Çağdaş Güney Azərbaycan ədəbiyyatı

 

Yeni bir dalğa, güclü gənc yazarlar nəsli yetişməkdədir

(Əvvəli ötən saylarımızda)

XI yazı

Onların əksər əsərlərində azad, xoşbəxt gələcəyə inam duyğuları şahə qalxır və bir nüans daim izlənir — milli ruha, soykökə bağlılıq, həm də ənənəviliklə modernist düşüncənin qovuşuğu… Huşəng Cəfərinin ustad Şəhriyarın «Səhəndiyyə» poeması üslubunda son illərdə yazdığı «Savalan» şeirini milli ruhun təntənəsi, ənənəvi yurda məhəbbət, Vətənə sevgi mövzusunun öxünəməxsus tərzdə təqdimatı saymaq olar. Üsyankar şair bu əsərdə elini, dilini, türklüyünü dananlara sərt və açıq cavab verir, tarixi həqiqətləri sillə kimi üzünə vurur, Azərbaycan Türkünün milli kimlik kartı bir daha açılır, tarixi şəxsiyyətlərimizə, xalq qəhrəmanlarımıza, korifey sənətkarlarımıza — ədəbi simalarımıza ehtiram duyğusu yansıdılır…

Yazmışam Eyvaza gəlsin,

Güc alax qoy dəlilərdən.

Bac alaq əcnəbilərdən

O ki bilmir Nəbi kimdir,

Qoyun Azər elini məsqərə sansın,

Bir ömürdür ki Fuzulini, Nəsimini danır, indi də dansın,

Şəhriyar, sən ucalt başıvı, qoy ərşə dayansın.

Qoy baxar kor tər içində cumuban ölsün utansın,

O ki axsaxdı yubansın,

O ki türkün dilin əsgitməyə təsvirə salıbdır,

O ki türkün balasın indi də işğalçı sanıbdır.

O tüfalə bilirəm fikrini tabutdan alıbdı,

O rejimdəndi qalıbdır.

Yoxsa türkün balasından çıxıb əllameyi dövran

Ona dünya baş əyir fəlsəfədə

Bircə nə İran?

Qoy deyim Şəhryarımdan

Nisgil o çərçiyə qalsın ki cəvahir nədi qanmır,

Fikri aldatmadadır, xalqı elin halinə yanmır,

Ərimir, ölmür, utanmır…

Bir cəhət sevindiricidir ki, bu qədər dərdin, ağrı-acının, ictimai-siyasi məsələlərin, milli problemlərin həll olunması, mövcud sıxıntılardan qurtulmaq üçün çözüm yolu bulunması uğrunda qətiyyətlə mübarizə aparan Güneyli şairlər körpələri, uşaqları da unutmur, onların sağlam ruhda böyüyüb formalaşması üçün də şeirlər yazır, bədii zövqlərinin qayğısına qalırlar. Onlardan birinin — Məlihə xanımın uşaqlar üçün qələmə aldığı şeirlərindən nümunə gətirməklə söylədiklərimizə söykək veririk:

Gəlin bir şəkil çəkək

şəkildə çiçək çəkək

çiçək üstə kəpənək

qanadını çil çəkək

sonra gözəl rəngləyək

öyrətmənə pay verək

Üzücü olansa odur ki, gözlərində həyat eşqi, yaşam sevinci parlayan körpələrə ünvanlanan şeirlərdə də onların haqsız, günahsız qurşunlanması, terrora məruz qoyulmalarından, hələ də aclıq çəkən, səfalətdə yaşayan uşaqların acınacaqlı vəziyyətindən doğan bir kədər, nigarançılıq notları görünür, onların heç olmazsa, aclıqdan qurtulması arzusu misralar arasından boy verir:

Qarışqaya dən qədər

Sərçəyə böcək qədər

Çörək çataydı keşkə

Ac ölən uşaqlara…

Son illərdə Güney Azərbaycanda və xarici ölkələrdə yaşayaraq yazıb-yaradan yazarların bir-birindən fərqli nəsr əsərləri də diqqət çəkməkdədir. Araya-ərsəyə gətirilən nəsr əsərlərində də poeziyada olduğu kimi əsas mövzular üsyan və vətən sevgisi, özgürlük, sürgünlük, ayrılıq, sevgi, həsrət, milli kimlik, əsarətə qarşı üsyan və etiraz duyğularıdır.

