«Getmiş idim mürşidimə dərdimə dəva qıla»

 

Qurbani Şah İsmayılın döyüşlərində sazı-sözü ilə iştirak edib

Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətləri olan Şah İsmayıl Xətaiyə qarşı cəfəng iddiaların yayılması türkü sevməyənlərin növbəti əbəs cəhdlərindən biridir. Hətta Şah İsmayılın vəhşi obrazını belə yaratmağa girişirlər. Burada şərin əlinə bəhanə verən «əsas» tariximizi zaman-zaman yazmamağımız, biganəliyimizdir. Ulusal dövlətçilik təfəkkürü ilə yaşayan, Türkcəmizə böyük sevgi bəsləyən Şah İsmayılın obrazı yüzillərdir ki, xalq ədəbiyyatımızda əsas mövzulardan biri olaraq qalmaqdadır.

Professor Qəzənfər Kazımovun araşdırmasında Dirili Qurbani ilə Şah İsmayılın dostluq münasibətlərinə toxunulur. Qurbani Xudafərin yaxılınlığındakı Cəbrayıl rayonunun Diri dağının döşündəki Dirili kəndində 1477-ci ildə anadan olub. XV əsrin sonları və XVI əsrdə yaşayıb-yaratmış Qurbani bəzilərinin dediyinə görə, Təbrizin yaxınlığındakı Diri kəndindəndir.

Azərbaycanın bizə məlum olan ən qədim şair-aşıqlarındandır.

Şah İsmayıl Xətayinin çağdaşı olan Qurbaninin adına sonralar bir xalq dastanı da qoşulub.

Q.Kazımov bildirir: «Şah İsmayıl Azərbaycan xalqı üçün misilsiz adamdır, xalqın qəlbində heykəlləşən şəxsiyyətdir. O, öz əməli, işi ilə elmin, incəsənətin bütün başqa sahələri ilə yanaşı, klassik şeirin o dövrkü və əbədi zirvələrindən Füzuli sənətini də, el ədəbiyyatı zirvələrindən Qurbani sənətini də qanadlandırmışdı. Qurbani ilə Xətayini bir-birinə bağlayan əlaqə və münasibətləri aydınlaşdırmaq üçün həm tarixdə möhkəm iz qoymuş bir sıra hadisələri, həm də onların bir-biri ilə möhkəm bağlı olan sənət ruhunu, kainata, təbiətə, insana elmi-fəlsəfi münasibət baxımından yaxınlıqlarını, hürufilik və sufiliyin işıqlı cəhətlərinə dövrün tələbinə uyğun siyasi don geydirmə qabiliyyətlərini araşdırmaq lazımdır. Qurbani Şah İsmayıldan bir qədər əvvəl doğulub və ondan çox yaşayıb. Ancaq əgər İsmayılın qısa ömrü ilə bağlı bir sıra izlər olmasa idi, Qurbani ömrünün səhifələri daha qaranlıq qalardı. El sənətkarlarına savadlı təbəqənin minillərlə laqeyd münasibəti, bu sahədə xalqın yalnız öz hafizəsinə arxayınlıq vərdişi neçə-neçə el sənətkarının izsiz yox olmasına və ya yuxulu xatirələrdə yaşamasına səbəb olub. Qurbaninin Şah İsmayıl hakimiyyəti illərində yaşadığı inkaredilməz olsa da, bu, onun ömrünün yalnız bu illərlə məhdudlaşması demək deyil. Şeirlərindən aydın olur ki, onun qolubağlı şah divanına aparılması Şah İsmayıl hakimiyyətinin ilk illərinə aiddir. Əgər o, Şah İsmayıl hakimiyyətinin ilk illərində şah divanına gətirilibsə, deməli, bu dövrdə bir şair kimi, bir şəxsiyyət kimi nəzəri cəlb edəcək səviyyədə olub. Bu məntiqlə onun təvəllüd tarixi ən azı XV əsrin son rübünə aid olmalıdır. Digər tərəfdən o, İsmayılın vəfatına şeir həsr edib. Əgər Şah İsmayılın vəfatını şeirlə qeyd edib və onun dəfnində iştirak edibsə, deməli, İsmayıldan sonra da yaşayıb. Qurbaninin bir sıra şeirləri bu mülahizələrin hər ikisinin doğruluğunu sübut edir».

