Çağdaş Güney Azərbaycan nəsri

 

XIV yazı

(əvvəli ötən saylarımızda)

Həmid Arğış ilk ön sözdə qaynaq sarıdan qıtlıq olması məsələsini qabardıb. İkinci ön sözü «Ədəbiyyat, hekayə ədəbiyyatı hekayə ədəbiyyatımızın tarixinə bir baxış»dır. Həmid Arğış oxucuların Güney ədəbiyyatı haqqında məlumatının az ola biləcəyini düşündüyündən ilk öncə ədəbiyyatın mahiyyətini, daha sonra ədəbiyyatın çeşidlərini, hekayə-öykünü dünya miqyasında tanınmış yazarların dili ilə açıqlayıb. Ardınca isə Güneydə nəsr janrının tarixən necə inkişaf etdiyindən bugünkü səviyyəyə çatması prosesindən söz açıb. Yazar qeyd edir ki, «Milli hökumət dönəmində Güneydə yazılar pişginləşib ayaq tutublar. İkinci etgili dönəm 1357-ci inqilab (1978) dönəmində üz verib. Türk dili yenidən yayılmaq imkanı tapıb, bu dildə dərgilər, kitablar işıq üzü görüb. Üçüncü etgili dönəm 1376-ci ildən başlanıb, günü-gündən yeni adamlar yetişdirib. Genəl ilgilərin genişlənmə aracları yazıçıların imkanlarını artırıb. Bu, 1380-ci (2001) ilədək kitabları, əsərləri yayılan yazıçılara aiddir. Arğış kitabın bu bölümündə «taxma adlar»ın sorun yaratdıqlarına toxunur, taxma adların, doğma adını tapmaq necə çətin olduğunu vurğulayır. Taxma adların o dönəmlərdə etgilərini gözdən qaçırmır. Kitabın ön sözü özlüyündə bilgi verən bölümdür. Ön sözünü oxumaqla necə durumda olduğumuzu görə bilirik. Kitabın təməl bölümündə 39 Güneyli yazarın bioqrafiyasıyla birlikdə hərəsindən ən azı bir öykü, ən çoxu iki öykü gətirilir. Yazarların çoxu tanınmışlardır. Aralarında bizim nəslə tanış olmayan kimsələri tapmaq olur. Makılı Abbas Pənahi, Qəhrəman Qəhrəmanzadə, Məhəmmədluye Abbası, Bəylər Hayili, Məhəmmədrza Afiyət, Firuz Sadıqzadə Dadrəs, Əlif Nuranlı, Ə.Urmulu, C.Miyandablı, Məhəmməd Qazi, Ə.Ağçaylıkimi yazıçıları tanıtdırır. Onlarla birlikdə tanınmış yazarlarımız M.Mişovlu, Həbib Sahir, Əliqulu Katibi, Səməd Behrəngi, Mərziyə Əhmədi, İsmayıl Hadi, Nasir Mənzuri, Heydər Abbasi (Barışmaz)… kimi yazıçılardan örnəklər gətirib. Kitabın son bölümü «Qaynaqlar» adlanır. Kitabın ən yoxsul bölümü elə bu bölümdür. Bu kitab Güney Azərbaycanın genəlliklə nəsr tarixində, özəlliklə hekayə tarixində iz qoyan bir kitabdır. Kitabın çatışmazlıqları da var. Ancaq bu axsaqlıqlar kitabın bütünlüyünün qarşısında gözə gəlməzdir. Belə bir kitabların yazılıb yayılmasını yeri hər zaman boş görünüb. Kitabın başqa vurğulanacaq dəyəri Arğışın tanıtdırdığı yazıçıların yazdıqlarını olduqları kimi əl dəyilmədən gətirməsidir

