Azərbaycanın dəmir intizamlı ordusunun müəllifi

 

Səməd bəy Mehmandarov: «Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil

«Qəhrəman əsgərlər! Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu mühafizə etdiniz…»

1918-ci ildə Nuru paşa başda olmaqla Türk hərbi hissələri Azərbaycanı tərk etdikdən sonra general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədi ilə yeni hərbi planlar və strateji təkliflər hazırladı. Plana görə 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi. Vacib məsələlərdən biri hərbi nazirliyin yaradılmasından ibarət idi. Rəsmi təsis edilməsə də bu vəzifəni əvvəlcə Xosrov bəy Sultanov, Fətəli Xan Xoyski icra etmişdi. 1918-ci il dekabrın 26-da rus ordusunda xidmət etmiş arteleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenantı Əliağa Şıxlinski onun müavini təyin edildi. Baş qərargah rəisi isə general-leytenant Suleyman Sulkeviç təyin edildi.

Orduda vəziyyətin qənaətbəxş olmadığını yaxşı anlayan hərbi nazir Səməd bəy Mehmandarov xalqa müraciət etdi və bildirdi ki, ölkənin bütün vətəndaşları: «istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluq çəkməlidir. Dövlətliləri hərbi qulluqdan azad edən kəslər ağır cəzalanacaqlar». 1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Səməd bəy Mehmandarovun səyi nəticəsində az vaxt ərzində orduda 24 min süngü, 6 min piyada, suvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanama var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yəni hərbi məhkəmə fəaliyyət göstərirdi.

«Mərhaba

Yeri gəlmişkən, 1855-ci il oktyabrın 16-ı Lənkəranda anadan olmuş Səməd bəy Mehmandarov Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbini bitirmişdi. Podporuçik, kapitan, podpolkovnik, polkovnik, general-mayor, general-leytenant və nəhayət, tam artilleriya generalı olmuşdu. O, 10 ilin içində üç dəfə general rütbəsi almışdı. Tam artilleriya generalı adına layiq görülən ilk azərbaycanlı kimi tarixə düşmüşdü.

Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş Səməd bəy Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilib ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.

1901-ci ilin 26 martında Mehmandarov general-mayor Pavel Rennenkampfın komandanlığı altında Zabaykal artelleriya diviziyasında çin boksyor üsyanını yatırmaq məqsədilə «çin yürüşündə» iştirak edir. Əliğa Şıxlinski xatirələrində yazır ki, Mehmandarov bu ərəfədə Rennenkampfdan mühasirəyə alınmış Sisikara şəhərinin cənub darvazası qarşısında durmaq və şəhəri tərk etmək istəyən hərbi qüvvələri məhv etmək tapşırığı alır. Mehmandarovun silahlı dəstəsinin qarşısına çin döyüşçüləri əliyalın çıxır. Rennenkampfdan atəş əmrini alan Mehmandarov silahsız insanlara atəş açmaqdan imtina edir. Ancaq komandanlıq onu əmrdən imtina edəcəyi təqdirdə həbslə hədələyir. Əlacsız qalan Mehmandarov havaya bir neçə dəfə atəş açmaqla çin döyüşçülərini şəhərə qaytara bilir.

Birinci Dünya Müharibəsi zamanı göstərdiyi rəşadətə görə general Mehmandarov qılıncla birlikdə ikinci dərəcəli Müqəddəs Vladimir ordeni, 1915-ci ildə isə üstü brilyantla bəzədilmiş Qeorqiev silahı ilə təltif edilir. Qeyd edək ki, Birinci Dünya Müharibəsi zamanı cəmi 8 nəfər bu təltifə layiq görülmüşdü.

Deyilənə görə, Səməd bəy ən qorxunc döyüşlərdə də soyuqqanlılığını qoruyub saxlamağı bacarırmış. Qorxmazlığı dillər əzbəri olub. Mehmandarov ədalətli və düzgün adamları qiymətləndirərdi, yalançı və saxtakarlara qarşı amansız olması ilə tabeçiliyində olanların hədsiz etibarını qazanmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı xatirələrində ziyafətlərin birində Səməd bəy Mehmandarovun müraciətini yada salır: «Övladlarım! Bütün gəncliyimi, gücümü rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu. Denikin məni yaxşı tanıyır. Mənim komandanlıq etdiyim orduya qarşı Denikin cəsarət edib vuruşmaz».

Hərbiyyə naziri Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqda əmr verir: «Əsgərlərin Azərbaycan türkcəsində salamlaşması — bir sözlə, — «Salam», cavabının isə «Əleyküm salam» olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: «Mərhaba, əskər cavab verməlidir: «Çox sağ ol!» Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda olduqları hər yerdə talanlar edir, kəşfiyyat işi aparırlar. Etiraz əlaməti olaraq Səməd bəy İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi orden və medalları İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş edir: «Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil.