Araşdırmaçı daha sonra vurğulayır ki, Qurbaninin «Mürşidi-kamilim, şeyx oğlu şahim» misrası ilə başlayan şeiri, demək olar, «Qurbani» dastanının bütün variantlarına daxil edilib və hamısının da əsas məzmunu bundan ibarətdir ki, Gəncədə Qara vəzirlə bacara bilməyəcəklərini görən Qurbani ilə Pəri xanım molla çağırıb şeyx oğlu şaha bir məktub yazdırırlar: «Qurbani məktubu özü aparır və şaha verdikdən sonra həmin şeiri söyləyir. Şübhəsiz, bütün bunlar şeirin dastanlaşdırılması üçündür. Qurbani özü savadlı olduğu, elə həmin şeirdə «Oxuyub elmimə çatdığım yerdə» dediyi halda, mollaya məktub yazdırırlar və hətta molla əvvəlcə Pərinin dediklərini əksinə yazır, ancaq bu, guya Qurbaniyə əyan olur və s. Bunlarsız şeir aydın şəkildə göstərir ki, Qurbani Şeyx oğlu şahın — Şah İsmayılın qəbulunda olub və şikayətlərini ona çatdırıb. Qurbani oğlu ölmüş qara vəzirin zülmlərindən, Xudafərindən qolubağlı keçirilməsindən şikayətlənir, şahı əsl mətləbdən agah etməyə çalışır. Bunun ardınca söylədiyi daha kəskin şikayət şeirində də öz evində farağat oturduğu yerdə onu vətəndən didərgin saldıqlarını bildirir:

Bülbül idim, ayrı düşdüm gülümdən,

Fələk vurdu, cüda saldı elimdən.

Qurbaniyəm, qara vəzir əlindən

Şeyx oğluna şikayətə gəlmişəm.

Beləliklə, Qurbani Şah İsmayıl hakimiyyətinin ilk illərində şah divanına gətirilib və Şah İsmayıl tərəfindən dindirilib. Şairi niyə incidiblər, nəyi bəhanə ediblər? Məlum deyil. Dastanda bunlar məhəbbətlə əlaqələndirilir, ancaq şübhəsiz, bu hal dastana uyğunlaşdırmalarla bağlıdır».

Bu məsələyə müxtəlif vaxtlarda M.İbrahimov da, M.H.Təhmasib də öz münasibətlərini bildiriblər: «Bu qeydlərin hər ikisi bir daha təsdiq edir ki, Şah İsmayıl hakimiyyətinin ilk illərində Qurbani ilə şah divanında görüşüb. Bu, şübhəsizdir, ancaq fikrimizcə, bu görüş onların ilk görüşü deyil. Qurbani ilə Şah İsmayılın ilk görüşü İsmayılın Şirvana ilk yürüşü günlərinə aiddir. Məlumdur ki, Şah İsmayıl gəncliyindən güclü şəxsiyyət olub. Eyni zamanda sənəti, sənətkarı, xüsusən saz sənətini sevib və qiymətləndirib. Ordusunu, tarixçilərin məlumatına görə, daim döyüşqabağı aşıqlar sazla, sözlə cuşə gətiriblər. İsmayıl özü də sazı sevib və çoxlu qoşmalar yazıb. Əgər Qurbani böyük sənətkar olubsa, Xətayi onun böyüklüyünü qiymətləndirməli idi və əslində belə də olub: şah Qurbanini cəzalandırmayıb, əksinə, rəvayətə görə, rəğbətləndirib. Bizcə, Qurbani ilə Şah İsmayıl arasında təriqət ixtilafı olmayıb. Əgər bu sahədə anlaşılmazlıq olmuş olsa belə, Qurbaninin Şah İsmayıla müraciətlə dediyi «Mürşidi-kamilim, pirim» sözləri kifayət etməli idi. Şah İsmayıl ətrafına qüvvə toplamalı olduğu ilk illərdə onu mürşid qəbul edən bir sənətkarı nə üçün incitməli idi ki? «Sərim təvəlladır, üzüm payəndaz, Yoxdur bundan qeyri bir mətah mənim»- deyən, bütün varlığını gənc şaha qurban verməyə hazır olan sənətkar nə üçün cəzalandırılmalı idi