Həmid bəy Arğışın «80 il hekayəmiz» adlı dəyərli kitabını əldə edə bilmədiyim üçün bu orijinal nəşrdə yayımlanan əsərlərdən bəhs etmək imkanım yoxdur, lakin sevimli Məlihə xanımın yardımı ilə buna nail olacağıma şübhə etmirəmYeri gəlmişkən, bu xanım yazarın «kibriti hekayələr» adlandırdığı kiçik esseləri çağdaş Güney Azərbaycan nəsrinin incilərindəndir. Bu barədə hələlik Əziz Səlaminin qiymətli fikirlərindən örnək gətirməklə kifayətlənəcəyəm: «Məlihə Əzizpurun «kiçik hekayələr»ini «Alatoran» dərgisində oxuyarkən Getedən bir zaman oxuduğum düşüncəni andım: «Hər kiçik bir durum, hər bir gözqırpımı belə, özündə sonsuz bir dəyər daşımaqdadır; çünki o, bitməz bir zamanı təmsil etməkdədir Bu kiçik bir çox hallarda miniatür hekayələrdə, yazıçı, yaşamın belə kiçik durumlarından gözqırpımlarından yola çıxıb. Onun zamandan qoparıb durdurduğu bu ufaq durumlar, bir xalqın ruhunun tən ortasından gəlib keçən acılar, ağrılar, həsrətlər, dəhşətlər, işgəncələr fəlakətlərlə dolu uzun bir zamanın parçalarıdır. 15 hekayəni içinə alan bu toplu, bizim insanların ruh dünyasından gündəlik sarsıntılı yaşamından, ən az boyalarla, cizgilərlə işlənmiş rəsm əsərlərini andırır. Elə buna görə , söyləməkdən daha çox, göstərmək var bunlarda. Bunlar oxucunu diqqətlə baxmağa sözlərin altından keçən əzilmiş, qanamış, çeynənmiş qaranlıqlarda yaşamaqdan qaraltılara çevrilmiş insanları görməyə çağırır

Dramaturgiya

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq Azərbaycan ədəbiyyatında (təbii ki, o taylı-bu taylı ədəbiyyatımızda) çağdaş Qərb ədəbiyyatı janrlarının — dram, roman, hekayə, novella, povest, poema (qeyd etməyi gərəkli, həm çox vacib hesab edirəm ki, poema janrını qədim şumerlərəski babalarımız yaradıblar. Şumer dastanları nəzmlə yazılıb dünya şərqşünaslarının bir çoxunun fikrincə, türk xalqlarının əcdadları olmuş qədim şumerlərin qələmə aldığı doqquz (9) poema elmə məlumdur. Bu fikri öz ardıcıl tədqiqatları ilə təsdiqləyən görkəmli şumerşünüs alim Elməddin Əlibəyzadədir o, bu nəticəyə «dünya şumeroloqlarıS.N.Kramer, L.Vulli, S.Lloyd, Q.Çarl, Z.Kosidovski, Q.Vinqler, E.Reklü, M.Belitski, D.Reder, A.Cavat»ın qənaətlərinə əsasən gəlib) s. oturuşmasına güclü təsir göstərib. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın Orta Şərq ədəbiyyatlarında xüsusi bir ədəbi məktəb formalaşdırıb.

Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət doğruçuluq, mərhəmət xeyirxahlıq motivləri Axundzadə yaradıcılığında davam inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir. Bu ənənəni bu gün Güneydə bildiyimiz qədərincə Rəsul Yunan davam etdirir. Daha çox şair kimi tanıdığımız Rəsul Yunanın «Dayaq» layihəsi əsasında AYB «Cənubi Azərbaycan kitabxanası» seriyasından AYB-nin maliyyə dəstəyi ilə nəşr olunmuş «Duel» kitabında «Qadın», «Ayman» «O kişi yalan deyirdi, burda bildirçin yoxdu» pyesləri oxucuların ixtiyarına verilib. Bu əsərlərdə daha çox ictimai sosial məsələlərailə-məişət, qadına hörmət, qarşılıqlı sevginin yenilməzliyi, mərdlik, kişilik, millətlərarası münasibətlərin inkişafında idman yarışlarının keçirilməsinin əhəmiyyəti, haqq ədalət s. önə çəkilirYeniləşən, inkişaf edən dünyanın yeni tələblərinə, çağdaş insanın qadına ailəyə, eşqin fəlsəfəsinə müəllifin yanaşması, düşüncəsinin, yeni təfəkkürünün işığında əski çağlardan bizlərə miras qalmış əxlaq kanonlarına modern baxışı düşündürücüdürDram əsərləri dinamiklik, kəskin dramatik konfliktlərin olmasını sevir. Rəsul Yunanın əsərlərini kamil dram əsəri səviyyəsinə çatdırmaq üçün, təbii, üstündə bir qədər çalışmaq, mükəmməlləşdirmək gərəkdir

