Milyonlar içində keçmiş ömür

 

Ağa Musa Nağıyev Bakıda xeyli binalar tikdirib

Bir dəfə Bakı milyonçularından birinə deyirlər ki, Zəngəzurda mis mədəni satırlar, onu alsan qazanarsan. Soruşur ki, «Mis nədir, o da neft kimi fontan vurur?» Təəccüblə cavab verirlər ki, «Mis də fontan vurar? Əlbəttə ki, yox!». Milyonçu: «Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, qaranlıq yerin altında iynə ilə gor qaza-qaza mis axtarmaq karıma gəlməz»- deyir.

Dəniz limanında, müxtəlif sahələrdə artıq təcrübə qazanmış bu Bakı milyonçusu Ağa Musa Nağıyevin misin fontan vurması haqda mülahizəsi əlbəttə ki, inandırıcı deyildi.

Neft Kralı, birinci dərəcəli tacir, mesenat-xeyriyyəçi Ağa Musa Nağıyev… Gələcəyin milyonçusu saman satan, kasıb biləcərilinin evində dünyaya göz açmışdı. Təbiət etibarı ilə Musa çox dəqiq və hər şeyi ölçüb-biçən insan idi. İllərlə hər çətinliyə sinə gərərək pul toplayan Musanın, qazdığı quyudan su əvəzinə neft fontan vurur. Gecə-gündüz quyunun önündən çəkilməyən Musa fəhlələrlə bərabər ağır işlər görür. Qısa müddət ərzində fəhlə Musa varlanır. Əldə etdiyi gəlir çoxaldıqca, Ağa Musa Bakı kəndlərindəki neftlə zəngin olan yataqları satın alır və yeni quyular qazdıtdırır. Varlandıqca Qara şəhərdə (Çornıy qorod) «Neft emalı» zavodu tikdirir, Xəzər dənizində ilk bərəsi görünür. Deyilənə görə Ağa Musa Nağıyev vəfat edən atasına söz verir ki, 100 bina tikdirəcək. Ölənə qədər ona 98 bina tikdirmək nəsib olur.

Ağa Musa cavanlıqda üç-beş qəpiyə ona-buna şələ daşıyırmış; zəhmət-əmək hesabına pul yığıb əvvəl Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə alır. Gecə-gündüz quyu qazanların yanından çəkilmir, heç kimi bekar qalmağa, hədər vaxt itirməyə qoymur. Adətən xoş dillə onları işləməyə vadar edir. Yeri gələndə acıqlanırmış. Özü də fəhlələrlə bərabər ağır işlərdə işləyir. Nəhayət, tale üzünə gülür, quyu fontan vurur, şələçi Musa dönüb olur Ağa Musa, milyonçu Ağa Musa Nağıyev. Özü də get-gedə bacarıqlı bir iqtisadçı olur. Sərvət artdıqca, tamah, həvəs, ehtiras da artır, gecə-gündüz işləyir, iş artdıqca isə qüvvə, arzu da böyüyür.

1893-cü ildə Sabunçuda, sonra Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində, Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan quyuların hamısı güclü fontan vurur. Çox keçmir ki, Ağa Musa Suraxanıda da mədən salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir, öz mədənlərində alınan neftdən başqa həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını alır. Mexaniki emalatxana düzəltdirir.