Şeirdəki bir neçə detaldan aydın olur ki, Qurbani ilə İsmayıl hələ bu hadisədən xeyli əvvəl tanış imişlər. Q.Kazımov bu fikrini belə əsaslandırır: «Qurbaninin «əziz başın üçün» sözləri şeirdə tarixi izləri mühafizə edirsə, burada şaha yaxınlıq, səmimi münasibət, bir qədər ərkyanalıq duyulmaqdadır. Yalnız çox yaxın olmaqla İsmayıl kimi bir şaha bu cür müraciət etmək olardı. Bu yaxınlığı şeirin başqa misrasına əsasən Salman Mümtaz da duyub: «Qurbanın Şah İsmayıla yazdığı şeirlərdən bunu başa düşürük ki, Şeyx oğlu Şah İsmayıl Qurbanın mürşidi-kamili və piri imiş, Şah İsmayıl da Qurbanı tanırmış. Çünki «Agah ol halımdan gahbagah mənim» deyə yazması ilə Qurbanın Şah İsmayıla bir növ yaxın olması görünür. Kim bilir, bəlkə bu dostluq Şah İsmayılın şair olmasına görə imiş"

Q.Kazımov hesab edir ki, Salman Mümtazın bu duyğuları doğrudur: «Ancaq biz dostluq və yaxınlığın ilk köklərini başqa məsələdə görürük. Məlumdur ki, İsmayılın təriqəti barədə söz-söhbət hələ onun lap kiçik yaşlarından el-obaya yayılmış, hər tərəfdə müridlərin meydana çıxmasına səbəb olmuşdu. Qurbani bunları eşitməyə və ya müəyyən mövqedə durmaya bilməzdi. Qurbaninin dini məzmunlu şeirlərində (hətta bir çox dünyəvi qoşma və gəraylılarında da) hürufiliyin və qızılbaş-şiə təriqətinin ideyaları özünü qabarıq göstərir. Qurbani qızılbaş hərəkatına bağlı şəxsiyyət olub. Ona görə də o, 13 yaşlı İsmayılın Şirvana ilk yürüşü zamanı Diri kəndinin qarşısındakı Xudafərin körpüsündən keçərkən gənc sərkərdə və şairlə qarşılaşmaya bilməzdi. Onların ilk tanışlığı bu qədim körpü tağlarının üzərində olmalı idi və heç şübhəsiz, belə də olub. (Yazıçı F.Kərimzadə «Xudafərin körpüsü» romanında bu cəhətin unudulması ilə bağlı qeydlərimizi «Çaldıran döyüşü»ndə nəzərə almış və romana ağlabatan epizodlar salmış, bədii ədəbiyyatda ilk dəfə Qurbaninin obrazını yaratmışdı)».

