«Əsrin müqaviləsi»-19
Vüqar
Bayramov: «Birmənalı
şəkildə «Əsrin
müqaviləsi» Azərbaycan
iqtisadiyyatında əhəmiyyətli
məqamlardan biri kimi qiymətləndirilməlidir»
Akif Nəsirli: «Sözsüz «Əsrin müqaviləsi» Azərbaycan tarixində böyük izlər qoyub»
«Əsrin müqaviləsi» üzrə neft kontraktlarının bağlanmasından 19 il keçir. Bü müqavilənin imzalanması ölkəmizə heç şübhəsiz iqtisadi, siyasi və digər məqamlar baxımından böyük dividentlər gətirib. Xarici dövlətlərdəki əhalinin əksəriyyəti Azərbaycanı məhz neft ölkəsi olmasına görə tanıyır. Hazırda Azərbaycanın dövlət büdcəsinin formalaşmasında neft amilinin böyük çəkiyə malik olduğunu demək olar ki, hamı etiraf edir. Azərbaycanın Cənubi Qafqazın iqtisadiyyatında böyük rol oynamasında da «Əsrin müqaviləsi»nin böyük rolu olub. Görəsən, «Əsrin müqaviləsi»ndən ölkəmiz nə qazandı?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, sözügedən müqavilə Azərbaycan iqtisadiyyatının hazırkı durumunun formalaşmasında əhəmiyyətli mövqeyə malik olub: Həmin dövrlə Azərbaycanın indiki dövrünü müqayisə etsək tamamilə fərqli bir mənzərənin şahidi olarıq. «Əsrin müqaviləsi»ndən uzun müddət keçməsinə baxmayaraq, ötən müddət ərzində imzalanmış sazişlər daxilində Azərbaycan iqtisadiyyatına 64 milyard dollarlıq investisiya qoyuldu. Eyni zamanda, həmin müqavilə imkan verdi ki, Azərbaycan praktik olaraq neft faktorundan istifadə etməklə regiondakı mövqeyi və müstəqilliyini qoruyub saxlaya bilsin. Azərbaycan «Əsrin müqaviləsi»ni imzalayan zaman fərqli duruma malik ölkə idi. Bu zaman Azərbaycanın şərtləri diqtə etmək imkanları xeyli zəif idi. Azərbaycanın maliyyə resurslarına tələbatı indikilə müqayisədə tamamilə fərqli vəziyyət almışdı. O zamanlar Azərbaycanın maliyyə resurslarına ciddi ehtiyacı vardı. Amma «Əsrin müqaviləsi»nin pay bölgüsü üzrə nəzərdə tululan şərtlər Qazaxıstanla müqayisədə ölkəmiz üçün daha arzuolunan və milli maraqlar baxımından daha məqbul şərtlərdir. Bu həm də ondan ibarətdir ki, müqavilə əsasında xarici şirkətlər tərəfindən birinci mərhələdə həyata keçirilən 20 milyard dollarlıq investisiya neftin dünya bazarında qiymətinin yüksək olması səbəbindən qısa zamanda qarşılandı. Bu da imkan verdi ki, Azərbaycan müəyyən müddətdən sonra müqavilə çərçivəsində satılan nneftdən alınan gəlirlərin 75 faizinə sahib ola bilsin. «Əsrin müqaviləsi» imzalanan anda Azərbaycan Dövlət Neft Şirkətinin payı cəmi 10 faiz idisə, 1998-ci ildə bağlanan Kürdaşı-Araz müqaviləsinin işlənməsi üzrə ARDNŞ-ın payı 50 faizə çatmışdı. Birmənalı şəkildə «Əsrin müqaviləsi» Azərbaycan iqtisadiyyatında əhəmiyyətli məqamlardan biri kimi qiymətləndirilməlidir. Neft müqavilələrindən gələn gəlirlərin xərclənməsi məsələsinə isə birmənalı yanaşmaq mümkün deyil. İqtisadçı olaraq bizlər «Əsrin müqaviləsi» çərçivəsində kontraktın işlənməsilə bağlı strategiyanın təkmilləşməsinin tərəfdarıyıq. Eyni zamanda, alınan vəsaitlərin bir hissəsinin xarici banklarda aşağı faizlə və konservativ siyasət nəticəsində saxlanmasını da məqbul hesab etmirik. Neft satışından əldə olunan gəlirin bir qisminin ölkə daxilində real sektora yönəldilməsinin tərəfdarıyıq. Vətəndaşlara neft satışından əldə olunan pulların paylanmasının tərəfdarı isə deyilik. Bu iqtisadi aktivliyi aşağı salır. Ona görə də vəsaitin bir hissəsi real sektora yönəldilməli, kiçik və orta sahibkarların bu gəlirdən istifadə imkanlarının genişləndirilməci üzrə addımlar atılmalıdır».
Liberal İqtisadiyyat Mərkəzinin rəhbəri Akif Nəsirli isə müqavilədən irəli gələn vəsaitlərin qeyri-neft sektoruna yönəldilməsi sahəsində ciddi addımların atılmadığını söylədi: «»Əsrin müqaviləsi»nin Azərbaycan iqtisadiyyatına xeyir və yaxud ziyan gətirdiyini indilikdə birmənalı söyləmək bir qədər çətindir. Bu gün ölkədə nail olunan bütün inkişafın əsasında «Əsrin müqaviləsi» üzərində qurulan iqtisadiyyat durur. Azərbaycan dövlət büdcəsinin 80 faizə yaxını neft gəlirlərindən formalaşıb ki, bunun da 60 faizi «Əsrin müqaviləsi»nin kontraktları əsasında formalaşıb. Sözsüz, «Əsrin müqaviləsi» Azərbaycan tarixində böyük izlər qoyub. Böyük neft şirkətləri ölkəmizə gəlib. Son on ildə neftdən gələn gəlir hesabına ölkəmizin büdcəsi dəfələrlə artıb. Amma əsas məsələ müqavilədən irəli gələn məqamdan hansı formada bəhrələnməyimizdir. «Əsrin müqaviləsi» ölkə iqtisadiyyatına böyük təkan verdi. Amma bu illər ərzində daha böyük nəticələrə nail ola bilərdik. Azərbaycana daxil olan milyardlarla vəsaitin qeyri-neft sektorunun inkişafına yönəldilməli olduğu elan edilsə də, bu istiqamətdə real addımlar atılmayıb. Qeyri-neft sektoruna yönəlik vəsaitlər də elə sahələrə ayrılıb ki, neft gəlirlərinin dayanması ilə həmin sektorun gəlir gətirməsi də sona çatacaq. Yol tikintisi, şəhərlər və regonların abadlaşdırılmasına hər il milyardlarla vəsait sərf olunur. Amma neftin qiyməti kəskin azalsa və yaxud tükənsə vəsait qoyduğumuz yollar heç bir divident gətirməyəcək. Ona görə də həmin vəsaitləri əsasən qeyri-neft sektoru olan istehsal sahələrinə, kənd təsərrüfatına yatırmalıyıq ki, gələcəkdə də mənfəət götürə bilək. Təəssüf ki, bu istiqamətdə hərəkət edilmədi».
Rüfət Sultan
Xalq Cəbhəsi.-
2013.- 11 sentyabr.- S.10.