Oğlu İsmayılı erkən itirən Ağa Musa xəstəxanalar tikdirməyi qərara alır. Şəxsi imkanı hesabına Bakıda o dövr üçün müqayisə olunmaz dərəcədə yüksək səviyyədə tibbi avadanlıqlarla təchiz olunan dörd nəhəng xəstəxana tikdirir ki, bu gün də insanlar həmin səhiyyə ocağında şəfa tapmaqla bərabər möcüzələrlə rastlaşır. 1914-cü ildə adını daşıyacaq, lakin uzun müddət 1919-1992-ci illərədək Semaşkonun adı ilə məşhurlaşacaq xəstəxananın tikintisinə başlayır. Bu məsuliyyətli işi uzun müddət xəstəxana tikintisi ilə məşğul olan memar Bayevə tapşırır. Deyilənə görə, Ağa Musa Nağıyev xəstəxananın yerini seçməmişdən əvvəl şəhərin üç yerində: Qara şəhərdə, Bayıl şəhərinin başlanğıcında və sonradan uzun müddət adını yasaq edib, Semaşko adı ilə məşhur olacaq obyektin bu gün yerləşdiyi yerdə qoyun kəsdirib, cəmdəyin neçə günə xarab olacağı xəbərini gözləyir. Birinci yerdə cəmdək 2 günə, ikinci yerdə 3, 3-cü yerdə 4 günə xarab olduğundan xəbər tutan Ağa Musa məhz bu yerdə ilk xəstəxana tikdirməyi qərara alır. Məqsəd kənd və rayonlardan gələn xəstələrin ağır gününü düşünüb, meyidin yaşadıqları məkana çatdırılanadək xarab olmasının qarşısını almaq olub. Xəstəxananın özülü qoyulmamışdan əvvəl Ağa Musa ətraf sahələrdə saysız-hesabsız küknar ağacı əkdirir. Bildiklərinə və öyrəndiklərinə əsasən bu ağac vərəm mikroblarına (Kox çöpləri) qarşı silah olub, məhvedici xüsusiyyətə malikdir. Bu haqda düşünməyi özünə borc bilən Ağa Musa vərəmin qarşısını almaqla bərabər, başqalarının övlad dağı görməməsinə az da olsa kömək edir. Xəstəxananın binövrəsini qoymağa maneçilik törədənlər tapılsa da, Ağa Musa banka 300 min rubl keçirdikdən sonra tikinti işləri yoluna düşür. Moskvada, Peterburqda, Hamburqda və Berlində xəstəxana tikinti layihəsini həyata keçirməklə məşhurlaşan memar Bayev bu işə Bakıda da çox həvəslə başlayır. Layihə böyük sahəni əhatə etdiyindən, 10 il müddətində tikilib, başa çatır. 1000 çarpayılıq nəzərdə tutulan xəstəxana xeyriyyəçi Ağa Musanın soyadının baş hərfi «N» formasında inşa edilir. «N» hərfinin paralel qanadlarında xəstələr üçün palatalar yerləşdirilir. 1914-cü ildə tikintisi başa çatdırılan xəstəxanada: 250 çarpayılıq cərrahi xəstələr; 400-daxili xəstəliklər; 250 — infeksion; 50-dəri-zöhrəvi; 50-yer isə əsəb xəstəlikləri üçün nəzərdə tutulur. Xəstəxanaların tikinti materiallarında antibakterial materiallardan — gümüş tozundan, xüsusi kafeldən istifadə olunub. Tavanın 5 metrə yaxın hündürlüyü, pəncərələrin çox geniş və hündür olması və sair bu kimi şərtlər milyonçunun ixtiraları olub. O zaman akademik Çazov əməliyyat otağına baxarkən, həddən artıq heyrətləndiyini gizlətmədən, ilk dəfə belə otaq gördüyünü vurğulamışdı. Tikdirdiyi xəstəxana çox qısa bir müddət Ağa Musa Nağıyevin adını daşıyır.

Qoçular iki dəfə Ağa Musanı oğurlayıb öldürməklə hədələsələr də, xeyri olmayıb və ondan heç nə qopara bilməyiblər. Bir dəfə faytona basaraq gözlərini bağlayıb, aradan çıxarırlar və gizli mənzilə gətirib on min manat tələb edirlər. Ağa Musa özünü itirməyib deyir: «Min manat verə bilərəm, artıq yox». Qaçıranlar onu ölümlə hədələyəndə halını pozmadan deyir: «Atam, atam, öldürün. Öldürsəniz o min manat da əlinizdən çıxacaq, onu da ala bilməyəcəksiniz». Üç gün girov saxlayıb, yedirdib-içirdib, sonda boynuna min manatdan artıq pul qoya bilmirlər.

Ağa Musanın müsəlman arvadından bir oğlu — Ağa İsmayıl və beş qızı vardı. Qızlardan Ümmülbani Bakı neftxudalarından biri Şəmsi Əsədullayevin böyük oğlu Mirzə Əsədullayevin arvadı idi. Musa Nağıyevin və Şəmsi Əsədullayevin nəvəsi Ümmülbəni (Baninin) Ağa Musa haqqında xatirələrində yazır: «Mən qalmaqallı bir ilin qış günlərində qəribə, ekzotik, varlı bir ailədə doğulmuşam. O il tarixin unudulmaz, dəhşətli dövrlərindən idi. İnsan dühasının ictimai çaxnaşmalar naminə yaratdığı tətillər, talanlar, qırğınlar və bu kimi başqa əməllərlə dolu idi. Bakıda ermənilər yerli müsəlman əhalisini yerli dibli qırıb tükənməz sərvətlərə yiyələnmək istəyirdilər. Elə bu vaxt anamı şəhərdən ətraf kəndlərdən birinə aparıblar ki, canı xilas olsun və rahatlıqla doğa bilsin. Lakin kənarla əlaqə kəsildiyindən yardım almaq mümkün olmayıb və anam vəfat edib, gənc ömrü bada gedib. Mən sağ qalmışam və onun adını mənə qoyublar».

