Hind-ramait
poeziyası
Ramait poeziyasının
yarandığı dövr
XV əsrdir. Ramait poeziyası krişnait
poeziyasının ən
yüksək növüdür.
Ramanandın təlimlərini
həyata keçirən
bu poeziya Kabir kimi şair
yetişdirmişdi (Ramanand
bhaktdır — Cənubi
Hindistandakı hind poeziyasında
və təlimlərində
allaha ən yaxın adam
hesab edilir. O, insanın azadlığını,
bütün insanların
bərabərliyini təbliğ
edirdi). Brəhməndən (bütə sitayiş
etdirən kahin) fərqli olaraq, Ramanand insana tək Allaha inanmağı məsləhət
görürdü. Ramanand
Rama obrazında ali yaradana sitayiş etməyi öyrədirdi. Bu təlim eposlarda qəhrəmanların zalım
hökmdara qalib gəlməsinə kömək
edirdi. Bu cür yanaşmanı Kalidasa «Ramayana»dan istifadə edərək öz poeması olan «Raqhunun nəsli» əsərində hökmdar
Daşaratxanın oğullarının
şəxsində Vişnanın
dirilməsi kimi qeyd edir. Xalq yaddaşında
Rama özünə möhkəm
yer etmişdi, o, ədalətsizliyə qarşıdır,
məzlumların müdafiəçisidir.
Bhakta poeziyasında
Rama obrazına təbiətin
ölüb-dirilən allahı
Vişna kimi baxılır. Ramait poeziyasının ən görkəmli nümayəndəsi Tulsi Dasdır. Tulsi Das (1532-1624) brəhmən ailəsində anadan olub. Anası öldüyündən atası onu tərbiyəçiyə vermişdi,
sonra o qadın da vəfat etdiyindən
tək qalmış, yetim qalan uşaq
Ramanandın ardıcıllarından
biri ilə rastlaşır, o da Tulsi Dasda Ramaya
məhəbbət oyadır.
O, həyatının çox
hissəsini Benaresdə
yaşayır, səyahətlər
edir. Vişna kultuna inanan
şair Ramanın insanlara sədaqəti haqqında təlimi Şimali Hindistanda yayır. Tulsi Das Vedaları öyrənir, hələ uşaqkən hətta əzbər olaraq hind eposu «Ramayana»nı əzbərdən söyləyirmiş.
Onun dini, fəlsəfi fikirləri əsərlərində
də əks olunub. O, klassik hind poeziyasının qaydaları
ilə tanış
idi və əsərlərində bu
qaydalardan geniş istifadə edirdi. O, həmçinin sanskrit
və fars dillərini də bilirdi. Onun əsərləri öz avadxi dialektində yazılıb.
Rama hökmdarlığı
qədim əfsanədə
Ayodxya (Aud) adlanır, avadxi dilində isə ilahi qəhrəmanın dili kimi xatırlanır.
Tulsi Das deyirdi ki, əsərini
sanskritcə yox, xalq dilində yazıb, buna görə də şöhrətlənib.
Tulsi Dasın
ən böyük poeması «Ramanın fəaliyyətinin gölü»
və ya «Ramayana»dır (hind dilində
«Ramaçaritamanasa» adlanır). Şair bu
əsəri 1575-ci ildə
tamamlayıb. Poema
7 hissədən ibarətdir:
«Uşaqlıq», «Ayodxya»,
«Meşəlik», «Kişkindxa»,
«Gözəl», «Lanka», «Axırıncı».
Bu poemanın hissələrində Ramanın
həyatı, qəhrəmanlıqları,
Ramanın insanlara köməyi, Yerə gəlişinin səbəbləri
— insanlığa xidməti
göstərilir. 7 nəğmə — hissə
müqəddəs göldəki
7 pilləkənlə bağlıdır.
Su Ramanın qəhrəmanlıqlarını
simvolizə edir.
Poemanın üçüncü
sözü — Manasın
2 mənası var: Himalayda yerləşən
ruh və gözəlliyi ilə fərqlənən Manas gölü (Mansarovar). Bu göl əfsanəyə
görə Brahma allahının
özü ilə yaranıb. Tulsi Das Ramanın alleqorik obrazını bu iki mənada: Ramanın qəhrəmanlığının
su kimi ölçülməz,
ruhun həyatı kimi əbədi təsvir edir.