Q.Kazımov bu qənaətə gəlir ki, Qurbanidə Şah İsmayıla, onun şəxsiyyət və ideyalarına böyük rəğbət olub: «Zamanın heç bir sınağı, şeirlərindən hiss olunur ki, onun bu gözəl münasibətini sarsıda, poza bilməyib. Şeirlərindən alınan ümumi təəssürat belədir ki, Qurbani incidilmiş halda şah divanına gətirilibsə də, bu anlaşılmazlıq tez aradan qaldırılıb, şair böyük hörmətlə qarşılanıb. Şeirlərindən hiss olunur və buna əfsanələrdə, rəvayətlərdə də işarələr var ki, o xeyli müddət şah sarayında yaşayıb, Şah İsmayılın müxtəlif döyüşlərində sazı, sözü ilə iştirak edib. Şah İsmayılın qəfil ölümünə həsr etdiyi mərsiyə-divanidə «Getmiş idim mürşidimə dərdimə dəva qıla» misrası aydın göstərir ki, 1524-cü ilin yazında Şah İsmayıl Şəki xanı Həsən bəylə Şəki-Gürcüstan sərhədində ov edib Ərdəbilə qayıdarkən Qurbani Diridə qalıb və hansı bir məsələ üçünsə şahı görməyə Təbrizə gəlməli olmuş, bu zaman sevimli şahın tabutu ilə qarşılaşmışdı. Birinci divaninin Xətayinin vəfatına həsr edildiyi tam aydındır və bunu şeirin bütün ruhu təsdiq edir:

Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,

Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.

Getmiş idim mürşidimə dərdimə dəva qıla,

Mən nə bilim mən gəlincə xak ilə yeksan ola.

Şeirlərindən aydın olur ki, Qurbaninin başına üç dəfə bəla gəlib. «Eylədim» rədifli şeiri göstərir ki, şair hələ çox gənc yaşlarında bir bəy oğlu ilə dostluq edib, onun yolunda «yaxa yırtmış», «dadi-bidad eyləmiş», lakin elə onun yolunda da bilmədən «özü öz evini yıxmış», düşmənlərini, paxıllarını sevindirib.

İkinci hadisə Qara vəzirin hərəkətləri ilə bağlı olub, Xudafərindən qolubağlı keçirilməsi və şah divanına gətirilməsi ilə nəticələnib. Ancaq şeirlərindən aldığımız təəssürat əsasında onun cəzalandırıldığını deyil, rəğbətlə qarşılandığını, «mürşidi-kamil» tərəfindən köhnə dost kimi qəbul edildiyini duyuruq. Üçüncü hadisə daha faciəli, mürəkkəb və fəlakətlidir. Hiss olunur ki, şair qürbətdədir, qayğılar içərisindədir. «Hicran gecələri» şairin əlif qəddini əyib. Şair narazı və narahatdır. Hansı bir «bədəsilin» isə qurbanı olub, onun fikrini, təklifini, daha doğrusu, hakim göstərişini bilən kimi «ömrünün zay olduğunu» başa düşüb. Həm də hiss olunur, bu elə bir dövrdür ki, insanlar arasında zərrəcə hörmət qalmayıb, qardaş qardaşına xəyanət edir, namərdlər özlərinə qələbə arzulayır. Ölkədə özbaşınalıqdır, dəryaların bulanan, suların daşan vaxtıdır və s. Bu hansı dövrdür? Bütün bu hadisələri əks etdirən «Dönübdü» rədifli şeirdən aydın olur ki, Şah İsmayıl kimi qüdrətli şəxsiyyətin yeri boşdur. Şeirlərindən aydın olur ki, Qurbani Şah İsmayıla son dərəcə sadiq olub, onu fanatikcəsinə sevib və heç vaxt ona xəyanət etməyib. «Dərdinə dava qılmaq» üçün sonuncu dəfə yanına gedərkən onun qəfil ölümünün, dəfninin şahidi olduğunu əks etdirən divanidən aydın olur ki, o, Xətayidən lap təzəcə ayrılmış imiş. Özü də bu görüşdə heç bir qorxu-ürkü yoxdur, dostluq və qardaşlıq münasibəti var».

 

Uğur

Xalq Cəbhəsi.- 2013.- 14 sentyabr.- S.14.