı: «Leyli
rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan
Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil
idi».
Təəssüf
ki, Əhməd bəyin səsindən bizə xatirə
qalmayıb. Deyilənlərə görə, keçən əsrin
əvvəllərində səsini vala yazdırıb, elə
həmin vaxtlar da erməni-müsəlman davası
düşüb. Valın çap olunub-olunmamasından Əhməd
bəyin xəbəri olmayıb. Sonralar isə Əhməd bəy
səsini yazdırmağa təşəbbüs göstərməyib.
Xatirələrdən bəlli olur ki, Əhməd bəyin
geniş diapazonlu tenor səsi olub. Elə təkcə onun
oxuduğu musiqi parçalarına diqqət yetirsək, o səsin
gücü aşkar olar: «Kürdü-Şahnaz», «Rast»,
«Bayatı-Şiraz», «Şur», «Bayatı-Kürd»… kimi mürəkkəb
muğamlar, Gülçöhrənin, Şahsənəmin
ariyaları… Bütün bunlar ifaçıdan nə qədər
güclü səs tələb edir. Əhməd bəy
Ağdamski muğamı dərindən bilir və ustalıqla
ifa edirdi. Üzeyir bəy Hacıbəyov erməni operetta
truppasının oynadığı «Arşın mal alan»
tamaşasına baxıb, Gülçöhrənin aktrisa tərəfindən
oynanılmasından təsirlənərək
yazmışdı: «Gülçöhrəni oynayan xanım,
doğrudur, bizim Ağdamski kimi «Şahnaz» oxumadı, lakin bir o
var ki, arvad idi…»
Əhməd
Ağdamski qadın rollarını elə məharətlə
ifa edirdi ki, tamaşadan sonra qadın kimi ona çiçək
göndərənlər də az olmurdu. Onun
oynadığı qadın rollarının hamısı
xarakter etibarilə bir-birindən fərqlənirdi. Bu
obrazların hər birini tamam ayrı səpkidə
oynayırdı. Tək oyun tərzi yox, hətta səsi də
dəyişilirdi. Şahidlər danışır ki, bir dəfə
teatr truppası Türkmənistana qastrola gedir. Aşqabadda səhnəyə
qoyulan «Ər və arvad» tamaşası zamanı aktyorlar zalda
səs-küy və həyəcan hiss edirlər.
Maraqlanırlar ki, «nə olub?». Onlara deyirlər ki, «burada bir dəstə
dəliqanlı türkmən gənci var, sizin xanımı
istəyirlər. Siz Xəzərin o tayında
özünüzə başqa xanım taparsınız. Bunu
bizə verin». Aktyorlar and-aman edirlər ki, biz hamımız
kişiyik, elə o rolu oynayan da… Heç kim inanmır. Həmin
xanımın həqiqətən kişi olduğuna inanmaq
üçün türkmənlərin nümayəndəsi
aktyorların geyim otağına gəlir. Sonradan aktyor
dostları Əhməd Ağdamski ilə zarafat edirlər ki, «əşşi
belə oynamaq olar? Xataya salmışdın bizi».
Əhməd
Ağdamski düz 12 il səhnəyə qadın qiyafəsində,
qadın geyimində çıxdı. Nəhayət,
qadınların səhnəyə yavaş-yavaş ayaq
açması Əhməd bəyi sevindirirdi. Deyilənə
görə, 1919-cu ildə Əhməd bəyin benefisinə «Əsli
və Kərəm» operası oynanır və o, ilk dəfə
Kərəm rolunda səhnəyə çıxır. Nə
böyük hadisə! İllərlə gözlənən
gün! Bir anlığa bu fədakar insanın, istedadlı
aktyorun o gecə Kərəm rolunda keçirtdiyi hissləri təsəvvür
edin…
Əhməd
bəy Ağdamski 20-ci illərin əvvəllərində
doğma Qarabağa qayıdır. Ağdamda yaşamağa
başlayır. Çox keçmir ki, burada teatr truppası
(1923) yaradır, bir çox tamaşaların rejissoru olur,
musiqili əsərlərlə yanaşı dram əsərlərində
də bir müğənni-aktyor kimi çıxış
edir. Sonra o, mehrini daha çox tara salır.
Əhməd
Ağdamski 1934-cü ildən Ağdaşa köçüb,
orada uzun illər musiqi məktəbində tar müəllimi
işləyib və ömrünün sonunadək, yəni
1954-cü il aprel ayının 1-nə kimi Əhməd
Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur.
