Ana və uşaq ölümü problemi

                                                               

İran Xəzəri münaqişə akvatoriyasına çevirmək istəyir

İcbari tibbi sığorta kütləvi tətbiq edilməyənə qədər problemləri aradan qaldırmaq çətindir

Səhiyyə Nazirliyinin məlumatına görə, son 20 ildə Azərbaycanda körpə ölümü hər 1000 uşağa 10,8 ölüm halına qədər azalıb. Ölkədə ana ölümünün miqyası da 14,9 promileyə qədər enib. Yeri gəlmişkən Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə anadan olan uşaqların sayı 173 500 nəfər olub. Bu da ötən illərlə müqayisədə xeyli artım deməkdir. YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard KİV-ə açıqlamasında həqiqəti əks etdirmədiyini bildirib. Belə ki, Azərbaycanda uşaq ölümünün səviyyəsi ilə bağlı YUNİSEF və Səhiyyə Nazirliyinin göstəriciləri bir-birindən 2-3 dəfə fərqlənir. Mark Herevardın bildirdiyinə görə, yaranan fərq hesablamaların aparılmasındakı üsullarla əlaqədardır: «BMT tərəfindən uşaq ölümünün tərifi üçün müəyyən olunmuş yanaşma Səhiyyə Nazirliyinin uşaq ölümünün səviyyəsini hesablamaq üçün istifadə etdiyi yanaşmadan fərqlənir».

YUNİSEF nümayəndəsi bildirib ki, əslində belə vəziyyət bütün keçmiş sovet respublikalarında var. Səbəbi sovet dövründən miras qalmış «diri doğum meyarı»na dair yanaşmadan istifadə olunmasıdır. Azərbaycanda beynəlxalq «diri doğum meyarı» qəbul edilməyib: «Bu səbəbdən də ölümün səviyyəsi ilə bağlı rəsmi statistik göstəricilər daha aşağıdır və bu göstəricilərlə BMT-nin göstəriciləri arasında çox böyük fərq var».

YUNİSEF rəsmisi son 20 il ərzində Azərbaycanda 5 yaşınadək uşaq ölümünün iki dəfə azaldığını da qeyd edib: «Məni narahat edən məsələ bu göstəricilərin səviyyəsi deyil. Məni sevindirən məqam odur ki, bu göstəricilərdə azalma müşahidə olunur». Mark Herevardın bildirdiyinə görə, BMT tərəfindən açıqlanan statistik göstəricilər BMT təşkilatları tərəfindən həyata keçirilən tədqiqatlara əsaslanır.

Tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, faktiki rəqəmlərlə rəsmi statistika arasında fərq təkcə bu sahədə deyil: «Bunun əsas səbəblərindən biri odur ki, əhalinin böyük əksəriyyəti yaşadığı yerdə qeydiyyatda deyil. Uşaq ölümü əsas doğuşla bağlıdır. Bunların da çoxu qeydiyyata alınmır. Çünki doğuşun özü bəzən ev şəraitində həyata keçirilir və bu da rəsmi statistikaya təsir edir. Rəqəmləri az göstərmək üçün təəssüf ki, bəzən rəsmi statistikada məqsədli endirimlər olur. YUNİSEF-in tək uşaq ölümü yox, həm də bəzi başqa məsələlərlə bağlı göstəriciləri rəsmi rəqəmlərlə bir araya sığmır. Yaxud vərəmlə bağlı Dünya Səhiyyət Təşkilatının açıqladığı rəqəmlərlə bizim statistika arasında ciddi fərqlər var. Bütün bunların qarşısını almaq üçün qeydə alınmayan doğuş və bu kimi başqa məqamlara ciddi nəzarət olmalıdır. Əks halda real statistika ilə rəsmi statistika arasında fərq yaranacaq».

Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin məlumatına görə, cari ilin 7 ayı ərzində Azərbaycanda doğuş zamanı 15 ana ölümü faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva mətbuata açıqlamasında bildirib ki, bu hadisələrin 4-ü Bakıda, digərləri isə Astara, Saatlı, Beyləqan, Ağdam, Şamaxı, Göygöl rayonlarında qeydə alınıb. Ötən il isə Azərbaycanda doğuş zamanı 26 ana ölümü faktı aşkarlanıb. Leyla Seyidəliyevanın bildirdiyinə görə, cari ilin 5 ayı ərzində doğuş zamanı baş verən ana ölümü faktlarına görə 2 şöbə müdiri və bəzi rayonların baş mama-ginekoloqu işdən azad edilib. Ekspertin iddiasına görə, əslində ana və uşaq ölümündə artım yoxdur: «2005-ci ildən sonra Azərbaycanda müşahidə edilən göstəriciləri müqayisə etdikdə bu rəqəmlər azalır. Belə ki, əgər 2006-cı ildə ana və uşaq ölümü 34,2 promilli idisə, 2012-ci ildə bu rəqəm 14,9 promilli olub. Ötən il hər 100 min diri doğulan uşağa ana ölümü əmsalı 14,9 promilli, 1 yaşına qədər hər 1000 diridoğulan uşağa uşaq ölümü əmsalı 10,18 promilli, 1-5 yaş arası uşaqlarda isə 2 promilli təşkil edib. Bu ölüm hallarının baş verməsi həkim səhlənkarlığından daha çox qadınların öz xəstəliklərini gizlətmələri səbəbindən olur. Bəzi qadınlar ailə həyatı quranda onlarda vərəm, şəkərli diabet və digər xəstəliklərlə bağlı problemlərin olduğunu gizlədirlər. Lakin hamiləlik dövründə onun gizlətdiyi patologiya üzə çıxır. Qarşısı vaxtında alınmadıqda isə ağır nəticələrə səbəb olur. Ucar, Ağdaş və Zaqatalada qeydə alınan hadisələrdə analar öncədən xəstə olduqları üçün onların ölüm faktları analıq və hamiləlik patologiyasına aid edilməyib. Ona görə də bu hadisələr Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktları hesab olunmur».

Ucarda baş verən ölüm faktının araşdırılması zamanı hadisə yerində olduğunu deyən Leyla Seyidəliyeva qeyd edib ki, həmin qadının ağciyərlərində mühüm problemlər olub: «Sonradan meyit yarılan zaman qadının ağciyərlərində ikitərəfli irinli bronxo-pnevmoniya aşkarlanıb. Həmin qadına bu vəziyyətdə «hamilə qalmaq əks göstəriş olub. Hamiləlik nəticəsində onun ağciyərlərində problemin artması ananın ölümü ilə nəticələnib». Ağdaş Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində ana və bətnindəki uşağın ölümünə səbəb isə anada Hepatit S xəstəliyinin olmasıdır: «Hepatit S vaxtında aşkarlanmadığı üçün hamiləliyin ağırlaşmasına və sonda ölümə səbəb olub. Bu anada əvvəldən xəstəlik olduğu üçün ölüm halı analıq patologiyası nəticəsində qeydə alınmayıb».

Leyla Seyidəliyevanın sözlərinə görə, Zaqatalada baş verən ana və uşaq ölümü ilə bağlı araşdırma nəticəsində anada xroniki pnevmoniya aşkarlanıb: «Orada xəstə ağrı və yüksək hərarətlə həkimə müraciət edib. Xəstənin vəziyyəti müalicəyə tabe olmadığından onun ixtisaslaşmış klinikaya nəqli qərara alınıb. Lakin köçürülmə zamanı ölüm hadisəsi baş verib. Bu hadisədə həkim səhvi də olub və nəticədə Zaqatala rayonunun baş mama-ginekoloqu tutduğu vəzifədən azad olunub. Komissiyanın rəyinə əsasən, xəstə köçürülməsəydi, onu müayinə etmək üçün yüksək səviyyəli həkimlər çağırılsaydı yardım etmək olardı».

Ekspertlərin fikrincə, 15 qadının doğuş zamanı dünyasını dəyişməsinə səbəb həkimlərin öz işinə qeyri-peşəkar yanaşmasıdır. Professor-ekspert Adil Qeybulla açıqlamasında bildirir ki, doğuş zamanı ana və uşaq ölümünün baş verməsinə səbəb həm vətəndaşların, həm də bəzi həkimlərin məsuliyyətsizliyidir. Onun sözlərinə görə, xəstələrin vaxtında həkimə müraciət etməməsi, hamiləliyə qədər və sonra müəyyən məsləhətlərin alınmaması belə fəsadlara yol açır: «İstər hamilə qalarkən, istərsə də hamiləliyin gedişində qadın yaxşı olar ki, müayinədən keçsin. Elə hamilə qadınlar olur ki, 6-7 ay ultrasəs müayinəsindən keçmir. Qeyd edim ki, bəzən hamilə qadınlarda heyvan mənşəli infeksiyalar olur ki bu da dölün inkişafına mənfi təsir edir. Eyni zamanda anomaliyaya yol açır.