Mirzə Əbtürrəhman Talıbov, Fəthi Xoşginabi, Səməd Behrəngi, Qulamhüseyn Saedi (Gövhər Murad), Əliza Nabdil (Oxtay), Mərziyə Üskiyi (Dalğa) kimi böyük nasirlərin yolunu bu

gün Rəsul Yunan, Ruqiyyə Kəbiri, Aqşin Ağkəmərli və b. davam etdirirlər. Ümumiyyətlə, Şərqdə ta qədimlərdən günümüzədək poeziya daha çox inkişaf edərək möhtəşəm zirvələr

fəth edib, nəsr isə bir qədər kölgədə qalıb. XIX əsrin II yarısından başlayaraq Güney Azərbaycanda, eləcə də İranda kiçik həcmli əsərlərlə yanaşı böyük həcmli, monumental

romanlar da araya-ərsəyə gəlib. Ancaq M.F.Axundovun povestləri, Əbdürrəhim bəy Talıbzadənin fars dilində tərcümə edilmiş «Kitabi-Əhməd», «Məsalün-əl-Möhsünin» adlı əsərləri

yayılaraq Azərbaycanın, eləcə də İranın müasir realist

nəsrinin ilk nümunələri kimi qəbul edilib. Ancaq yeni

Azərbaycan realist nəsrinin ilk uğurlu nümunəsi-örnəyi İ.Qutqaşınlının Varşavada fransız dilində dərc olunmuş «Rəşid bəy və Səadət xanım» hekayəsidir.

Təbii ki, ədəbiyyatda yeni janrlar adətən kiçik, yığcam əsərlərlə təşəkkül tapır. Zeynalabdin Marağayinin «İbrahimbəyin səyahətnaməsi» əsəri, ümumiyyətlə, İranda yaranmış ilk sosial romandır. Bircə faktı qeyd etmək yerinə düşər ki, Güneyin şair və yazıçıları uzun illər fars dilində yazıb-yaratmaq məcburiyyətində qalsalar da, onların farsca yazdığı əsərlərində belə başdan-başa Azərbaycan ab-havası duyulur, türk təfəkkürü görünür.

M.Ə.Talıbovun əsərlərinin isə İran və Güney oxucuları üçün əhəmiyyəti fərqli səpkidədir. Bu əsərlərdə yazıçı elmi-texniki yenilikləri, qloballaşan dünyadakı mütərəqqi dəyişiklikləri bədii dilin imkanları ilə oxucularına çatdırır və bədii məqsədinə çatmaq üçün müxtəlif

yollar seçirdi. Bu mənada «Əhmədin kitabı» əsəri maraq doğurur. Əsərdə yazıçı ata ilə oğulun dialoqu vasitəsilə sanki atanın məsləhətləri, tövsiyələri timsalında elmin yeniliklərini diqqətə çatdırır. «Kitab yüklü eşşək» povestində isə daha orijinal yol seçən M.Ə.Talıbov insan, həyat, təbiət, insani münasibətlər haqqında fəlsəfi düşüncələrini, nəsihət, öyüd və əxlaqi fəzilətlər, adət və ənənələrlə bağlı fikirlərini verir. Yazıçı «sadə

adamların zövqünə yaxın, uşaq hekayələrinə daha uyğun şəkildə yazılmış əsərlərin» daha çox oxunduğunu, geniş yayıldığını düşünərək bu yolu seçib və nəticədə bu əsər daha çox sevilib. Həm Z.Marağayi, həm də M.Ə.Talıbov təkcə Güney Azərbaycanda deyil, bütün İranda realistik roman janrının baniləri sayılırlar. Tamamilə realist üslubda yazan H.F.Xoşginabi, Q.Qəhrəmanzadə ilə yanaşı, lirik-romantik üslubda yazan Ruqiyyə Səfərinin, Aqşin Ağkəmərlinin və b. təfəkkür məhsulları ilə yanaşı faciəli tale yaşamış, həyatdan nakam getmiş və hər birimizin istedadlı şair kimi tanıdığımız Mərziyə Üskuyinin «İlk ölümün acıları»

hekayəsi də zaman-zaman oxucuların qəlbində kövrək duyğular oyadıb.

XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, orijinal dəst-xəttə malik görkəmli uşaq yazıçısı Səməd Behrənginin «Qar dənəcikləri» hekayəsi

sanki lirik əhvali-ruhiyyədə yazılmış şeir təsiri bağışlayır. Təkcə o taylı-bu taylı Azərbaycanda deyil, xarici ölkələrin ədəbiyyatşünasları tərəfindən də yüksək qiymətləndirilən, müsabiqələrdə birincilik ödülü qazanmış «Balaca qara balıq» povestinin oxucuları isə

getdikcə daha da artacaq.

Qeyd edək ki, Güney yazarlarının qələmə aldığı əsərlərin ucdantutma hamısının yüksək bədii tələblərə cavab verdiyini deyə bilmərik. Lakin Güney Azərbaycan, bütövlükdə Azərbaycan xalqının tarixən çətin, qanlı-qadalı, keşməkeşli həyat yaşamasına rəğmən, Güney yazarları son dərəcə humanist, həyata sıx surətdə bağlı, gələcəyə böyük ümidlərlə baxan optimist düşüncəyə malik nikbin insanlardır. Bu daxili aləmə malik qələm sahiblərini yaratdığı nəsr də böyük bir inkişaf yolu keçib. Və bu əsərin yaradılmasında müxtəlif ədəbi məktəblərin təmsilçiləri, müxtəlif estetik siyasi nəzəriyyələrin daşıyıcıları olan, müxtəlif janrlarda yazıb-yaradan yazarlar fəal iştirak edirlər. Beləliklə də Güney Azərbaycan nəsri formulunu yaradır və dünya ədəbiyyatında özünə məxsus yer tuturlar. Bu fikrimi qüvvətləndirmək üçün M.Ə.Talıbova istinad edirəm: «İnsan güman edir ki, əşrəfi-məxluqatdır». İnsanı güman etdiyi əşrəfi-məxluqat səviyyəsinə qaldıransa kitablar, kitablar, yenə də kitablardır.