Ağa Musanın adı camaat arasında xəsis kimi çıxsa da, o, birinci realnı məktəbin hamiliyini boynuna götürmüşdü, hər il hazırlıq sinfinə iyirmi beş müsəlman uşağı qəbul olunurdu. Bunun nəticəsində az bir zamanda müsəlman şagirdlərin sayı xeyli artmışdı…

Oğlu İsmayılı çox erkən itirən Ağa Musa onun xatirəsinə şəhərin mərkəzində — Nikolayevski küçəsində (indiki İstiqlaliyyət) qeyri-adi saray tikdirməyə qərar verir. Bu məqsəd ilə o, milliyyətcə polyak olan məşhur memar Yozef Ploşkonu tikdirəcəyi binanın analoqunun memarlıq incəlikləri ilə tanış olmaq üçün 1905-ci ildə İtaliyanın Venesiya şəhərinə göndərir, bu proses 3 il davam edir. Beləcə Palatso Kantarini sarayının eskizləri Bakıda «İsmailiyyə» sarayının tikintisinə başlamağa onu şövq edir. Bina 5 ilə (1908-1913) hasil olur və 1913-cü il aprelin 7-də tam istifadəyə verilir. Binanın frontonunda (hazırda ulduzlarla bəzədilən ilminatorlar) İmam Əlinin kəlamları həkk olunur. Ağa Musa bəhayi məzhəbini qəbul etmişdi. «İsmailiyyə» binasının əsas fasadında, lap yuxarıda Şeyx Bəhanın qranitdən böyük bir heykəli qoyulmuşdu. Onun altında, girdə pəncərələrin birində isə vaxtsız vəfat etmiş oğlu Ağa İsmayılın kresloda oturmuş halda mərmərdən yonulmuş heykəli dururdu.

Ağa Musa ağır, üzüntülü xəstəlikdən sonra 1919-cu ilin aprelində vəfat edib. Ümmülbanu bu hadisə barədə belə yazır. «…Babam Musa öldü, bizə, özünün dörd qız nəvəsinə böyük sərvət qoyub getdi. Bu sərvət onlarla milyonçusu olan Bakı kimi bir şəhərdə də böyük dövlət sayılırdı. Vərəsə alandan sonra on üç yaşında ikən dövləti milyonlarla hesablanan bir varlıya dönürdüm… O uzun müddət xəstə yatmışdı… Deyirdilər ki, ölümdən bərk qorxur. Amma xəstəliyi elə əzablı idi ki, bəlkə özü də ölüb qurtarmağı arzulayırmış. Ömrü boyu ölümdən elə qorxurmuş ki, yanında bu mövzuda söhbət salmağa qoymurmuş. Qədim bir Şərq rəvayətində deyilir ki, ev tikdirən adamı əcəl aparmır. Babam da neftdən qazandığı milyonların hesabına bir-birinin ardınca çoxlu ev tikdirirdi. Beləliklə, öldüyü günə qədər altmışdan çox ev tikdirmişdi. Amma el rəvayəti yalan çıxdı. Babam Musa axırıncı evi tikdirib qurtarmamış ölüm onu yaxaladı. Beləliklə, ilk dəfə yaxın bir adamın cənazəsini görürdüm. Bu ölümə yanmasam da, maraqlanır və qorxurdum. Mənə elə gəlirdi ki, ölən babam deyil, yad bir adamdır. Fikirləşirdim ki, görəsən babam indi hardadır?..».

1919-cu ildə Musa Nağıyevin varisləri onun əmlakını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Digər tərəfdən Ruhani cəmiyyəti də tələb edir ki, Musa Nağıyev şiə məzhəbinə mənsub olduğu üçün sərvətinin 10-da bir hissəsi məscidə verilməlidir və məhkəməyə rəsmi iddia da təqdim etmişdi. Varislər ruhani cəmiyyətini bu bölgüdən kənarlaşdırmaq üçün sübut etdilər ki, vaxtilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırıb, Bəhayi kitabına əl basıb and içib. Məhz bu fakt da Ağa Musanın adının sonradan xalq arasında nisbətən hörmətsizliklə çəkilməsinə səbəb oldu.

Musa Nağıyevin cəsədi üç dəfə müxtəlif yerlərdə yenidən basdırılıb. Üç dəfə bu kiçik dördbucaqlı qəbir daşı onun yeni qəbrinin üzərinə qoyulub. Qəbir yerlərinin dəyişdirilməsinin də müxtəlif səbəbləri olub. Belə ki, xeyriyyəçiliklə məşğul olan Ağa Musanın Çəmbərəkənd qəbiristanlığındakı (1919-cu ildən 1931-ci ilədək) qəbri Kirov parkının salınması ilə əlaqədar Biləcəridəki «Proparka» qəbiristanlığına köçürülür. Onun Biləcəri Dağüstü qəbiristanlığındakı 3-cü qəbrinin də aqibəti bu cür olur. Milyonçunun nəşi yalnız 1998-ci ilin 23 iyulunda nəvəsi Dilarə xanımın və xeyriyyəçi Axund Hacı Əvəzin təşəbbüsü ilə yenə Biləcəri qəbiristanlığında əbədi məzara qovuşur. Qəbrin üstü oğlunun xatirəsinə tikdirdiyi İsmailiyyə binasının estetikası ilə tərtib edilib.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.- 13 sentyabr.- S.13.