Rayonun usiqi məktəbində tardan dərs verən sənətkar
Ağdaşın el məclislərində də yaxından
iştirak edib. Qeyd edək ki, Əhməd Ağdamski
Ağdaşda kaman ustası Habil Əliyevin ata evində kirayənişin
qalır. Uşaqlıq çağlarından Habil Əliyev
onu «Əhməd əmi» deyə çağırmış,
xatirələrində Əhməd Ağdamskini «Əhməd əmi»
deyə qeyd edir. Habil Əliyev sənətə gəlişini
belə xatırlayır:
«Mənim
7 yaşım var idi. Yaxşı yadıma gəlir ki, rayonun
musiqiçiləri tez-tez onlara gələrdilər və
çalıb-oxuyardılar. Muğamlarda bilmədikləri
şeyləri Əhməd əmidən soruşardılar. Əslində
mənim də musiqiyə həvəsim elə həmən
günlərdən başladı. Nəhayət, mən də
Ağdaş musiqi məktəbinin kamança sinfinə daxil
oldum. Məktəbi bitirən kimi Əhməd əminin mənə
sözü bu oldu: — «Hə, bura qədər biz öyrətdik,
qalanını özün öyrənməlisən.» Mən o
vaxt təəccüb etdim ki, görəsən öyrənmədiyim
nə qalıb? Amma indi başa düşürəm ki, hələ
də öyrənib qurtara bilməmişəm. Mənim sənət
aləminə gəlməyimdə iki xeyirxahım olub. Onlardan
biri Əhməd Ağdamski, o birisi isə anamdır. Əhməd
Ağdamski mənə sənətin nə olduğunu
anlatdı, anam isə məndə sənətə məhəbbət
yaratdı».
Habil Əliyev
kamança sinfini bitirdikdən sonra Ə.Ağdamski onu bir
müşayiətçi kimi hazırlamaq məqsədilə
el şənliklərinə özü ilə aparırdı.
Toy şənliklərinin birində baş vermiş hadisəni
Habil müəllim belə qeyd edir: «Demək olar ki, artıq
Ağdaş rayonunda bir kamança çalan kimi
tanınmışdım. Əhməd əmi və xanəndə
Veyis ilə el şənliklərinə də gedərdik.
Bütün ağdaşlılar onu çox sevərdilər. Əhməd
əmi xoşxasiyyət olmaqla bərabər, zarafatı da
çox sevərdi. Həm də yeri gələndə
çox ciddi adam olurdu. Biz hərdən toy sahibinin xahişi ilə
Bakıdan bir qız müğənnisini də dəstəmizə
qoşardıq. Günlərin birində Əhməd müəllim
mənə bir məktub verib, dedi ki, — «Habil, təcili get
Bakıya, muzkomediyanın müdiri Şəmsi Bədəlbəylini
tap, bu məktubu ver ona.» Mən onun dediyi kimi etdim. Axşam
Şəmsi müəllim müğənni Xanbacını mənimlə
Ağdaşa göndərdi. Toy başladı, məclisin
şirin vaxtı idi ki, şəhər naçalniki kefli vəziyyətdə
bizə yaxınlaşıb, barmağı ilə
Xanbacını çağırdı ki, «bura gəl». Əhməd
əmi bunu görən kimi çalmağı saxlayıb, mədəni
surətdə:
-
«Naçalnik, nə istəyirsən?»
Naçalnik:
«Heç onunla bir sözüm var idi.»
Əhməd
əmi təmkinlə dedi:
-
«Sözünü o vaxta qədər saxla ki, mən onu
Bakıya göndərim, sonra gedib orada tapa bilsən
sözünü deyərsən».
Naçalnik
Ağakərim: — «Baş üstə Əhməd əmi» — deyərək
gedib öz yerində əyləşdi.
Əhməd
Ağdamskinin sadə ömür yaşamadı. Məhrumiyyət,
həyəcan, həsrət, intizar dolu ömrü Azərbaycan
teatr tarixinin fəxr ediləcək səhifələrini
yazdı. Savadsız, avam və mövhumatçı müsəlman
aləminin dərdini, problemini içində
daşıdı, öz rolları ilə bir güzgüyə
çevrilərək bunu əks etdirməyə
çalışdı. Əhməd Ağdamski təhsilin, mədəniyyətin
önəmini və vacibliyini ömrü boyu bu millətə
təbliğ etdi. Düzü elə indi də ona ehtiyac var…
Ülviyyə Tahirqızı
Xalq Cəbhəsi.- 2013.- 6 sentyabr.-
S.13.