Tərcümə işi

Dünya ədəbiyyatından, tarix və mədəniyyətin müxtəlif sahələrini əhatə edən örnək əsərlərin milli dilə çevrilərək oxuculara sunulması ədəbi prosesin hər zaman diqqət mərkəzində olub. Tərcümə əsərləri xalqların bir-birini daha yaxından tanımasına vəsilə olur. Güney Azərbaycanda bu sahədə də çox görülüb deyə bilərik. Ancaq Məlihə xanım Güney Azərbaycanda bu gün qlobal düşünüb milli dildə yazıb-yaratmağın, eyni zamanda xarici ölkələrdə meydana çıxan dəyərli ədəbi nümunələrin Azərbaycan türkcəsinə çevrilərək oxunmasının da ədəbiyyatın inkişafı üçün çox önəmli olduğunu düşünür və vurğulayır ki, «milli dilimizdə yaranan yeni ədəbiyyat dalğasının alt yapısı hazırlanmaqdadır. Bu olayı daha da gücləndirmək üçün tərcümə işinə diqqət yetirmək gərəklidir, yəni dünyanı öz dilimizdə oxumaq çox vacibdir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya sənətinin əldə etdiyi uğurlardan faydalanmaq bu yolda əlimizdən tutacaq.» Onların içərisində ən çox diqqət çəkənlərdən biri Mahatma Qandinin «Bütün insanlar qardaşdır» kitabının Azərbaycan dilinə tərcüməsidir. Çevirici G.Gəncalp ön sözdə yazır ki, «Qandinin «Bütün insanlar qardaşdır» kitabını 20 ildir özümlə daşımış, həyatımın çətin günlərində təkrar-təkrar oxuyub ruhumu sakitləşdirmişəm. Sonunda qərara gəldim ki, bu böyük insanın önəmli əsərini dilimizə tərcümə edim. Kitaba Hindistanın əski cümhur başqanı və dəyərli filosof S.Rada Krişna ön söz yazaraq bu əsəri bütün dövlətlərdən ana dillərinə tərcümə edib ölkələrində yayımlanmasını istəmişdi. Nəhayət, YUHESKO Qandinin görüşləri əsasında tərtib olunmuş «Bütün insanlar qardaşdır» kitabının bütün millətlərin dillərinə tərcümə edilməsini alqışladı.» Həmin kitabın ana dilimizə tərcüməsini də o, Mahatma Qandinin ruhuna ərməğan edib.

Əziz Səlaminin də tərcümə işində çox böyük təcrübəsi var. Alman dilini ana dili kimi mükəmməl öyrənən yazar ruhuna doğma, düşüncələrinə yaxın olan şairlərin əsərlərini Azərbaycan türkcəsinə çevirməyi və soydaşlarına sunmağı gərəkli sayıb. Deyə bilərik ki, Əziz bəy bu əsərləri uğurla tərcümə edib, doğma türkcənin ladlarına yatımlı bir dildə çox maraqlı və orijinal tərcümələri araya-ərsəyə gətirib. Onun çevirisində «Çin şeirləri-»Şaftalı çiçəyi», Yapon şeirləri — «Hayki», Xuan Ramon Ximenezin «Mahnın kimidir ölümün də», «Sönməz ulduzlardır sözlərin — Qızıldərililərdən mahnılar və dualar», «Ulu mahnı-Mahnılar mahnısı. Süleymanın mahnısı», yəhudi əsilli alman şairi Else Lasker Şülerin «Alovlar kimi açılacaq qolların» kimi şeir topluları geniş oxucu auditoriyasının məhəbbətini qazanıb.

Nigar Xiyavi isə Q.Saedinin «Bəyəl Əzalıları» (Təbriz: 2003. Əxtər nəşriyyatı) və «Top» (Təbriz, 2003) əsərlərini dilimizə çevirib, uşaqlıq illərindən bəri arzuladığı bir işi həyata keçirib.

 

Esmira Fuad

Xalq Cəbhəsi.- 2013.- 17 sentyabr.- S.14.