Hərbi nazir general Səməd bəy Mehmandarov 1919-cu il aprelin 2-də Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik olduğunu və bu qəhrəmanlıqlar tariximiz əsasında ordunun şəxsi heyətinin milli vətənpərvərlik ruhunda tərbiyəsinə başlanmasının vacibliyini göstərərək yazırdı: «..Yüzillik rus hökmranlığından azad olmuş türk xalqının yadına salmaq lazımdır ki, biz həmişə asılı vəziyyətdə olmamışıq».

1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi. 1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırıldı. Hərbi xidmətə 19-24 yaşlı müsəlman əhalisinə məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı.

İntizamlı milli ordu

1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz təəssüratlarında yazırdı: «Mənə deyirdilər ki, burada qarışıqlıqla rastlaşacağam, amma heç bir qarışıqlıq görmədim… Yol boyu biz Azərbaycan ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildilər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur».

1920-ci ilin Novruz bayramı günlərində Ermənistanın daşnak hərbi hissələri Xankəndi qarnizonuna hücum etdi. Bu hücum dəf edildikdən sonra onlar Qarabağa yeganə keçid olan Əsgəran qalasını ələ keçirdilər və Xankəndində olan Azərbaycan ordu hissələrini mühasirəyə aldılar. Belə bir vəziyyətdə Azərbaycan rəhbərliyi ölkənin Şimalında olan milli ordunun böyük bir hissəsini general Həbib bəy Səlimovun komandanlığı altında Qarabağa göndərməyə məcbur oldu. Nəticədə daşnak ordusu hissələri və Qarabağın erməni qiyamçıları darmadağın edilərək yuxarı Qarabağ düşməndən azad edildi. Hərbi nazir general Səməd bəy Mehmandarov bu qələbə münasibətilə Azərbaycan əsgərlərinə müraciətində demişdi: «Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox müharibələrdə olmuşam, fəqət sizin qədər qəhrəmanlıq göstərən əsgərlərə nadir halda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu mühafizə etdiniz».

100 manat, süpürgə və sahibsiz qəbir…

Qarabağda istədiyinə nail olmayan Ermənistan hökuməti aprelin 26-da (1920) barışıq xahiş etdi. Lakin həmin vaxt aprelin 26-dan 27-nə keçən gecə 72 min nəfərlik XI Qırmızı Ordunun zirehli qatarları şimaldan Azərbaycan sərhədini keçərək Bakı üzərinə hərəkət etməyə başladı. Bu hücum parlamana məlum ultimatumdan 12 saat əvvəl başlamışdı.

Səməd bəy Mehmandarovun 1920-ci il 28 apreldən sonrakı həyatı barədə oğlu Pir belə danışırdı: «Atam aprelin 27də parlamentin iclasından evə qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çemodanları gördükdə dedi: «Bunları boşalt, çünki biz heç yerə gedəsi deyilik». Anam təəccüblə soruşdu: «Necə yəni gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?». Atam anama cavab verdi ki, parlamentin son iclasında «Hümmət» fraksiyasının lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, «Səməd bəy başınızdan bir tük belə əskik olmayacaq. Bizimlə qalıb işləməyinizi təklif edirəm.» Anam yenə etiraz edərək dedi: «Bəs oğlunun taleyi, gələcəyi? Axı qatar Biləcəridə gözləyir». Atam bu dəfə daha qətiyyətlə bildirdi ki, biz heç yana getməyəcəyik.

Deyilənə görə, həmin gün Biləcəridə Müsavat hökumətinin rəhbərlərini Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi. Mehmandarov Şıxlinski ilə birgə Nəriman Nərimanovun köməyi sayəsində ölümdən xilas edilərək Moskvaya göndərilir. Şıxlinski Ali Artilleriya Məktəbində gələcəyin marşalları Qovorov, Yakovlev, baş artilleriya marşalı Voron və başqalarına dərs deyib. Mehmandarov Hərbi Akademiyada taktikadan dərs deyir. Bir ildən sonra Bakıya qayıdan generallar Azərbaycan Komondirlər Məktəbində dərs deyirlər. 1928-ci ildə səhhətinə görə istefaya çıxan general Səməd bəy Mehmandarova dövlət 100 manat pensiya kəsmişdi. Generalının həyat yoldaşı Yelizaveta Nikolayevna və yeganə oğlu Pir o zaman sürgünə göndərilir, qocalmış və əldən düşmüş Mehmandarov isə Bakıda qalır. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olur. Şahidlərin dediyinə görə, Sovet hökuməti onu Müsavat hökumətinin hərbi naziri işlədiyi binanın — sonralar Azneft kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edirmiş. Hamıya görk olsun deyə…

1931-ci ildə Bakıda vəfat edən Səməd bəy Çəmbərəkənd qəbirstanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn edilir. 1939-cu ildə bolşevik Kirova heykəl qoyulanda həmin qəbirstanlıq dağıdılır və yerində istirahət parkı salınır. İmkanı olanlar əzizlərinin qəbrini bu ərazidən başqa yerə köçürür. Azərbaycanın dünya şöhrətli generalının qəbrinə isə sahib çıxan tapılmır…

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.- 11 sentyabr.- S.13.