Adil Qeybulla həmçinin qeyd edib ki, hamiləliklərin böyük əksəriyyəti pataloji şəkildə keçir və normal fizioloji hamiləliyə nadir hallarda rast gəlinir: «Hamiləlik pataloji keçdiyi üçün insanlar daim müşahidə altında olmalıdırlar və anomaliyalar varsa, vaxtında qarşısı alınmalıdır. Bu məsələ sistem halına salınmalıdır. Əgər belə olmasa, ölümün və ağırlaşmaların sayı artacaq. Təbii ki, ölüm hallarında həkimlərin də səhvləri var və bunu inkar etmək olmaz. Ancaq hər hadisədə səhiyyə orqanı və ya həkim günahkar deyil. Burda vətəndaşların da günahı az deyil. Əgər qadın hamiləlik zamanı müəyyən müayinələrdən keçməyibsə, təbii ki, ağırlaşmanın əmələ gəlməsi üçün xeyli fon var. Bu fonu aradan qaldırmaq bəzən həkimin imkanı xaricində olur. Odur ki, bu problemdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Yox, əgər həkim peşə fəaliyyətində səhlənkarlığa və hansısa səhvə yol veribsə, o zaman cəzalandırılmalıdır».

Adil Qeybulla dünyanın hər yerində ana və uşaq ölümü olduğunu deyir, ancaq statistika Azərbaycandakı kimi deyil. Ekspertin fikrincə, ana və uşaq ölümünün sayını azaltmaq üçün yeganə yol kliniki protokoldur: «Ümumdünya Səhiyyə Təşkilatının əksər məsələlər üzrə klinik protokolları, şablonları var. Ən azı onlardan istifadə etmək olar. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da hər bir qadın üçün klinik müşahidə protokolu olmalıdır. Həmin protokolda qadının hamiləlikdən qabaq və sonra nə edəcəyi, hamiləlik müddətində neçə dəfə ultrasəs müayinəsindən keçməli, hansı analizləri verməli olduğu kimi təlimatlar öz əksini tapmalıdır». Yeri gəlmişkən, Adil Qeybulla bütün müsahibələrində qeyd etdiyi bir nüansı yenə də diqqətə çatdırdı. Onun bildirdiyinə görə, icbari tibbi sığorta kütləvi tətbiq edilməyənə qədər problemləri aradan qaldırmaq çətindir.

Qadın Krizis Mərkəzinin həkim ginekoloqu Təranə Həsənova bu sahədə maarifləndirmə işlərinin önəmli olduğunu və Avropa, Amerika təcrübələrində yararlanmağı məsləhət gördü: «Məsələn, Türkiyədə bizim qadın məsləhətxanalarının çox böyük bir tipi mövcuddur. İş kağız üzərində deyil. Orada bizim Sovet İttifaqı dövründə olan patronaj sistemi mövcuddur. Yəni, bizim qadınlara onu tətbiq etmək lazımdı. Qadın məsləhətxanasına hamilə qadınlar məcburi şəkildə cəlb olunmalıdır. Qadın məsləhətxanaları da bugünkü səviyyədə olmalı deyil. Onun maddi-texniki bazası gücləndirilməlidir. Müasir tələblərə cavab verən çox güclü laboratoriyası olmalıdır. Patronaj sisteminin olması vacibdi ki, hamilələr heç olmasa ayda 1 dəfə həkimin qəbulunda olsunlar».

Təranə Həsənova ana və uşaq ölümünün səbəbinin doqquzaylıq müddətdə ananın orqanizminin doğru-düzgün təhlil olunmamasından irəli gəldiyini söylədi: «Bunun ən birinci günahını mən qadının özündə görürəm. Vaxtında həkimə getmək lazımdır. Hamiləliyə planlı şəkildə hazır olmaq üçün dünyaya övlad gətirmək istəyən qadın hamiləlikdən öncə həkimə müraciət etməlidir. İlk növbədə qanın ümumi analizindən tutmuş, bütün lazım olan hər şey yoxlanılmalıdır. Əhali bilgiləndirilməlidir. Mənim fikrimcə, orta məktəbin sonuncu siniflərindən bu maarifləndirmə aparılmalıdır. Yalnız bu halda ən azı 80 faiz problemin öhdəsindən gəlmək mümkün olar».

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi İdarə Heyətinin sədri Azər Mehtiyev ölkədə bu istiqamətdə ciddi işlərin aparılmasını vacib sayır: «Son illər başqa bir təzadlı tendensiya yaranıb. Belə ki, əvvəllər kənd yerlərində uşaq ölümünün səviyyəsi şəhərlərə nisbətən yüksək olub. 2003-cü ildən sonra isə əksinə tendesiya yaranıb. İldən-ilə kənd yerlərində uşaq ölümünün səviyyəsinin azaldığı halda, şəhər yerlərində bu göstərici yüksəlir. Məsələn, 2011-ci ilin göstəricisinə görə, uşaq ölümünün göstəricisi şəhər yerlərində 15, kənd yerlərində isə 9 promilli olub».

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2013.- 17 sentyabr.- S.15.