Tulsi Das əsərdə Vişnanın Rama obrazında təcəssüm olunmasına diqqət yetirir. Yerdə insan — allah ona görə təzahür edir ki, ədaləti bərpa etsin, Seylon hökmdarı demon-rakşas Ravanı öldürsün. Rama çox nəcib dindardır. O, Daşaratxanın — Ayodxya hökmdarının ailəsində doğulur. Tulsi Das Ramanın uşaqlığını, təlim keçməsini, hərbi qələbələrini təsvir edir. Güclü, ağıllı və gözəl Rama özünün üç qardaşını ötüb keçmiş, bütün xalqın hörmətini qazanmış şəxsdir. Rama gözəl Sitaya evlənmək üçün «nişanlı»ların yarışında qalib çıxır, Sita ilə nikaha girir. Daşaratxa onu özünün varisi elan edir. Hökmdarın ikinci arvadı Kalkey üzdə bu fikri alqışlayır. Kalkeyin hər hansı arzusunu yerinə yetirəcəyinə söz verdiyinə görə o, Daşaratxadan xahiş edir ki, öz oğlu Bxaratanı varis təyin etsin. Rama isə 14 yaşında evi, sarayı tərk edir. O, arvadı Sita və ona sadiq olan qardaşı Lakşman ilə meşəyə gedir. Qoca hökmdar Daşaratxa qəmdən ölür. Ayodxya kədərə bürünür. Ölkənin hökmdarı Bxarata olmalıdır. Amma bu nəcib şahzadə taxtdan imtina edir. Meşəyə Ramanı axtarmağa gedir ki, onu geri qaytarsın, taxt-taca yiyələnsin. Rama bu təklifi rədd edir, ona görə ki, sürgünün müddəti başa çatmayıb. Bxarata müvəqqəti hökmdar kimi paytaxta gəlir, hökmdar taxt-tacının Ramanın olduğuna işarə qoyur. Bu məzmun «Ramayana»nın birinci, ikinci hissələrində nəql olunur. Üçüncü hissə Ramanın həyatından, Lakşmanın və Sitanın taleyindən danışır. Birinci kitabda Rama yerə ona görə göndərilib ki, Ravanı cəzalandırsın. Süjetin davamından görürük ki, Sitanı Ravan oğurlayır. Rama Ravan ilə görüşmək, onunla hesablaşmaq, Sitanı axtarmaq üçün qardaşı Lakşman ilə bütün Hindistanı gəzir. Lankaya gedən yolda onlar meymunların hökmdarı Suqrivlə qarşılaşırlar. Suqriv onlara kömək etməyə söz verir. Beşinci kitabda göstərilir ki, külək allahının oğlu meymun Xanuman Suqrivin məsləhəti ilə Lankaya uçub gəlir. O, Sitanı haradan tapmağı Ramaya söyləyir. Həmin kitabda Ravanın paytaxtı təsvir olunur: «O, hündür dağda yerləşir, hər tərəfi okeandır». Xanuman Sita ilə görüşür. Ramanın üzüyünü ona verir və Hindistana qayıdır. Rama özünün dostlarını — meşə sakinlərini, meymun və ayıları götürüb Lankaya gedir. Altıncı kitab Rama ilə Ravanın mübarizəsini əks etdirir. Meymunlar körpü tikirlər. Ramanın qoşunları körpüdən keçərək adaya girirlər. Ongözlü Ravanın qoşunu ilə Ramanın qoşunu üz-üzə gəlir. Ramanın qoşunu qalib gəlir. Rama və Ravan təkbətək döyüşürlər. Rama onu öldürür, şəri məhv edir. Rama Sitanı da götürüb Ayodxyaya qayıdır. O, Sitanın sədaqətinə, bakirəliyinə və təmizliyinə inanmaq üçün tonqal qalayır, Sita tonqalı görüb ora gəlir. Sitanın Ramanın yanında olan kölgəsi tonqalda yanır, oddan əsil Sita çıxır. Od vasitəsilə Sita, Rama, Lakşman və dostları özlərini təmizləyirlər. Təkərli araba ilə Ayodxyaya uçub gəlirlər. Sonra Sita iki oğul doğur, Ramanın nəsli artır. Əsrlərcə Rama Ayodxyada hökmranlıq edir.
Hind ədəbiyyatında
«Ramayana» əsərləri çox yazılıb. Valmikinin də «Ramayana»sı var. Valmikinin əsərində
Rama və Sita bir-birilərini ancaq toy mərasimində görürlər,
Tulsi Dasda isə onlar toya qədər görüşürlər. İ.Reysner yazır
ki, Tulsi Dasın «Ramayana»sı sinfi qarşıdurmaları
və sinfi mübarizəni əks etdirir. Əsərdən kasta quruluşunun
və orta əsrlər məişətinin
tənəzzülə uğramasını
görürük. Tulsi
Dasın utopik görüşləri də
əsərdə hiss olunur:
əgər ədalətli
hökmdar ölkəyə
başçılıq edərsə,
bütün qanunsuzluqlar,
şər və s. məhv olar. Eləcə də əsərdən
hind təbiətinin gözəlliklərini,
hind mifologiyasını da
öyrənirik.
Ramil Əliyev,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2013.- 5 sentyabr.- S.14.