Çağdaş Güney ədiblərinin bu tipli kitablarında əsas mövzu Vətəndir, daha sonra onun azadlığı, müstəqillik-bağımsızlıq, özgürlük, ana dili, haqq-ədalət kimi mövzular gəlir. Klassiklərin toxunduğu mövzular yeni nəsli düşündürən mövzulardan fərqlənir. «Klassiklərin əsərləri daha çox məhəbbət mövzusunu əks etdirir. Ancaq İranda İslam inqilabından sonra və 1990-cı ildən başlayaraq Güney Azərbaycan ədəbiyyatı mövcud durumdan narazılığın göstəricisidir. Azərbaycanın Quzeyindəki mövcud ədəbi mühitlə Güney Azərbaycan ədəbi mühiti arasında oxşar və fərqli cəhətlərdən bəhs edən Məlihə xanım qeyd

edir ki, «İran Azərbaycanında Azərbaycan dilində təhsil olmadığından, burada Azərbaycan ədəbi dili axsayır. Ancaq bu vəziyyəti Azərbaycan Respublikasında başa düşürlər və tənqid

edilmir».

Güneydə nəsrin bir janr olaraq inkişaf etməsi, yeni-yeni nəsr əsərlərinin yaranması da ziyalıları dərindən düşündürən məsələlərdəndir. Nəsrin bir janr kimi inkişafı

ilə bağlı onun qənaətləri nəzərdən qaçmır: «Bizim çağdaş nəsrimiz, demək olar, hələ bu gün bağımsız olmayıb. Meyar dil olmadığından dolayı, elmi baxımdan dildə problemlər

var. Onun üçün nəsr dilimiz ya Türkiyədən etgilənib, ya da Quzey Azərbaycandan. Ədəbiyyatda özəlliklə düz yazı (nəsr) əsərlərinin yaranması üçün bir dil gərəkdir. Bir

ulusun ruhu onun sənət türlərində, özəlliklə ədəbiyyatında öz imkanlarını kəşf edib, özünü göstərə bilər. Güney Azərbaycan ədəbiyyatında yeni bir dalğa, güclü gənc yazarlar nəsli yetişməkdədir. Vali Gözətən, Eyvaz Taha, Nasir Mənzuri, Məmməd Riza Ləvayi, Həmid Arğış və başqa gənc yazarlar ciddi nəsr yaradıcılığı ilə məşğuldurlar. Güney yazarlarının niskilli ürəyində lap uşaqlıq çağlarından bir Bakı, Qarabağ sevdası da kök salır. 2011-ci ildə nəşr olunmuş Təbrizli Məmməd Rzanın yeni «Qartal balası» adlı kitabında üç hekayə-öykü yer alıb. «İz», «Xan nənəm», «Qartal balası» adlı bu hekayələrdə Güney Azərbaycanda baş vermiş hadisələr, habelə gündəmdə olan milli hərəkat, daha çox Qarababğda ermənilərin törətdiyi vəhşiliklər bədii əksini tapıb. «Qartal balası»ndan örnək olaraq verdiyimiz bu kiçik parça söylədiklərimizin bariz təsdiqidir: «Yeməkdən sonra çay içəndə anasına dedi ki, ay ana, bu igidlər qaçaq yolla Güney Azərbaycandan gəliblər. İstəyirlər Qarabağda vuruşmağa getsinlər, yardımçı olacaq adam tapa bilmədik. Mən də düşünürəm ki, bunları özüm aparım Dadaşın yanına. Anası da doluxsunmuş halda «Allah köməyiniz olsun! Sağ gedib-salamat gələsiniz…» — dedi və sonra da üzünü göyə tutub asta səslə: «Allahım, sən bu cavanları qoru, yağıları zəlil elə», — deyib ağladı

Onlar üçün bir Vətən — Bütöv Azərbaycan anlamı var, fərqi yoxdur, bu Vətənin güneyində yaşayırlar, ya quzeyində… Ona görə də Təbrizli Məmməd Rzanın yazdığı kimi, Qarabağ

dərdini öz dərdləri, problemləri kimi qavrayır, öz qəlblərinin yarası kimi qəbul edir, kədər qarışıq bir ümidlə, gün gələcək, yağı düşmən — ermənilər qədim türk torpaqlarından qovulacaq, didərgin xalq doğma yurd-yuvalarına qayıdacaq inamı ilə bu mövzunu əsərlərində qabardırlar.

Esmira Fuad

Xalq Cəbhəsi.- 2013.- 7 sentyabr.- S.14.